Məhkəmə qərarları › İş №e-2-2(121)-485/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-485/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-485/2021 19.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı 4.970,82 manat əsas borcun, 705,92 manat faiz borcunun, 434,05 manat cərimənin, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 727,26 manat faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh arasında bağlanmış 04.03.2015-ci il tarixli 3984/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 5.000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-cı bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 29.01.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 6.838,05 (altı min səkkiz yüz otuz səkkiz manat beş qəpik) manat təşkil edir. Bundan 4.970,82 (dörd min dörd yüz yetmiş manat səksən iki qəpik) manat əsas, 705.92 (yeddi yüz beş manat doxsan iki qəpik) faiz, 434.05 (dörd yüz otuz dörd manat beş qəpik) cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 727.26 (yeddi yüz iyirmi yeddi manat iyirmi altı qəpik) manat faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh arasında bağlanmış 04 mart 2015-ci il tarixli, 3984/1 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 6 faiz dərəcəsi ilə 36 ay müddətinə, kartofçuluğun inkişafı üçün 5.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 19.03.2015-ci il tarixli, 09 saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh 5.000 manat kredit verilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin 29.01.2021-ci il tarixli, **********362 saylı arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh arasında bağlanmış 04.03.2015-ci il tarixli, 3984/1 saylı kredit müqaviləsi üzrə cavabdehin 22.01.2021-ci il tarixə banka 4.970,82 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 705,92 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 434,05 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 727,26 manat, ümumi borc 6.838,05 manat təşkil edir. İş materiallarında olan 27.01.2021-ci il tarixli, **********236 saylı bildirişdən görünür ki, İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh arasında bağlanmış 04.03.2015-ci il tarixli, 3984/1 saylı kredit müqaviləsi əsasında aldığı kreditə görə 4.970,82 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 705,92 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 434,05 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 727,26 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 6.838,05 manat məbləğində kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarından görünür ki, Cavabdeh 04.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür, ona hazırki iş üzrə kreditin restrukturizasiya olunması təklif olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 2021-ci il tarixli, 9/3370 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi 04 mart 2015-ci il tarixli, 3984/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-nə olan borcu 04.03.2018-ci il tarixə əsas borc üzrə 4.996,62 manat, faiz borcu üzrə 253,13 manat, 22.01.2021-ci il tarixə əsas borc üzrə 4.996,62 manat, faiz borcu üzrə 1.117,54 manat müəyyən edilir. Məhkəmə müəyyən etdi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. 08.07.2021-ci il tarixli, 9/3370 saylı ekspert rəyi ilə 04.03.2015-ci il tarixli, 3984/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh müqavilə müddəti bitdiyi tarixə, yəni 04.03.2018-ci il tarixə əsas borc üzrə 4.996,62 manat, faiz borcu 253,13 manat, maliyyə arayışında qeyd olunan 22.01.2021-ci il tarixinə əsas borc üzrə 4.996,62 manat, faiz borcu üzrə 1.117,54 (864,41 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış borcdur) manat borcunun olması müəyyən olunur. Məhkəmə hesab edir ki, Cavabdeh tərəflər arasında bağlanmış 04.03.2015-ci il tarixli, 3984/1 saylı kredit müqaviləsi üzrə 4.970,82 manat əsas, 253,13 manat faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış 727,26 manat faiz borcunun olması iş materialları ilə sübut olunduğundan, əsas və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borca münasibətdə iddia tam, faiz borca münasibətdə isə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın 4.970,82 manat məbləğində əsas borcun, hesablanmış 253,13 manat məbləğində faiz borcun və müqavilə müddəti bitdikdən sonra hesablanmış 727,26 manat faiz borcunun ödənilməsinə dair hissələri əsaslıdır. Odur ki, iddianın həmin hissələri təmin edilməlidir. Məhkəmə iddianın 434,05 manat cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 5 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 4 manatı iddiaçıya aid edilməli, 26 manatı isə Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 125 (bir yüz iyirmi beş) manatı Cavabdeh, 25 (iyirmi beş) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4.970,82 manat əsas borc, 253,13 manat faiz borcu, 5 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 727,26 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat olmaqla, ümumilikdə 5.982,21 (beş min doqquz yüz səksən iki manat, iyirmi bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 125 (bir yüz iyirmi beş) manatı Cavabdeh, 25 (iyirmi beş) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar