Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-562/2024 09.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış borcun silinməsi tələbi barədə iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X2 İdarəsi tərəfindən qanunsuz tərtib edilmiş ******* saylı, xx.xx.2022-ci il tarixli aktın, əsassız olaraq müəyyən olunmuş 6480 m3 qaz itkisinə görə hesablanmış 1.620,0 manat miqdarında cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun istifadəsində olan, qaz istehlakçısı olaraq ünvan 1i ünvanında yerləşən yeməxana üçün qaz təminatı xətti üzərində Lənkəran X2 İdarəsinin Lənkəran Xidmət Sahəsi tərəfindən G-6 markalı, 28260761 saylı qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı vasitəsi ilə istehlak edilmiş qazın dəyərini ödəyirmiş. xx.xx.2022-ci il tarixində o evdə olduğu vaxt həmin sayğaca baxış keçirilmiş, sayğacların istismar müddəti yəni 5 il ötdüynə görə yeni sayğacın quraşdırılması niyyəti ilə köhnə sayğacı sökülmüşdür. Sonradan Azəriqaz İB-nin əməkdaşları xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda da qeyd edilmişdir ki, sayğac yararlı halda qəbul edildi lakin həmin aktda onun imza yeri yoxdur. Yeməkxanadan sökülüb aparılan 28260761 saylı qaz sayğacının sonradan labaratoriyada yoxlanmışdır. Labaratoriyada yoxlanma onun iştirakı təmin olunmamışdır. Guya onun yaşayış evindən aprılan sayğacın zədələnməsi və sınması faktı aşkarlanmışdır. Həmin Akt heç onun yanında tərtib edilməmiş və o həmin aktdan xəbərsiz olmuşdur. Köhnə qaz sayğacı yoxlanıldıqdan sonra guya onun həmin sayğaca müdaxilə etdiyivi və ondan qanunsuz illərdir istifadə etdiyini bildirilmişdir. Azərbaycan Respublikanın MPM-nin 149-cu maddəsinin tələbini rəhbər tutaraq cavabdehdən tələbi, ona qanunsuz olaraq tərtib edilmiş ******* saylı xx.xx.2022-ci il tarixli akta görə hesablanmış 1620,0 manat cərimənin silinməsidir. Belə ki, onun istifadəsində olan qaz sayğacına heç bir qanunsuz müdaxilə etməmişdir. MPM-nin 149-cu maddənin tələblərində göstərilən kimi o ilkin olaraq Mediasiya təşkilatında iştirak etmiş və ordan alınmış MŞL/MT014/2023-02944 saylı arayışı iddia ərizədinə əlavə etmişdir. Eyni zamanda iddia ərizəsinə qanunsuz tərtib edilmiş aktı, abonentin saldosu, ******* saylı aktı, xx.xx.2022-ci il tarixli dəymiş ziyanın ödənilməsi barədə təlabnaməni, qeyri əhalinin qaz sayğacının yoxlanılması barədə aktı əkavə etmişdir. Cavabdeh Azeriqaz İB -nə xx.xx.2024-cu il tarixində3198501 nömrəli bildirişlə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri göndərmişdir. Cavabdehdən məhkəmədə fakt və subutlarının təqdim edilməsini məhkəmədən xahiş edir. Tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktda onun 1 ədəd kombi, QSQ 1 ədəd və 2 ədəd PQ-4 qaz avadanlığı işlədilməsini qeyd edilərək 6480m3 qaz sərfiyyatını itirilməsi qanunsuz olaraq rəsmiləşdirlmişdir. Qaz istismarı idarəsi belə tərtib etdiyi cərimələrlə özunun borclarını silməsini məqsədi güdür. Onun məhkəməyə təqdim etdiyi **********00008 saylı abunə kodlu hesabdan çıxarışda da görünür ki, o hər ay öz borcunu vaxtı vaxtında ödəmişdir. O 2015-ci il tarixindən həmin yeməkxanada qazdan istifadə etmişdir. Necə olur ki, istifadə olunan qaz sayğacına o müdaxilə etmiş olur. Qaz idarəsinin inispektoru hər ay ayda 2 dəfə olmaqla sayğaca baxış keçirdir. Bunu qaz istismarı idarəsinin sahə üzrə nəzarətçisi görməsin və ya kənar müdaxilənin olmasını aşkarlamasın? Sayğac açıq yerdə yerləşdiyindən həmin sayğaca müdaxiləni dərhal onlar aşkarlamalı və buna görə akt tərtib etməli olduğu halda bunu nəzrətçi etməmiş və onu məlumatlandırmamışdır. Eyni zamanda ildə iki dəfə həmin ünvanda qaz avadanlığları müayinə olunmalı halda qaz istismarı idarəsi bunu etməmişdir. Cavabdeh təşkilat hardan onun həmin ünvanda hansı qaz avadanlıqlarının istifadısini qeyd etmişdir və neçə müddətə istifadə etməsini yazmışdır? Buna görə də Lənkəran Xidmət Sahəsi tərəfindən evinin qaz sayğacının onun tərəfindən təsir və ya müdaxilə etdiyinə görə ona akt yazıblar. Sayğaca və qaz xəttinə baxış zamanı onun iştirakı məcburi olmalı olduğu halda təşkilatın işçiləri bunu etməmiş və hətta şərait yaratmamışlar. Halbuki, həmin aktı onun iştirakı ilə və ya ailə üzvlərnin iştirakı ilə tərtib edilməli idi. Ancaq akt onun tərəfindən imzalanmamış və aktı ona rəsmi verməmişdir. Qaz sayğacı onun yeməkxanadan 10 metr uzaqlıqda küçə tərəfində yerləşir. Əgər qaz sayğacı onun yeməkxananın həyətinin daxilində yerləşsəydi o onda həmin sayğacın kənar şəxslərin müdaxiləsinə imkan verməzdi. Qaz sayğacı umumiyyətlə küçə tərəfində yerləşir və bu qaz paylacı orqanının daxili qaydalarıdır. O məcburiyyət qarşısında qalıb Lənkəran X2 İdarəsinə ərizə ilə müraciət etmiş və ona cərimə yazılmasının doğru olub-olmaması barədə məlumat tələb etmişdir. X3 İstismari cavab məktubundan məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktla ona itirilmiş qazın bərpası üzrə, 90 gün müddəti üçün, 6480 m/kub. olmaqla 1620,00 manat dəyərində cərimə hesablanmışdır. Yəni, belə çıxır ki, o 3 ay qanunsuz olaraq təbii qaz dan istifadə etmişdir. Əslində o heç zaman qanunsuz qazdan istifadə etməmişdir. Məhkəmə iclası zamanı şahidlərini məhkəmə zalına gətirəcəyək. Ona görə də cavabdeh qurum tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2022-ci il tarixli aktı və həmin aktla əsassız olaraq ona hesablanmış 1620,0 manat miqdarındakı cərimə faktını qanunsuz və əsassız hesab edir. Belə ki, istehlakçı olaraq onunla Lənkəran Xidmət sahəsi və ya X3İstismarı İdarəsi ilə qazın alqı-satqısı barədə müqaviləsi vardır. Müqavilədə “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 6.7 bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda bu Qaydaların 6.1.2 bəndi istisna olmaqla qaz paylayıcı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya verilməlidir. Ancaq ona qarşı tərtib edilən aktın yazılmasında iştirak etməmiş və aktın surəti ona verilməmişdir. Hamının bildiyi kimi sahədə xidmət edən qaz nəzarətçisi ildə 2(iki) dəfə texniki baxış keçirməklə ayda 2(iki) dəfə istehlakçıların qaz təminatı xətlərinə nəzarət edir, istehlak edilmiş qazın sərfini götürür və sonra onun dəyərini özündə əks etdirən qəbzi istehlakçılara təqdim edir. Xüsusən qaz təminatı dayandırılmış ünvanlarda tez-tez olmaqla nəzarəti həyata keçirir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edillən hesaba əsasən ödəyir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib. Xətalar normaya uyğun deyil, itirilmiş qaz hesablanaraq bərpa edilsin. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, G-6 markalı qaz sayğacının nominal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. ( 6x12x90=6480 m3) İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı (abonent: **********00008) 2022-ci ilin dekabr ayı üzrə akta əsasən 1.620 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacına Cavabdeh nümayəndələri tərəfindən təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, aktda abonentə məxsus G-6, 28260761 saylı qaz sayğacına sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilməsi aşkar olunmuşdur. Bundan sonra iddiaçı barəsində xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akta əsasən, xx.xx.2022-ci il tarixli tələbnamə ilə itirilmiş qazın həcmi 6480 m3 müəyyən edilmiş və nəticədə 2022-ci ilin dekabr ayında iddiaçıya 1.620 manat məbləğində borc hesablanmışdır. İddiaçı hesablanmış borcla razılaşmır, aktın ləğv edilməli və akt əsasında hesablanmış borcun silinməli olduğunu bildirir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə qeyd edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu, iş materialları və cavabdeh tərəfindən tərtib olunmuş sənədlərdə də öz əksini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cababdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan iddia təmin edilməli, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 1.620 manat borc silinməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akta əsasən hesablanmış 1.620 manat borc İddiaçı abonent hesabından (abonent kodu: **********00008) silinsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-562/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-562/2024
09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver