Məhkəmə qərarları › İş №e-2-2(121)-522/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-522/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-522/2025 12.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11142,91 manat əsas, 912,99 manat faiz, cəmi 12055,9 manat pul vəsaitinin və 126,17 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, KBSK4464398B252 saylı Kredit müqaviləsinə ona 24 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 13800 manat olan kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq 13599 manat cavabdeh tərəfindən kassadan nəğd formada əldə edilmişdir, qalan məbləğ isə cavabdehə məxsus hesaba köçürülmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, vəsaitin cavabdehə verilməsini təsdiq edən kassa məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 11142,91 manat əsas; 912,99 manat faiz cəmi 12055,9 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, idiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

4. Ona görə də, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin də iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İş materialları:

7. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli KBSK4464398B252 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13800 manat məbləğində kredit verilmişdir.

8. xx.xx.2023-cü il tarixli köçürmə sənədindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh bank hesabına 13599 manat məbləğində pul köçürülmüşdür.

9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, KBSK4464398B252 saylı kredit razılaşmasına əsasən xx.xx.2024-cü il tarixə əsas borcu 11142,91 manat, faiz borcu 912,99 manat olmaqla, cəmi borc məbləği 12055,9 manat təşkil edir.

10. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdeh məlumatlandırılmışdır.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil omuş xx.xx.2025-ci il tarixli, 9/5052 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli KBSK4464398B252 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 23 oktyabr 2024-cü il tarixə (xəbərdarlıq məktubunda qeyd olunan tarixə) "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 9653,71 manat, faiz borcu üzrə 66,69 manat, maliyyə arayışında qeyd olunan tarixə (xx.xx.2024-cü il) əsas borcu 9653,71 manat, faiz borcu isə 284,97 manat müəyyən edilir.

12. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

13. ********** nömrəli qəbzən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 126,17 manat dövlət rüsumu ödənilmişdir.

Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli KBSK4464398B252 saylı kredit müqaviləsi üzrə Cavabdeh 24 ay müddətinə, illik faiz dərəcəsi 22 оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13800 manat məbləğində məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. - 742.1- ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. - 742.5-ci maddəsinə əsasən Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) v axtından əvvəl qaytarılmasını tələb edə bilər: - 742.5.1-ci maddəsinə əsasən borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); - 742.5.3-cü maddəsinə əsasən borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.4-cü maddəsinə əsasən borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 15.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

18. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

20. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını - 24 fevral 2023cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin kredit hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir.

21. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında etibarlı şəkildə bağlanılmış kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə görə İddiaçı ASC Cavabdeh kredit verməyi, Cavabdeh isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər.

22. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

23. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/5052 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli, KBSK4464398B252 saylı kredit müqaviləsinə əsasən əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

24. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.

25. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və plenum qərarına əsasən hesab edir ki, iddia tələbi əsas borc və faiz borcuna münasibətdə qismən təmin edilməlidir. Ona görə ki, yuxarıda qeyd olunan ekspert rəyindən göründüyü kimi cavabdehin kredit müqaviləsi üzrə maliyyə arayışında qeyd olunan tarixə (xx.xx.2024-cü il) "xxxx" ASC-yə olan borcu əsas borcu 9653,71 manat təşkil etdiyindən, iddia tələbi əsas borca münasibətdə 9653,71 manat hissədə əsaslıdır. Faiz borcuna gəldikdə isə, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır, bu səbəbdən müqavilləyə xitam verildikdən sonra kredit müqaviləsi üzrə cavabdehə faiz borcu hesablana bilməz (gecikdirmə faizi istisna olmaqla). İş materiallarında olan ekspert rəyindən göründüyü kimi cavabdehin kredit müqaviləsi 23 oktyabr 2024-cü il tarixə (xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi tarixə) "xxxx" ASC-yə olan faiz borcu üzrə 66,69 manat təşkil edir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi faiz borcuna münasibətdə 66,69 manat hissədə əsaslıdır.

26. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyləri öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 9653,71 manat əsas borc, 66,69 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir.

Məhkəmə xərcləri:

27. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 117,21 manat pul vəsaiti cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qalan 8,96 manat isə iddiaçının özünə aid edilməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 80,63 (səksən manat, altmış üç qəpik) manatı Cavabdeh, 19,37 (on doqquz manat, otuz yeddi qəpik) manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.

Nəticə:

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh 9653,71 manat məbləğində əsas borc, 66,69 manat məbləğində faiz borcu olmaqla, cəmi 9720,4 (doqquz min yeddi yüz iyirmi manat, qırx qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 117,21 (bir yüz on yeddi manat, iyirmi bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Ödənilmiş qalan 8,96 ( səkkiz manat, doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu iddaçı İddiaçı ASC-nin özünə aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 80,63 (səksən manat, altmış üç qəpik) manatı Cavabdeh 19,37 (on doqquz manat, otuz yeddi qəpik) manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ

22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar