Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-495/2025 18.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı X2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı X5 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 manat əsas borcun, əldən çıxmış faydaya görə 10500 manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 5 ildən yuxarıdır ki, tanışdır. Tanışı Cavabdeh X3 ilə birlikdə işləyir. Onlar da qızıl alış-verişi ilə məşğuldurlar. O, onlara ayrıayrı vaxtlarda qızıl-zinət əşyaları satmışdır və onlar da vaxtında ödənişləri edərək onun etibarını qazanmışlar. O, Sumqayıt şəhərində Karvan Ticarət Mərkəzinin yaxınlığında kirayə götürdüyü obyektdə Cavabdehlə üzbə-üz işləyir. xx.xx.2021-ci il tarixində Cavabdeh onun kirayə götürdüyü obyektə yaxınlaşıb ondan 50 qram qızıl-zinət əşyaları götürmüşdür. 50 qram qızılın dəyəri 4500 manatdır. Cavabdeh 50 qram qızılı ondan götürərək söz vermişdir ki, pulu ona 2022-ci ilin fevral ayının 10-na qədər hiss-hissə verəcək. X5 2022-ci ilin yanvar ayının əvvəlində Cavabdeh işlədiyi obyektə çağırıb ona verdiyi 50 qram qızılın pulunu, yəni 4500 manat pulu istəmişdir. Cavabdeh ona bildirmişdir ki, ondan götürdüyü 50 qram qızılları daimi müştərisi olan Mübariz adlı şəxsə satmışdır. Daimi müştərisi olan Mübariz hələ ki ondan aldığı qızılların pulunu verməmişdir, Mübariz onun pulunu verməsə də, o, 4500 manat pulu öz cibindən ödəyəcəyini bildirmişdir. Aprel ayı bitmiş, lakin İlkin yenə də onun 4500 manat pulunu verməmişdir. X1 may ayının ortaları İlkinin işlədiyi obyektə gedib, İlkinlə danışıb demişdir ki, əgər 4500 manat pulumu verməsə ondan polisə şikayət edəcək. Həmin vaxt İlkin yoldaşı Bahara onlara verəcək pulu yoxdur, gedib hara istəyirsiz şikayət edin demişdir. Yoldaşı İlkinə sabah polis bölməsində görüşərik demişdir. Bunu eşidən İlkin həmin gün axşam (gecə yarı) saat 3-4 radələrində ona telefonla zəng vurub həyətlərində olduğunu, deyəcək sözü olduğunu bildirmişdir. O həyətə düşmüş bu vaxt İlkin ona təhqiramiz sözlər demiş, hədələmişdir. İddiaçı X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, işdə iştirak edən proses iştirakçılarının verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X5 xx.xx.2014-cü il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə, Cavabdeh xx.xx.2010-ci il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə sahibkarlıq subyektləri kimi qeydiyyata alınmışlar. Sumqayıt şəhər Polis İdarəsinə daxil olmuş X2 şikayəti əsasında toplanmış materiallarda olan Cavabdeh izahatından görünür ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təxminən iki il əvvəl o, Karvan Ticarət Mərkəzində qızıl satışı bölməsində işləyib. Nizami onunla üzbəüz bölmədə işləyib. Mübariz adlı şəxs onun daimi müştərisi olmuşdur. Mübariz mal almağa gəldikdə ona lazım olan mal onda olmadığından Nizaminin bölməsinə keçmişdir və onda olan qızılı bəyənmişdir. Onlar alver etmişlər və eşitdiyinə görə 4500 manat qızıl-zinyət əşyasını müəyyən müddətə razılaşıblar. Mübariz pulu ödədikdən sonra bir müddət işə gəlməmişdir. Onların aralarında olan razılaşmadan onun xəbəri olmayıb. Hal-hazırda Mübariz Türkiyəyə əməliyyat olmaq üçün gedib. Onunla telefon əlaqəsi saxlamış, Mübariz bildirmişdir ki, pulu tam ödəmişdir. Elşən onunla birlikdə işləyirdi. Elşənin də bu iş barəsində onun qədər məlumatı var. Başqa onun heç bir əlavə məlumatı yoxdur. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin və onların nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatlarına və təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə tanışı Cavabdeh ondan dəyəri 4500 manat olan 50 qram qızıl-zinət əşyasını hissə-hissə ödənilməsi şərti ilə aldığını, lakin cavabdehin pulu öhdəliyini icra etməyərək aldığı əşyanın pulunu vermədiyini iddia edir. Cavabdeh isə iddiaçının ona qızıl-zinət əşyası vermədiyini, iddiaçının sözügedən əşyaları onun daimi müştərisi olan Mübariz adlı şəxsə verdiyini, lakin həmin əşyaların dəyərini təşkil edən pulu ondan tələb etdiyini bildirir. Məhkəmə hesab edir ki, baxılan iş üzrə mübahisənin həlli üçün ilk növbədə tərəflər arasında iddiaçının iddia etdiyi kimi əşyaların nisyə alqı-satqısına dair müqavilə münasibətlərinin yaranıb-yaranmamasının müəyyən edilməsi zəruridir. Belə ki, iddiaçı cavabdehlə aralarında qızıl-zinət əşyalarının nisyə alqı-satqısını nəzərdə tutan münasibətin yarandığını və həmin münasibət üzrə cavabdehin üzərinə düşən öhdəliklərini icra etmədiyini iddia etsə də, cavabdeh iddiaçı ilə aralarında alqı-satqıya dair hansı bir münasibətin yaranmadığını bildirir. Məhkəmə qeyd edir ki, göründüyü kimi mübahisənin predmetini tərəflər arasında əşyanın alqı-satqısının mövcud olub-olmamasının müəyyən və sübut edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq ilk növbədə bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, iddia tələbinin əsaslandığı faktiki hallarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə alğı-satqı müqaviləsi üzrə münasibətləri tənzimləyən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 570.1, 570.1.1 və 570.1.2-ci maddələrinə əsasən, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda, əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının fəaliyyət sahəsi və sahibkarlıq fəaliyyətini həyata keçirdiyi şərait nəzərə alındıqda, cavabdehin aldığı iddia edilən əşyaları sahibkarlıq məqsədi ilə deyil, şəxsi istehlak üçün əldə etdiyi qəbul edilərsə, mübahisəyə pərakəndə alqı-satqı müqaviləsinə dair normaların da tətbiq edilməsi mümkündür. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 614.1-ci maddəsinə əsasən, pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 615-ci maddəsinə əsasən, əgər pərakəndə alğı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alğı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. Yenə həmin Məcəllənin 616.2-ci maddəsinə görə, satış yerində (piştaxtalarda, vitrinlərdə və i.a.) malların qoyulması, onların nümunələrinin nümayiş etdirilməsi və ya satılan mallara dair məlumatların (malların təsvirlərinin, kataloqlarının, fotoşəkillərinin və i.a.) təqdim edilməsi qiymətin və pərakəndə alğı-satqı müqaviləsinin digər mühüm şərtlərinin göstərilib-göstərilmədiyindən asılı olmayaraq ümumi oferta sayılır, amma satıcının müəyyən malların satış üçün nəzərdə tutulmadığını aşkar müəyyənləşdirdiyi hal istisna təşkil edir. Alqı-satqı, o cümlədən pərakəndə alqı-satqı müqavilələrinə verilən leqal tərifdən, həmçinin alqı-satqı müqaviləsi üzrə satıcının vəzifələrini müəyyən edən normaların tələblərindən göründüyü kimi qeyd edilən müqavilənin iştirakçılarının əsas öhdəlikləri satıcıya münasibətdə müqavilənin obyekti olan əşyanı alıcının mülkiyyətinə verməkdən, alıcıya münasibətdə isə həmin əşyanın dəyərini ödəməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə sübutetmə yükünün bölüşdürülməsi prinsipinin tələblərinə görə alqı-satqı müqaviləsinin iştirakçıları arasında mübahisə yarandığı təqdirdə müqavilənin obyekti olan əşyanın qarşı tərəfin mülkiyyətinə verilməsini (əşyanın təhvil verilməsini) sübut etmək vəzifəsi satıcının üzərinə düşür. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh qızıl-zinət əşyalarının cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı bir sübutu mötəbər məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tələbinin əsası kimi yalnız telefon danışığı zamanı cavabdehin qeyd edilən xüsusat barədə etirafına istinad edir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarının dinlənilməsi aparılmışdır və həmin səs yazılarında cavabdeh qeyd olunan xüsusatı təsdiq etməmişdir, qızıl-zinət əşyalarının iddiaçı tərəfindən Mübariz adlı şəxsə verildiyini, həmin şəxsdən də onların dəyərini təşkil edən pulun tələb edilməsini bildirmişdir. Həmçinin, polis orqanına verdiyi izahatında da cavabdeh qızıl-zinət əşyalarının iddiaçı tərəfindən Mübariz adlı şəxsə verildiyini qeyd etmişdir. Məhkəmə, şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, iddiaçı qızıl-zinət əşyalarını cavabdehə təhvil verməsinə dair öz tələbinin əsası kimi istinad etdiyi hal mötəbər dəlillərlə sübut edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, pul tələbinə dair iddianın təmin edilməsi üçün zəruri hüquqi və faktiki əsaslar mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasına dair hissəsində də iddia təmin edilməməli, həmin məsrəflər iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, X2 Cavabdeh qarşı pul tələbinə dair ərizəsi əsassızdır və buna görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə: qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-495/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-495/2025
18.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver