Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-602/2025 03.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi zərərə görə 40000 manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 210 manat pul vəsaiti, cəmi 40210 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə və sahiblik hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən “X23 Təsərrüfatı” MMC-yə məxsus olmuşdur. Daha sonra İddiaçı ilə “X23 Təsərrüfatı” MMC arasında (MMC adından X11) Bakı şəhəri 19 saylı Notariat Kontorunda təsdiqlənmiş 3M-1059 saylı, xx.xx.2022-ci il tarixli, sözügedən torpaq sahəsinin istifadə hüququnun alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilən torpaq sahəsinin istifadə hüququnun alqı-satıq müqaviləsinə əsasən Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə və sahiblik hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı adına qeydə alınmışdır. Topraq sahəsinin plan və ölçüsü də tərtib edilmiş və təsdiqlənmişdir. İddiaçı üzərində sahiblik və istifadə hüququ olduğu torpaq sahəsini təyinatı üzrə istifadə etmək və ondan fayda götürmək istəsə də Cavabdeh tərəfindən maneə və hüquq pozuntusu ilə qarşılaşmışdır. Məlum olmuşdur ki, Cavabdeh qeyd edilən torpaq sahəsinə yerləşərək, oraya müxtəlif şəxsləri işçi qismində cəlb etmiş, həmin torpaq sahəsində maldarlıq və əkinlə məşğul olmuşdur. Həmçinin, Cavabdeh orada özbaşına tikinti işləri aparmış, tam və yarım tikililər inşa etmiş, yaşı çox olan bəzi ağacları kəsmişdir. İddiaçı qeyd edilən torpaq sahəsinə daxil olmaq istəyərkən maneə ilə rastlaşmışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə girişinin qarşısını almaq üçün girişdə şlaqbaun və süni maneələr yaradılmışdır. Yuxarıda qeyd olunan bütün faktlar foto və video çəkilişlərlə təsdiq olunur. Həmin çəkilişlər məhkəməyə də təqdim edilir. Bütün qeyd olunanlar iddiaçının öz əmlakına münasibətdə sahiblik və istifadə hüquqlarından məhrum edilməsi ilə nəticələnmişdir. 2022-ci ilin dekabr ayında Cavabdeh qarşı iddia tələbi ilə müraciət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(020)-213/2023 saylı qətnaməsi ilə cavabdeh X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan xx.xx.2022- ci il tarixli çıxarışla İddiaçı istifadəsinə verilmiş 9.9997 hektar torpaq sahəsinin 3.53 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılmaqla iddiaçının həmin torpaq sahəsinə girişinə cavabdeh tərəfində törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 1648/2023, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və qətnamə qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 15 may 2024-cü il tarixli, 2(102)-1463/2024 saylı qərarı ilə təmin edilməmiş və apelllyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Qeyd olunan iddia tələbini qaldırmalarından 1 il yeddi ay (19 ay) keçmişdir. Bütün bu zaman ərzində iddiaçı olaraq öz torpaq sahəsindən istifadə edə bilməmiş, həmin torpaq sahəsindən hər hansı bir fəaliyyətlə bağlı fayda götürə bilməmişdir, baxmayaraq ki, torpaq sahəsinin boşaldılması barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilmişdir. Bu müddət ərzində torpaq sahəsindən istifadə edə bilməmələri ilə bağlı iddiaçı tərəfə 40000 manat zərər dəymişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada təqdim etdiyi iddia ərizəsinə qarşı etiraz ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “X8 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X20 ilə Cavabdeh arasında 09 yanvar 2023-cü il tarixli 23BF/001/2 saylı 8 ha torpaq sahəsinə dair Birgə fəaliyyət haqqında müqavilə bağlanılmışdır. Buna baxmayaraq İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin girişindəki maneənin aradan qaldırılması, qanunsuz zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə geri qaytarılması tələbinə dair “ iddia qaldırmışdır. Həmin iddia ərizəsindən də göründüyü kimi, Cavabdeh qarşı iddia qaldırılmasının əsasında qanuni istifadəsində olan torpaq sahəsində maldarlıq, əkinçilklə məşğul olduğu üçün həmin torpaq sahəsində tikinti işlərinin və binaların olması olmuşdur. Ona elə məlumat vermişdilər ki, Cavabdeh maldarlıq və əkinşilklə məşğul olduğu torpaq sahəsi və həmin torpaq sahəsindəki tikiliər İddiaçı istifadə hüququ əsasında satılmış torpaq sahəsində yerləşir. Lakin iş üzrə ekspertizanın rəyindən sonra iddiaçıya açıq-aydın məlum oldu ki, Cavabdeh maldarlıq və əkinçilklə məşğul olduğu torpaq sahəsinin və tikililərin iddiaçıya istifadə üçün satılmış torpaq sahəsi ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Buna görə də İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin girişindəki maneənin aradan qaldırılması, qanunsuz zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə geri qaytarılması tələbinə dair“ iddiaya Beyləqan rayon məhkəməsində baxılmış və məhkəmənin 01 avqust 2023-cü il tarixli, 2(020)-213/2023 saylı qətnaməsinə əsasən iddia qismən təmin olunmuşdur, yəni cavabdehin İddiaçı istifadəsinə verilmiş 9.9997 ha torpaq sahəsinin 3.53 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılmaqla iddiaçının həmin torpaq sahəsinə girişinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun 25 manatının cavabdehdən, qalan 25 manat məbləğində pulun isə iddiaçıdan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazırliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməsi qət edilmişdir. Beyləqan rayon məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(020)-213/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin iclasında iştirak etmiş ücüncü şəxsin nümayəndəsi X14 həmin vaxtı bir daha bildirmişdir ki. mübahisəli torpaq sahəsi təmsil etdiyi “X8 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibliyində və sərəncamında olmaqla idarənin balansındadır. Buna baxmayaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2023-cü il tarixli, 2(106)-1648/2023 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin olunmamışdır. Bundan sonra həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2024cü il tarixli, e-2(102)-3302/2024 saylı qərarına əsasən kassasiya şikayəti təmin olunmamış və Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2023-cü il tarixli, 2(106)- 1648/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Beyləqan rayon məhkəməsi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli icra vərəqəsi 11 sentyabr 2024cü il tarixində icraya yönəldilmişdir. Həmin icra ilə əlaqədar olaraq Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X12, Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, tələbkar İddiaçı və borclu Cavabdeh və ƏMDK-nin Beyləqan rayon şöbəsinin mühəndisi X6 iştirakları ilə Beyləqan rayon məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(020)-213/2023 saylı icra sənədində göstərilmiş 3.53 ha torpaq sahəsinin ölçülərək iş üzrə tələbkar İddiaçı təhvil verilməsinə dair akt tərtib olunmuşdur. Həmin akt iştirakçılar tərəfindən imazalarla təsdiq olunmuşdur. Aktın tərtib olunmasından sonra isə 16 noyabr 2024-cü il tarixli icraata xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Bu isə onu göstərir ki, cavabdeh kimi tərəflərindən İddiaçı heç bir maddi zərər vurulmamışdır. İşin materiallarından da göründüyü kimi, İddiaçı torpaq sahəsinə dair istifadə hüququnun satılmasına baxmayaraq qətnamələrin qanuni qüvvəyə minməsinə qədər, icra vərəqəsi icra olunana qədər torpaq sahəsinin yerini bilməmişdir. Çünki ona istifadə üçün satılmış torpaq sahəsinin yerini bilmiş olsaydı Cavabdeh maldarlıq və əkinliklə məşğul olduğum torpaq sahəsi ilə bağlı, həmin torpaq sahəsindəki tikililərlə bağlı, həmin tikililərə gedən yolun üzərində şlaqbaumun qoyulmasını, həmin şlaqbaumla bağlı süni maneənin yaradılmasını, orada işləyən işçilərin sayının çox olmasını iddia etməzdi. Onu da bildirir ki, torpaq sahəsinə dair istifadə hüququnu İddiaçı satmış X11 həmin torpaq sahəsinin 5 ha hissəsini 8000 manata Cavabdeh, 5 ha hissəsini isə qardaşı oğlu Elçinə ömürlük satmışdır..Bu barədə olan əlyazma sənədə X23 təsərrüfatının möhürü də vurulmuşdur. Hətta həmin əlyazmada 8000 manat pulun poçt vasitəsilə göndərilməsi qeyd olunmuş və 8000 manat pul əlyazma sənədinin imzalandığı və möhürlə təsdiq edildiyi günü, yəni xx.xx.2019-cu il tarixində poçt vasitəsi ilə X4 adına poçtla göndərilmişdir. Onu da bildirir ki, X11 bu torpaq sahəsini çox adama satmışdır. Lakin torpaq sahəsinin yerini nə özü, nə də ki, digər şəxslər bilmirdilər. Bütün bu yuxarıda qeyd olunalara əsasən, cavabdeh X2 dəymiş maddi zərərə görə 40.000 manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 210 manat pul vəsaiti, cəmi 40.210 manat pulun tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqfdim etdiyi ərizəsində bildirmişdir ki, cavabdeh tərəf məhkəməyə iddia ərizəsinə etirazla müraciət etmiş, həmçinin bir sıra sənədləri iş materiallarına əlavə edilməsi üçün təqdim etmişdir. Açığı, cavabdeh tərəfin 2(020)-213/2023 saylı iş üzrə tərəflərindən təqdim edilmiş iddia ərizəsinin surətini, həmin iş üzrə qəbul edilmiş Beyləqan Rayon Məhkəməsinin qətnaməsini, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsini, Ali Məhkəmənin qərarını, Beyləqan Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsini və həmçinin bundan əvvəlki iş üzrə öz qiymətini almış digər iki sənədi məhkəməyə təqdim edərək nəyə ümid etdiyini anlamaq mümkün deyil. Çünki, yuxarıda qeyd edilən məhkəmə qərarları və icra vərəqəsi iddia tərəfi olaraq tərəflərindən ilkin olaraq məhkəməyə təqdim edilmişdir. Yəni, cavabdeh tərəf iddia tələbinin faktiki əsasını təşkil edən sübutları təkrarən təqdim etmişdir. Etiraz ərizəsində isə cavabdeh tərəf əvvəlki məhkəmə icraatında tərəflər arasında mübahisələndirilmiş, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə qiymətləndirilmiş faktları bir daha sadalamaqla kifayətlənmişdir. Etiraz ərizəsi hüquqi və faktiki əsasdan məhrumdur. Belə ki, cavabdeh tərəf hansı faktları təsdiqləyən sübutları əsas götürməklə və hansı maddi hüquq normalarına istinad etməklə iddia ərizəsinin təmin edilməməli olduğuna dair heç bir əsas irəli sürə bilməmişdir. İddiaçı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində iki il ərzində (noyabr 2022-noyabr 2024-cü illər) özünə məxsus olan Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edə bilməmiş, həmin torpaq sahəsindən hər hansı bir fəaliyyətlə bağlı fayda götürə bilməmişdir. Bu müddət ərzində torpaq sahəsindən istifadə edə bilməməsi ilə bağlı iddiaçı tərəfə maddi zərər dəymişdir. Həmçinin, “X9” MMC-nin 12 fevral 2025-ci il tarixli rəyi məhkəməyə təqdim edilmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş edirlər. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada təqdim etdiyi ərizəsində bildirmişdir ki, İddiaçı 30 noyabr 2022-ci il tarixli iddia ərizəsinin ikinci səhifəsində cavabdehin məcburi qaydada çıxarılmağını tələb etdiyi torpaq sahəsində və Şirvan Kommersiya Məhkəməsinin icraatında olan dəymiş maddi zərərə görə olan iddia ərizəsinin ikinci səhifəsində özbaşına tikinti işlərini apardığını, tam və ya yarım tikililər inşa etdiyini, həmin sahədə maldarlıq və əkinlə məşğul olduğunu, həmin torpaq sahəsində yerləşməyini, orada çoxlu adamları işlətdiyini, həmin torpaq sahəsinə girişin qarşısının almaq üçün şlaqbaumun qoyulmasını və süni manelərin yaradılmasını bildirmişdir. Bu o deməkdir ki, İddiaçı onlara qarşı iddia qaldırdığı vaxt istifadə hüququnu almış olduğu 9.9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hələ yerini bilmirdi. Məhz bu səbəbdən də qanunla istifadəsində olan torpaq sahəsində maldarlıq və əkinlə məşğul olduğu torpaq sahəsindən məcburi çıxarılmağını tələb etmişdir. Lakin Beyləqan rayon məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(020)-213/2023 saylı qətnaməsinə əsasən iddia qismən təmin olunmuşdur, yəni cavabdehin İddiaçı istifadəsinə verilmiş 9.9997 ha torpaq sahəsinin 3.53 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılmaqla iddiaçının həmin torpaq sahəsinə girişinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun 25 manatının cavabdehdən, qalan 25 manat məbləğində pulun isə iddiaçıdan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazırliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməsi qət edilmişdir. Lakin 3.53 ha torpaq sahəsindən istifadə etməyi də Beyləqan rayon məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(020)-213/2023 saylı qətnaməsindən də göründüyü kimi, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “X8 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X20 ilə Cavabdeh arasında bağlanılmış 09 yanvar 2023-cü il tarixli 23BF/001/2 saylı müqaviləyə əsasən 8 ha torpaq sahəsinə dair Birgə fəaliyyət haqqında müqavilə əsasında olmuşdur. Axı həmin 9.9997 ha torpaq sahəsinin mülkiyyətçisi bu gün də Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “X8 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Onu da bildirir ki, torpaq sahəsinə dair istifadə hüququnu İddiaçı satmış X11 həmin torpaq sahəsinin 8000 manata 5 ha ona, 5 ha isə qardaşı oğlu Elçinə ömürlük satmışdır. Bu barədə olan əlyazma sənədə X23 təsərrüfatının möhürü də vurulmuşdur. Hətta həmin əlyazmda 8000 mant pulun poçt vasitəsilə göndərilməsi qeyd olunmuş və 8000 manat pul əlyazma sənədinin imzalandığı və möhürlə təsdiq edildiyi gün, yəni xx.xx.2019-cu il tarixində poçt vasitəsi ilə X4 adına poçtla göndərilmişdir. Məlum edir ki, X7 icarə adı ilə verilmiş, sonradan isə istifadə hüququ adı ilə satılmış 9.9997 ha torpaq sahəsinin naturada yeri məhkəmə qətnamələrinin qanuni qüvvəyə mindiyi günə müəyyən olunmamışdır. Həmin mütəxəssis rəyinin verilldiyi vaxtı da qətnamələrdən göründüyü kimi, ondan istifadəsində olan torpaq sahəsi ilə bağlı heç bir sənəd istənilməmişdir. Həmin mütəxəssis rəyinin verildiyi vaxtı da sürüşmə nəticəsində 3.53 ha torpaq sahəsindən istifadə etməsini bildirmişdir. Ekspert rəyi isə mütəxəssis rəyinin eyni ilə köçürülməsi nəticəsində tərtib olunmuşdur. İddiaçı istifadəsinə verilmiş 9.9997 ha torpaq sahəsinin TEKUS-a əsasən torpaq sahəsinin yeri hələ bu gün də müəyyənləşdirilməmişdir. Daha doğrusu həmin 9.9997 ha torpaq sahəsinin koordinat nöqtələri nə mütəxəssis rəyində, nə də ki, iş üzrə keçirilmiş ekspertiza rəyində göstərilməmişdir. Bu barədə olan qəbz və digər sənəd şəxsi kabinet vasitəsi ilə Şirvan Kommersiya məhkəməsinin icraatında olan iddia ərizəsinə əlavə olunması üçün göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2023-cü il tarixli, 2(106)-1648/2023 saylı qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2024-cü il tarixli,e-2(102)-3302/2024 saylı qərarından sonra, yəni torpaq mübahisəsinin həll olunmasından sonra sonra Beyləqan rayon məhkəməsi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli icra vərəqəsi 11 sentyabr 2024cü il tarixində icraya yönəldilmişdir. Həmin icra ilə əlaqədar olaraq Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X12, Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, tələbkar İddiaçı və borclu Cavabdeh və ƏMDK-nin Beyləqan rayon şöbəsinin mühəndisi X6 iştirakları ilə Beyləqan rayon məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(020)- 213/2023 saylı icra sənədində göstərilmiş 3.53 ha torpaq sahəsinin ölçülərək iş üzrə tələbkar İddiaçı təhvil verilməsinə dair akt tərtib olunmuşdur. Həmin akt iştirakçılar tərəfindən imazalara təsdiq olunmuşdur. Aktın tərtib olunmasından sonra isə 16 noyabr 2024-cü il tarixli icraata xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Bu isə onu göstərir ki, cavabdeh kimi tərəfindən İddiaçı heç bir maddi zərər vurulmamışdır. İşin materiallarından da göründüyü kimi, İddiaçı torpaq sahəsinə dair istifadə hüququnun satılmasına baxmayaraq qətnamələrin qanuni qüvvəyə minməsinə qədər, icra vərəqəsi icra olunana qədər torpaq sahəsinin yerini bilməmişdir. Çünki ona istifadə üçün satılmış torpaq sahəsinin yerini bilmiş olsaydı onun maldarlıq və əkinliklə məşğul olduğu torpaq sahəsi ilə bağlı, həmin torpaq sahəsindəki tikililərlə bağlı, həmin tikililərə gedən yolun üzərində şlaqbaumun qoyulmasını, həmin şlaqbaumla bağlı süni maneənin yaradılmasını, orada işləyən işçilərin sayının çox olmasını iddia etməzdi. Bu hal İddiaçı mübahisəli torpaq sahəsinin məhkəmələr qaydasında həll olunmasından sonra ondan pul tələb edilməsinə heç bir hüquqi əsas vermir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı (çıxış) ərizəsində bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(020)- 213/2023 saylı qətnaməsi ilə cavabdeh X3, çıxarışla İddiaçı istifadəsinə verilmiş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahasinin iddiaçının istifadəsinə qaytarılmaqla iddiaçının həmin torpaq sahəsinə girişinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1648/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və qətnamə qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin 15 may 2024-cü il tarixli, 2(102)-1463/2024 saylı qəran ilə kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qətnaməsi 18 noyabr 2024-cü ildə hər iki tərəfin iştirakı ilə icraya yönəldilmişdir və həmin tarixdə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin girişinə qoyulan maneələr aradan qaldırılmış və reyestr nömrəsi **********04 olan xx.xx.2022- ci il tarixli çıxarışla iddiaçıya məxsus 9.9997 hektar torpaq sahəsi bütün şəkildə iddiaçıya təhvil verilmişdir. İddiaçı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində iki il ərzində (noyabr 2022noyabr 2024-cü illər) özünə məxsus olan Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edə bilməmiş, həmin torpaq sahəsindən hər hansı bir fəaliyyətlə bağlı fayda götürə bilməmişdir. Bu müddət ərzində torpaq sahəsindən istifadə edə bilməmələri ilə baglı iddiaçı tərəfə maddi zərər dəymişdir. Hazırda isə həmin torpaq sahəsi iddiaçı tərəfindən buğda, qarğıdalı və yonca əkilməklə tam olaraq istifadə edilməkdədir. İş materiallarına əlavə edilmiş rəydə qeyd edilmişdir ki, iki il ərzində (noyabr 2022-noyabr 2024-cü illər) qeyd edilən torpaq sahəsində buğda və yonca əkiləcəyi təqdirdə bütün aqrotexniki qulluq xərclərini çıxmaqla 37230 (otuz yeddi min iki yüz otuz) təmiz gəlir əldə edilməsi müəyyən edilmişdir. Yəni ki, əldən çıxmış fayda olaraq yuxarıda qeyd olunan məbləğ müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, qeyd edilən torpaq sahəsi ilə bağlı Aqrar Sığorta Fondu tərəfindən verilmiş X10 və Bitkiçilik Məhsullarının Sığortası Şəhadətnaməsində əkin sahəsi bir il üçün 18999.43 manat dəyərində sığorta edilmişdir. xx.xx.2022-ci il tarixində torpaq sahəsinə dair Çıxarışı əldə etdikdən sonra iddiaçı cavabdehə torpağın ona məxsus olmasını və torpaq sahəsini boşaltması gərəkdiyini bildirsə də, cavabdeh hüquq pozuntusunu hərəkətsizliklə davam etdirmişdir. Noyabr 2022-ci ildə isə iddia tələbi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edilmişdir. Cavabdeh heç bir zaman xoş niyyət göstərməmiş, apellyasiya və kassasiya şikayətlərini ayırlmış müddətin son günündə verməklə öz qeyri- hüquqi davranışını davam etdirmişdir. Həmçinin, cavabehin hətta özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə də bağlı hüquq müəyyən edici sənədləri yoxdur. İş üzrə qəbul edilmiş qətnamələrdə bu fakt təsbit edilmişdir. Mülki Məcəllənin 21-ci, 152-ci, 157-ci maddələrini qeyd etməklə bərabər Torpaq Məcəlləsinin 67.4-cü, 84.3-cü, 111.1-ci maddələri də iddia tələbinin hüquqi əsasını təşkil edir. Bundan öncə cavabdehin formal mülahizələrdən ibarət etiraz ərizəsinə də münasibət bildirilmişdir. İddiaçı vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Beyləqan rayon İcra Hakimiyyətinin balansında olan Beyləqan şəhəri ərazisində yerləşən, ölçüsü 9,9997 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ xx.xx.2022-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində **********04 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan “X8 və Emal Birliyi” MMC (birinci tərəf) ilə Cavabdeh (ikinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 23BF/001/2 nömrəli “birgə fəaliyyət haqqında” müqavilədən görünür ki, tərəflər arasında təsərrüfata məxsus Beyləqan rayonu, xəstəxana yolunun yaxınlığında yerləşən 8 (səkkiz.) hektar torpaq sahəsindən birgə istifadə edərək əkinçilik təsərrüfatını inkişaf etdirmək barədə razılaşma əldə olunmuşdur. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-213/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məcburi olaraq çıxarılma və maneənin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı istifadəsinə verilmiş 9.9997 hektar torpaq sahəsinin 3.53 ha hissəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1648/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Beyləqan Rayon Məhkəməsinin 2(020)-213/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1463/2024 nömrəli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1648/2023 nömrəli mülki iş üzrə 18 dekabr 2023cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Beyləqan rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarının, iddiaçı (icra işi üzrə tələbkar) və cavabdehin (icra işi üzrə borclu) iştirakları ilə tərtib edilmiş və imzalanmış aktın surətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-213/2023 nömrəli icra sənədində göstərilən torpaq sahəsi ölçülərək iş üzrə tələbkar İddiaçı təhvil verilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin nümayəndələrinin yazılı izahat və mülahizələrinə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı istifadə hüququ ilə ona məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini, həmin sahədən istifadəsinə maneə yaratdıldığını, çıxarılmış məhkəmə qərarları ilə cavabdehin zəbt etdiyi sahədən çıxarılmasının qət edildiyini və torpaq sahəsi onun istifadəsinə verildiyi tarixdən məhkəmə aktının icra edildiyi tarixə kimi olan müddətdə torpaq sahəsindən istifadə edərək faydalana bilmədiyini əsas gətirir və cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində əldən çıxmış fayda şəklində məruz qaldığı zərərin əvəzinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə mübahisəli torpaq sahəsini zəbt etmədiyini, həmin torpaq sahəsini qanuni əsaslarla əldə etdiyini, iddiaçıya heç bir zərər vurmadığını bildirir. Məhkəmə qeyd edir ki, işdə olan sənədlərə əsasən mübahisəli torpaq sahəsinin istifadə hüququ ilə iddiaçıya məxsus olması, həmin torpaq sahəsinin 3.53 ha hissəsinin cavabdeh tərəfindən istifadə edilməsi, xx.xx.2024-cü il tarixdə mübahisəli torpaq sahəsinin iddiaçıya təhvil verilməsi baxılan işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə, iddia tələbinin əsası kimi tərəflər arasında mübahisəli torpaq sahəsinin mənsubiyyəti ilə bağlı mövcud olmuş mübahisəyə dair qanuni qüvvəsini almış məhkəmə qərarlarına istinad edildiyini, həmin işlə baxılan işin predmetləri arasında əlaqəni və qəbul edilmiş məhkəmə qərarları ilə müəyyən edilmiş halların baxılan işə münasibətdə preyudisial əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, həmin məhkəmə aktları ilə müəyyən edilmiş hallar baxılan iş üzrə də mübahisəsiz hallar kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdə olan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmişdir ki; - Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X5 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan, xx.xx.2018-ci il tarixli Çıxarışla Beyləqan şəhər ərazisində “Günay” KFT-nın (X7) istifadəsinə 9.9997 ha torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyul 2023-cü il tarixli, 10/4240 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Beyləqan şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla verilmiş 9.9997 hektar torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Cavabdeh X13 tərəfindən Beyləqan şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı verilmiş 9.9997 hektar torpaq sahəsinin 3.53 ha hissəsi istifadə olunur. Cavabdeh X13 tərəfindən istifadəsində olan torpaq sahəsi barədə hüquqmüəyyən edici sənədlər (yerquruluşu planı və ayrıca aktı və s) təqdim edilmədiyi üçün istifadə etdiyi torpaq sahəsinin X15 məxsus torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümküm olmamışdır. - Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilib şahid qismində dindirilən X11 ifadəsində göstərmişdir ki, “X23 Təsərrüfat” nın rəhbəridir. Şəhid ailəsi kimi müraciətindən sonra ona 15 ha torpaq sahəsi verilmişdir. Həmin torpağın 5 hektarı sənədli olmuş, qalan 10 hektarını da sonradan sənədləşdirmişdir. Torpaqdan uzun müddət onun razılığına əsasən Cavabdeh istifadə etmişdir. Lakin Cavabdeh onunla olan razılaşmaya əməl etməmişdir. İddiaçı isə onun yaxın qohumudur. Ona görə də ona məxsus təsərrüfatın istifadəsində olan 9.9997 ha torpaq sahəsini Bakı şəhərinin 19 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında istifadə üçün İddiaçı satmışdır. Lakin Cavabdeh həmin torpaq sahəsində iddiaçıya istifadə etməyə maneçilik törədir. Halbu ki, Cavabdeh həmin torpaq sahəsinə heç bir hüququ yoxdur. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddia tələbinin predmetini cavabdehin qanunsuz hərəkətləri nəticəsində məruz qaldığı əldən çıxmış fayda şəklində zərərin əvəzinin ödənilməsi barədə iddiaçının tələbi təşkil edir. Məhkəmə, iddianın predmeti ilə bağlı gəldiyi qənaətə əsasən hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını torpaq sahəsinin qanunsuz zəbt edilməsi nəticəsində əldən çıxamış fayda şəklində vurulmuş zərərin yaranması və tələb edilə bilinməsinin normativ tənzimlənməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 və 112-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.3-cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. Məhkəmə hesab edir ki, baxılan iş üzrə iddianın uğurluluğu işin faktiki hallarının yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərini ödəməsi ilə mümkündür. Məhkəmə, baxılan işin müəyyən edilmiş faktiki hallarını yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən qiymətləndirərərk bu nəticəyə gəlir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi zərərçəkmiş şəxsin əmlakında mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərlə əmələ gələn ziyanın aradan qaldırılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntusu nəticəsində mülki məsuliyyətin əsaslarını müəyyən edən maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin yaranması, həmin zərərin yaranmasında borclunun təqsirinin müəyyən olunması və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Baxılan işin hallarından görünür ki, iddiaçının mübahisəli torpaq sahəsinə istifadə hüququ xx.xx.2022-ci il tarixdə yaranmışdır. Həmin tarixə kimi mübahisəli torpaq sahəsinin bir hissəsi cavabdehin faktiki istifadəsində olmuşdur. Torpaq sahəsinin ilkin istifadəçisi olan fermer təsərrüfatının rəhbərinin izahatına görə, torpaqdan uzun müddət onun razılığına əsasən cavabdeh X13 istifadə etmişdir, lakin sonradan Cavabdeh onunla olan razılaşmaya əməl etmədiyinə görə həmin sahəyə dair istifadə hüququnu yaxın qohumu olan iddiaçıya satmışdır. Həmçinin, o da müəyyən olunmuşdur ki, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi İddiaçı istifadəsinə verilmiş 9.9997 hektar torpaq sahəsinin 3.53 ha hissəsini təşkil etmişdir. Qeyd olunan 3,53 ha torpaq sahəsi isə xx.xx.2024-cü il tarixdə iddiaçının istifadəsinə qaytarılmışdır. Beləliklə, məhkəmə müəyyən edir ki, əvvəla cavabdeh istifadə hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsinin iddia edildiyi kimi hamısından deyil, 3,53 ha hissəsindən və həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ qeydiyyata alınanadək əvvəlki istifadəçinin razılığı ilə uzun müddət istifadə etmişdir. Cavabdeh mübahisəli torpaq sahəsinin qanuni əsaslarla (“X8 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı birgə fəaliyyətə dair müqavilə, həmçinin əvvəlki istifadəçinin razılığı əsasında) istifadəsində olmasına istinad edərək, həmin torpaq sahəsinin boşaldılmasına dair ona qarşı irəli sürülmüş tələbi qəbul etməmiş və sonradan həmin tələb üzrə çıxarılmış məhkəmə aktlarını mübahisələndirmişdir. Belə olan halda, iddiaçı istifadəsinə verilmiş 9.9997 hektar torpaq sahəsində 2022-ci ilin noyabr ayından 2024-cü ilin noyabr ayına kimi buğda və yonca əkiləcəyi təqdirdə əldə edəcəyini ehtimal etdiyi əldən çıxmış faydanı vurulmuş zərər olaraq cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmamışdır. Məhkəmə, cavabdehin sui-istifadəyə yol verərək məhkəmə prosesini uzatmaqla iddiaçıya zərər vurması barədə iddiaçının dəlilinə tənqidi yanaşaraq qeyd edir ki, əvvəla işdən göründüyü kimi cavabdeh mübahisəli torpaq sahəsinin qanuni əsaslarla onun istifadəsində olmasını zənn edərək və bu barədə müvafiq dəlillər gətirərək ona qarş irəli sürülmüş tələbi qəbul etməmişdir. Digər tərəfdən məhkəmə müdaifəsi hüququndan istifadə etmək, o cümlədən çıxarılmış məhkəmə aktlarından şikayət vermək heç bir halda hüqudan sui-istifadə olaraq qəbul edilə bilməz. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş xərclər onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-602/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-602/2025
03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver