Məhkəmə qərarları › İş №e-2-2(121)-588/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-588/2022

27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-588/2022 27.12.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması, tutmanın ipteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddası üzrə kommersiya mübahisəsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı - 14.499 manat əsas, 3465,51 manat faiz, 836,16 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2003,97 manat faiz borcunun və ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 68,2 kv.m. olan fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şirvan filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 0172/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 14.500 (on dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 68,2 kv.m olan fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 68,2 kv.m. olan fərdi yaşayış evinin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 0046/15 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********156 saylı xx.xx.2021-ci il tarixli və **********471 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2021-ci il tarixə cəmi borcu 20.804,64 (iyirmi min səkkiz yüz dörd manat, 64 qəpik) manat təşkil edir. Bundan 14.499 manat əsas, 3465,51 manat faiz, 836,16 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2003,97 manat faiz borcu təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Lakin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə prosesinin təxirə salınmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, mediator tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən ərizədə mediasiya arayışının bankın nümayəndəsinə xx.xx.2021-ci il tarixdə verilməsi barədə məlumat yalandır. Eyni zamanda qeyd etmişdir ki, mediator mediasiya arayışının həmin tarixdə bankın nümayəndəsinə verilməsi barədə heç bir sübut təqdim etməmişdir. Belə ki, həmin arayış bankın nümayəndəsinə mediator tərəfindən xx.xx.2022-ci il tarixində taksi vasitəsilə göndərilmişdir və bankın ümumi şöbəsinə daxil edilmişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və bütün sübutları tədqiq edərək hesab edir ki, iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 0172/15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 36 ay müddətinə 14.500 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 15 sentyabr 2015-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh2 14.500 manat kredit verilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 0046/15 saylı, xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 68,2 kv.m. olan fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehlərə xx.xx.2021-ci il tarixli pretenziya məktubu göndərmişdir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 14.499 manat məbləğində əsas borc, 3.465,51 manat məbləğində faiz borcu, 836,16 manat məbləğində cərimə borcu, 2.003,97 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 20.804,64 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, Cavabdeh2 borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsirinə düşmür, ona hazırki iş üzrə kreditin restrukturizasiya olunması təklif olunmamışdır. İş materiallarına əlavə edilən hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 73 manat məbləğində kredit ödənişi etmişdir. İş materiallarında olan 24 avqust 2021-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh2 hazırki mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsi təklif edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 01 dekabr 2021-ci il tarixli, 2022-05516 saylı arayışın surətindən görünür ki, tərəflər - ləğv prosesində olan İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etdikdən sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər. 200 manat məbləğində mediasiya xərci İddiaçı ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 may 2022-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi rəyindən görünür ki, Cavabdeh1 məxsus Şirvan şəhəri, Cabbar Qaryagdıoğlu küçəsində yerləşən 43 saylı fərdi yaşayış evinin bazar dəyəri 29.450 manat, likvid dəyəri 26.500 manat təşkil edir. Qiymətləndirmə haqqı 500 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 avqust 2022-ci il tarixli, 9/3616 saylı ekspert rəyində qeyd olunur ki, xx.xx.2015-ci il tarixli, 0172/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 borcu müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2018-ci il tarixə əsas borc üzrə 14.349,87 manat, faiz borcu üzrə 1.898,11 manat, maliyyə arayışının tarixinə yəni xx.xx.2021-ci il tarixə əsas borc üzrə 14.349,87 manat, faiz borcu üzrə 3.859,25 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İşə əlavə edilən Cavabdeh2 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixli iddia müddətinin ötürülməmiş hesab olunmasına dair etiraz təqdim etmişdir. Etirazda qeyd olunan kredit vəsaiti sahibkar Cavabdeh2 verildiyi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq ilkin olaraq iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etməmişdən əvvəl mübahisənin alternativ həlli üsullarından olan mediasiyanın təşkili üçün mediasiya proseduruna başlanıldığı qeyd olunmuşdur. Belə ki, xx.xx.2015-ci il tarixli 0172/15 saylı kredit müqaviləsinin iddia müddəti bitməmişdən 11 gün əvvəl – xx.xx.2021-ci il tarixdə bank tərəfindən cavabdehlərə **********551 saylı mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Sabirabad şəhərində 01.11.21-ci il tarixdə mediator X2 tərəfindən keçirilən mediasiya proseduru nəticəsində 2022-05516 nömrəli, xx.xx.2021-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayış verilmişdir. Həmin arayış xx.xx.2022-ci il tarixdə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna daxil olmuşdur və tərəfimizdən həmin gün – xx.xx.2022-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Bu səbəbdən iddia müddətinin tətbiqi barədə Cavabdeh2 ərizəsi əsassızdır və bu ərizə əsasında iddianın rədd edilməsi yol verilməzdir. İş materiallarında olan Sabirabad 1 saylı Mediasiya təşkilatının xx.xx.2022-ci il tarixli, 012 saylı məktubundan görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iş üzrə ilkin mediasiya sessiyası xx.xx.2022-ci il tarixdə saat 12:00-a təyin olunmuş və həmin gün baxılmışdır. Lakin, İddiaçı ASC-i tərəfindən İMS xərci üçün ödəniş gecikdirilməsindən, İMS-dən sonra prosesin davam etdirilə bilməməsi barəsində arayış bankın nümayəndəsinə xx.xx.2021-ci il tarixində təqdim olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixində bağlanmış kredit müqaviləsinə əsasən ona xx.xx.2018ci il tarixədək qaytarılması şərtilə, illik 6 faiz hesablanmaqla 14.500 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 0046/15 saylı, xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 68,2 kv.m. olan fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 73 manat məbləğində kredit ödənişi etmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı xx.xx.2018-ci ildən başlamışdır. Məhkəmə, qeyd edir ki, iddiaçı tərəfindən cavabehə mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2021-ci il tarixində göndərilmiş, bununla da iddia müddətinin bitməsinə 11 gün qalmış iddia müddətinin axımı dayanmışdır. Məhkəmə, iddia müddətinin axımının dayandırılması ilə bağlı aşağıdakı normaların tətbiqini zəruri hesab edir: Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir. Həmin Qanunun 32.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə aşağıdakı gündən xitam verilir. Qeyd olunan Qanunun 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeydşərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. Göründüyü kimi, iddia müddətinin axımı 01 dekabr 2021-ci il tarixində mediatorun müvafiq arayış verməsi ilə bərpa edilmişdir. Lakin, iddia ərizəsi iddia müddətinin bitdiyi 11 dekabr 2021-ci il tarixdən sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə sadalanmış normaların məzmununa əsasən qeyd edir ki, mülki qanunvericilik müəyyən edilmiş müddət ərzində başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququnu müdafiə edir ki, müqavilə münasibətlərində bu müddət 3 (üç) il təşkil edir. Müddətin axımı icra müddəti müəyyən edilmiş öhdəliklər üzrə həmin müddət bitdikdə başlanır və həmin andan şəxs öz hüququnun pozulduğunu bilməlidir. İddia müddətinin tətbiqinin mümkünlüyü mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında aparılmalıdır. Lakin, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə sadalanmış normaların məzmununa əsasən qeyd edir ki, mülki qanunvericilik müəyyən edilmiş müddət ərzində başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququnu müdafiə edir ki, müqavilə münasibətlərində bu müddət 3 (üç) il təşkil edir. Müddətin axımı icra müddəti müəyyən edilmiş öhdəliklər üzrə həmin müddət bitdikdə başlanır və həmin andan şəxs öz hüququnun pozulduğunu bilməlidir. İddia müddətinin tətbiqinin mümkünlüyü mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında aparılmalıdır. Məhkəmə, eyni zamanda iddiaçının nümayəndəsinin mediatorun yalan danışdığı və arayışın taksi vasitəsilə banka təqdim olunduğu barədə fikrinə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi mediatorun yalan danışdığını və arayışın taksi vasitəsilə banka təqdim olunduğunu qeyd etsə də, həmin halları sübut edəcək mötəbər sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iddiaçının bu halları müəyyən etdiyi vaxtdan məhkəmə iclasına kimi kifayət qədər vaxtı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 0172/15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2018-ci il tarixdə bitərək iddia müddətinin axımı başladığından, mediasiya prosesi nəticəsində dayandırma hal nəzərə alınaraq iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Odur ki, iddia ərizəsi iddia müddəti ötürülməklə, yəni xx.xx.2022-ci il tarixində verildiyindən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdeh2 işin materiallarına əlavə edilmiş ərizəsindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsini xahiş edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Məhkəmə iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia tələbi digər hissələrdə rədd edilməli olduğundan, iddianın qeyd edilən hissəsi də əsassızdır. Buna görə də, iddia bu hissədə də rədd edilməlidir. Digər tərəfdən, əsas tələb üzrə iddia müddətinin keçməsi əsasına görə iddia rədd edilməli olduğundan, Mülki Məcəllənin 376-cı maddəsinin tələbi baxımından, iddia tələbi “ipoteka qoyulmuş əmlakın açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi”nə dair hissədə də rədd edilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Həmçinin, iddia müddətinin ötürülməsinə görə iddia tələbi digər hissələrdə rədd edilməli olduğundan, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, 200 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum iddiaçıya aid edilməli, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbi barədə iddiası rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına (KOD 512275, VÖEN **********, MH Acc: AZ41NABZ********************, SWİFT MUGAAZ22, Address – mailto:admin@muganbank.azElektron ünvan , Client Name – PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc – AZ37MUGA**********00274AZM70, Client VÖEN: **********) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar