Məhkəmə qərarları › İş №e-2-2(121)-656/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-656/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-656/2023 31.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair işə sadələşdirilmiş qaydada Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 3.153,12 manat əsas borc, 249,23 manat faiz borcu, 24,94 manat cərimə borcu olmaqla, cəmi 3.427,29 manat məbləğində borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 65 manat rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-nin Lənkəran filialından 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 25% olmaqla 24 ay müddətinə 4000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmiş və onun 18 noyabr 2022-ci il tarixədək banka xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə 3153.12 manat əsas, 249.23 manat faiz və 49.87 manat cərimə borcu olmaqla, cəmi 3452.22 manat borcu yaranmışdır. Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 49.87 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 24.94 manat məbləğində tələb olunur. Məhkəmə xx.xx.2023-cü il tarixli, e-2-2(121)-656/2023 nömrəli qərardadla iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatını mümkün hesab etmişdir. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) xx.xx.2023-cü tarixində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 poçt vasitəsilə çatdırılmışdır. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sənədlər məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 sahibkarlıq subyekti kimi xx.xx.2021-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ASC-nin Lənkəran Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 13-MCR-1-3849-21/1 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmanın surətindən görünür ki, Cavabdeh1 illik 2.5 faiz dərəcəsi ilə 120 ay müddətinə, gündəlik 0.20% cərimə olmaqla, 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı ASC-nin Lənkəran Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşmanın surətindən görünür ki, Cavabdeh1 aylıq 2.08 faiz dərəcəsi ilə 24 ay müddətinə, gündəlik 0.20% cərimə olmaqla, 4.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Cavabdeh1 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 13-MCR-1-3849-21/1 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixədək 4.000 manat əsas, 1.123,61 manat faiz borcu olmaqla, cəmi 5.123,61 manat məbləğində ödəniş edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin Lənkəran Filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Z/14326/21 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqavilənin predmeti xx.xx.2021 İl tarixli, 13-MCR-1-3849-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə ilə bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan İddiaçı ASC-nin Lənkəran Filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Z/14326/21 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqavilənin predmeti xx.xx.2021 İl tarixli, 13-MCR-1-3849-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə ilə bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan məxaric çekinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 3920 manat pul vəsaitini təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.153,12 manat, faiz borcu 249,23 manat, cərimə borcu 49,87 manat olmaqla cəmi borc məbləği 3.452,22 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubların surətindən görünür ki, İddiaçı ASC-nin Lənkəran Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 13-MCR-1-3849-21/1 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun məktub alındığı tarixdən 5 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ASC -nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirak etməmişdirlər. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Lənkəran 1 saylı Mediasiya Təşkilatının hesabına 65 manat vəsait ödəmişdir. Məhkəmə hesab edir ki, işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan kredit müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarında olan sənədlərə əsasən aparılan araşdırma nəticəsində məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçının Cavabdeh1 kredit verməsi və sonuncunun həmin krediti alması (xx.xx.2021-ci il tarixli məxaric çekinə əsasən) işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, işdə olan “Maliyyə arayışında”da əksini tapan məlumatlardan müəyyən olunur ki, Cavabdeh1 tərəfindən kredit alındığı tarixdən son ödəniş etdiyi xx.xx.2022-ci il tarixə kimi əsas borc üzrə ümumilikdə 846,88 manat, faiz borcu üzrə ümumilikdə 525,25 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bununla da Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi hüquqi və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddia tələbini faiz borcunun tutulması hissəsində əsaslı hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, borcun məbləğindən faiz tələb emək hüququ vardır. Məhkəmə qeyd edir ki, göstərilən normalarda nəzərdə tutulan faiz dərəcələri ilə bağlı tənzimləmələr dispozitiv xarakter daşımaqla, tərəflər arasında bağlanmış müqavilədə başqa şərtlər (faiz dərəcələri) nəzərdə tutulmadığı hallarda tətbiq olunur. Belə ki, mülki qanunvericiliyin əsas prinsiplərindən olan mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə görə mülki hüquq subyektləri dispozitiv normada nəzərdə tutulandan ayrı qayda müəyyən edə, müqavilə şərtləri müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunan “əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə” şərtli ifadəsi də kredit müqaviləsi iştirakçılarının iradəsi ilə faiz məbləğinin qanun normasında nəzərdə tutulan məbləğdən daha böyük məbləğdə razılaşdırıla biləcəyinə işarə edir. Hazırki işdə tərəflər kreditin aylıq 2,08% olmaqla faiz ödənilməsi şərti ilə verildiyi barədə razılığa gəldiklərinə görə, iddiaçının həmin dərəcə ilə faiz tələb etməsi müqavilə şərtlərinə uyğundur və qanunidir. Məhkəmə, iddia tələbini 24,94 manat məbləğində cərimənin tutulması hissəsində də əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədən görünür ki, cavabdeh verilmiş kreditin faizləri ilə birlikdə qaytarmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə iddiaçıya gecikdirilmiş borc məbləğinin 0.20 faizi məbləğində cərimə ödəmək öhdəliyini üzərinə götürmüşdür. Cavabdehin götürdüyü kreditin qalıq dəyərini təşkil edən əsas borc üzrə 3.153,12 manat əsas borc və faiz borcu üzrə 249,23 manat məbləğində pulu nəzərdə tutulan müddətdə ödəmədiyi müəyyən olunduğuna görə, onun iddiaçı qarşısında vəd etdiyi cəriməni ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə, kreditorun fəaliyyətinin xarakterindən irəli gələn, verdiyi kreditləri faizləri ilə birlikdə vaxtında geri alması ilə bağlı əsaslı mənafeyini nəzərə alaraq iddia ərizəsində tələb olunan cərimə məbləğinin ədalətli və mütənasib olduğu qənaətinə gəlir. Məhkəmə, cərimənin tutulmasının hüquqi əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad edir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə həmçinin iddianın 65 manat mediasiya xərcinin cavabdehlərdən tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, Cavabdeh1 imzaladığı müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehlərin də iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 imzaladıqları zaminlik müqavilələri ilə borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyin tamamı ilə icra edilməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərlərinə götürmüşlər. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliyini pozduğuna görə zaminlərin də onunla birgə kreditor qarşısında birgə (solidar) məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinin tələbləriə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 3.153,12 manat əsas borc, 249,23 manat faiz borcu, 24,94 manat cərimə borcu, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 65 manat olmaqla, ümumilikdə 3.492,29 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar