Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-603/2021 03.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı 4.999,99 manat əsas borc, 893,18 manat faiz borcu, 415 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 723,12 manat borc olmaqla, cəmi 7.031,29 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filiali ilə Cavabdeh3 arasında bağlanmış 462 SF №-li 01 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə heyvandarlığın inkişafı məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh Əliyev Akif Allahverdi oğluna kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında 08 aprel 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********407 saylı 11.03.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh3 02.03.2021-ci il tarixə kredit üzrə cəmi borcu 7.031,29 (yeddi min otuz bir manat 29 qəpik) manat təşkil edir. Bundan 4.999,99 (dörd min doqquz yüz doxsan doqquz manat 99 qəpik) manat əsas, 893,18 (səkkiz yüz doxsan üç manat 18 qəpik) manat faiz, 415,00 (dörd yüz on beş) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 723,12 (yeddi yüz iyirmi üç manat 12 qəpik) manat faiz borcu təşkil edir. Borc ödənilmədiyindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək işə mahiyyəti üzrə baxılmasını, iddia tələblərini tam müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında iddia üzrə əsas və faiz borcunu qəbul etdiyini və qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh3 arasında bağlanmış 01 aprel 2015-ci il tarixli, 462 SF saylı kredit müqaviləsinə əsasən, Cavabdeh3 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə, heyvandarlığın inkişafı üçün 5.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 13.04.2015-ci il tarixli, 12 saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh3 5.000 manat kredit verilmişdir. İş materiallarında olan 08 aprel 2015-ci il tarixli, 6695 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-nin İmişli filialı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 01 aprel 2015ci il tarixli, 462 SF saylı kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 02.03.2021-ci il tarixli, **********101 saylı arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 01 aprel 2015-ci il tarixli, 462 SF saylı kredit müqaviləsi üzrə cavabdehin 12.02.2021-ci il tarixə banka 4.999,99 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 893,18 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 415 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 723,12 manat, ümumi borc 7.031,29 manat təşkil edir. İş materialında olan 11.03.2021-ci il tarixli xəbərdarlıq bildirişindən görünür ki, İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh3 arasında bağlanılmış 01 aprel 2015-ci il tarixli, 462 SF saylı kredit müqaviləsi əsasında aldığı 5.000 manat kreditə görə 26 fevral 2021-ci il tarixinə banka 4.999,99 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 906,49 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 415 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 732,78 manat, ümumi borc 7.054,26 manat məbləğində kredit borcunun olması barədə Cavabdeh3 və həmin kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2, bağlanmış 08.04.2015-ci il tarixli 6695 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 ilə birlikdə məsuliyyət daşıdıqları barədə xəbərdar edilmiş, qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışlar. İş materialından görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. İş materiallarında olan Cavabdeh3 ərizəsindən görünür ki, o, iddia tələbini əsas və faiz borcu hissəsində qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh3 arasında 01 aprel 2015-ci il tarixli, 462 SF saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh3 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin İmişli filialı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 6695 saylı zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 01 aprel 2015ci il tarixli, 462 SF saylı kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdürlər. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh3 tərəflər arasında bağlanmış 01 aprel 2015-ci il tarixli, 462 SF saylı kredit müqaviləsi üzrə 4.999,99 manat əsas və 893,18 manat faiz borcunun olması iş materialları ilə, həmçinin Cavabdeh3 ərizəsi ilə sübut olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi əsasnda iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh3 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın 4.999,99 manat məbləğində əsas borcun və hesablanmış 893,18 manat məbləğində faiz borcunun ödənilməsinə dair hissələri əsaslıdır. Odur ki, iddianın həmin hissələri təmin edilməlidir. Məhkəmə iddianın müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 723,12 manat məbləğində faiz borcunun tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3620/2016 saylı, 22.07.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 59.5-ci maddəsinə əsasən bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarının qəbul edildiyi andan bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri ləğvediciyə keçir, bank inzibatçılarının və ya səhmdarlarının bank adından etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur, bank aktivlərinin mühafizəsi və məhkəmə qərarlarının icrası məqsədilə aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir, habelə bankın girov məbləği (ipoteka) həddində təmin etdiyi öhdəlikləri istisna olmaqla, qalan aktivlər həbsdən və ya icraatdan müdafiə edilir. Həmin Qanunun 59.6-cı maddəsinə əsasən ləğvedicinin təyin edildiyi tarixdən bankın idarəetmə orqanları (müvəqqəti inzibatçı təyin olunduğu halda, müvəqqəti inzibatçı) bankın möhürlərini, ştamplarını, bütün əmlakını, mühasibat kitablarını və digər sənədlərini təhvil-təslim aktı ilə ləğvediciyə təhvil verməlidir. Məhkəmə qeyd edir ki, hüquqi nəticə etibarı ilə 22.07.2016-cı il tarixdən sonra İddiaçı ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirmişdir. Belə ki, ləğv prosesində olan Bank “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətləri, yəni fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını və sair bu kimi fəaliyyətləri həyata keçirə bilmir. Belə olan halda bankın əldən çıxmış faydası da ola bilməz. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müddəti isə 01.04.2018-ci il tarixdə, yəni bank məcburi ləğv edildikdən sonra bitmişdir. Bu səbəbdən də Bank illik 5% dərəcəsi ilə hesablama aparmaqla cavabdehlərdən əldən çıxmış fayda qismində faiz tələb edə bilməz. Odur ki, iddia həmin hissədə əsassızdır. Məhkəmə iddianın 415 manat cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin bəzi hallarda müəyyənləşdirilən dəbbə pulu miqdarı borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq, cərimənin 4 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə qeyd edir ki, kredit və zaminlik müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 01.04.2018-ci il tarixdə başa çatmış, lakin kreditor olaraq, iddiaçı 01.04.2019-cu il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Məhkəmə qeyd olunan əsaslara görə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatı iddiaçıya aid edilməli, 25 manatı isə Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 4.999,99 manat əsas borc, 893,18 manat faiz borcu, 4 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat olmaqla, cəmi 5.922,17 manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 4.999,99 manat əsas borc, 893,18 manat faiz borcu, 4 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat olmaqla, ümumilikdə 5.922,17 (beş min doqquz yüz iyirmi iki manat, on yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-603/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-603/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver