Məhkəmə qərarları › İş №e-2-2(121)-484/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-484/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-484/2025 03.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə İddiaçı “ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələb:

1. İddiaçı “ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbi”nə iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 43576,82 manat, bundan 14831,41 manat əsas, 15397,27 manat faiz, 11331,40 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2016,74 manat faiz borcunun və iş üzrə ödənilmiş 220,73 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh3 arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə Cavabdeh3 “Dövriyyə və əsas vəsaitlər” məqsədi ilə 18 ay müddətinə illik 19.2 % dərəcəsi ilə 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında 290012763/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə bağlanmış 222-15/01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı cəmi 11749,01 ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD = 1.60 AZN) 18798,42 AZN təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 43576,82 manat təşkil edir. Bundan 14831,41 manat əsas, 15.397,27 manat faiz, 11331,40 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2016,74 manat faiz borcu təşkil edir.

İddia ərizəsinə etiraz:

3. Cavabdeh3 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh3 arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda, Cavabdeh3 kredit verilərkən Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında 290012763/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra tərəflər arasında 30 yanvar 2017-ci il tarixli əlavə sazişlər bağlanmışdır. Cavabdeh tərəfindən ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 27 aprel 2016-cı il tarixindən heç bir ödəniş olmamış və müqaviləyə bir tərəfli qaydada xitam verilmişdir. Tərəflər arasında olan əlavə saziş 22 yanvar 2022-ci il tarixinədək uzadılmasına baxmayaraq, cavabdeh tərəfindən 27 aprel 2016-cı il tarixindən ödənişlər həyata keçirilməmiş yəni 30 yanvar 2017-ci il tarixli əlavə sazişlər bir tərəfli qaydada xitam olunmuşdur. Belə olan halda həmin mübahisə predmeti üzrə iddia müddətinin tətbiq olması zərurəti yaranmışdır. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Yuxarıda qeyd olunanlardan görünür ki, iddia müddətinin tətbiqi, yəni başlaması müqavilənin bitmə tarixinə deyil, müqavilə üzrə öhdəliklərin xitam olunması anından başlamalıdır. Həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə olanda halda, zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında bağlanmış Zaminlik müqaviləsinə xitam verilməlidir.

4. Cavabdeh4 “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “iddia müddətinin tətbiqi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia tələbini qəbul etmir. LPO İddiaçı ASC ilə onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsindən görünür ki, həmin müqavilə üzrə öhdəliyin icra müddətindən müqavilənin icrasə ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmişdir. İddiaçı hazırki tələblə yalnız indi məhkəməyə müraciət etmişdir. Qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. İddia müddətinin tətbiqi barədə ərizələrinin təmin edilələrək, iddiaçı LPO İddiaçı ASC-nin onlara qarşı kredit borcunun qaytarılması barədə iddia tələbi üzrə kredit borcunun onlardan tutulması hissədə iddia tələbinin təmin edilməməsini xahiş edir.

5. Cavabdeh2 “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “iddia müddətinin tətbiqi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki,iddia tələbini qəbul etmir. LPO İddiaçı ASC ilə onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsindən görünür ki, həmin müqavilə üzrə öhdəliyin icra müddətindən müqavilənin icrasə ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmişdir. İddiaçı hazırki tələblə yalnız indi məhkəməyə müraciət etmişdir. Qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. İddia müddətinin tətbiqi barədə ərizələrinin təmin edilələrək, iddiaçı LPO İddiaçı ASC-nin onlara qarşı kredit borcunun qaytarılması barədə iddia tələbi üzrə kredit borcunun onlardan tutulması hissədə iddia tələbinin təmin edilməməsini xahiş edir.

6. Cavabdeh3 əvvəlki məhkəmə iclaslarında iddianı qəbul etdiyini, ekspert rəyinin nəzərə alınmamasını və faiz borcunun azaldılmasını xahiş etmiş, həmçinin “iddia müddətinin tətbiqi barədə” ərizə təqdim edərək, iddiaçı LPO İddiaçı ASC ilə zaminlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmişdir.

Tərəflərin izahatları:

7. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiklərini, məhkəmə baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

9. Məhkəmə qeyd olunanlara əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin də iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İş materialları:

11. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən, Cavabdeh3 illik 19.2 faiz dərəcəsi ilə 18 ay müddətinə, dövriyyə vəsaitlərinin artırılması məqsədilə 12000 (on iki min) ABŞ dolları məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. Həmin müqaviləyə əsasən Keditor müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməyi, borcalan isə Bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair üzərlərinə öhdəlik götürmüşlər.

12. xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişin 1-ci bəndinə əsasən görünür ki, Borcalanın Kreditor qarşısındakı əsas borcu 9269,63 ABŞ dolları, 2007,36 ABŞ dolları faiz borcu, 472,02 cərimə olmaqla, cəmi 11749,01 ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 (bir) USD = 1.60 AZN) 18798,42 (on səkkiz min yeddi yüz doxsan səkkiz manat, qırx iki qəpik) AZN təşkil edir. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 (iyirmi) % ödənilir.

13. xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişin 2.1-ci bəndinə əsasən, Borcalan bu Sazişin 1.3-cü bəndində göstərilən ödəniş qrafiki üzrə borc öhdəliyini bu Saziş imzalandıqdan sonra 12 (on iki) ay ərzində vaxtında və lazımınca icra etdikdə (gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olmamaqla və 12 (on iki) ayın sonunda əsas borc üzrə gecikmə olmamaqla) kredit öhdəliyi üzrə ödənişlər qrafik üzrə silinir və hesablanmış faiz və cərimə məbləğlərinin (yəni, bu Sazişin imzalandığı tarixədək hesablanmış faiz və cərimə məbləği) Kreditor tərəfindən güzəşt olunması nəzərdə tutulur. Lakin, qrafikdən kənarlaşma olarsa, kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin ödənilməsinə, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Əgər gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış faiz və cərimə məbləğləri güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir.

14. xx.xx.2015-ci il tarixli Kassa məxaric orderindən görünür ki, xx.xx.2015-ci il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh3 kreditin verilməsi üzrə 12000 ABŞ dolları məbləğində pul verilmiş, sonuncu isə həmin məbləği qəbul etmişdir.

15. İş materiallarına əlavə edilmiş “Ödəniş cədvəli”nın surətindən görünür ki, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişi üzrə son ödəniş tarixi xx.xx.2022-ci il kimi qeyd olunmuşdur.

16. İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 Fətəli oğlu, Cavabdeh4 və Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2015-ci il tarixli, 290012763/ZM zaminlik müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Cavabdeh3 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlər Cavabdeh2 Fətəli oğlu, Cavabdeh4 və Cavabdeh1 öz üzərinə götürmüşlər.

17. İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 Fətəli oğlu, Cavabdeh4 və Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2015-ci il tarixli, 290012763/ZM zaminlik müqaviləsinə Əlavə № 1, xx.xx.2027-xi il tarixli Sazişə əsasən Zaminlər bu Əlavə Sazişi imzalamaqla 27 noyabr 2015-ci il tarixli, ********* saylı Kredit Müqaviləsi və həmin müqaviləyə edilmiş 30 yanvar 2017-cı il tarixli tarixli, 222-15/01 saylı Əlavə Sazişin şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir.

18. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh3 borcu -14831,41 manat əsas, 15.397,27 manat faiz, 11331,40 manat cərimə, 2016,74 manat illik 5% ilə hesablanan gecikdirmə faizi olmaqla, ümumilikdə 43576,82 (qırx üç min beş yüz yetmiş altı manat, səksən iki qəpik) manat təşkil edir.

19. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsi əsasında aldığı kreditə görə ümumilikdə 43576,82 (qırx üç min beş yüz yetmiş altı manat, səksən iki qəpik) manat məbləğində kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məlumatlandırılmışdırlar.

20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil omuş xx.xx.2025-ci il tarixli, 9/1345 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli, 01 saylı “Əlavə Saziş”in şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh3 xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) ləğv prosesində olan İddiaçı ASC-nə olan borcu - əsas borc üzrə 14.831,41 manat, faiz borcu üzrə 14.314,93 manat, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) əsas borc üzrə 14.831,41 manat, faiz borcu üzrə 14.314,93 manat, 5% ilə hesablanmış faiz borcu üzrə 1.987,82 manat, xx.xx.2024-cü il tarixə (xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi tarixə) isə əsas borc üzrə 14.831,41 manat, faiz borcu üzrə 14.314,93 manat, 5% ilə hesablanmış faiz borcu üzrə 2.043,44 manat müəyyən edilir.

21. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

22. İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyasına dair məlumatlardan çıxarışın surətindən görünür ki, Cavabdeh3 Ləğv prosesində olan İddiaçı ASC-nə xx.xx.2024-cü il qalıq borc məbləği tarixinə 14831,41 manat müəyyən edilmişdir. Ona hazırki iş üzrə kreditin restrukturizasiya olunması təklif olunmuşdur.

23. **********69 nömrəli qəbzən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 220,73 (iki yüz iyirmi manat, yetmiş üç qəpik) manat dövlət rüsumu ödənilmişdir

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. -373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. -477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

25. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanın:

Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. 6-cı bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən, o cümlədən, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. 8.6-cı bəndinə əsasən Fərmanın təsir dairəsinə fiziki şəxslərlə 2012-ci il yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 15.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

27. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

28. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

29. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, “ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləsi şərtlərinə görə “ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh3 borc (kredit) verməyi, Cavabdeh3 isə aldığı borcu (krediti) faizi ilə birgə kreditin şərtlərinə müvafiq olaraq iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.

30. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

31. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşür.

32. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə əsaslıdır. Belə ki, iş materiallarında olan ekspert rəyindən də müəyyən olunduğu kimi hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli, 01 saylı “Əlavə Saziş”də qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh3 əsas borcu xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) 14.831,41 manat təşkil edir. Lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddianın əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişdir. O, yanız iddia müddətinin tətbiqinə dair məhkəməyə ərizə təqdim etmiş ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia müddəti tətbiuq edilə bilməz, çünki mülki qanunvericiliyin tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İş materiallarından göründüyü kimi Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, iddiaçı isə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

33. İş materiallarında olan, problemli kreditlərin kompensasiyasına dair çıxarışın surətindən görünür ki, Cavabdeh3 Ləğv prosesində olan İddiaçı ASC-nə xx.xx.2019-cü il tarixinə 14.831,41 manat qalıq borc məbləği müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin sözügedən borcunun Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsir dairəsinə düşməsinə və problemli kreditlərin kompensasiyasına dair çıxarışda qalıq borc məbləğinin cəmi 14.831,41 manat qeyd olunmasına baxmayaraq, iddiaçı cavabdehdən əsas borc, faiz və cərimə olmaqla ümumilikdə 43576,82 manat məbləğində borcun tutulmasını tələb edir. Halbuki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə qeyd olunan Fərmanın təsiri altına düşür və həmin Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən, o cümlədən, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

34. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi yalnız restrukturizasiya olunmuş borc məbləği həddində təmin edilməli, qalan hissədə (faiz, cərimə tutulması) iddia rədd edilməlidir. Belə ki, adı çəkilən Fərmanın tətbiqi ilə bağlı vətəndaşın müraciət edəcəyi halda da, iddiaçı hazırda irəli sürdüyü tələb üzrə borc məbləğinin yenidən güzəştli şərtlərlə qaytarılmasını deyil, restrukturizasiya olunmuş məbləği müəyyən edəcəkdi. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi Cavabdeh3 münasibətdə xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində təmin, faiz, cərimə və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun tutulması hissəsində isə rədd edilməlidir.

35. Məhkəmə, həmçinin zaminlik müqaviləsinə əsasən digər cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 məsuliyyəti ilə bağlı qeyd edir ki, onlar imzaladıqları zaminlik müqaviləsinə əlavə saziş ilə borclu Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliyinin tamamı ilə icra edilməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərlərinə götürmüşlər. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı zaminlərə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə bağlı tələb hüququnu itirmişdir. Belə ki, xx.xx.2015-ci il tarixli əsas öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixədək uzadılmış, lakin iddiaçı xx.xx.2024-cü il tarixdə icra edilməmiş öhdəlik üzrə zaminlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia irəli sürmüşdür. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır.

Məhkəmə xərcləri:

36. Məhkəmə hesab edir ki, məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Odur ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 134,50 (bir yüz otuz dörd manat, əlli qəpik) manat dövlət rüsumu Cavabdeh3 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, qalan 86,23 (səksən altı manat, iyirmi üç qəpik) iddiaçı tərəfə aid edilməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 17 (on yeddi) manatı Cavabdeh3, 33 (otuz üç) manatı isə ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 14831,41 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumuna görə 134,50 (bir yüz otuz dörd manat, əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 86,23 (səksən altı manat, iyirmi üç qəpik) dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 17 (on yeddi) manatı Cavabdeh3, 33 (otuz üç) manatı isə, ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar