Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-482/2021 06.10.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 15.000 manat əsas borc, 3.092,50 manat faiz borcu, 1.282,50 cərimə borcu və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.169,44 manat faiz borcu, 40 manat ipoteka predmetinə tutmanın yönəlməsi üçün istifadə edilən məbləğ və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X1 məxsus olan Cəlilabad rayonu, Kazımabad kəndində 0,21 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ünvanlanaraq, 15.000 manat əsas borc, 3.092,50 manat faiz borcu, 1.282,50 cərimə borcu və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.169,44 manat faiz borcu, 40 manat ipoteka predmetinə tutmanın yönəlməsi üçün istifadə edilən məbləğ və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Cəlilabad rayonu, Kazımabad kəndində 0,21 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, Ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış 16.03.2015-ci il tarixli, 3994 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 6 faiz dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən, verilmiş kreditin təminatı kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Cəlilabad rayonu, Kazımabad kəndində 0,21 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evin ipoteka qoyulması barədə bank ilə Cavabdeh2 arasında 16 mart 2015-ci il tarixli, 3994 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.3-cı bəndinə əsasən, cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********278 saylı 27.02.2021-ci il tarixli və **********886 saylı 19.02.2021-ci il tarixli bildirişlər göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. 29.02.2021-ci il tarixinə Cavabdeh1 15.000 manat əsas borc, 3.092,50 manat faiz borcu, 1.282,50 cərimə borcu və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.169,44 manat faiz borcu olmaqla, ümumi borcu 21.544,44 manat təşkil edir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış 16 mart 2015-ci il tarixli, 3994 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə, kartofçuluğun inkişafı üçün 15.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh2 arasında bağlanmış 16 mart 2015-ci il tarixli, 3994 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, 16 mart 2015-ci il tarixli, 3994 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh2 məxsus Cəlilabad rayonu, Kazımabad kəndində 0,21 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 54,61 m2 yaşayış, 47,63 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 17.07.2008-ci il tarixli, MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad rayonu, Kazımabad kəndində 0,21 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 54,61 m2 yaşayış, 47,63 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 07.04.2015-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad rayonu, Kazımabad kəndində yerləşən fərdi yaşayış evi mülkiyyətində olan 0,21 ha torpaq sahəsi ilə birlikdə Ləğv prosesində olan İddiaçı ASC-nin Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin 29.01.2021-ci il tarixli, **********337 saylı arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış 16 mart 2015-ci il tarixli, 3994 saylı kredit müqaviləsi üzrə cavabdehin 22.01.2021-ci il tarixə banka 15.000 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 3.092,50 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 1.282,50 manat cərimə borcu, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 2.169,44 manat faiz borcu olmaqla, ümumi borcu 21.544,44 manat təşkil edir. İş materiallarında olan 27.01.2021-ci il tarixli, **********278 saylı bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 mart 2015-ci il tarixli, 3994 saylı kredit müqaviləsi üzrə 22.01.2021-ci il tarixə cəmi 21.544,44 manat məbləğində kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 məlumatlandırılmışlar. İş materialında olan, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” 19.02.2021-ci il tarixli, **********886 saylı bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 16 mart 2015-ci il tarixli, 3994 saylı kredit müqaviləsi əsasında aldığı 15.000 manat kreditə görə borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışlar. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə ünvanlanmış 12 fevral 2021-ci il tarixli, **********794 saylı ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, Daşınmaz Əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi barədə ********** saylı ərizənin icra edildiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyul 2021-ci il tarixli, 9/3994 saylı ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 16 mart 2015-ci il tarixli, 3994 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə, Cavabdeh1 16.03.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 14.700 manat, faiz borcu 2.067,80 manat, 22.01.2021-ci il tarixə (maliyyə arayışı tarixinə) əsas kredit borcu 14.700 manat, illik 5% ilə hesablanma nəzərə alınmaqla faiz borcu 4.162,55 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 avqust 2021-ci il tarixli, 268/ZB/21 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh2 arasında bağlanmış 16 mart 2015-ci il tarixli, 3994 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus olan Cəlilabad rayonu, Kazımabad kəndində 0,21 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 31.000 manat təşkil edir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 16 mart 2015-ci il tarixli, 3994 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh1 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh2 arasında 16 mart 2015-ci il tarixli, 3994 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh2 məxsus Cəlilabad rayonu, Kazımabad kəndində 0,21 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 54,61 m2 yaşayış, 47,63 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi sözügedən kredit müqaviləsinin təminatı kimi, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış 16 mart 2015-ci il tarixli, 3994 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 əsas kredit borcu 14.700 manat, faiz borcu 2.067,80 manat və kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%lə hesablanmış faiz borcu 2.094,75 (4.162,55-2.067,80) manat müəyyən edildiyindən, bu hissələrdə iddia qismən təmin edilməli, Cavabdeh1 14.700 manat əsas borc, 2.067,80 manat faiz borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 2.094,75 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qanunvericiliyin qeyd olunan normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddianın 1.282,50 manat cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 1.282,50 manat məbləğində deyil, 70 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında 16 mart 2015-ci il tarixli, 3994 saylı sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni Cavabdeh2 məxsus Cəlilabad rayonu, Kazımabad kəndində 0,21 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 54,61 m2 yaşayış, 47,63 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 31.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdeh MCavabdeh1 tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 3,64 manatı iddiaçıya aid edilməli, 26,36 manat, həmçinin 40 manat ipoteka predmetinə tutmanın yönəlməsi üçün istifadə edilən məbləğ Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 87 (səksən yeddi) manat hissəsi Cavabdeh1, 13 (on üç) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın 200 (iki yüz) manat hissəsi Cavabdeh2, 50 (əlli) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 14.700 manat əsas borc, 2.067,80 manat faiz borcu, 70 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 2.094,75 manat faiz borcu, 40 manat ipoteka predmetinə tutmanın yönəlməsi üçün istifadə edilən məbləğ və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,36 manat olmaqla, cəmi 18.998,91 (on səkkiz min doqquz yüz doxsan səkkiz manat, doxsan bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti 31.000 (otuz bir min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh2 məxsus Cəlilabad rayonu, Kazımabad kəndində 0,21 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 54,61 m2 yaşayış, 47,63 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərrac yolu ilə satılmalı, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 14.700 manat əsas borc, 2.067,80 manat faiz borcu, 70 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 2.094,75 manat faiz borcu, 40 manat ipoteka predmetinə tutmanın yönəlməsi üçün istifadə edilən məbləğ və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,36 manat olmaqla, cəmi 18.998,91 (on səkkiz min doqquz yüz doxsan səkkiz manat, doxsan bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 31.000 (otuz bir min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh2 məxsus Cəlilabad rayonu, Kazımabad kəndində 0,21 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 54,61 m2 yaşayış, 47,63 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 87 (səksən yeddi) manat hissəsi Cavabdeh1, 13 (on üç) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın 200 (iki yüz) manat hissəsi Cavabdeh2, 50 (əlli) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-482/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-482/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver