Məhkəmə qərarları › İş №e-2-2(121)-51/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-51/2020

12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-51/2020 12.03.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin cavabdeh “X6 X2” MMC-yə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsi cavabdeh “X6 X2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 79.839,42 manat əsas borcun, 837,15 manat faiz borcunun və 54.681,27 manat cərimə borcu olmaqla, cəmi 135.357,84 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraqgüzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılmasında müvəkkil kredit təşkilatı kimi fəaliyyət göstərməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə BOKT“xxxx” MMCarasında xx.xx.2015-ci il tarixdə “Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında” müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq, BOKT“xxxx” MMC-yə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 60 investisiya layihəsinin maliyyələşdirilməsinə müvafiq sifarişlər əsasında 300.000 manat güzəştli kredit ayrılmışdır. Ancaq ayrılmış güzəştli kreditlər üzrə vəsaitlərin geri qaytarılması istiqamətində ödənişlərin həyata keçirilməsində BOKT“xxxx” MMC xx.xx.2017-ci il tarixdən gecikmələrə yol vermiş və nəticədə öhdəliklərin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə hesablanmasına başlanılmışdır. Müqavilə şərtlərinə əməl etmədiyi üçün BOKT“xxxx” MMC-ninxx.xx.2019cu il tarixinə Fond qarşısında 79 839.42 manat əsas kredit, 837.15 manat faiz və 54.681,27 manat cərimə borcu olmaqla, cəmi 135.357,84 manat borcu mövcuddur. Halhazırda qanunvericiliyin tələbləri və müqavilə şərtlərinə uyğun olaraq Fond tərəfindən faiz və cərimələrin hesablanması davam etdirilir. Fondla BOKT“xxxx” MMC arasında xx.xx.2019-cu il tarixdə aparılmış və Kredit İttifaqının rəhbəri tərəfindən imzalanmış və möhürlənmış üzləşmə aktına əsasən borclunun Fond qarşısındakı öhdəlikləri onun tərəfindən hər hansı mübahisələndirmə aparılmadan təsdiq edilmişdir. Fond tərəfindən edilmiş çoxsaylı rəsmi xəbərdarlıqlara baxmayaraq kredit təşkilatı tərəfindən öhdəliklərin yerinə yetirilməsi təmin edilməmişdir. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixində keçirilən iclasında iddiaçının nümayəndəsi N.Paşalı məhkəməyə iddianın həcminin artırılıması barədə ərizə təqdim edərək, cavabdeh “X6 X2” MMC-dən79.839,42 manat əsas borcun, 1.103,28 manat faiz borcunun və 64.374,38 manat cərimə borcu olmaqlaqla, cəmi 145.317,08 manat pulun cavabdehdən tutularaq “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın həcminin artırılması barədə iddiaçının nümayəndəsinin ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin nümayəndəsi X3 iddia ərizəsinin və iddianın həcminin artırılmasına dair ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “X6 X2” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə cavabdeh “X6 X2” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ilə müvəkkil kredit təşkilatı arasında vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ilə “xxxx” Bank X2 MMC arasında Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 7 oktyabr tarixli, 162 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadə Qaydaları”nın 1.3-cü bəndinə müvafiq olaraq Fondun vəsaitlərinin istifadə edilməsinin şərtlərini nəzərdə tutan müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, Fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Qaydalara və bu müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin edir. Müqavilənin 3.3-cü bəndinə əsasən, müvəkkil kredit təşkilatları Fondun vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər. Müqavilənin 3.4-cü bəndinə əsasən, Fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatı tərəfindən verilən kreditlərin hədləri, müddət və faizləri, habelə kreditlər üzrə güzəşt müddəti Qaydalara uyğun olaraq müəyyən edilir. Müqavilənin 3.5-ci bəndinə əsasən, kredit vəsaiti üzrə faizlərin hesablanması güzəştli kredit vəsaitinin Fondun xəzinə hesabından silindiyi tarixdən başlayır və əsas borc üzrə son ödənişin fondun xəzinə hesabına daxil olduğu tarixədək davam edir. Faizlər günlər üzrə hesablanır və hesablama zamanı 1 (bir) il 360 (üç yüz altmış) günə bərabər götürülür. Müqavilənin 3.6-cı bəndinə əsasən, sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarına güzəştli kreditləri, hesablanmış faizləri və digər ödənişləri ödəyibödəməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısındakı öhdəliklərini müqavilənin şərtlərinə uyğun olaraq vaxtında yerinə yetirməlidirlər. Müqavilənin 3.16-cı bəndinə əsasən Qaydalar və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin müvəkkil kredit təşkilatı tərəfindən pozulması aşkar edildikdə, müvəkkil kredit təşkilatı layihədən kənarlaşdırılır. Belə bir halda sahibkarlıq subyektləri tərəfindən öhdəliklərin yerinə yetirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı tərəfindən Fond qarşısında bütün öhdəliklər təxirə salınmadan icra edilir. Müqavilənin 5.8-ci bəndinə əsasən müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsaitlər üzrə əsas borc və hesablanmış faizləri hər ay üzrə növbəti ayın 3 bank günündən gec olmayaraq fondun müvafiq xəzinə hesabına ödəməlidirlər. Müqavilənin 6.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatının fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Ödəniş fondun hesabına daxil olduğu gün müvəkkil kredit təşkilatı öz öhdəliyini yerinə yetirmiş hesab edilir. Müvəkkil kredit təşkilatı fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün 0,1% cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatı 1 ay ərzində öhdəliklərini icra etmədikdə, fond vəsaitlərin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür. İş materiallarında olan qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “xxxx” Bank X2 MMC-yə verilmiş güzəşli kredit vəsaitləri üzrə xx xxxxxx 2019-cu il tarixinə qalıqları barədə tərəflər arasında qarşılıqlı üzləşmə aktı imzalanmışdır. Həmin üzləşmə aktına əsasən, “xxxx” Bank X2 MMC-nin əsas kredit borcu üzrə 95,042 manat, faiz borcu üzrə 293,27 manat və 31.415,05 manat cərimə təşkil etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xxxx” Bank X2 MMC-nin “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsə xx.xx.2020-ci il tarixə 79.839,42 manat əsas borcu, 1.103,28 manat faiz borcu və 64.374,38 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxs tərəfindən“xxxx” Bank X2 MMC-yə xx.xx.2018-ci il tarixli, 06/01- 12/78 saylı, xx.xx.2018-ci il tarixli, SİF-06/01-12/135 saylı və xx.xx.2018-ci il tarixli, SİF- 06/01-12/205 saylı məktublar göndərilərək, borcun ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin“xxxx” Bank X2 MMC-yə ünvanladığı xx.xx.2018-ci il tarixli, SİF-06/01- 12/205 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Sahibkarkarlığın İnkişafı Fondu tərəfindən “xxxx” Bank X2 MMC-yə ayrılmış güzəştli kredit vəsaitləri üzrə 2018-ci ilin 1 dekabr tarixinə əsasən kredit borcunun 98.600 manat, 280,79 manat faiz borcunun və 28.513,88 manat cərimə borcunun mövcud olması barədə cavabdeh məlumatlardırılmışdır və 127.394,67 manat vaxtı keçmiş borcun Fondun bank hesabına təxirə salınmadan ödənilməsinin təmin olunması barədə xəbərdar edilmişdir. İş materiallarından görünür ki, “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsi tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə müəyyən etdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə “xxxx” Bank X2 MMC arasında xx.xx.2015ci il tarixdə bağlanmış fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müqaviləyə əsasən fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydalarına və bu müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq “xxxx” Bank X2 MMC-yə fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə müvafiq sifarişlər əsasında güzəştli kredit ayrılmışdır. Cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən ayrılmış güzəştli kredit vəsaitini Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydalarına və bu müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh “xxxx” Bank X2 MMC kredit götürmüş və öhdəliklərini lazımınca yerinə yetirmədiyindən 79.839,42 manat əsas borcu, 1.103,28 manat hesablanmış faiz borcu, 64.374,38 manat cərimə borcu olmaqla, cəmi 145.317,08 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin tərəflər arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli müqaviləyə əsasən, 79.839,42 manat əsas və 1.103,28 manat faiz borcu hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh tərəfindən iddiaçıya əsas və faiz borcunun olmaması və ya tələb ediləndən daha az borcunun olmasına dair məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən, müvəkkil kredit təşkilatının fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Ödəniş fondun hesabına daxil olduğu gün müvəkkil kredit təşkilatı öz öhdəliyini yerinə yetirmiş hesab edilir. Müvəkkil kredit təşkilatı fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün 0,1% cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatı 1 ay ərzində öhdəliklərini icra etmədikdə, fond vəsaitlərin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür. İddiaçı hazırki iddia tələbində cavabdehdən 64.374,38 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının pul tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 5.000 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 79.839,42 manat əsas borc, 1.103,28 manat hesablanmış faiz borcu, 5.000 manat dəbbə pulu (cərimə borcu) olmaqla 85.942,70 manat pul vəsaiti cavabdeh “xxxx” Bank X2 MMC-dən tutularaq, iddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar