Məhkəmə qərarları › İş №e-2-2(121)-540/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-540/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-540/2023 21.09.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008R********** saylı krеdit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 008R********** saylı krеdit razılaşması üzrə 24166.65 manat məbləğində krеdit bоrcu, 5771.28 manat məbləğində faiz bоrcu və 10970.75 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 40908 (qırx bir min doqquz yüz səkkiz) manat 68 (altmış səkkiz) qəpik məbləğində bоrcun, 210 manat məbləğində mediasiya xərcinin tutulması, 12.73 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin açıq hərracdan satılması və ümumilikdə cəmi 40908 (qırx bir min doqquz yüz səkkiz) manat 68 (altmış səkkiz) qəpik borcun, ödənilmiş 210 manat mediasiya xərcinin, 12.73 manat məbləğində mediasiya xərcinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3 ümumimüştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2 və Cavabdeh1 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2017-ci il tarixli 008L**********12 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 008R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 45000 (qırx beş min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 008R**********S saylı, xx.xx.2020-ci il tarixli 008R**********SA saylı, xx.xx.2021-ci il tarixli 008R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka qoyan və əsas borclu Cavabdeh2 və Bank arasında bağlanılmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi əsasında ona məxsus Lənkəran şəhəri, Nizami küçəsi,ev 114 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-5408/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı – kredit razılaşmasının ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair iş üzrə icraata “xx.xx.2019-cu il tarixli 008R********** saylı krеdit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar, məhkəmə iclasına gəlməmişdirlər. Lakin, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Habelə, Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək səhhətində yaranmış problemlə əlaqədar olaraq iclasda iştirak edə bilməyəcəyini və səhhəti nəzərə alınaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 008L**********12 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən, Cavabdeh2 120 ay müddətinə, 500.000 (beş yüz min) ABŞ dolları məbləğində krеdit limiti ayrılmışdır. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Həmin zaminlik müqaviləsinə əsasən zamin xx.xx.2017-ci il tarixli 008L**********12 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021ci il tarixli, 008L**********92 saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 008R********** saylı krеdit razılaşması əsasında Cavabdeh2 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 45.000 (qırx beş min) manat məbləğində krеdit götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli köçürmə sənədindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 45.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli Əlavə sazişlərin surətindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişlərə əlavə olunan ödəniş planına uyğun olaraq banka ödəməlidir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 162.9.50 kv.m olan fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsi kreditin təminatı olaraq ipotekaya qoyulması ilə bağlı xx.xx.2017-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. İşə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Nizami küçəsində yerləşən 14 saylı fərdi yaşayış evi 0.05 ha torpaq sahəsi ilə birlikdə "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İddiaçı tərəfindən 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı ödənilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 24.166,65 manat məbləğində əsas borc, 5.771,28 manat məbləğində faiz borcu, 10.970,75 manat məbləğində cərimə borcu olmaqla, cəmi 40.908,68 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan bildirişlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun olması, borc ödənilmədiyi halda müqaviləyə xitam verilməsi, borcun və hesablanmış faizlərin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məlumatlandırılmışlar. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 22 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı QSC tərəfindən 210 manat məbləğində mediasiya dair xərc ödənilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdehin Lənkəran şəhəri, Nizami küçəsində yerləşən 2 mərtəbəli, 114 saylı fərdi yaşayış evinin bazar dəyəri 39.600 manat, likvid dəyəri 33.670 manat təşkil edir. Həmin məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xərcləri tam şəkildə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2023-cü il tarixli, 9/5067 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2023-cü il tarixə əsas borc üzrə 23.783,97 manat, faiz borcu üzrə 5.751,39 manat müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh2 kredit verməsi və sonuncunun həmin krediti alması, eyni zamanda iddiaçı ilə digər Cavabdeh3 arasında zaminlik müqaviləsinin bağlanması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 9/150 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, əsas və faiz borcları üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Belə olduğu təqdirdə məhkəmə, ekspert rəyini sübut növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, Cavabdeh2 tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008R********** saylı kredit razılaşması üzrə 23.783,97 manat əsas borcunun və 5.751,39 manat faiz borcunun olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyi öz üzərinə götürmüşdür. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia əsas və faiz borcuna münasibətdə qismən təmin edilməlidir. Məhkəmə iddianın 10.970,75 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli, 008R********** saylı kredit müqaviləsi üzrə cərimənin 10.970,75 manat məbləğində deyil, 1.100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə, eyni zamanda Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehə kredit müqaviləsi üzrə alınmış pula görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh3 Cavabdeh2 iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da Cavabdeh2 iddiaçı qarşısında olan pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, tələb ipotekaya qoyulmuş daşınmaz əmlaka yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Qeyd olunan Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin, həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə, borcun ipoteka predmetinə yönəldilərək həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Cavabdeh2 iddiaçıya olan kredit öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni Cavabdeh2 məxsus Lənkəran şəhəri, Nizami küçəsində yerləşən 14 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 33.670 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına iddiaçının borc tələbi ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlakın Cavabdeh2 və Cavabdeh1 tərəfindən boşaldılması və həmin əmlakdan çıxarılması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddiaçının dəlilləri əsaslıdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ipoteka müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Lənkəran şəhəri, Nizami küçəsində yerləşən 14 saylı fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulduğundan, borc ödənilmədiyi təqdirdə Cavabdeh2 və Cavabdeh1 ipoteka predmeti olan əmlakdan çıxacağını və boşaldacağını öhdələrinə götürdüyündən iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/2023 saylı, 22 iyun 2023-cü il tarixli Qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə həmçinin iddia tələbinin “əmlakın alıcıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Məhkəmə qeyd edir ki, əmlakın təhvil verilməsi üçün ilk öncə həmin əmlaka tutma yönəldilməli və o satılmalıdır. Hal-hazırda ipotekaya qoyulmuş əmlak satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçi və orada olan şəxslər yeni mülkiyyətçi qarşısında fərdi yaşayış evini 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun (və ya başqa şəxsin) baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, iddia tələbi “əmlakın alıcıya təhvil verilməsi” hissəsində təmin edilə bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “əmlakın alıcıya təhvil verilməsi” hissəsində rədd edilməlidir. Bununla yanaşı, məhkəmə iddia tələbinin “ipoteka predmeti olan daşınmaz əmlaka tutma yönəldikdə və o satıldıqdan sonra həmin əmlak üzərində Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarının itirilməsi”nə dair hissəsini də araşdıraraq hesab edir ki, iddiaçının həmin tələbi əsassızdır və təmin oluna bilməz. Məhkəmə iddianın həmin hissəsi ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsi bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda tətbiq oluna bilər. Hazırki işdə isə həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar mövcuddur. Əslində mahiyyət etibarı ilə iddiaçının bu tələbi də cavabdehlərin ipoteka predmeti olan əmlakdan və qeydiyyatdan çıxarılmalarına nail olmaqdır. Bunun üçün isə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə yanaşı istifadə hüquqlarının itirilməsi tələbinin irəli sürülməsinə zərurət yoxdur. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması” hissəsində təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın 210 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 12,73 manat dövlət rüsumunun 2,73 manat hissəsi iddiaçıya aid edilməli, 10 manatı isə Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın 100 manatı müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh3, 45 manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bununla yanaşı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 iyun 2023-cü il tarixli məktubuna əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xərcləri tam şəkildə ödənildiyindən həmin xərcin tərəflərdən tutulması zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 008R********** saylı kredit razılaşması üzrə 23.783,97 manat məbləğində əsas borc, 5.751,39 manat məbləğində faiz borcu, 1.100 manat məbləğində cərimə borcu, 210 manat məbləğində mediasiya xərci, 10 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, ümumilikdə 30.900,36 (otuz min doqquz yüz manat, otuz altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 162,9 kv.m olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh2 məxsus ümumi sahəsi 162,9 kv.m olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 33.670 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan ümumilikdə 30.900,36 (otuz min doqquz yüz manat, otuz altı qəpik) manat məbləğində borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 qaytarılsın. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılsın və həmin fərdi yaşayış evi boşaldılsın. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın 100 manatı müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh3, 45 manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar