Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-56/2020 12.03.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi, hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 2.658,23 manat əsas, 397,01 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləği, müqavilə müddəti bitən tarixə 581,05 manat fazi borcu, 1.991,16 manat cərimə borcu olmaqla, cəmi 5.627,45 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 0527/14 saylı kredit müqaviləsinə əsasən, 24 ay müddətinə, illik faiz dərəcəsi 28% ödənilmək şərtilə 3.500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin, buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka 2.658,23 manat əsas, 397,01 manat kredit müqaviləsinin müddəti bitdindən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləği, müqavilə müddəti bitən tarixə 581,05 manat faiz borcu, 1.991,16 manat cərimə borcu olmaqla, cəmi 5.627,45 manat borcu vardır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Şirvan filalı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 0527/14 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh MMC-yə illik 28 faiz dərəcəsi ilə, 24 ay müddətinə 3.500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 0527/14 saylı müddətli öhdəçilikdən görünür ki, kredit borcu kimi verilən 3.500 manat pul vəsaiti İddiaçı ASC-nin Şirvan filalında olan Cavabdeh MMC-nin bank hesabına köçürülmüş və 286616 saylı, xx.xx.2014cü il tarixli çeklə Cavabdeh MMC-nin nümayəndəsi X2 tərəfindən nağdlaşdırılmışdır. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli, **********793 nömrəli arayışının surətindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 0527/14 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2019-cu il tarixə Banka 2.658,23 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 581,05 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1.991,16 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 5% olan, həmin faizin hesablanma düsturu (əsas borc/100*5)/360, həmin düsturla hesablanan günlük faiz məbləği və geçikdirilmiş gün sayısı 0,37 qəpik X 1073, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 397,01 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 5.627,45 manatdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2- 1(081)-3620/2016 nömrəli qərarının surətindən görünür ki, İddiaçı ASC-nin məcburi ləğv edilməsi, Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İş materialında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********852 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli 0527/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə verilmiş kreditdən ödənilməmiş əsas və faiz borcunun 5 gün müddətində banka ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixli 0527/14 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, Cavabdehnə illik 28 faiz olmaqla, 24 ay müddətinə, 3.500 manat kredit verilmiş, tərəflər arasında kreditin qaytarılması müddəti və qaydası, o cümlədən öhdəliklər icra edilmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı hər gecikdirilən gün üçün cərimənin hesablanması müqavilədə nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 0527/14 saylı kredit müqaviləsi üzrə 2.658,23 manat əsas və 581,05 manat faiz borcunun olması iş materialları ilə sübut olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı cavabdehdən həmçinin, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 397,01 manat faiz borcu da tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-cü maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərara əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qanunvericliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 397,01 manat faiz borcunun tutulması hissəsində də iddia tələbi əsaslıdır. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə, hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% həcmində cərimə ödəyir. İddiaçı 1.991,16 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının cərimə borcu hissəsində tələbi qismən təmin edilməli, cavabdehdən 100 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixli 0527/14 saylı kredit müqaviləsi bağlanarkən Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən 2.658,23 əsas borc, 397,01 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış borc, 581,05 manat faiz borcu, 100 manat dəbbə pulu (cərimə) borcu olmaqla, cəmi 3.736,29 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2.658,23 əsas borc, 397,01 manat Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış borc, 581,05 manat faiz borcu, 100 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 3.736,29 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-56/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-56/2020
12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver