Məhkəmə qərarları › İş №e-2-2(121)-518/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-518/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-518/2023 05.06.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, Cavabdeh1 və onun vəkili Vəkil iştirakları ilə, iddiaçı Ləğv Prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Ləğv Prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015ci il tarixli, 0082/14 saylı kredit müqaviləsi üzrə 14.478,64 manat əsas, 3622,89 manat faiz, 1286,14 manat cərimə, 3463,23 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 22.850,90 manat, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Şirvan şəhəri, Mübariz İbrahimov (Xanlar) küçəsi, 0.057 ha torpaq sahəsində yerləşən 28 A saylı 2 mərtəbəli, 5 otaqlı, 123,62 kv.m. yaşayış, 100.98 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəlməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, alıçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 0082/14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 6 % (altı faiz) ödənilmək şərtilə 14.500 (on dörd min beş yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Şirvan şəhəri, Mübariz İbrahimov (Xanlar) küçəsi, 0.057 ha torpaq sahəsində yerləşən 28 A saylı 2 mərtəbəli, 5 otaqlı, 123,62 kv.m. yaşayış 100.98 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh2 arasında 08 may 2014-cü il tarixli 0026/14 saylı ipoteka müqaviləsi bağlanmışdır. 08 may 2014-cü il tarixli 0026/14 saylı ipoteka müqaviləsinə olan xx.xx.2015-ci il tarixli 1 saylı əlavəyə əsasən xx.xx.2015-ci il tarixli, 0082/14 saylı kredit müqaviləsi üzrə verilmiş kreditə olan təminat bir daha təsdiq edilmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə qalıq borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın təsiri altına düşmüşdür. Cavabdehin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciəti 31 okyabr 2019-cu ildə qəbul edilmiş məlum Fərmanla bağlı tövsiyə edilən tədbirlər tərəflərindən təmin edildiyi halda, yəni restrukturizasiya müqaviləsi hazırlanmış, Bank tərəfindən imzalanmış, lakin cavabdeh həmin müqaviləni imzalamaqdan imtina etmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 14.478,64 (on dörd min dörd yüz yetmiş səkkiz manat, altmış dörd qəpik) manat əsas, 3.622,89 (üç min altı yüz iyirmi iki manat səksən doqquz qəpik) manat faiz, 1.286,14 (bir min səksən altı manat on dörd qəpik) manat cərimə, 3.463,23 (üç min dörd yüz altmış üç manat iyirmi üç qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinəuyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 22.850,90 (iyirmi iki min səkkiz yüz əlli manat doxsan qəpik) manat məbləğində borcu mövcuddur. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Qeyd olunanlara əsasən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli eyni məzmunlu elektron ərizələrində iddiaçı ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddətinin xx.xx.2018-ci il tarixdə bitdiyini nəzərə alaraq, iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılması və s. tələbinə dair iddia ərizəsinin iddia müddəti tətbiq edilməklə təmin olunmaması barədə qətnamə çxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh1 və onun vəkili Vəkil məhkəmə iclasında izahat verərək “iddia müddətinin tətbiqi barədə” ərizəni müdafiə etdiklərini bildirdilər və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı Ləğv Prosesində Olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, işdə iştirak edən tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia müddəti ötürüldüyündən, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 0082/14 nömrəli kredit müqaviləsinin: 1-ci bəndinə əsasən, verilən kreditin müddəti 36 ay olaraq müəyyən edilir; 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə Bank Borcalana 36 ay müddətinə qaytarmaq şərti ilə 14.500 manat kredit verməyi, Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürür; 2.2-ci bəndinə əsasən, bu müqavilə üzrə kredit “Sahibkarlıq üçün Güzəştli Kredit” məqsədi üçün götürülür; 2.4-cü bəndinə əsasən, Borcalan bu kreditdən istifadəyə görə illik 6% olmaqla faiz ödəyir; 2.5-ci bəndinə əsasən, Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirilir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə N0 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və ya vaxtı keçmiş kredit üzrə illik 12% ödəyir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinə Əlavə”yə əsasən, qaytarılmalı olan məbləğ ümumilikdə 16.493,75 manat məbləğində müəyyən edilmiş, son ödəniş tarixi xx.xx.2018-ci il tarixi kimi razılaşdırılmışdır. İş materiallarında olan məxaric orderinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə Cavabdeh1 14.500 manat pul vəsaitini təhvil almışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, “xx.xx.2014-cü il tarixli 0026/14 saylı İpoteka müqaviləsinə 1 saylı əlavə”yə əsasən, Şirvan şəhəri, Xanlar küçəsində mülkiyyətində olan 0,057 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 123,62 kv.m yaşayış, 100,98 kv.m köməkçi sahədən ibarət 28 A nömrəli fərdi yaşayış evi təkrar olaraq İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 78.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Şirvan şəhəri, M.İbrahimov küçəsi, 0,057 ha torpaq sahəsində yerləşən 28A saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan, borclu Cavabdeh1 tərəfindən Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 14.478,64 manat məbləğində borcunun restrukturizasiya olunmasını, ona hesablanmış faiz və cərimə borcunun silinməsini xahiş etmişdir. İş materiallarında olan, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X1 tərəfindən birtərəfli qaydada imzalanmış xx.xx.2022-ci il tarixli “Restrukturizasiya müqaviləsi”nin və həmin tarixli “Sonrakı ipoteka müqaviləsi”nin surətlərindən görünür ki, həmin müqavilələr bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi və restrukturizasiya olunan öhdəliyin təminatı kimi Cavabdeh2 məxsus olan Şirvan şəhəri, Xanlar küçəsində 28 A nömrəli fərdi yaşayış evinin təkrar olaraq İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi məqsədləri üçün hazırlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 15 noyabr 2022-ci il tarixə əsas borcu 14.478,64 manat, faiz borcu 3.622,89 manat, cərimə borcu 1.286,14 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 3.463,23 manat olmaqla, cəmi borc məbləği 22.850,90 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 0082/14 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq edilmişdir. İş materiallarında olan LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********017 nömrəli ərizədən görünür ki, həmin ərizə ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. İş materiallarında olan 22 noyabr 2022-ci il tarixli, **********011 nömrəli “Mediasiya prosesinin tətbiqi barədə təklif”dən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasının keçirilməsi məqsədilə mediasiya prosesinin tətbiqi barədə təklif tərtib olunaraq cavabdehlərə göndərilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ASC -nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirak etməmişdirlər. İş materiallarında olan “arayış”ın surətindən görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh1 LPO İddiaçı ASC-yə olan əsas kredit borcu 14.478,64 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunur. İşə əlavə edilən Cavabdeh1 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, cavabdeh iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ilk növbədə iddiaçının hazırki tələb irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmamasına və cavabdehlər tərəfindən həmin hüququn pozulubpozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında, etibarlı şəkildə bağlanılmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC Cavabdeh1 borc (kredit) verməyi, Cavabdeh1 isə aldığı borcu (krediti) faizi ilə birgə hissəhissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka müqaviləsinin şərtlərinə görə isə kredit müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İşin mübahisəsiz hallarına əsasən, İddiaçı ASC kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək kredit məbləğini Cavabdeh1 vermişdir (xx.xx.2015-ci il tarixli məxaric orderinə əsasən), Cavabdeh1 isə müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir və nəticədə onun iddiaçı Banka 14.478,64 manat məbləğində əsas, 3.622,89 manat məbləğində faiz borcu yaranmışdır. Məhkəmə iclasında Cavabdeh1 qeyd olunan məbləğlərdə əsas və faiz borcu yarandığını və həmin borcu məbləğlərinə münasibətdə mübahisələndirmədiyini etiraf etmişdir. İşdə olan digər sənədlərlə də müəyyən olunur ki, Cavabdeh1 qeyd olunan məbləğdə ödənilməmiş borcu qalmışdır. Bununla da Cavabdeh1nın kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcunun ödənilməsi barədə öhdəliklərinin icrasına dair tələbi hüquqi və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, tələb olunan kredit borcunun məbləği ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan problemli kreditlərin kompensasiyasına dair çıxarışın surətindən görünür ki, Cavabdeh1 LPO İddiaçı ASC-yə olan əsas kredit borcu 14.478,64 manat olaraq restrukturizasiya olunmuşdur. Göründüyü kimi, cavabdehin sözügedən borcunun Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanının təsir dairəsinə düşməsinə və problemli kreditlərin kompensasiyasına dair çıxarışda qalıq borc məbləğinin cəmi 14.478,64 manat olmasının qeyd olunmasına baxmayaraq, iddiaçı cavabdehlərdən əsas borc, faiz və cərimə olmaqla ümumilikdə 22.850,90 manat (mediasiya xərci nəzərə alınmamaqla) məbləğində borcun tutulmasını tələb edir. Halbuki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə qeyd olunan Fərmanın təsiri altına düşür və həmin Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən, o cümlədən, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi yalnız restrukturizasiya olunması təklif olunan borc məbləği, yəni 14.478,64 manat həddində əsaslı hesab edilə bilər. Belə ki, adı çəkilən Fərmanın tətbiqi ilə bağlı cavabdehin müraciət edəcəyi halda da, iddiaçı hazırda irəli sürdüyü tələb üzrə borc məbləğinin yenidən güzəştli şərtlərlə qaytarılmasını deyil, restrukturizasiya olunması təklif olunan məbləği müəyyən edəcəkdi. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehin (ipoteka qoyanın) də iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə Cavabdeh2 ipoteka müqaviləsinin şərtlərinə görə kredit müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin borclu tərəfindən ödənilməsinin təminatı olaraq mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliyini pozduğuna görə iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsindən yaranan əsas öhdəlik lazımınca icra edilmədiyinə görə hər iki müqavilə (kredit və ipoteka müqavilələri) üzrə cavabdehlərə qarşı iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır və kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin Cavabdeh1 tutulması və tutmanın cavabdeh (ipoteka qoyan) Cavabdeh2 məxsus ipoteka predmetinə yönəldilməsi barədə iddiaçının tələbi haqlı və qanunidir. Lakin, Cavabdeh1 ona qarşı yönəldilmiş iddia tələbinin obyekti olan borcun əsas və istifadə faizi hissəsinin məbləğini mübahisələndirməsə də, həmin borcun tələb edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə dair məhkəməyə ərizə vermişdir. Məhkəmə, Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Sadalanan maddi hüququ normalarının tələblərindən aydın olur ki, bir şəxsin başqa şəxsdən tələb etmək hüququna müddət şamil edilir və bu müddət əgər pozulmuş hüququn bərpası məhkəmə müdafiəsi yolu ilə həyata keçirilirsə iddia müddəti sayılır. İddia müddəti isə müqavilə tələbləri üzrə üç illə məhdudlaşır. İddia müddətinin keçməsi hüququ pozulmuş şəxsin tələblə məhkəməyə müraciət etməsinə mane olmasa da, digər tərəfin iddia müddətinin keçməsinə istinad etməsi və bu barədə məhkəməyə ərizə verməsi məhkəmənin həmin əsasla iddianı rədd etməsi üçün hüquqi zəmin yaradır. O da qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair məsələlərin həlli zamanı həmin müddətin axımının başlanması anının dəqiq müəyyən edilməsi, həmçinin hər bir konkret iş üzrə iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi hallarının mövcud olubolmamasının araşdırılması zəruridir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır və özündə ödəniş cədvəlini əks etdirən kredit müqaviləsinə “Əlavə”də kredit məbləğinin son ödəniş tarixi kimi xx.xx.2018-ci il tarixi qeyd edilmişdir. Bununla da müəyyən olunur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üç il (36 ay) müddətinə bağlanmışdır və həmin müqavilə üzrə öhdəliklərin son icra müddəti kimi xx.xx.2018-ci il tarixi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən yaranan tələblər üzrə iddia müddətinin axımı tərəflərin razılaşması ilə son icra müddəti kimi müəyyən edilmiş xx.xx.2018-ci il tarixindən etibarən başlamışdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə bitmişdir. Lakin, iş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 14.478,64 manat məbləğində borcunun restrukturizasiya olunması, ona hesablanmış faiz və cərimə borcunun silinməsi haqqında ərizə ilə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən ərizənin verilməsi Cavabdeh1 tərəfindən kredit müqaviləsindən yaranan borcun etirafı kimi xarakterizə edilməlidir. Belə ki, kredit müqaviləsinin müddətinin bitməsindən çox sonra Cavabdeh1 hesablanmış faiz və cərimə borcunun silinməsi ilə borcunun restrukturizasiya olunmasını xahiş etməsi, onun həmin borcu qəbul və etiraf etdiyinə mübahisəsiz şəkildə dəlalət edir. Bu halda məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən yaranan tələblər üzrə xx.xx.2018-ci il tarixdən başlamış iddia müddətinin axımı, Cavabdeh1 tərəfindən borcun etirafı xarakterli ərizəni imzaladığı xx.xx.2019-cu il tarixdən kəsilmişdir və buna görə də iddia müddətinin axımı həmin tarixdən yenidən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci və 380.2-ci maddələrinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə hesab edir ki, iddia müddətinin axımının Cavabdeh1 borcu etiraf etməsini göstərən hərəkəti nəticəsində kəsilməsinə və həmin müddətin xx.xx.2019-cu il tarixdən etibarən yenidən başlamasına baxmayaraq, iddiaçı tərəfindən yenə də iddia müddəti ötürülmüşdür. Belə ki, Cavabdeh1 tərəfindən borcun restrukturizasiya olunmasına dair ərizə xx.xx.2019-cu il tarixdə verilməsinə baxmayaraq, iddiaçı yalnız xx.xx.2022-ci il tarixdə “Restrukturizasiya müqaviləsi” və “Sonrakı ipoteka müqaviləsi” hazırlamış və onları birtərəfli qaydada imzalamışdır. İddiaçı borcun restrukturizasiya olunmasına dair ərizənin verilməsindən 2 il 7 aya yaxın müddətdə həmin ərizəyə münasibətdə hərəkətsizlik nümayiş etdirmiş, sonradan isə tərtib etdiyi yeni müqavilələrin cavabdehlər tərəfindən təsdiq edilməsinə cəhd göstərməmişdir. Belə ki, Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında yeni müqavilələrdən məlumatsız olduğunu, ona bu barədə heç bir məlumat verilmədiyini bildirmişdir. İddiaçı tərəfindən isə cavabdehlərin yeni müqavilələri imzalamalarına dəvət edilmələrini təsdiq edən məlumat, bildiriş, xəbərdarlıq və digər bu kimi sübutlar məhkəməyə təqdim edilməmişdir. İşdən görünür ki, iddiaçı hazırki iddiası ilə bağlı cavabdehlərə qarşı ilk tələbini, borcun ödənilməsinə dair xəbərdarlıq bildirişini xx.xx.2022-ci il tarixdə cavabdehlərə təqdim etmiş, mediasiya prosesinin tətbiqi barədə təklif məktubunu isə xx.xx.2022-ci il tarixdə cavabdehlərə göndərmişdir. Bununla da, Cavabdeh1 borcu etiraf etməsi ilə (restrukturizasiyaya dair ərizə verməsi ilə) xx.xx.2019-cu il tarixdə yenidən başlamış və xx.xx.2022-ci il tarixdə bitmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən mediasiya üçün müraciət məktubu Sabirabad 1 saylı Mediasiya Təşkilatına xx.xx.2022-ci il tarixində göndərilmişdir, Mediasiya Təşkilatı tərəfindən isə tərtib edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli, MŞS/1/000785 nömrəli arayış iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təhvil alınmışdır. Lakin iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə mediasiya arayışını aldığı tarixdən 20 gün sonra, xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bununla da, iddiaçı ilkin mediasiya prosesinin tətbiqi barədə təklif məktubunun göndərildiyi xx.xx.2022-ci tarixdən dayanmış, mediasiya arayışının təqdim olunduğu xx.xx.2023-cü tarixdə bərpa olunmuş iddia müddətini əlavə olaraq 20 gün ötürmüşdür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun; 21.5-ci maddəsinə əsasən, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 21.6-ci maddəsinə əsasən, tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4.2-ci maddəsinə əsasən, bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Yuxarıda şərh olunanlara yekun vuraraq məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən iddia müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 22 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi 20 gün olmaqla, ümumilikdə 42 gün müddətində ötürülmüşdür. Buna görə də, iddia müddətinin tətbiqinə dair Cavabdeh1 ərizəsi əsaslı hesab edilməli və hazırki mübahisə iddia müddəti tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin tətbiqinin əsaslarını və nəticələrini tənzimləyən maddi hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 kredit müqaviləsi üzrə borcu və həmin borca hesablanmış əlavə ödənişləri tələb etmək hüququ olsa da, iddia müddəti keçdiyinə görə həmin hüququn dövlət məcburetmə vasitələri ilə həyata keçirilməsi imkanını iddiaçı itirmişdir. Buna görə də, iddiaçının kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin edilə bilməz. Məhkəmə, iddianın tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissəsi ilə əlaqədar qeyd edir ki, hazırki mübahisədə iddiaçının kreditoru olduğu borcun alınmasının təmin edilməsi üçün ipoteka predmetinin satışını tələb etməsi ilə bağlı subyektiv hüququnun mövcud olduğu mübahisəsizdir. Belə ki, iddiaçı ilə Cavabdeh2 arasında etibarlı şəkildə bağlanmış ipoteka müqaviləsi vardır və həmin müqavilə ilə icrasına təminat verilmiş öhdəliyin pozulması faktı öz təsdiqini tapmışdır. İddiaçının, kredit müqaviləsi üzrə borc tələbinin ipoteka predmetinə yönəldilməsinə dair tələbinin maddi hüquqi əsası belədir ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. Məhkəmə qeyd edir ki, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələb hüququ olsa da, həmin hüququn məcburi qaydada reallaşdırılması imkanı iddiaçı tərəfindən buraxılmışdır. Belə ki, əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, əsas tələblə bağlı olan, onun təmin üsulu kimi mövcud olan ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 376-cı maddəsinə görə, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli qərarında göstərilir ki, “Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur.” Məhkəmə, şərh olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının kredit müqaviləsi üzrə tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması barədə tələbi təmin edilməməlidir. Məhkəmə, tərəflər arasında ipoteka müqaviləsindən yaranan hüquq münasibətlərinə dair bir məsələni qeyd etməyi zəruri hesab edir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi səbəbi ilə əlavə tələb olan ipoteka müqaviləsi üzrə ipoteka predmetinə məcburi tutmanın yönəldilməsi mümkün olmasa da, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Bu zaman tərəflər nəzərə almalıdırlar ki, ipoteka predmetinin yüklülüyü ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün nəticələr, hüquq və vəzifələr, məhrumiyyətlər olduğu kimi davam edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s tələbi barədə iddiası təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar