Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-56/2021 24.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və qeyrilərinə qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barəsində iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “iddiaçı”, ləğv prosesində olan İddiaçı ASC və ya İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh4 qarşı – 11014,10 manat məbləğində əsas borc, 531,25 manat məbləğində faiz borcu, 1398,88 manat məbləğində cərimə borcu, 1686,06 manat məbləğində müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 14630,29 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, ipoteka qoyulmuş, Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh4 məxsus Cəlilabad rayonu, Məmmədcanlı kəndində yerləşən 3 otaqlı, 1 mərtəbəli, 106,3 kv.m. ümumi, 56,2 kv.m. yaşayış, 50,1 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin 1,9879 ha torpaq sahəsi ilə birlikdə açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda borcun qalan borc məbləğinin Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.06.2014-cü il tarixli, ZC-3636 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 6% ödənilmək şərtilə heydandarlığı inkişaf etdirmək məqsədilə 15.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5,. Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 məxsus olan Cəlilabad rayonu, Məmmədcanlı kəndində yerləşən 3 otaqlı, 1 mərtəbəli, 106,3 kv.m. ümumi, 56,2 kv.m. yaşayış, 50,1 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evini 1,9879 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 11.014,10 manat əsas, 531,25 manat faiz, 1398,88 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1686,06 manat məbləğ olmaqla, cəmi 14.630,29 manat borcu mövcuddur. Dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiyini bildirmiş, işə iştirakları olmadan baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o(onlar), məhkəmə iclasına gəlməmiş və gəlməməs(lər)inin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir(lər). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh(lər)in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında ZC-3636 saylı, 03.06.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ZC-3636 saylı, 03.06.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cəlilabad rayonu, Məmmədcanlı kəndində yerləşən 3 otaqlı, 1 mərtəbəli, 106,3 kv.m. ümumi, 56,2 kv.m. yaşayış, 50,1 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05.06.2014cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Məmmədcanlı kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh1 tam, 1,9879 ha torpaq sahəsi ümumi birgə mülkiyyətindədir. Bundan başqa, çıxarışdan həmçinin aydın olur ki, torpaq sahəsinin həmçinin Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13.06.2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh4 mülkiyyətində olan Cəlilabad rayonu, Məmmədcanlı kəndində yerləşən fərdi yaşayış evi, 1,9879 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13.06.2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Məmmədcanlı kəndində yerləşən fərdi yaşayış evi 1,9879 ha torpaq sahəsi ilə birlikdə (hüququ yükli edilən şəxslər Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh4) İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı Cavabdeh1 kredit borcunun ödənilməsi ilə bağlı 17.06.2020ci il tarixli bildiriş göndərmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İş materiallarında olan 31.08.2020-ci il tarixli məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş 08.07.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İşin materiallarında olan 19.06.2020-ci il tarixli arayışdan görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 11014,10 manat məbləğində əsas borc, 531,25 manat məbləğində faiz borcu, 1398,88 manat məbləğində cərimə borcu, 1686,06 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 14630,29 manat məbləğində kredit borcu vardır. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3806 saylı, 18.11.2020-cu il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.06.2014-cü il tarixli ZC-3636 saylı kredit müqaviləsi üzrə borcalanın 03.06.2017-ci il tarixə (müqavilənin bitdiyi tarixə) əsas kredit borcu 12.217,25 manat, faiz borcu 57,01 manat, 19.06.2020-ci il tarixə (sualda qeyd edilən tarixə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) əsas kredit borcu 11.554,77 manat, faiz borcu isə 1.110,16 manat təşkil edir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün 217/ZB/21 saylı, 28.06.2021ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh1 mülkiyyətində olan Cəlilabad rayonu, Məmmdcanlı kəndində 1,98 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 44000 manat məbləğində olması müəyyən olunmuşdur. Hesabata (rəyə) əlavə edilən “hesab faktura”dan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 300 manat məbləğində təşkil edir. İş materiallarından aydın olur ki, cavabdehin qeyd edilən kredit borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, müqavilə müddətinin bitmə tarixinə, yəni 03.06.2017-ci il tarixə faiz borcu üzrə 57,01 manat borcunun olması müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissə(lər)də iddia qismən təmin edilərək, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə 11014,10 manat məbləğində əsas borc, 57,01 manat məbləğində faiz borcu (müqavilə müddətinə) tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddianın “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi qismən əsaslıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən aşkar surətdə göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 03.06.2017-ci il tarixinə kimi müəyyənləşdirilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə yaranan münasibətlər müddətli münasibətlər olduğundan kreditin qaytarılma müddəti 03.06.2017-ci il tarixədək müəyyənləşdirilmişdir. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, müqavilənin qüvvədə olma müddəti 03.06.2017ci il tarixdə bitmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində yəni, 03.06.2017-ci il tarixinə kimi faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir. Lakin, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan, iddia “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması” hissəsində (qismən) təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Lakin, məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 19.06.2020-ci il tarixə illik 5 faiz hesablanmaqla əsas borcu üzrə 11554,77 manat, faiz borcu üzrə 1110,16 manat borcunun olması müəyyən olunur. Qeyd edilənlərə əsasən məhkəmə məhkəmə hesab edir ki, göstərilən hissədə iddia qismən təmin edilərək, cavabdehdən müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 1110,16 manat faiz borcu tutulmalıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 1398,88 manat məbləğində deyil, 130 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 25 manatı cavabdehə, 5 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlak(lar)ın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin hesabatı əsasında məhkəmə tərəfindən 44000 manat müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, 20.07.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Lakin, torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində ipoteka ilə yüklü edilməsi göstərilmiş olsa da, ipoteka müqaviləsi bağlanarkən yalnız fərdi yaşayış evi ipoteka predmeti kimi ipoteka ilə yüklü edildiyindən, iddia tələbi “1,9879 ha torpaq sahəsi ilə birlikdə açıq hərrac yolu ilə satılması” hissəsində, yəni torpaq sahəsinə münasibətdə təmin edilə bilməz. Odur ki, iddia tələbi həmin hissədə əsassızdır. Buna görə də, iddia qeyd edilən hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə daşınmaz əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri də tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaitindən 250 manatı cavabdehdən, 50 manatı ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaitinin 25 manatı iddiaçıdan, 125 manatı isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 11014,10 manat məbləğində əsas borc, 57,01 manat məbləğində faiz borcu, 130 manat məbləğində cərimə borcu, 1110,16 manat məbləğində müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 12311,27 manat məbləğində kredit borcu və 25 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan Cəlilabad rayonu, Məmmədcanlı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilsin. Cəlilabad rayonu, Məmmədcanlı kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 44000 manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 12311,27 manat məbləğində kredit borcu və 25 manat məbləğində dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaitinin 250 manatı Cavabdeh1, 50 manatı isə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaitinin 25 manatı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 125 manatı Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-56/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-56/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver