Məhkəmə qərarları › İş №e-2-2(121)-643/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-643/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-643/2021 20.09.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, Cavabdeh, həmçinin digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı – kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barəsində iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “iddiaçı”, ləğv prosesində olan İddiaçı ASC və ya İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – 9463,18 manat məbləğində əsas borc, 844,53 manat məbləğində faiz borcu, 810,47 manat məbləğində cərimə borcu, 1367,64 manat məbləğində kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu, cəmi 12485,82 manat məbləğində kredit borcunun, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən 40 manat məbləğində dövlət rüsumu və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Cəlilabad rayonu, Göytəpə şəhəri, İsa Dadaşov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 nömrəli fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh2 arasında bağlanmış 08.04.2015-ci il tarixli 3995 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 12.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 27.02.2009- cu il tarixli MH seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Cəlilabad rayonu, Göytəpə şəhəri, İsa Dadaşov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə bank ilə Cavabdeh1 arasında 08.04.2015-ci il tarixli 3995 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayış evin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08.04.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.3-cı bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********211 saylı 02.03.2021-ci il tarixli, **********418 saylı 11.03.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idilər, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 02.03.2021-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 12.485,82 manat təşkil edir. Bundan 9.463,18 manat əsas, 844,53 manat faiz, 810,47 manat cərimə və Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.367,64 manat faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiyini bildirmiş, işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh, həmçinin digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında həm öz adından, həm də nümayəndəsi olduğu Cavabdeh2 adından iddianı qismən, yəni 9463,18 manat məbləğində əsas borc və 59,29 manat məbləğində faiz borcunun Cavabdeh2 tutulması hissəsində iddianı qəbul edərək, iddianın qalan hissəsinə etiraz etdi. Buna görə də, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 3995 saylı, 08.04.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 36 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 3995 saylı, 08.04.2015-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən İ.Dadaşov küçəsində 55 saylı fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08.04.2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən İ.Dadaşov küçəsində 55 nömrəli fərdi yaşayış evi, mülkiyyətində olan 0.06 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehlərə borcun ödənilməsi ilə bağlı **********211 saylı, 02.03.2021-ci il tarixli bildiriş göndərmişdir İş materiallarından görünür ki, iddiaçı cavabdehə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə 11.03.2021-ci il tarixli, **********418 nömrəli bildiriş göndərmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 05.03.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşdən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması ilə bağlı iddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu, 30 manat məbləğində xidmət haqqı qismində pul vəsaiti ödənilmişdir. İşin materiallarında olan 02.03.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 9463,18 manat məbləğində əsas borc, 844.53 manat məbləğində faiz borcu, 810,47 manat məbləğində cərimə borcu, 1367,64 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 12485,82 manat məbləğində kredit borcu vardır. İşdə olan ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə ünvanladığı müraciətindən görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3995 saylı, 22.06.2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 3995 saylı, 08.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə 08.04.2018-ci il tarixə olan əsas borcu üzrə 10779,10 manat; faiz borcu üzrə 59,29 manat, 15.02.2021-ci il tarixə əsas borcu üzrə 9948,25 manat; faiz borcu üzrə 978,24 manat məbləğində müəyyən edilmişdir. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 08.04.2015-ci il tarixli 3995 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabdan çıxarış) olmadığı üçün Cavabdeh2 cərimə bocu hesablanmamışdır. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində təşkil edir. İş materiallarında görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMCnin ünvan 1 ünvanında mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyərinin müəyyənləşdirilməsi üzrə 302/ZB/21 saylı, 31.08.2021-ci il tarixli hesabatla (rəylə) qeyd edilən fərdi yaşayış evinun likvid dəyərinin 36000 manat məbləğində olması müəyyən olunmuşdur. Hesabata (rəyə) əlavə edilən “hesab faktura”dan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 250 manat məbləğində təşkil edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən müqavilə müddətinin bitmə tarixinə, yəni 08.04.2018-ci il tarixə əsas borcu üzrə 10779,10 manat, faiz borcu üzrə 59,29 manat borcunun olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə 9463,18 manat məbləğində əsas borc, 59,29 manat məbləğində faiz borcu (müqavilə müddətinə) tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddia tələbi “əsas borcun və faiz borcunun tutulması” hissələrində həmçinin ona görə qismən təmin edilməlidir ki, iddia tələbi cavabdehlərin özləri tərəfindən həmin hissələrdə etiraf edilərək, iddia tələbi qeyd edilən hissələrdə qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdehlər tərəfindən qismən etiraf edilərək, iddia qismən qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 1367,64 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu tutulmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən aşkar surətdə göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 08.04.2018-ci il tarixinə kimi müəyyənləşdirilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə yaranan münasibətlər müddətli münasibətlər olduğundan kreditin qaytarılma müddəti 08.04.2018-ci il tarixədək müəyyənləşdirilmişdir. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, müqavilənin qüvvədə olma müddəti 08.04.2018ci il tarixdə bitmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində yəni, 08.04.2018-ci il tarixinə kimi faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir. Lakin, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan, iddia “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması” hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 810,47 manat məbləğində deyil, 80 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 25 manatı cavabdehə, 5 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “ipoteka predmetinə tutmanın qeydiyyata alınması məqsədi ilə ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 6.1.2. Vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması; 6.1.4. ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması üçün 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, iddia bu hissədə də qismən təmin edilməklə, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Lakin, iddiaçı tərəfindən 40 manat deyil, 10 manat məbləğində dövlət rüsumu (30 manat məbləğində pul vəsaiti xidmət haqqı qismində ödənilmişdir) ödənildiyindən, o cümlədən iddia qismən təmin olduğundan, iddia bu hissədə qismən təmin edilərək, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 8 manatı cavabdehə, 2 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 8 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, 20.07.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi, həmin əmlakın mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, fərdi yaşayış evinin təhvil verilməsi üçün fərdi yaşayış evinə tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, fərdi yaşayış evində yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində fərdi yaşayış evini könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi fərdi yaşayış evinin ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş ev və ya mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında fərdi yaşayış evini 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, fərdi yaşayış evi satıldıqdan sonra evin mülkiyyətçi iddiaçı olmaya da bilər. Buna görə də iddiaçı fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsini tələb etməsi əsassızdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi” hissəsi rədd edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə daşınmaz əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri də tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olaraq 250 manat məbləğində pul vəsaitindən 200 manatı cavabdehlərdən müştərək qaydada, 50 manatı ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaitinin 45 manatı iddiaçıdan, 100 manatı isə Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 9463,18 manat məbləğində əsas borc, 59,29 manat məbləğində faiz borcu, 80 manat məbləğində cərimə borcu, 1367,64 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 10970,11 manat məbləğində kredit borcu, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən 8 manat məbləğində dövlət rüsumu və ödənilmiş 25 manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan Cəlilabad rayonu, Göytəpə şəhəri, İsa Dadaşov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Cəlilabad rayonu, Göytəpə şəhəri, İsa Dadaşov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 36000 manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 10970,11 manat məbləğində kredit borcu, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən 8 manat məbləğində dövlət rüsumu və ödənilmiş 25 manat məbləğində dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Cəlilabad rayonu, Göytəpə şəhəri, İsa Dadaşov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaitinin 45 manatı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 100 manatı Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilsin. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 250 manat məbləğində pul vəsaitinin 200 manatı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 50 manatı isə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar