Məhkəmə qərarları › İş №e-2-2(121)-49/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-49/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-49/2022 19.04.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı - Cavabdeh2 11.11.2020ci il tarixli, 040CRLN20000003-1 nömrəli kredit müqaviləsi üzrə Banka 89.930,59 (səksən doqquz min doqquz yüz otuz manat əlli doqquz qəpik) manat əsas borc, 4.482,08 (dörd min dörd yüz səksən iki manat səkkiz qəpik) manat faiz borcu, 288.25 (iki yüz səksən səkkiz manat iyirmi beş qəpik) manat ikiqat faiz borcu, 305,20 (üç yüz beş manat iyirmi qəpik) manat gecikdirilən əsas məbləğə gündəlik 1% miqdarında cərimə borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulmasına, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Sabirabad şəhəri, Z.Əliyevküçəsi, ev 44; Yeni qaydalarla: AZ5400, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və yaşayış məntəqələrinin torpaqlarına yönəldilməsinə, həmin ipoteka predmetinin açıq hərracda satılmasına, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutulmasına, tutma Cavabdeh1 məxsus olan ünvan 4; Yeni qaydalarla: AZ5400, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və yaşayış məntəqələrinin torpaq sahəsinə yönəldikdən və həmin əmlak satıldıqdan dərhal sonra həmin sahənin boşaldılmasına dair qətnamə qəbul edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı “iddia tələbi həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 11.11.2020-ci il tarixli, 040CRLN20000003-1 nömrəli kredit müqaviləsi üzrə Banka 89.930,59 (səksən doqquz min doqquz yüz otuz manat əlli doqquz qəpik) manat əsas borc, 4.482,08 (dörd min dörd yüz səksən iki manat səkkiz qəpik) manat faiz borcu, 288.25 (iki yüz səksən səkkiz manat iyirmi beş qəpik) manat ikiqat faiz borcu, 305,20 (üç yüz beş manat iyirmi qəpik) manat gecikdirilən əsas məbləğə gündəlik 0,1% miqdarında cərimə borcunun, ödənilmiş 30,40 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 45 manat xidmət haqqının tutulmasına, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Sabirabad şəhəri, Z.Əliyevküçəsi, ev 44; Yeni qaydalarla: AZ5400, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və yaşayış məntəqələrinin torpaqlarına yönəldilməsinə, həmin ipoteka predmetinin açıq hərracda satılmasına, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutulmasına, tutma Cavabdeh1 məxsus olan ünvan 4; Yeni qaydalarla: AZ5400, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və yaşayış məntəqələrinin torpaq sahəsinə yönəldikdən və həmin əmlak satıldıqdan dərhal sonra həmin sahənin boşaldılmasına dair qətnamə qəbul edilməsi Daha sonra iddiaçı “iddia tələbi həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciə edərək, Cavabdeh2 11.11.2020-cı il tarixli, 040CRLN20000003-1 nömrəli kredit müqaviləsi üzrə Banka 89.930,59 (səksən doqquz min doqquz yüz otuz manat əlli doqquz qəpik) manat əsas borc, 11.557,27 (dörd min dörd yüz səksən iki manat səkkiz qəpik) manat faiz borcu, 3.297,49 (üç min iki yüz doxsan yeddi manat 49 qəpik) manat gecikdirilən əsas məbləğə gündəlik 1% miqdarında cərimə borcu olmaqla, cəmi 104.785,35 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 45 manat xidmət haqqının tutulmasına, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Sabirabad şəhəri, Z.Əliyevküçəsi, ev 44; Yeni qaydalarla: AZ5400, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və yaşayış məntəqələrinin torpaqlarına yönəldilməsinə, həmin ipoteka predmetinin açıq hərracda satılmasına, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutulmasına, tutma Cavabdeh1 məxsus olan ünvan 4; Yeni qaydalarla: AZ5400, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və yaşayış məntəqələrinin torpaq sahəsinə yönəldikdən və həmin əmlak satıldıqdan dərhal sonra həmin sahənin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və “iddia tələbi həcminin artırılması barədə” ərizələr onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 05.11.2020-cı il tarixli, 040CRLN20000003 nömrəli Baş kredit müqaviləsi üzrə cavabdehə illik 30% dərəcəsi ilə, 60 ay müddətinə 100 000 (bir yüz min) manat (USD və ya EUR ekvivalenti) məbləğində kredit limiti ayrılmışdır. Həmin Baş kredit müqaviləsi çərçivəsində 11.11.2020cı il tarixli, 040CRLN20000003-1 nömrəli Kredit müqaviləsi üzrə illik 17 % dərəcəsi ilə, 36 ay müddətinə, 94 000 (doxsan dörd min) manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə 06.11.2020-ci il tarixli, 004REAL200000012 nömrəli İpoteka müqaviləsi bağlanmış və həmin müqavilədə göstərilən daşınmaz əmlak bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Bağlanmış ipoteka müqaviləsi üzrə aşağıda göstərilən daşınmaz əmlak Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir: ünvan 4; Yeni qaydalarla: AZ5400, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və yaşayış məntəqələrinin torpaqlarının ipotekası. Cavabdeh kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri icra etməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş göndərilmişdir. Eyni zamanda reyestr orqanına bildirişin qeydiyyatı üçün ərizə verilmiş və ərizə bu orqanda qeydə alınmışdır. Tərəflər arasında bağlanılmış Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Kreditor Borcalana məqsədli istifadə, qaytarmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsinə, Borcalan isə həmin Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri Kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür. Həmin Müqavilənin 5.4.3-cü bəndinə görə Borcalan ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri, hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalan adından göndərilməsi üçün xərcləri Kreditora vaxtında və tam olaraq ödəməlidir. Həmin Müqavilənin 2.5-ci bəndinə görə gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faizin ikiqatı qədər faiz, həmçinin gecikmənin birinci günündən başlayaraq gecikdirilən əsas məbləğə gündəlik 1 (bir) % miqdarında cərimə hesablanır. Odur ki, borc ödənilmədiyindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Lakin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək nümayəndənin iştirakı olmadan işə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia tələbinin həcminin artırılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05 noyabr 2020-ci il tarixli, 040CRLN20000003 saylı baş kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 30 faiz dərəcəsi ilə, 60 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli, 040CRLN20000003-1 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 dövriyyə vəsaitinin artırılması üçün illik 17 faiz dərəcəsi ilə, 36 ay müddətinə 94.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli, 004REAL20000012 saylı ipoteka müqaviləsinə əsasən, 05 noyabr 2020-ci il tarixli, 040CRLN20000003 saylı baş kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus, Sabirabad şəhəri, Z.Əliyev küçəsi, ev.44; Yeni qaydalarla: AZ5400, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və sahəsi 0.06 ha olan yaşayış məntəqələrinin torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 02.12.2020-ci il tarixli, ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Sabirabad şəhəri, Z.Əliyev küçəsi, ev.44; Yeni qaydalarla: AZ5400, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 30.04.2021-ci il tarixli, ZB-5660 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli, 040CRLN20000003-1 saylı kredit müqaviləsi üzrə cavabdehin 30.04.2021-ci il tarixə banka 89.930,59 manat əsas, 4.482,08 manat faiz, 288,25 manat ikiqat faiz, 305,20 manat gecikdirilən əsas məbləğə gündəlik 0.1% miqdarında cərimə təşkil edir. İş materiallarında olan, İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıqdan (pretenziyadan) görünür ki, tərəflər arasında bağlanılmış 11 noyabr 2020-ci il tarixli, 040CRLN20000003-1 saylı kredit müqaviləsi üzrə borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materialında olan, İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış 11 noyabr 2020-ci il tarixli, 040CRLN20000003-1 saylı kredit müqaviləsi əsasında aldığı kredit üzrə cəmi borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 və Cavabdeh1 məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, 10 manat məbləğində dövlət rüsumu və 45 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış 22.06.2021ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 hazırkı iş üzrə iddiaçı "xxxx" ASC-nin ona qarşı olan iddia tələbini qəbul etmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış 13.07.2021ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 iddia tələbini artırılmış qaydada qəbul etmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 dekabr 2021-ci il tarixli, 506/ZRB/21 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli, 004REAL20000012 saylı ipoteka müqaviləsinə əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 162.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 372 saylı hesab fakturaya əsasən qiymətləndirmə haqqı 300 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2022-ci il tarixli, 9/1437 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş maliyyə arayışı, hesabdan çıxarış məlumatları 11 noyabr 2020-ci il tarixli 040CRLN20000003-1 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 18.01.2022-ci il tarixə Cavabdeh2 İddiaçı ASC-nə ola borcu 97.982,85 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 89.930,59 manat, faiz borcu 8.052,26 manat müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 05 noyabr 2020-ci il tarixli, 040CRLN20000003 saylı baş kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh2 illik 30 faiz dərəcəsi ilə, 60 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. Daha sonra 11 noyabr 2020-ci il tarixli, 040CRLN20000003-1 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 illik 17 faiz dərəcəsi ilə, 36 ay müddətinə 94.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda 05 noyabr 2020-ci il tarixli, 040CRLN20000003 saylı baş kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında 06 noyabr 2020-ci il tarixli, 004REAL20000012 saylı ipoteka müqaviləsi bağlanılmış və müqaviləyə əsasən, Cavabdeh1 məxsus, Sabirabad şəhəri, Z.Əliyev küçəsi, ev.44; Yeni qaydalarla: AZ5400, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və sahəsi 0.06 ha olan yaşayış məntəqələrinin torpaq sahəsi sözügedən kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Bununla yanaşı, Cavabdeh2 22.06.2021-ci il tarixli və 13.07.2021-ci il tarixli ərizələrlə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2022-ci il tarixli, 9/1437 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, əsas və faiz borcları üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 tərəflər arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli, 040CRLN20000003-1 saylı kredit müqaviləsi üzrə 89.930,59 manat əsas və 8.052,26 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əsas borcunun tutulması hissəsində iddia tam, faiz borcunun tutulması hissəsində isə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə, iddianın 3.297,49 manat cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 3.297,49 manat məbləğində deyil, 164 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak və sahibkarlıq mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında 06 noyabr 2020-ci il tarixli, 004REAL20000012 saylı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni Cavabdeh1 məxsus İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, Sabirabad şəhəri, Z.Əliyev küçəsi, ev.44; Yeni qaydalarla: AZ5400, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və sahəsi 0.06 ha olan yaşayış məntəqələrinin torpaq sahəsinin ilkin satış qiyməti 162.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına iddiaçının borc tələbi ödənilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılması” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, ipoteka müqaviləsi üzrə kredit götürmüş şəxs həmin ipoteka predmeti olan fərdi yaşayış evində qeydiyyatda olan şəxslərlə birlikdə ipoteka predmeti olan yaşayış sahəsindən çıxmaq öhdəliyini qəbul etmiş və bu öhdəliyin icrası üçün ayrıca məhkəmə qərarı tələb olunmur. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 2 manatı iddiaçıya aid edilməli, dövlət rüsumunun 28 manatı və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat isə Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Cavabdeh1 tutularaq "xxxx" MMC-yə, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 104 (bir yüz dörd) manatı Cavabdeh2, 46 (qırx altı) manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 11.11.2020-ci il tarixli, 040CRLN20000003-1 saylı kredit müqaviləsinə əsasən 89.930,59 manat məbləğində əsas borc, 8.052,26 manat məbləğində faiz borcu, 164 manat cərimə (dəbbə pulu) borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 55 manat rüsum olmaqla, ümumilikdə 98.229,85 (doxsan səkkiz min, iki yüz iyirmi doqquz manat, səksən beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh1 məxsus Sabirabad şəhəri, Z.Əliyev küçəsi, ev.44; Yeni qaydalarla: AZ5400, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və sahəsi 0.06 ha olan yaşayış məntəqələrinin torpaq sahəsinə yönəldilsin. Cavabdeh1 məxsus Sabirabad şəhəri, Z.Əliyev küçəsi, ev.44; Yeni qaydalarla: AZ5400, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və sahəsi 0.06 ha olan yaşayış məntəqələrinin torpaq sahəsinin ilkin satış qiyməti 162.000 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 89.930,59 manat məbləğində əsas borc, 8.052,26 manat məbləğində faiz borcu, 164 manat cərimə (dəbbə pulu) borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 55 manat rüsum İddiaçı ASC-yə ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 104 (bir yüz dörd) manatı Cavabdeh2, 46 (qırx altı) manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar