Məhkəmə qərarları › İş №e-2-2(121)-55/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-55/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-55/2024 14.03.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə və qeyrisinə qarşı – kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı – DC00203638-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 92891.86 əsas borc, 2270.12 manat faiz borcu, 507.81 manat cərimə borcu olmaqla, cəmi 95669.79 manat məbləğində borcun; DC00203638-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2672.57 manat əsas borc, 189.31 manat faiz borcu, 28.57 manat cərimə borcu olmaqla, cəmi 2890.45 manat məbləğində borcun tutulması; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2020ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair X5nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-00203638LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda X5 çərçivəsində iddiaçı ilə "xxxx" MMC arasında: xx.xx.2021-ci il tarixli İ DC00203638-07 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 153024 manat məbləğində dövlət və digər xərclərin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir; xx.xx.2022-ci il tarixli DC00203638-08 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 5340 manat məbləğində avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin təminatı olaraq Bank ilə X2 arasında DC00401021-07saylı Maliyyələşdirmə üçün ərizə üzrə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixli DG**********1590 saylı zaminlik müqaviləsi, DC00401021-08 saylı Maliyyələşdirmə üçün ərizə üzrə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli DG**********2611 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən DC00401021-07 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 238 gün, DC00401021-08saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 121 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa iddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, DC00203638-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 92891.86 əsas borc, 5560.04 manat faiz borcu, 2453.48 manat cərimə borcu olmaqla, cəmi 100905.38 manat məbləğində borcun; DC00203638-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2672.57 manat əsas borc, 273.40 manat faiz borcu, 61.70 manat cərimə borcu olmaqla, cəmi 3007.67 manat məbləğində borcun tutulması; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 vəkili, həmçinin digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında 1.0.2 nömrəli, xx.xx.2020-ci il tarixli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-00203638LE/2019 saylı razılaşma imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, DC00203638-07 saylı Maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 153024 manat məbləğində dövlət və digər xərclərin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DC00203638-08 saylı Maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 5340 manat məbləğində avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. İş materiallarından görünür ki, borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin təminatı olaraq bankla Cavabdeh1 arasında DC00203638-07 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********1590 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin təminatı olaraq bankla Cavabdeh1 arasında DC00203638-08 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********2611 saylı zaminlik müqaviləsi bağlanmışdır. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubları (bildirişlər) göndərilmişdir. İş materiallarına əlavə edilən PB/BPŞ-OUT-01123-2023/2 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" MMC-nin DC00203638-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 92891,86 manat əsas borc, 5560,04 manat faiz borcu, 2453,48 manat cərimə borcu olmaqla, cəmi 100905,38 manat; DC00203638-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2672,57 manat əsas borc, 273,40 manat faiz borcu, 61,70 manat cərimə borcu olmaqla, cəmi 3007,67 manat məbləğində borcu təşkil edir. İşdə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/8793 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış DC00203638-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 92891,86 manat məbləğində əsas, 5565,43 manat məbləğində faiz borcu, DC00203638-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 92891,86 manat məbləğində əsas, 6749,80 manat məbləğində faiz borcu, DC00203638-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 2672,25 manat məbləğində əsas, 273,65 manat məbləğində faiz borcu, DC00203638-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 2672,25 manat məbləğində əsas, 307,72 manat məbləğində faiz borcu müəyyən edilir. İş materiallarından görünür ki, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdeh zamin Cavabdeh1 qarşı irəli sürdüyü iddia tələbinə iddia müddətinin şamil edilməsini və iddia müddətə ötdüyü üçün iddiaçının həmin iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, "xxxx" MMC iddianı qəbul etməmək ilə birlikdə, zamin Cavabdeh1 ona qarşı olan tələb üzrə iddia müddətinin də tətbiq edilməsini xahiş edir. Belə ki, MM-nin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən 2 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məlum olduğu kimi, zaminlik müqaviləsi xx.xx.2021ci il tarixində bağlanmışdır. İddiaçı isə məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Göründüyü kimi, iddiaçı, zaminə qarşı iddianı MM-nin 477.0.4-cü maddəsində nəzərdə tutulan həm 1 illik, həm də 2 illik müddəti ötürəndən sonra vermişdir. Bu səbəblə cavabdeh məhkəmədən xahiş edir ki, iddiaçının iddia tələbi üzrə iddia müddəti ötürdüyü üçün də zaminə qarşı rədd olunsun. MM-nin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər) (ərizə(lər)) əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun tutulmasına (yəni, 2672,57 manat əsas borcun tutulması hissəsində) dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməklə, 2672,25 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın cərimələrin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən DC00203638-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən hesablanmış 2453,48 manat cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə DC00203638-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2453,48 manat cərimə borcu məbləğində deyil, 172 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. DC00203638-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 61,70 manat məbləğində cərimə hissəsində isə iddia təmin edilməlidir. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdeh kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduğun(qların)dan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır(lar). Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC kredit müqaviləsi (ərizələr) üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1, cavabdeh "xxxx" MMC-nin iddiaçıya olan kredit müqaviləsi (ərizələr) üzrə alınmış kreditə görə zamin olduğun(qların)dan, bununla da iddiaçı qarşısında olan "xxxx" MMC-nin pul vəsaitini qaytamaqla bağlı öhdəliyi üzərinə götürmüşdür(lər). Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəmişdir. Odur ki, mediasiya xərci də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehlərdən 395 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə (cavabdeh X1 münasibətdə) rədd edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə cavabdeh X1 qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırıldığından, iddia tələbi cavabdehin vəkilinin ərizəsində göstərdikləri əsasında cavabdeh X1 aid hissədə rədd oluna bilməz. Məhkəmə hesab edir ki, cavabdehin vəkilinin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisə tərəfi olan cavabdehin vəkili iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiadan imtina edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən qismən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 393,91 manat dövlət rüsumunun 391,63 manatı cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci cavabdehlərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddianın borc məbləği (əsas borc hissəsində) qismən (cüzi məbləğdə fərq olduğundan) təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. DC00203638-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 92891,86 manat əsas borc, 5560,04 manat faiz borcu, 172 manat cərimə borcu olmaqla, cəmi 98623,9 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. DC00203638-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2672,25 manat əsas borc, 273,40 manat faiz borcu, 61,70 manat cərimə borcu olmaqla, cəmi 3007,35 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. 395 manat məbləğində mediasiya xərci "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 391,63 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti "xxxx" MMCdən və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar