Məhkəmə qərarları › İş №e-2-2(121)-530/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-530/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-530/2024 31.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 12 aprel 2022-ci il tarixli, 500875-756249/4 nömrəli kredit müqaviləsi üzrə əsas borc 14321.32 manat, faiz borcu 2924.10 manat, cəmi 17245.42 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı olmaqla, cəmi 51 manat pulun, ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, Tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş X2 mülkiyyətində olan Hacıqabul şəhəri, Şirvan küçəsiev.50 ünvanında, 0.06 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh3, X9, Cavabdeh2, X6 Hacıqabul şəhəri, Şirvan küçəsi, ev 50, fərdi-yaşayış evindən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında 29 avqust 2019-cu il tarхili, GA.756249.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş imzalanmışdır. Həmin Baş Saziş üzrə öhdəliklərin təminatı kimi X2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini (ümumi sahəsi 194.4 kv.m) (Çıxarış: seriya MH № 0003870, reyester nömrəsi **********75-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 10 dekabr 2008) 29 avqust 2019-cu il tariхli, GA.756249.1 nömrəlisonrakı ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Cavabdeh1 ilə 12 aprel 2022-ci il tarixli 500875-756249/4 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış Baş Sazişə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 12 aprel 2022-ci il tarixli, 500875- 756249/4 nömrəli kredit müqaviləsi ilə illik 23 faiz dərəcəsi ilə 24 ay müddətinə 19000 manat məbləğində krеdit verilmişdir. Borcalan Kredit Müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğunolaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli, 001/007/7261/2023 nömrəli Bildiriş ipotekaqoyan Cavabdeh3 xx.xx.2023-cü il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvimgünü keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X10 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada Sabirabad 1 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. Bank tərəfindən mediasiya xərci olaraq, 200 manat məbləğində xidmət haqqı ödənilmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞS/MT 023/2023-01605 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə” Arayış verilmişdir. (Arayış ərizəyə əlavə edilmişdir). Kredit Müqaviləsi üzrə borclu X7 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipotekapredmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ekspert rəyində göstərilən məbləğlərlə və ipoteka məbləği ilə razı olduqlarını, borcu hissə-hissə ödəyəcəklərini bildirdlər. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 29 avqust 2019-cu il tarхili, GA.756249.1 nömrəli kredit müqaviləsinə əsasən, Bank məbləği 105000 manat olan krediti illik faiz dərəcəsi 30% olmaqla 84 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 12 aprel 2022-ci il tarixli, 500875-756249/4 nömrəli kredit müqaviləsinə əsasən, Bank məbləği 19000 manat olan krediti illik faiz dərəcəsi 23% olmaqla 24 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, 12 aprel 2022-ci il tarixli, 500875-756249/4 nömrəli krеdit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan “kassa məxaric orderi”nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh2 9607 manat pul (kredit) verilmişdir. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, 12 aprel 2022-ci il tarixli, 500875-756249/4 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə əsas borc 14321,32 manat, faiz borcu 2924,1 manat olmaqla, cəmi borc məbləği 17245,42 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 12 aprel 2022-ci il tarixli 500875-756249/4 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli ipoteka müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-də yenidən yüklü edilmişdir. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 30000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Hacıqabul şəhəri, Şirvan küçəsi, 50 yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh2 “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 12 aprel 2022-ci il tarixli, 500875-756249/4 nömrəli krеdit müqaviləsinə əsasən yaranmış 14863,98 manat məbləğində borcun xəbərdarlıq alındığı gündən 5 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ASC-nin ərizəsinə əsasən tərəflər xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasını davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan “ödəniş qəbzi”nin surətindən görünür ki, İddiaçı ASC mediasiya sessiyasının keçirilməsi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(121)-530/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3626 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 12 aprel 2022-ci il tarixli, 500875-756249/4 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixə əsas borcu üzrə 14363,75 manat, faiz borcu üzrə 477,20 manat, xx.xx.2023-cü il tarixə əsas borcu üzrə 14363,75 manat, faiz borcu üzrə 3028,36 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı ASC Cavabdeh2 borc (kredit) verməyi, Cavabdeh2 isə aldığı borcu (krediti) faizi ilə birgə hissəhissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Cavabdeh2 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışın”da və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, Cavabdeh2 əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Məhkəmə qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında verdikləri izahatlarında iddianı qismən qəbul edərək, ekspert rəyində göstərilən borc məbləğləri ilə razı olduqlarını bildirmişlər. Cavabdeh2 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, həmçinin iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, irəli sürülmüş iddia tələbini mahiyyəti üzrə qanuni hesab etməklə yanaşı, kredit müqaviləsi üzrə tələb olunan əsas və faiz borc məbləğləri ilə bağlı qeyd edir ki, məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, 12 aprel 2022-ci il tarixli, 500875-756249/4 nömrəli krеdit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixə əsas borcu üzrə 14363,75 manat, faiz borcu üzrə 477,20 manat, xx.xx.2023-cü il tarixə əsas borcu üzrə 14363,75 manat, faiz borcu üzrə 3028,36 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borc məbləği ilə iddia ərizəsində tələb olunan müvafiq borc məbləğləri arasında fərq olsa da, iddiaçı əsas və faiz borc məbləğlərinə aid hissədə ekspert rəyini mübahisələndirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, əsas borc məbləği iddia ərizəsində və maliyyə arayışında göstərilən həddə, faiz borc məbləği isə məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilən həddə müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, tələb olunan faiz borcu məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, İddiaçı ASC Cavabdeh2 kredit müqavilələrinin şərtlərini pоzaraq dəfələrlə ödənişləri yubatdığını əsas tutaraq ona xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərərək İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borcun tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış kredit razılaşması üzrə cavabdehlər öz üzərlərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiklərinə görə iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə borcun tam ödənilməsi barədə bildiriş (xəbərdarlıq) göndərməklə müqavilədən birtərəfli qaydada imtina etdiyinə görə artıq məhkəmədən kənar qaydada müqaviləyə xitam verilmişdir. Digər ifadə ilə müqavilədən imtina (müqavilənin ləğvi) bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilmişdir. Bu halda, müqaviləyə xitam verildikdən sonra həmin müqavilə üzrə istifadə faizinin hesablanması qanuni hesab edilə bilməz. Buna görə də faiz borc məbləği xəbərdarlıq məktubunun tarixi əsas götürülərək ekspert rəyində qeyd olunan həddə müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.1 və 421.3-cü maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında şərh olunan hüquqi mövqe belədir ki, “Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.” Şərh edilənlərə yekun vuraraq məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsi üzrə cavabdehdən tutulacaq məbləğ əsas borca münasibətdə maliyyə arayışında göstərilən həddə, faiz borcuna münasibətdə isə ekspert rəyində xx.xx.2023-cü il tarixə hesablanmış həddə müəyyən edilməlidir. Məhkəmə, iddianın “tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka tutmanın yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Mülki Məcəllənin əşyanın ipoteka ilə yüklü edilməsinə dair münasibətləri tənzimləyən normalarının tələblərinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1), girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın (269.7.), ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır (307.6), ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir (307.7.), daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır (309.1), borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (317.1), satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (317.2). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsində nəzərdə tutulmuşdur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Məhkəmə, sadalanan maddi hüquq normalarının tələblərinə əsasən baxılan işin faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı ASC ilə X4 arasında etibarlı şəkildə ipoteka müqaviləsi bağlanmışdır və ipoteka hüququ daşınmaz əmlakın müvafiq rəsmi reyestrində qeydiyyata alınmışdır. İpoteka müqaviləsi ilə təminat verilmiş kredit müqaviləsindən irəli gələn əsas öhdəlik lazımınca icra edilmədiyinə görə, ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka saxlayan iddiaçının tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Buna görə də, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi, ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmə, ipoteka predmeti əşyanın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti qiymətləndirmə rəyi əsasında məhkəmə tərəfindən 44553 manat məbləğində müəyyən edilməklə, qeyd edilən əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satışından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, Cavabdeh2 imzaladığı müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehlərin də iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 imzaladıqları zaminlik müqavilələri ilə borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyin tamamı ilə icra etməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərlərinə götürmüşlər. Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliyini pozduğuna görə zaminlərin də onunla birlikdə kreditor qarşısında birgə (solidar) məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə 100 manat məbləğində ekspertiza xərci cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 02 aprel 2022-ci il tarixli, 500875-756249/4 nömrəli kredit müqaviləsi üzrə 14321,32 manat məbləğində əsas borc, 477,20 manat məbləğində faiz borcu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 manat, 36 manat xidmət haqqı və 200 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 15049,52 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. X1 mülkiyyətində olan ünvan 3 ünvanında, 0.06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilsin. ünvan 3 ünvanında, 0.06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 44553 manat məbləğ müəyyən edilsin, həmin əmlak açıq hərracdan satılsın və satışdan əldə edilən vəsaitdən 15049,52 manat məbləğində pul İddiaçı ASC-nə ödənilsin və qalan məbləğ ipoteka qoyan X3 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar