Məhkəmə qərarları › İş №e-2-2(121)-50/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-50/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-50/2023 25.01.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.989 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin toyuq ferması olduğundan hər dəfəsində ona məxsus firmadan toyuq yemi götürərək, pulunu nisyə olaraq verirdi. Cavabdehlə bu formada işlədiklərindən heç vaxt satışa buraxdıqları yemlə bağlı problemləri olmamışdır. Lakin bir müddət sonra onlara rəqib başqa şirkət ərazilərində fəaliyyətə başlayaraq toyuq ferması olanlara güzəştli yem payladığından cavabdehlə birlikdə bir neçə müştəriləri də onlardan aldıqları yemin pulunu ödəməkdən yayındılar. Cavabdeh isə yemin keyfiyyətsiz olduğunu bəhanə edərək ona qalan borcunu geri qaytarmaqdan yayınır. Dəfələrlə cavabdehlə söhbətlər aparılmasına baxmayaraq cavabdehlə hər hansı bir razılıq əldə edə bilməmişdir. Odur ki, Cavabdeh 16.989 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmdən xahiş edmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 16.989 manat pulun, hüquqi xidmətə görə ödənilmiş 400 manat, mediasiya ilə bağlı ödənilmiş 200 manat və dövlət rüsumuna görə ödənilmiş 120 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahat verərək cavabdehlə şifahi alqı-satqı müqaviləsinin bağlanıldığını və həmin müqaviləyə əsasən cavabdehin 16.989 manat borcunun olduğunu bildirərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçıdan elektron qaimə əsasında təxminən 22.000 manat dəyərində toyuq yemi aldığını, 22.000 manat borcdan müəyyən hissəsini qaytardığını, lakin həmin yem keyfiyyətsiz olduğundan toyuqların məhv olduğunu, ona ziyan dəydiyini, buna görə də iddiaçıya olan 16.989 manat borc pulu qaytarmadığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan EEAQ seriyalı, 775887 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 3.820 manat məbləğində yem təqdim edilmişdir. Həmin elektron qaimə Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan EAAS seriyalı, 093142 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 7.237,49 manat məbləğində yem təqdim edilmişdir. Həmin elektron qaimə Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan EAAY seriyalı, 37706 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 5.340 manat məbləğində yem təqdim edilmişdir. Həmin elektron qaimə Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan EAAY seriyalı, 835709 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 3.560 manat məbləğində yem təqdim edilmişdir. Həmin elektron qaimə Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli analiz sertifikatlarından görünür ki, Cavabdeh verilən yemin keyfiyyəti normalara uyğun olmuşdur. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il, MŞL-00399 saylı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya dair xərci ödəmişdir. İş materiallarında olan 7814 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Vəkil xidmətinin göstərilməsi üçün 400 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan “Dövlət rüsumunun ödənilməsi haqqında” məlumatdan görünür ki, İddiaçı tərəfindən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı 19.957,49 manat dəyərində toyuq yemi məhsullarını cavabdehə təhvil verməyi, cavabdeh isə həmin malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən şifahi müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya şifahi müqavilə üzrə cəmi 16.989 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə, sadalanan xüsusatlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair öhdəlik götürmüşdür. Cavabdeh qeyd olunan şifahi razılaşma əsasında nisyə mal almasına dair hüququndan istifadə etsə də, həmin malların dəyərini cavabdehə ödəməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia borcun ödənilməsi hissəsində təmin edilərək, 16.989 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Hazırki iddia tələbi üzrə cavabdehin borclu olması məhkəmə iclası zamanı cavabdehin verdiyi izahatı ilə də öz təsdiqini tapır. Belə ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan elektron qaimə əsasında təxminən 22.000 manat dəyərində toyuq yemi aldığını, EEAQ seriyalı, 775887 nömrəli, EAAS seriyalı, 093142 nömrəli, EAAY seriyalı, 37706 nömrəli və EAAY seriyalı, 835709 nömrəli elektron qaimələri imzaladığını, 22.000 manat borcdan müəyyən hissəsini qaytardığını, lakin həmin yem keyfiyyətsiz olduğundan toyuqların məhv olduğunu, ona ziyan dəydiyini, buna görə də iddiaçıya olan 16.989 manat borc pulu qaytarmadığını bildirmişdir. Məhkəmə, cavabdehin toyuq yeminin keyfiyyətsiz olması barədə izahatında qeyd etdiyi hallara münasibət bildirərək qeyd edir ki, cavabdeh toyuq yeminin keyfiyyətsiz olduğunu və ona maddi ziyan dəydiyini qeyd etsə də həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallardan biri də cavabdehin toyuq yeminin keyfiyyətsiz olduğunu bildikdən sonra da iddiaçıdan toyuq yemi almağa davam etməsi olmuşdur ki, bu hal da məhkəmə tərəfindən anlaşılan deyildir. Məhkəmə, cavabdehin etiraz ilə bağlı digər bir məqamı da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçıdan 2019-cu il ərzində müxtəlif vaxtlarda dəyəri 19.957,49 manat olmaqla dörd dəfə toyuq yemi alsa da həmin yemin keyfiyyətsiz olması barədə qanunla müəyyən edilmiş müddətdə iddiaçıya qarşı hər hansı etirazı və ya iddiası olmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğısatqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh etirazın əsaslılığına dair məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etmədiyindən cavabdehin etirazı əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iddia tələbinin “hüquqi xidmətə görə ödənilmiş 400 manat pulun cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, 200 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin “120 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunverciliyin yuxarıda qeyd olunan normasına əsasən hesab edir ki, cavabdehdən 120 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 16.989 manat, hüquqi yardımla bağlı ödənilmiş 200 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat və mediasiya xərci olaraq ödənilmiş 200 manat olmaqla, ümumilikdə 17.509 (on yeddi min beş yüz doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar