Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-54/2025 03.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 5.604,56 manat borc olmaqla 3.793,87 manat əsas, 1.318,32 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 492,37 manat faiz borcunun və iş üzrə ödənilmiş 76.05 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Ləğv prosesində olan "xxxx" ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 17 iyul 2018-ci il tarixli 11/0279KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 7500 manat məbləğində kredit verilmişdir. Cavabdeh4 kredit verilərkən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında 17 iyul 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.5-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********230 saylı, xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh4 kredit üzrə cəmi borcu 5.604,56 manat təşkil edir. Bundan 3.793,87 manat əsas, 1.318,32 manat faiz vəAR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 492,37 manat borcu təşkil edir. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 17 iyul 2018-ci il tarixli 11/0279KBK nömrəli kredit müqaviləsi üzrə iddia müddəti ötürüldüyünə görə iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil izahatında iddia müddətinin tətbiqinə dair ərizəni müdafiə etdiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, ş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 17 iyul 2018-ci il tarixli 11/0279KBK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh4 36 ay müddətinə, illik 25 % olmaqla, 7500 manat pul (kredit) verilmişdir. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zaminlər kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan “kassa məxaric orderi”nin surətindən görünür ki, xx.xx.2018cu il tarixdə "xxxx" ASC tərəfindən Cavabdeh4 7500 manat pul (kredit) verilmişdir. İş materiallarında olan “ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2018-ci il tarixli 11/0279KBK nömrəli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2021-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh4 xx.xx.2024-cü il tarixə əsas borc üzrə 3793,87 manat, faiz üzrə 1318,32 manat, gecikdirilmiş vaxt üçün 492,37 manat olmaqla, cəmi borc məbləği 5604,56 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xəbərdarlıq bildirşlərinin surətindən görünür ki, Ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcun məktub alındığı tarixdən ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun "xxxx" ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(121)-1586/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/7076 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 17 iyul 2018-ci il tarixli 11/0279KBK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh4 xx.xx.2021-ci il tarixə əsas borc üzrə 3792,59 manat, faiz borcu üzrə 1119,34 manat, faiz borcu 5% ilə 481,45 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh4 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh4 borc (kredit) verməyi, Cavabdeh4 isə aldığı borcu (krediti) faizi ilə birgə hissəhissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh4 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Cavabdeh4 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. İşdə olan “Maliyyə arayışı”nda və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, Cavabdeh4 əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Məhkəmə qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə borcun mövcud olması mübahisələndirilməmişdir, əsas və faiz borcunun məbləğləri ilə bağlı Cavabdeh2 etirazı olduğuna görə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir və ekspert tərəfindən borc məbləğləri yenidən hesablanaraq bu barədə rəy məhkəməyə təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən borc mübahisələndirilməsə də, həmin borcun tələb edilməsi üçün nəzərdə tutulan iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyü iddia edilmişdir. Mübahisəyə iddia müddətinin tətbiqinə dair cavabdehin nümayəndəsinin ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Sadalanan maddi hüququ normalarının tələblərindən aydın olur ki, bir şəxsin başqa şəxsdən tələb etmək hüququna müddət şamil edilir və bu müddət əgər pozulmuş hüququn bərpası məhkəmə müdafiəsi yolu ilə həyata keçirilirsə iddia müddəti sayılır. İddia müddətinin keçməsi hüququ pozulmuş şəxsin tələblə məhkəməyə müraciət etməsinə mane olmasa da, digər tərəfin iddia müddətinin keçməsinə istinad etməsi və bu barədə məhkəməyə ərizə verməsi məhkəmənin həmin əsasla iddianı rədd etməsi üçün hüquqi zəmin yaradır. O da qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair məsələlərin həlli zamanı həmin müddətin axımının başlanması anının dəqiq müəyyən edilməsi, həmçinin hər bir konkret iş üzrə iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi hallarının mövcud olub-olmamasının araşdırılması zəruridir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2018-ci il tarixdə 36 ay müddətinə bağlanmışdır və xx.xx.2021-ci il tarixə kimi qüvvədə olmuşdur. Həmçinin müqavilənin şərtlərinə görə, müqavilənin müddəti tərəflər öz öhdəliklərini tam yerinə yetirdikləri günə kimi qüvvədədir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir və həmin müddətin axımı müqavilənin müddətinin (kredit müddətinin) bitdiyi tarixdən etibarən başlayır. Bu qaydada hesablama aparıldığı zaman iddiaçının müqavilə üzrə iddia müddətini ötürmədiyi müəyyən olunur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Belə olan halda məhkəmə, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh4 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, irəli sürülmüş iddia tələbini mahiyyəti üzrə qanuni hesab etməklə yanaşı, kredit müqaviləsi üzrə tələb olunan əsas və faiz borc məbləğləri ilə bağlı qeyd edir ki, məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, Ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 17 iyul 2018-ci il tarixli 11/0279KBK nömrəli kredit razılaşmasına əsasən Cavabdeh4 xx.xx.2021-ci il tarixə əsas borc üzrə 3792,59 manat, faiz borcu üzrə 1119,34 manat, faiz borcu 5% ilə 481,45 manat borcunun olması müəyyən edilmişdir. İddia ərizəsində göstərilən müvafiq borc məbləğləri ilə rəydə qeyd olunan məbləğlər arasında fərq olsa da, rəy iddiaçı tərəfindən mübahisələndirilməmişdir və bununla da iddiaçı rəylə razı olduğunu bəyan etmişdir. Buna görə də məhkəmə hesab edir ki, əsas və faiz borc məbləğləri məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilən həddə müəyyən edilməlidir. Şərh edilənlərə yekun vuraraq məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsi üzrə cavabdehlərdən tutulacaq məbləğ, əsas borca münasibətdə 3792,59 manat, faiz borcuna münasibətdə isə 1119,34 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbini gecikdirilmiş dövr üzrə MM-nin 445.7-ci maddəsi ilə müəyyən edilmiş illik 5% məbləğin ödənilməsinə dair hissəsində qismən əsaslıdır. Belə ki, baxılan iş üzrə tərəflər arasında hüquq münasibətləri yaranan zamankı redaksiyasında MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında verilmiş şərhə görə, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında isə göstərilmişdir ki, “bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Göründüyü kimi, MM-nin 445.7-ci maddəsi kredit müddəti bitdikdən sonra borclu tərəfindən öhdəlik icra edilmədiyi təqdirdə kreditorun gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin qarşılanması (kompensasiyası) üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan biri kimi çıxış edir. Məhkəmə qeyd edir ki, MM-nin 445.7-ci maddəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, həmin normanın tətbiqi üçün kreditorun zərərə məruz qalmasını sübut etmək vəzifəsi yoxdur. Belə ki, kreditor hər hansı əlavə sübut təqdim etmədən gecikdirilmiş dövr üzrə MM-nin 445.7-ci maddəsi ilə müəyyən edilmiş illik 5% məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Bu baxımdan adı çəkilən normada nəzərdə tutulmuş faizin hüquqi mahiyyəti onun mülki məsuliyyət tədbiri olaraq qanuni faiz funksiyasını daşımasıdır. Şərh olunanları baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən cavabdehdən müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, gecikdirmə faizinin məbləği də ekspertiza rəyində göstərilən həddə müəyyən edilməlidir. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehlərin (zaminlərin) iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 imzaladıqları zaminlik müqavilələri ilə borclu Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliyinin tamamı ilə icra edilməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərlərinə götürmüşlər. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı zaminlərə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə bağlı tələb hüququnu itirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli zaminlik müqavilələrinin 4.1-ci bəndi ilə müəyyən olunmuşdur ki, zaminlik müqavilələri kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində, o cümlədən kredit müqaviləsinin uzadıldığı müddətədək qüvvədə olur. xx.xx.2018-ci il tarixli 11/0279KBK nömrəli kredit müqaviləsinin isə qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Beləliklə aşkar edilir ki, zaminlik müqavilələrinin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq, iddiaçı zaminlərə qarşı tələbini ilk olaraq xəbərdarlıq formasında xx.xx.2024-cü il tarixində, yəni zaminlik müqavilələrinin müddətinin bitməsindən 2 il 7 ay aydan çox müddət keçdikdən sonra irəli sürmüşdür. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır, buna görə də təmin oluna bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş 76,05 manat dövlət rüsumu məbləği cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh4 17 iyul 2018-ci il tarixli, 11/0279/KBK nömrəli kredit müqaviləsi üzrə 3792,59 manat məbləğində əsas borc, 1119,34 manat məbləğində faiz borcu, 481,45 manat məbləğində gecikdirmə faizi və ödənilmiş 76,05 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5469,43 manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə və digər cavabdehlərə münasibətdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh4 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-54/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-54/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver