Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-620/2025 28.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Tələb:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 2078,12 AZN məbləğində əsas kredit borcu, 88,36 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 58.24 AZN məbləğində penya olmaqla, cəmi 2224,72 AZN, həmçinin iddia qaldırılması üçün ödənilmiş 42,25 manat dövlət rüsumununtutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 32280***-*******01L saylı razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə illik faiz dərəcəsi 30%-dən yuxarı olmamaq şərti ilə 150000 (bir yüz əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh1 ilə bağlanmış xx.xx.2023-cü il tarixli 32FİZAM131746201 saylı zaminlik müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2023cü il tarixli 32280***-*******01L saylı əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 12 ay müddətinə illik 22% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 onunla bağlanmış əsas kredit limiti razılaşmasının şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zamin Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, əsas kredit limiti razılaşmasından irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 2078,12 manat məbləğində əsas kredit borcu, 88,36 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 58,24 manat məbləğində penya olmaqla, cəmi 2224,72 manat məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər.
İddia ərizəsinə etiraz:
3. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) xx.xx.2024-cü il tarixində cavabdehlərə poçt vasitəsilə ilə təqdim olunmuş, lakin cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir.
Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə xx.xx.2024-cü il tarixli, e-2-2(121)-3932/2024 nömrəli qərardadla iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
5. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 32280***-*******01L saylı, xx.xx.2023-cü il tarixli əsas “Kredit Limiti Razılaşması”na əsasən İddiaçı ASC 150000 manat məbləğində 120 ay müddətinə kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində bu kredit razılaşmasının tərkib hissəsi olan kredit razılaşmaları imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir.
6. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 32280***-*******01L saylı, xx.xx.2023-cü il tarixli əsas “Kredit Limiti Razılaşması”nın ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli kredit razılaşmasının surətindən görünür ki, həmin razılaşmanın 2-ci və 4-cü bəndlərinə əsasən, bu razılaşmanın imzalanması ilə “Kreditverən” 32280***- *******01L saylı, xx.xx.2023-cü il tarixli əsas “kredit limiti razılaşması” çərçivəsində illik 22 faiz dərəcəsi ilə xx.xx.2024-cü il tarixinədək, 0 (sıfır) ay güzəşt olmaqla 10.000 manat məbləğində borc pul vəsaitini Dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədlə “Boracalan”a verir. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 24 %-dir.
7. 32280***-*******01L saylı, xx.xx.2023-cü il tarixli əsas “Kredit Limiti Razılaşması”nın 2.1-ci bəndinə əsasən "Borcalan" kredit üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin öhdəlikləri müəyyən edilmiş müddətdə icra etmədikdə, “Kreditverən” bu əsas kredit limiti razılaşmasını ve ayrlmaz tərkib hissəsi sayılan kredit razılaşmalarını vaxtından əvvəl ləğv edə, kredit borcunu, faizleri, cərimələri, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
8. Həmin razılaşmanın 3-cü bəndinə əsasən, “Borcalan” bu kreditin verilməsinə görə 100 AZN məbləğində xidmət haqqı ödəyir və ya kreditin verilməsinə görə hesablanmış 100 AZN xidmət haqqı 32280***-*******01L saylı, xx.xx.2023-cü il tarixli əsas kredit limiti razılaşmasına təminatı qismində bağlanılan ipoteka müqaviləsinə bağlandığı tarixdən 3 (üç) ildən tez xitam veriləcəyi təqdirdə “Borcalan” tərəfindən “Kreditverən”ə ödəniləcəkdir.
9. Həmin razılaşmanın 5-ci bəndinə əsasən, Güzəşt müddəti ərzində “Borcalan” götürülmüş kreditə görə yalnız 32280***-*******01L saylı, xx.xx.2023-cü il tarixli əsas kredit limiti razılaşmasına əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə “Borcalan” əsas borc, faiz və digər ödənişləri “Kreditverən”ə ödəyəcəkdir. Eyni zamanda faiz ödənişləri aylıq ödəniş məbləğlərini özündə əks etdirən ödəniş cədvəlində qeyd edilmiş vaxtda və məbləğdə “Kreditverən"ə qaytarılmadıqda, “Borcalan” hər gecikdirilən gün üçün 0.00 (sıfır) AZN məbləğində cərimə ödəyəcəkdir.
10. 32280***-*******01L saylı, xx.xx.2023-cü il tarixli əsas “Kredit Limiti Razılaşması”nın ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əlavə olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixədək 10.000 manat əsas, 1266,9 manat faiz borcu olmaqla, cəmi 11266,9 manat məbləğində ödəniş edilməlidir.
11. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 32FİZAM131746201 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminlərin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir və zaminlər faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır.
12. xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən əsas borc üzrə 2078,12 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 88,36 manat, cərimə borcu 58,24 manat təşkil edir.
13. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən əsasən yaranmış 2078,12 manat əsas borc, 0.00 manat kreditdən istifadəyə görə faiz borcu, cərimə üzrə 88,36 manat olmaqla, cəmi 2166,48 manat məbləğində borcun məktub alındığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, həmçinin cavabdehlər tərəfindən öhdəliyin pozulduğuna görə kredit müqaviləsinin bir tərəfli qaydada ləğv edildiyi qeyd olunmuş, borcun ödənilməyəcəyi təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq edilmişdirlər.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
a) Məhkəmənin mövqeyi:
17. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir.
18. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı ASC Cavabdeh2 borc (kredit) verməyi, Cavabdeh2 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
20. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
21. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdehlər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdehlər tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
22. İş materiallarında olan sənədlərə əsasən aparılan araşdırma nəticəsində məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçının Cavabdeh2 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Bu əsasla iddiaçı cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməklə müqaviləyə xitam verməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinə faiz və cərimə borcuna münasibətdə hüquqi qiymət verilərkən müqavilənin ləğv edilməsi nəzərə alınmalıdır.
23. Məhkəmə qeyd edir ki, Cavabdeh2 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zamin Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə üzrə iddiaçı qarşısında Cavabdeh2 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüyünə görə, o da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdır.
24. Məhkəmə yuxarıda göstərilənləri də nəzərə alaraq qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdehlər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaya qarşı etirazlarını bildirməmişlər, həmçinin iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə işin müəyyən edilmiş hallarını, iş materiallarında olan sənədləri və müqavilənin ləğv edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsas borca münasibətdə tam olaraq əsaslı olsa da, faiz borcuna dair hissədə əsassız olduğundan rədd edilməlidir. Ona görə ki, tələb olunan və xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd olunan 88,36 manat faiz borcu xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda 0.00 manat olaraq göstərilmişdir. Göründüyü kimi xx.xx.2024-cü il tarixə cavabdehlərin iddiaçıya ödənilməmiş qalan faiz borcunun olması müəyyən edilmir. Həmin tarixdən kredit müqaviləsi iddiaçı tərəfindən bir tərəfli qaydada ləğv edildiyindən, məhkəmə hesab edir ki, ondan sonraki tarixlərə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə faiz borcunun hesablanması mümkün deyildir.
25. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi cərimənin tutulması hissəsində də rədd edilməlidir. Belə ki, tərəflər arasında imzalanmış “Kredit Limiti Razılaşması”nın 5-ci bəndinə əsasən faiz ödənişləri aylıq ödəniş məbləğlərini özündə əks etdirən ödəniş cədvəlində qeyd edilmiş vaxtda və məbləğdə “Kreditverən"ə qaytarılmadıqda, “Borcalan” hər gecikdirilən gün üçün 0.00 (sıfır) AZN məbləğində cərimə ödəyəcəkdir. Tərəflər arasında cərimənin hesablanması müəyyənləşdirilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, hazırki işdə iddiaçı cavabdehlərdən cəriməni tələb etməkdə haqlı olmamışdır.
Məhkəmə xərcləri:
26. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 42,25 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə AR MPM-nin 119.1-ci maddəsinə əsasən qeyd edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə iddinın təmin edilmiş hissəsinə mütənasib olaraq 40,78 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi (1,65 manat) isə iddiaçıya aid edilməlidir.
Nəticə:
Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2078,12 ( iki min yetmiş səkkiz manat, on iki qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumuna görə 40,78 (qırx manat, yetmiş səkkiz qəpik) manat pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 1,46 (bir manat, qırx altı qəpik) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev