Məhkəmə qərarları › İş №e-2-2(121)-519/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-519/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-519/2023 21.09.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – 2.356,80 manat əsas, 2.044,36 manat faiz, 1.552,85 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 327,69 manat faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlərdən müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “Yeni İnvestisiya” məqsədi ilə 18 ay müddətinə illik 21.2 faiz dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 400008117/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə 01 nömrəli, xx.xx.2016-cı il tarixli Əlavə Saziş bağlanmışdır. X3 üzrə Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3871.4 (üç min səkkiz yüz yetmiş bir ABŞ dolları 4 sent) ABŞ dolları təşkil emişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) % ödənilməli idi. ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit və Zaminlik Müqavilələri üzrə 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Saziş bağlanmışdır. X3 üzrə Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı cəmi 2083.03 USD (iki min səksən üç ABŞ dolları 03 sent) təşkil edən qalığı konvertasiya edilməklə (1 USD = 1.5 AZN) 3124.545 AZN təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 (iyirmi) % ödənilməli idi. xx.xx.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 6281.70 manat təşkil edir. Bundan 2356.80 manat əsas, 2044.36 manat faiz, 1552.85 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 327.69 (üç yüz iyirmi yeddi Manat 69 qəpik) manat faiz borcu təşkil edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar, məhkəmə iclasına gəlməmişdirlər. Lakin, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh2 arasında bağlanmış 18 dekabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 “Yeni İnvestisiya” məqsədi ilə 18 ay müddətinə, illik 21.2 faiz dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 18 dekabr 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC-nin Masallı filialı tərəfindən Cavabdeh2 4.000 manat məbləğində krediti almışdır. İş materiallarında olan 18 dekabr 2015-ci il tarixli, 400008117/ZM saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən zamin və ya zaminlər bankla borcalan arasında 18 dekabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh2 bank qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin Masallı filialı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə 01 nömrəli xx.xx.2016-cı il tarixli Əlavə Saziş bağlanmışdır. X3 üzrə Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3871.4 (üç min səkkiz yüz yetmiş bir ABŞ dolları 4 sent) ABŞ dolları təşkil emişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan İddiaçı ASC-nin Masallı filialı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə 02 nömrəli, xx.xx.2017-ci il tarixli Əlavə Saziş bağlanmışdır. X3 üzrə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı cəmi 2083.03 USD (iki min səksən üç ABŞ dolları 03 sent) təşkil edən qalığı konvertasiya edilməklə (1 USD = 1.5 AZN) 3124.545 AZN təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 (iyirmi) % ödənilməli idi. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, **********948 saylı arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 26 yanvar 2017-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə onun xx.xx.2022-ci il tarixə banka 2.356,80 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 2.044,36 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1.552,85 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanan 327,69 manat faiz borcu olmaqla, ümumi borc 6.281,70 manat təşkil edir. İş materialında olan 01 sentyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış 18 dekabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi əsasında aldığı 4.000 manat məbləğində kreditə görə xx.xx.2022-ci il tarixinə banka cəmi 6.281,70 manat məbləğində kredit borcunun olması barədə Cavabdeh2 və Cavabdeh1 xəbərdar edilmiş, qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən, borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 və Cavabdeh1 məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 avqust 2023-cü il tarixli, 9/4789 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alararaq Cavabdeh2 LPO İddiaçı ASC-yə olan borcu 18 yanvar 2020-ci il tarixə (müqailənin bitdiyi tarixə) əsas borc üzrə 2.217, 31 manat, faiz borcu üzrə 1.029,82 manat, 07 oktyabr 2022-ci il tarixə (maliyyə arayışı üzrə) əsas borc üzrə 2.217, 31 manat, faiz borcu üzrə 1.029,82 manat və faiz borcu üzrə (5% lə) 301,49 manat təşkil edir. İş materiallarından görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsirinə düşmür, ona hazırki iş üzrə kreditin restrukturizasiya olunması təklif olunmamışdır. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 kredit verilmişdir. İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanılmış, göstərilən zaminlik müqaviləsinə əsasən zamin bankla borcalan arasında 18 dekabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh2 bank qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin, İddiaçı ASC-nin Masallı filialı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə 02 nömrəli, xx.xx.2017-ci il tarixli Əlavə Saziş bağlanmışdır. X3 üzrə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı cəmi 2083.03 USD (iki min səksən üç ABŞ dolları 03 sent) təşkil edən qalığı konvertasiya edilməklə (1 USD = 1.5 AZN) 3124.545 AZN təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik faiz dərəcəsi 20 (iyirmi) % müəyyən edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Bununla yanaşı, məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli, 9/4789 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Buna görə də məhkəmə-mühasibatlıq ekspertizasının rəyi kifayət qədər əsaslandırıldığından, məhkəmə ekspert rəyini sübut növü kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əsas və faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 2.217,31 manat əsas borc, 1.029,82 manat faiz borcu və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 301,49 manat məbləğində faiz borcu (5 %) tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əsas və faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit alsa da göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmamışdır. Məhkəmə digər Cavabdeh1 münasibətdə qeyd edir ki, öhdəlik zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən, o cümlədən həmin müqavilələrə edilmiş Əlavə Sazişlərdən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin iddiaçı xx.xx.2023-cü il tarixdə icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh1 qarşı iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, cavabdeh X2 münasibətdə iddia tələbi əsassızdır. Burada 1 (bir) illik müddətin müəyyən olunmasında qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Məhkəmə qeyd olunan əsaslara görə hesab edir ki, Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 55,48 manat dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, iddia qismən təmin edildiyindən, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 30 (otuz) manatı Cavabdeh2, 70 (yetmiş) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 2.217,31 manat məbləğində əsas borc, 1.029,82 manat məbləğində faiz borcu, illik 5 faizlə hesablanmış 301,49 manat məbləğində faiz borcu və 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 3.748,62 (üç min yeddi yüz qırx səkkiz manat, altmış iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 55,48 (əlli beş manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu xərci Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 30 (otuz) manatı Cavabdeh2, 70 (yetmiş) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar