Məhkəmə qərarları › İş №e-2-2(121)-49/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-49/2021

23.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-49/2021 23.02.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4, Mütəxəssis Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Şirvan filialının aparıcı müfəttişi X5 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın ləğv olunması barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər “xxxx” ASC-yə və X10 Təchizatı və Satışı İdarəsinə qarşı – xx.xx.2019-cu il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş, “xxxx” ASCnin X6 rəisi tərəfindən təsdiq edilməli olduğu halda, təsdiq edilməmiş NDQ 006619 saylı aktın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2011-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. xx.xx.2011-ci il tarixdə Vergilər Nazirliyi tərəfindən ona “fiziki şəxsin sahibkarlıq uçotu haqqında” qeydiyyat nömrəsi (VÖEN ) ********** olan şəhadətnamə verilmişdir. Onun təsərrüfatı Salyan rayonu Boranıkənd kəndi ərazisində yerləşir və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Təsərrüfat elektrik enerjisi ilə təmin edilmiş və elektrik sayğacı quraşdırılmışdır. xx.xx.2019-cu il tarixində istehlak etdikləri elektrik enerjisinin pulunu ödəyərkən məlum olmuşdur ki, o, 9800 manat cərimə olunmuşdur. Bundan sonra Salyan elektrik şəbəkəsinə müraciət edərək “xxxx” ASC-nin X6 rəisi tərəfindən təsdiq edilməli olan, lakin təsdiq olunmamış NDQ 006619 nömrəli aktın surətini almışdır. Həmin aktla tanış olarkən onda qeyd olunanlardan məlum olur ki, “Sayğaca baxış keçirilərkən məlum olur ki, obyektə məxsus olan elektrik sayğacı sxemdən keçən yükü tam qeyd etmir. SQ və UM idarəsi nümayəndələri tərəfindən gərginlik trasformatorunun yuvasına vurulmuş möhür açılarkən məlum oldu ki, “B” və “C” fazaları üzərindəki qoryucular yoxdur”. Hər şeydən əvvəl qanuniliyi mübahisəlndirilən akt Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğun deyil, yəni həmin akt tərtib edilərkən qeyd edilmiş Qaydaların tələblərinə əməl edilməmişdir. Cavabdeh tərəfindən Qaydaların tələblərinə əməl edilməklə onlarla alqı-satqı müqaviləsi bağlanmamaışdır. Elektrik avadanlıqlarına baxış keçirilərkən həmin plomb “xxxx” ASC-nin əməkdaşları tərəfindən açılmışdır. Ən başlıcası isə elektrik sayğacına onun iştirakı olmadan baxış keçirilərək akt yazılmışdır. Əgər möhür SQ və UN idarəsinin əməkdaşları tərəfindən açılmışdırsa, elektrik sayğacına heç bir müdaxilə olunması aşkar olunmamışdırsa və bu zaman “B” və “C” fazaları üzərində qoyrucu yoxdursa, buna görə məsuliyyəti istehlakçı yox, qapağa möhür vurmuş şəxs daşımalıdır. SQ və UN-nin əməkdaşları bundan yayınmaq üçün qəsdən aktda möhürün kimin tərəfindən vurulmasını göstərməmişlər. Həmin akt “xxxx” ASC-nin X6 rəisi tərəfindən təsdiq edilməli olduğu halda, təsdiq edilməmişdir. Fikrincə, həmin aktın hüquqi qüvvəsi yoxdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx” ASC-nin (həmçinin, X10 Təchizatı və Satışı İdarəsinin) nümayəndəsi X7 məhkəmədə iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsinin, mütəxəssisin izahatlarını və şahid ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Belə ki, iş mareiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Salyan rayonu, Boranıkənd kəndində yerləşən fermer təsərrüfatının elektrik təchizatı üçün Salyan YGEŞR tərəfindən 10/0,4 kv-luq 63 kva gücündə yarımstansiya və ümumi uzunluğu 1,5 km – (AS – 35 mm markalı hava xətti ilə) RLND – 10 və RV-10 tipli ayrıcı qoruyucu quraşdırılmışdır. Elektrik qurğu və avadanlıqlarında yoxlama sınaq işləri aparılmış, istismara tam yararlı vəziyyətdədir. Salyan YGEŞR tərəfindən Salyan rayonu, Boranıkənd kəndində yerləşən fermer təsərrüfatının sahibi İddiaçı təhvil verilmişdir. İşə əlavə olunan sənədlərdən görünür ki, Salyan rayonu, Boranıkənd kəndi ərazisində yerləşən iddiaçıya məxsus fermer təsərrüfatının elektrik qurğularının istismara burxılması üçün xx.xx.2011-ci il tarixli, 52/12-6-10 nömrəli istismara buraxılış aktı tərtib edilmişdir. İş materiallarına əlavə edilən “xxxx” ASC tərəfindən tərtib edilmiş AKT NDQ 006619 saylı, xx.xx.2019-ci il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirilərkən məlum olur ki, obyektə məxsus olan elektrik sayğacı sxemdən keçən yükü tam qeyd etmir. SQ və UM idarəsi nümayəndələri tərəfindən gərginlik trasformatorunun yuvasına vurulmuş möhür açılarkən məlum oldu ki, “B” və “C” fazaları üzərindəki qoryucular yoxdur. Aktı abonentin nümayəndəsi Səxavət Əliyev imtina etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icra vərəqinin surətindən görünür ki, NDQ AKT № 006619 saylı, xx.xx.2019-ci il tarixli akt əsasında sayğacın sxemdən keçən yükü qeyd etməməsinə dair qüsur aşkar edilmişdir. Buna görə də, satış sahəsi üzrə tələb olaraq qərar qəbul edilmişdir: (1869 göst – 1612 göst) x 200 əmsal x 68% : 32% = 109225 kvts. İşə əlavə edilən “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” aktın surətindən görünür ki, qüsur bərpa olunmuş, gərginlik və cərəyan transformatorları yerləşən yuvanın qapısı möhürlənmişdir. İşdə olan “Abunə haqqında” hesabdan çıxarışdan görünür ki, 109225 kVts sərfiyyat, dəyəri 9830,25 manat məbləğində xx.xx.2019-cu il tarixli hesabat aparılmış və dövriyyəyə daxil edilmişdir. Qeyd edilən məbləğ iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Şirvan filialının aparıcı müfəttişi X8 tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, “xxxx” ASC-nin nümayəndələri tərəfindən Salyan rayonu, Boranıkənd kəndində yerləşən İddiaçı məxsus kənd təsərrüfatı təyinatlı obyektə aid hesablaşma uçot cihazlarına və elektrik sayğacına baxış zamanı, sayğacın sxemdən axan yükü tam qeyd etmədiyi, gərginlik transformatoru yerləşən yuvaya vurulmuş möhürlərin onlar tərəfindən açıldığı, “B” və “C” fazası üzərindəki qoruyucuların olmadığı ilə bağlı xx.xx.2019-cu il tarixli, 006619 nömrəli akt tərtib edilmişdir. Aktda abonentin nümayəndəsi X2 imzadan imtina etdiyi barədə qeydiyyat aparılmışdır. xx.xx.2019-cu il tarixli, 196167 nömrəli sayğac sxeminin yoxlanması və dəyişdirilməsi aktına əsasən qüsur bərpa olunmuş, gərginlik və cərəyan transformatorları yerləşən yuvanın qapısı möhürlənmişdir. Akta əsasən, sayğacın xx.xx.2019-cu il oxunma tarixindən qüsur bərpa olunan xx.xx.2019-cu il tarixinədək olan müddət üçün, sayğacın xəta faizi nəzərə alınaraq, 109225 kVts sərfiyyat, dəyəri 9830,25 manat məbləğində xx.xx.2019-cu il tarixli hesabat aparılmış və dövriyyəyə daxil edilmişdir. Şirvan RETSİ tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü bəndində nəzərdə tutulmuş elektrik enerjisinin alqı-satqı müqaviləsi və balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı təqdim edilməmişdir. İstehlakçı tərəfindən təqdim olunan xx.xx.2011-ci il tarixli, 52/12-6-10 nömrəli istismara buraxılış aktına əsasən məlum olmuşdur ki, enerjitəchizaı müəsissəsi ilə abonent arasında balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti, 35/10 kV-luq “Şorsulu” yarımstansiyasından çıxan 10 kVluq “Ferma” HEVX-nin müvafiq dayağının budaqlanma nöqtəsindən təyin edilmiş və budaqlanma nöqtəsində, istehlakçıya məxsus avadanlıqda sayğac uçot komplekti quraşdırılmışdır. Qaydaların 5.2.2-ci yarımbəndinə əsasən 1000 V və daha yüksək gərginlikli elektrik veriliş xətlərinin texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi əsas xəttin ayırma aparılan dayağında müəyyənləşdirilir. Qaydaların 7.7-ci bəndinin tələbinə əsasən hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 9.4cü bəndinə əsasən istehlakçı tərəfindən hesablaşma elektrik sayğaclarındakı nasazlıqlar və onun qoşulma sxeminin pozulması, haqqında enerjitəchizatı müəssisəsinə məlumat verilməlidir. Müəyyən edilmişdir ki, dövriyyə üzrə hesabat verilən dövr üçün xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək Qaydaların 8.2-ci bəndinə əsasən hesablaşma dövrlərində sayğac oxunması aparılmış, sərfiyyatlar qeydə alınmış, bu sərfiyyatlar digər illərin müvafiq aylarının sərfiyyatları ilə müqayisədə nəzərə çarpacaq dərəcədə fərqlənmir və bu dövr üçün sayğacın xəta ilə işləməsi müəyyən olunmur. Lakin sayğacın xx.xx.2019cu il oxunma tarixindən xx.xx.2019-cu il oxunma tarixinədək olan dövr üçün qeydə alınan orta aylıq sərfiyyat əvvəlki və sonrakı ilin müvafiq ayının orta aylıq sərfiyyatı ilə müqayisədə azdır. xx.xx.2019-cu il tarixində uçot bərpa olunduqdan sonrakı hesablaşma dövründə sərfiyyatda artım vardır. Sayğacın xəta ilə işləməsi xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək olan müddət üçün görünür. Eyni zamanda aktda göstərilən ölçmələrə görə sayğacın sxemdən axan yükün 32%-ni qeyd etdiyi məlum olur. Həmçinin hesabat verilən dövr üçün sayğacla qeydə alınan sərfiyyatlar, digər illərin müvafiq dövrlərinin sərfiyyatları ilə müqayisədə azdır. Araşdırmanın nəticəsi olaraq, texniki qüsur nəticəsində uçotda səhv olduğu üçün (və ya sayğac göstərişlərində anlaşılmazlıq) hesabat, Qaydaların 8.15-ci bəndinə əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək olan 44 gün müddət üçün, xəta faizi nəzərə alınmaqla aparılması məqsədə uyğun hesab olunur. 1. (1869-1819) x 200 x 68% : 32% = 21250 kVts x 0,09 man =1912,5 manat; 2. (2931-2557) x 200 = 74800 kVts, 2020-ci ilin sayğacla müəyyənləşən müvafiq aylarının sərfiyyatı; hesabat verilən dövrlə müqayisə; (1869-1612) x 200 = 51400 kVts, hesabat verilən dövr üçün sayğacla sərfiyyat. Fərq: 74800 - 51400 = 23400 kVts x 0,09 man = 2016 manat. İtirilmiş elektrik enerjisinin bərpası məqsədilə göstərilən hesabatlardan biri aparıla bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, İddiaçı məxsus Salyan rayonu, Boranıkənd kəndində yerləşən təsərrüfatda sürücü işləyir. 2019-cu ilin sentyabr ayının sonlarında təsərrüfatda, yəni parnikdə olan zaman elektrik sayğacında qısaqapanma olmuş və sayğacdan kənar hissədə alov müşahidə etmişlər. Dərhal Salyan rayon Elektrik Şəbəkəsinə bu barədə məlumat vermişlər və təxminən 1-2 saat ərzində şəbəkənin əməkdaşları gəlib onu təmir etmişlər. Sonradan, təxminən 10-15 gün sonra isə Elektrik Şəbəkəsinin əməkdaşları gələrək akt tərtib etmişlər. Həmin zaman orada iştirak etməmiş, lakin iş yoldaşı Səxavət Əliyev akt tərtib olunan zaman orada olmuşdur. Alov baş verən zaman telefon vasitəsi ilə video görüntülər aparmışlar. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, “xxxx” ASCnin nümayəndələri tərəfindən İddiaçı məxsus təsərrüfatda elektrik sayğacına baxış keçirilən zaman sayğacın sxemdən keçən yükü qeyd etməməsinə dair qüsur aşkar edilmişdir. Buna görə də, AKT NDQ № 006619 saylı, xx.xx.2019-ci il tarixli akt tərtib edilmişdir. Həmin akt əsasında xx.xx.2019-cu il tarixli icra vərəqi ilə qərar qəbul edilərək, iddiaçıya 9830,25 manat məbləğində borc hesablanmışdır. Həmin məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Göründüyü kimi, sayğac axan yükü qeyd etməməsinə dair qüsur aşkar edildiyindən qeyd edilən akt tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.7-ci maddəsinə əsasən, bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin Qaydaların 8.33-cü maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göstərilən Qaydaların 8.34-cü maddəsinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Qeyd edilən Qaydaların 9.4-cü maddəsinə əsasən, istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı daşıdığından, sayğacın axan yükü qeyd etməməsinə dair qüsurun aşkar edilməsi səbəbindən akt tərtib edildiyindən və aktın tərtib edilməsi zamanı pozuntuya yol verilmədiyindən, aktın ləğv edilməsinə əsas yoxdur. Digər tərəfdən, həmin akt qüsurun aşkar edilməsini özündə əks etdirir. Odur ki, onun ləğv edilməsinə zərurət yoxdur. Belə ki, sayğacda qüsur qeyd edilən akt əsasında müəyyən edilmiş olsa da, xx.xx.2019-cu il tarixli icra vərəqi ilə hesablanmışdır. Lakin, cavabdeh tərəfindən elektrik enerjisinin dəyəri düzgün hesablanmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən aktın ləğv edilməsini deyil, düzgün hesablanmamış borcun silinməsini və ya artıq ödəmiş olduğu pul vəsaitinin geri qaytarılmasını tələb etmək hüququ vardır. İddiaçı isə “düzgün hesablanmamış borcun silinməsi və ya artıq ödəmiş olduğu pul vəsaitinin geri qaytarılması”na dair tələb irəli sürmədiyindən, iddiaçının cavabdehə artıq ödəmiş olduğu pul məbləğinin qaytarılması məsələsi həll edilmədən saxlanaraq iddiaçıya həmin pul məbləğinin qaytarılmasına dair “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia tələbi irəli sürmək hüququ izah edilməlidir. Buna görə də, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı – xx.xx.2019-cu il tarixdə tərtib edilmiş, NDQ 006619 saylı aktın ləğv edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar