Məhkəmə qərarları › İş №e-2-2(121)-490/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-490/2022

20.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-490/2022 20.04.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, İddiaçının vəkili və nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı –313061 manat məbləğində borc, 13050 manat gecikdirilmiş icra üçün faiz, 35000 manat əldən çıxmış fayda olmaqla, cəmi 361111 manat məbləğində pulun və iddia qaldırmaq üçün ödənilmiş 651,11 manat dövlət rüsumunun əvəzinin cavabdeh tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05.01.2017-ci il tarix bağlanmış 01/17 saylı müqavilənin 1.1-ci bəndində əsasən "xxxx" ASC-ni yem əlavələri ilə təchiz olunması, cavabdeh isə həmin malı qəbul edərək dəyərini ödəməyi öhdəlik kimi öz üzərinə götürmüşdür. Həmin müqavilə 05.01.2019-cu il tarixədək bağlanılmış, müqavilənin 8.2-ci bəndinə əsasən tərəflərin müqavilə müddətinin uzadılmaması barədə yazılı bildirişi olmayacağı təqdirdə, müqavilə daha bir il uzadılmış hesab edilmişdir. İddiaçı tərəf öz üzərinə götürmüş öhdəliyi yerinə yetirsə də, cavabdeh öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. “Borcun dəqiqləşdirilməsi barədə” 31.03.2021-ci il tarixli, 01/21 saylı aktdan görünür ki, 31.01.2021-ci il tarixə alıcının satıcıya olan borcu 537512,62 manat təşkil etmişdir. Daha sonra həmin borc məbləği 31.03.2021-ci il tarixli, 02/21 saylı və 23.04.2021-ci il tarixli, 09/21 saylı “Borcun qrafik ödənişə bölünməsi barədə” Aktlar əsasında müvafiq olaraq 211228,30 manat və 305161,00 manat olmaqla hissə-hissə ödənilməsi barədə razılığa gəlinmişdir. Lakin cavabdeh yenə də öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Hal-hazırda 05.01.2017-ci il tarixli, 01/17 saylı müqaviləyə əsasən 31.12.2021-ci il tarixə "xxxx" ASC-nin 313061,00 manat məbləğində real borcu yaranmışdır. Eyni zamanda müqavilə öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməməsi iddiaçının əlavə maliyyə itkilərinə məruz qoymuşdur. Həmin pul vəsaitinin ödənilməsi ilə bağlı şifahi müraciətləri nəticəsiz qalmışdır. Bundan sonra cavabdehə həm yazılı, həm də elektron qaydada pretenziya göndərilmiş, eyni zamanda mübahisənin məhkəmədən kənar alternativ həlli kimi mediasiya təşkilatına müraciət edilmişdir. Lakin bu cəhdlərin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, 340448,62 manat məbləğində borc, 13050 manat gecikdirilmiş icra üçün faiz, 35000 manat əldən çıxmış fayda olmaqla, cəmi 361111 manat məbləğində pulun və iddia qaldırmaq üçün ödənilmiş 651,11 manat dövlət rüsumunun əvəzinin cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırlıq iclasından sonra iddiaçı tərəfindən göndərilmiş elektron qaimələr və cavabdeh tərəfindən edilmiş pul köçürmələrinin təhlili aparılmış və məlum olmuşdur ki, cavabdehin real borcu iddia ərizəsində qeyd edilənlərdən daha artıqdır. Belə ki, “Borcun dəqiqləşdirilməsi barədə” 31.03.2021-ci il tarixli, 01/21 saylı aktdan görünür ki, 31.01.2021-ci il tarixə alıcının satıcıya olan borcu 537512,62 manat təşkil etmişdir. Həmin borc məbləği iki ədəd qrafiklə aylara bölünmüş və cavabdehə qeyd edilən qrafik şərtlərinə uyğun ödəniş etmək imkanı tanınmışdır, lakin cavabdeh qeyd edilən razılığa riayət etməmişdir. İddiaçı tərəfindən 01.04.2021-ci il tarixdən 14.10.2021-ci il tarixədək daha 209587 manatlıq mal (yem əlavələri) cavabdehə təhvil verilmişdir. Bununla da cavabdehin iddiaçıya 747099,62 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən həmin borcdan 403600,2 manat iddiaçının bank hesabına (sonuncu ödəniş 10.11.2021-ci il tarix olmaqla), 3050,85 manat isə ƏDV sub-uçot hesabına ödənilmişdir. Bununla da cavabdehin 340448,62 manat borcu qalmışdır. Odur ki, iddia tələbini artırmaq zərurəti yaranmışdır. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndələrinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01/17 saylı 05.01.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, “təchizatçı” (İddiaçı MMC) yem əlavələri ilə “alıcı”nı ("xxxx" ASC) təchiz etməyi, “alıcı” isə müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan 01/21 saylı, 31.03.2021-ci il tarixli “borcun dəqiqləşdirilməsi barədə” aktın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, 31.01.2021-ci il tarixinə alıcının satıcıya borcu 537512,62 manat təşkil edir. Həmin aktdan görünür ki, akt cavabdeh "xxxx" ASC-yə məxsus blankda (və cavabdehin əməkdaşları tərəfindən) tərtib edilmişdir. İşə əlavə edilən 02/21 saylı, 31.03.2021-ci il tarixli “borcun qrafik ödənişə bölünməsi barədə” aktın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, iddiaçı və cavabdeh 211228,30 manat borcun qrafik şəklində ödənilməsi barədə razılığa gəlmişlər. Qeyd edilən aktdan da görünür ki, akt cavabdeh "xxxx" ASC-yə məxsus blankda (və cavabdehin əməkdaşları tərəfindən) tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 09/21 saylı, 23.04.2021-ci il tarixli “ödəniş qrafiki”nin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, iddiaçı və cavabdeh 305161 manat borcun qrafik şəklində ödənilməsi barədə razılığa gəlmişlər. Həmçinin bu qrafikin 31.03.2021ci il tarixdə təsdiq edilmiş 211228,30 manat məbləğə dair razılaşdırılmış akta əlavə olması qeyd olunmuşdur. Göstərilən qrafikdən görünür ki, həmin qrafik cavabdeh "xxxx" ASC-yə məxsus blankda (və cavabdehin əməkdaşları tərəfindən) tərtib edilmişdir. İş materiallarına əlavə olunan elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən 09.04.2021-ci il tarixdən 14.10.2021-ci il tarixədək daha 209587 manatlıq mal (yem əlavələri) cavabdehə göndərilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə 28.01.2022-cu il tarixli xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarına əlavə edilən cavabdehin iddia tələbinə yazılı etirazından görünür ki, "xxxx" ASC toyuq ət məhsulunun istehsalı ilə məşğul olan kənd təsərrüfatı müəssisədir. Tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan yem əlavələri alınmışdır. İddiaçının 13050 manat gecikdirilmiş icra üçün faiz borcu və 35000 manat əldən çıxmış fayda ilə bağlı tərəflər arasında bağlanan müqavilədə hər hansı öhdəlik götürülmədiyi üçün həmin hissədə də iddia tələbi təmin edilməməlidir. İddiaçı gecikdirilmiş icra üçün faiz borcu və əldən çıxmış fayda ilə bağlı ümumiyyətlə hər hansı sübut təqdim etməmişdir. İddiaçı bu tələbləri irəli sürsə də, iddia tələbinin əsasını xüsusi ilə 340448,62 manat məbləğində borcun hansı əsaslarla yarandığını və bu hissədə tələbini sübut edən əsasları məhkəməyə təqdim etməmişdir. İddiaçı yazılı şəkildə bu tələbini ümumi formada əsasılandırmağa çalışmış və konkret sübutlara istinad elməmişdir. Məhkəmə iclasında isə iddiaçı ödəniş qrafiklərinə istinad etmişdir. İddiaçının istinad etdiyi qrafiklərlə bağlı bildirirlər ki, həmin qrafiklər hazırkı iş üçün yeganə sübut kimi qiymətləndirilə bilən malın təhvil verilməsini təsdiq edən iddiaçı tərəfindən təqdim edilən e-qaimə və cavabdeh tərəfindən icra edilən ödəniş tapşırıqları ilə tamamı ilə ziddiyyət təşkil edir. 01.01.2019-cu il tarixdən 31.12.2022-ci il tarixinədək olan dövr üzrə olan iş materialları (e-qaimə və ödəniş tapşırıqları) ilə tam sübuta yetirilir ki, həmin dövrdə iddiaçı tərəfindən satılmış mallar cəmi 1 310 850,99 (e-qaima: 2019- 788856,54 AZN. 2020- 275479.95 AZN. 2021- 246514,50 AZN) manat dəyərində həmin illər üzrə ödəniş isə cəmi 1 252 157,09 (ödəniş tapşırığı: 2019- 462.535.57 AZN, 2020- 342970,52 AZN, 2021- 446651 AZN) manat olmuşdur və həmin illər üzrə yaranan borc məbləği, cəmi 58 693,90 AZN-dir. Bu hal iddia tələbinin tam əsasız olamasını təsdiq edir. Tərəflər arasındakı rəsmiləşdirməni əvvəldən götürülsə e-qaimə: 2017-926 041,50 AZN. 2018-918 228,81 AZN manat dəyərində həmin illər üzrə ödəniş isə - ödəniş tapşırığı: 2017- 958 334,49 AZN. 2018- 689 828.92 AZN manat olmuşdur. Göründüyü kimi hətta bütün dövrü nəzərə alsaq bu vaxta qədər cəmi 3 155 121,30 manat dəyərində e-qaimə təqdim edilib və 2900320,50 manat məbləğində ödəniş edilmişdir. Ödənilməyən məbləğ isə 254 800,80 manatdır. İdiaçının 2017ci il tarixdən yaratdığı e-qaimələri və ödəniş tapşırıqları nəzərə alınsa belə iddia ərizəsində göstərilən məbləğin tamamı ilə əsassız olmasını görərdilər. İşin daha ədalətli, hərtərəfli və məhkəmədə tam əminlik yaranması üçün iddiaçı tərəfindən ilk gündən yaradılan e-qaimələri və ödəniş tapşırıqlarını məhkəməyə təqdim edirlər və həmin sənədlərdən də tam sübuta yetirilir ki, 2017-ci ildən başlayaraq bugünədək ümumi borc məbləği 254 800,80 manatdır. İddiaçıda həmin sübutların əksini təsdiq edən sübut varsa məhkəməyə təqdim edə bilər. Bunun əksini təsdiq edən hər hansı sübut mövcud deyil və bunu məhkəmə özü də Vergilər Nazirliyinə müraciət etməklə özü də əldə edə bilər. Hazırkı işin mahiyyətindən görünür ki, iddiaçının tələbi müqavilədən yaranan tələbdir və qanunvericiliyə əsasən bu tələb üçün iddia müddəti üç il müəyyən edilmişdir. İddiaçı 2022-ci ilin fevral ayında məhkəməyə müraciət etmişdir. Hətta 3 illik müddətin başlanma vaxtını 01.01.2019-cu il tarixdən 31.12.2021-ci il tarixinədək götürsək iş materialları (e-qaimə və ödəniş tapşırıqları) ilə tam sübuta yetirilir ki, həmin dövrdə iddiaçı tərəfindən satılmış mallar cəmi 1310850,99 (e-qaimə: 2019-788856,54 AZN, 2020-275479,95 AZN, 2021-246514,50 AZN) manat dəyərində həmin illər üzrə ödəniş isə cəmi 1252157,09 (ödəniş tapşırığı: 2019-462.535,57 AZN. 2020-342970.52 AZN. 2021- 446651.00 AZN) manat olmuşdur və həmin illər üzrə yaranan borc məbləği cəmi 58693,90 manatdır. Bu hal iddia tələbinin tam əsasız olmasını təsdiq edir. 2017-ci ildən başlayaraq bugünədək sistem üzərindən aparılan üzləşməyə əsasən ümumi borc məbləği 254 800,80 manatdır. Hesab edirlər ki, həmin məbləğdən də, 58693,90 manatı 01.01.2019-cu il tarixdən iddia qaldırılan tarixədək yaranan borcdur. Yerdə qalan borc məbləği isə, hətta əsaslı olsa belə iddia müddətini ötürməklə verildiyi üçün rədd edilməlidir. İşdən görünür ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, göstərmişdir ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı borcun qaytarılması barədə iddia tələbi ilə bağlı digər əsaslarla yanaşı iddia müddəti tətbiq edilərək rədd edilməlidir. Belə ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə verilmişdir. Hazırkı işin mahiyyətindən görünür ki, iddiaçının tələbi müqavilədən yaranan tələbdir və qanunvericiliyə əsasən bu tələb üçün iddia müddəti üç il müəyyən edilmişdir. İddiaçı 2022-ci ilin fevral ayında məhkəməyə müraciət etmişdir. Hətta 3 illik müddətin başlanma vaxtını 01.01.2019-cu il tarixdən 31.12.2021-ci il larixinədək götürsək iş materialları (e-qaimə və ödəniş tapşırıqları) ilə tam sübuta yetirilir ki, həmin dövrdə iddiaçı tərəfindən satılmış mallar cəmi 1310850,99 (e-qaimə: 2019-788856,54 AZN, 2020- 275479,95 AZN, 2021-246514,50 AZN) manat dəyərində həmin illər üzrə ödəniş isə cəmi 1252157.09 (ödəniş tapşırığı: 2019-462.535.57 AZN, 2020-342970.52 AZN, 2021-446651.00 AZN) manat olmuşdur və həmin illər üzrə yaranan borc məbləği cəmi 58693,90 manatdır. Bu hal iddia tələbinin tam əsasız olamasını təsdiq edir. Yox əgər iddiaçı hesab edir ki, iddia tələbində qeyd edilən 340.448.62 manat borc əvvəlki illərdə yaranıb, baxmayaraq ki, bu tamamı ilə əsassızdır, bu halda iddia irəli sürülməsi ilə bağlı müddəti ötürmüşdür. Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Hazırkı iş üzrə iddia müddətini tətbiq etməklə İddiaçı MMC-nin iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Beləliklə, işin həqiqi halları, iddiaçının nümayəndələrinin və cavabdehin nümayəndəsinin izahatları, iş materiallarına əlavə edilən sənədlərlə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdehə məxsus olan blankda və cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş blankda tərtib edilmiş “Borcun dəqiqləşdirilməsi barədə” 31.03.2021-ci il tarixli, 01/21 saylı aktla 31.01.2021-ci il tarixə cavabdehin iddiaçıya olan borcunun 537512,62 manat məbləğində təşkil etməsi müəyyən edilmişdir. Qeyd edilən borc məbləği iki qrafiklə aylara bölünmüş və cavabdehə göstərilən qrafik şərtlərinə uyğun ödəniş etmək imkanı tanınmışdır, lakin cavabdeh qeyd edilən razılığa riayət etməmişdir. İddiaçı tərəfindən 09.04.2021-ci il tarixdən 14.10.2021-ci il tarixədək daha 209587 manatlıq mal (yem əlavələri) cavabdehə təhvil verilmişdir. Bununla da cavabdehin iddiaçıya 747099,62 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən həmin borcdan 403600,2 manat iddiaçının bank hesabına (sonuncu ödəniş 10.11.2021-ci il tarix olmaqla), 3050,85 manat isə ƏDV ödənilmişdir. Bununla da, cavabdehin 340448,62 manat borcu qalmışdır. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 09.04.2021-ci il tarixdən 14.10.2021-ci il tarixədək elektron qaimələrdə göstərilən 209587 manatlıq malın təhvil verilməsi işin mübahisəsiz halıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Göründüyü kimi tərəflər arasında göndərmə müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 627.1-ci maddəsinə əsasən, göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın “gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizlə 13050 manat məbləğində faizin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə ki, cavabdeh üzərinə düşən pul öhdəliyini 31.03.2021-ci il tarixdən icra etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilərək, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizlə 13050 məbləğində faiz cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın “35000 manat əldən çıxmış faydanın ödənilməsi”nə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin iddianın “iddia qaldırmaq üçün ödənilmiş 651,11 manat dövlət rüsumunun cavabdehdən alınması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, iddia tələbindən də göründüyü kimi, iddiaçı mediasiya dair çəkilmiş xərci deyil, iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilməli olan dövlət rüsumu 651,11 manat təşkil edir. Bu məbləğdən 400 manatı ilkin mediasiya sessiyası zamanı mediasiya xərci kimi, 251,11 manatı isə iddia qaldırmaq üçün nəzərdə tutulan dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 200 manatı cavabdehə, qalanı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 200 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, qeyd edilən müqavilə borcla bağlı müqavilə olduğundan, müqavilə tələbləri üzrə iddia müddəti şamil edilməlidir. Lakin, 01/21 saylı, 31.03.2021-ci il tarixli “borcun dəqiqləşdirilməsi barədə” aktla cavabdeh 31.01.2021-ci il tarixinə iddiaçıya olan borcunun 537512,62 manat təşkil etməsini qəbul etmiş, bununla da, borcun etirafı ilə əlaqədar hərəkətlər edildiyindən iddia müddətinin axımı kəsilmişdir. Belə ki, göstərilən müqavilə üzrə iddia müddətinin axımı qeyd edilən tarixlərdən yenidən başlandığından iddia müddəti iddiaçı tərəfinən ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisə tərəfi olan cavabdehin nümayəndəsi iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiadan imtina edilə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 340448,62 manat borc, 13050 manat gecikdirilmiş vaxt üçün faiz, cəmi 353498,62 manat məbləğində pul vəsaiti və 200 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar