Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-49/2023 16.01.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı – borcun silinməsi barəsində iddiasına dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı – 037534 saylı xx.xx.2020-ci il tarixli aktın və həmin akt əsasında hesablanmış 821 manat borcun silinməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus Ağcabədi rayonu, Aşağı Avşar kəndində yerləşən restoranı vardır. Bu obyekt qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət hüququ əsasında ona məxsusdur. Eyni zamanda fərdi sahibkar kimi lazımı orqanlarda qeydiyyata durmuş və dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulan bütün ödənişləri vaxtı-vaxtında həyata geçirmişdir. Bununla yanaşı bütün kommunal xidmət göstərən müəssisələrlə müqavilələr də bağlanmışdır. O cümlədən enerjitəchizatı müəssisəsi ilə onun arasında elektrik enerjisinin alqı-satqısına görə müqavilə bağlanmışdır. Elektrik enerjisinə görə hazırki vaxtadək borcu yaranmamışdır. Lakin bütun bunlara baxmayaraq xx.xx.2020-ci tarixdə enerjitəchizatı idarəsinin işciləri pandemiya dövrü olmasına baxmayaraq sahibkar kimi onun xəbəri və iştirakı olmadan ona məxsus obyektin sayğacına baxış keçirərək R 037534 nömrəli akt tərtib edərək sayğacın ekran tablosunun oxunmamasını aşkar etdiklərini akta qeyd etməklə 1721,23 manat cərimə qeyd etmişlər, halbuki, Nazirlər Kabinetinin Operativ Qərargahının qərarına əsasən 2020-ci ilin mart ayından respubilkada pandemiyanın yayılmasının qarşısının alınması üçün bütün kafe və restoranlar bağlanmışdır, demək olar ki, fəaliyyətləri dayandırılmışdır. Belə olduqda adı çəkilən obyekti həmin müddət ərzində işlətməmiş və hal-hazırda da işlətmir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə “sayğacların və cərəyan transformatorlarının yoxlanılması protokolu”ndan görünür ki, sayğacın qrifinin A faz yuvaları texniki səbəbdən yanıb, göstərici oxunmur. Məhkəməyə iddia ərizəsi vermək üçün qanuna müvafiq qaydada Bakı 2 sayılı Mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2022-ci il tarixdə, saat 12:30-dan 13:00-dək mediasiya prosesi həyata keçirilmiş, cavabdeh tərəf olan Cavabdeh ASC-yə prosesin vaxtı və günü bildirilsə də, nümayəndə prosesdə iştirak etməmişdir. Akt əsasında 1721,23 manat cərimədən 900 manat cavabdeh tərəfindən cərimə silinmiş, lakin 821 manat məbləğində cərimə aktının silinməsi qalmışdır. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 037534 saylı xx.xx.2020-ci il tarixli aktın ləğv edilməsi və 821 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən "xxxx" ASC tərəfindən tərtib edilmiş AKT R № 037534 saylı xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən iddiaçıya məxsus obyektdə elektrik sayğacına baxış keçirilən zaman sayğacın ekran tablosunun oxunmaması məlum olmuşdur. Aktda həmçinin, elektrik sayğacının yenisi ilə əvəz edilməsi, laboratoriya şəraitində yoxlanılıb rəy verilməsi qeyd edilmişdir. İş materiallarına əlavə olunan “Sayğacların və cərəyan transformatorlarının yoxlanması”na dair 203880 saylı, xx.xx.2020-ci il tarixli protokolunun surətindən görünür ki, sayğac laboratoriya yoxlamasından keçirilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi İmişli filialının 3-15-2-8/2-15/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş mütəxəssis rəyinin surətindən görünür ki, məsələ ilə bağlı müvafiq sənədlərin təhlili zamanı müəyyən olunmuşdur ki, Ağcabədi rayonu, Avşar kənd sakini İddiaçı sahibkarlıq obyektində (Kod: **********41017) elektrik enerjisinə görə yaranmış 1278 manat məbləğində borc 037534 nömrəli xx.xx.2020-ci il tarixli akta görə aparılmış hesabata əsasən yaranmışdır. Şikayətçinin "xxxx" ASC-yə müraciətinə əsasən akta görə hesablanmış məbləğdən 425,97 manat məbləği xx.xx.2021-ci il tarixində silinmişdir. Məlum olmuşdur ki, şikayətçiyə məxsus sahibkarlıq obyekti üçün quraşdırılmış hesablaşma elektrik sayğacının ekran tablosunun oxunmamasına görə 037534 nömrəli xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Akt abonent tərəfindən imzalanmışdır. Sayğac 218332 nömrəli xx.xx.2020-ci il tarixli dəyişmə aktına əsasən yenisi ilə əvəz edilmişdir. Labarotoriyada çıxarılan sayğacın işləmədiyi, tablosunun oxunmadığı barədə 203880 nömrəli xx.xx.2020-ci il tarixli protokol tərtib olunmuşdur. Protokolda abonentin rəydə iştirak etmədiyi barədə qeyd aparılmışdır. Akta görə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan 180 gün müddətinə, faktiki yükü A fazasında 2,5 A, B fazasında 4 A, C fazasında 3,5 A götürülməklə 1278 manat məbləğində hesabat aparılmış və məbləğ abonent dövriyyəsinə daxil edilmişdir. Müəyyən edilmişdir ki, dövriyyə üzrə xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək sayğac göstəriciləri oxunmamış, sərfiyyatlar qeydə alınmamışdır və bu müddət ərzində uçot bərpa edilməmişdir. Həmçinin aktda, sayğac quraşdırma və sayğacın yoxlanması protokollarında abonent tərəfindən pozuntuya yol verilməsi və digər hər hansı bir qüsurun olması barədə qeyd aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş, "Elektrik enerjisindən istifadə Qaydalan”nın (bundan sonra-Qaydalar) 8.16-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Nəticə etibarı ilə yuxarıda qeyd olunanlar nəzərə alınaraq, abonentin təqsiri olmadan uçot müvəqqəti pozulduğu üçün Qaydaların 8.16-cı bəndinə əsasən 037534 nömrəli aktın hesabatına yenidən baxılması məqsədə uyğun hesab edilmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASCnin əməkdaşları tərəfindən iddiaçıya məxsus olması bildirilən obyektin sayğacına baxış keçirilən zaman sayğacın ekran tablosunun oxunmaması müşahidə edilmiş, sayğac yenisilə əvəz olunmuş və çıxarılan sayğac yoxlanılmaqdan ötrü laboratoriyaya göndərilmişdir. Buna görə də, AKT R seriyalı 037534 saylı xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçıya 1278 manat məbləğində borc hesablanmış, həmin borcdan 425,97 manatın silinməsi xx.xx.2021-ci il tarixdə təmin edilmiş, 852,03 manat borc isə silinməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, elektrik sayğacının ekran tablosunun oxunmaması daxili qüsur nəticəsində pozulmuşdur. Yəni, sayğaca hər-hansı müdaxilə olmamış, sayğacın ekran tablosunun oxunmamasında hər hansı neqativ halların aşkar edilməsi və istehlakçının təqsiri müəyyən edilməmişdir. Belə olan halda isə, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən müəyyən edilməli idi. Lakin iş materiallarında belə bir razılığın olması müəyyən olunmur. Yəni, "xxxx" ASC tərəfindən 821 manat borc məbləği birtərəfli qaydada və qanunvericiliyin tələblərinə zidd olaraq, istehlakçının razılığı olmadan hesablanmışdır. Bundan başqa, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.34-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Həmin Qaydaların 10.18.9-cu bəndinə əsasən, elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi elektrik enerjisi rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların və digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə borcludur. İşdən də aydın olur ki, hazırki mübahisə enerji təchizatı müəssisəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan abonent arasında elektrik enerjisindən istifadə qaydalarının pozulmasını müəyyən edən yoxlamanın nəticələri üzrə yaranan münasibətdir. İddiaçının obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu işin mübahisələndirilməyən halıdır. Buna görə də, həmin obyektdə cavabdehin əməkdaşları tərəfindən aparılmış elektrik enerjisindən istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və əlaqədar digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılıb-aparılmadığı yoxlanılmaldır. Həmin qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinin tələbinə görə, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Odur ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia isə təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş 037534 saylı xx.xx.2020-ci il tarixli akt ləğv edilsin. "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 821 manat məbləğində borc silinsin. 30 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-49/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-49/2023
16.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver