Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-66/2023 27.04.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı 3.563,49 manat əsas borcun, 378,71 manat faiz borcunun, 205,98 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 488,53 manat faiz borcu olmaqla, cəmi 4.636,71 manat kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat məbləğində xərcin və 7 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 580 SF saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz) ay müddətinə, illik 6% (altı faiz) ödənilmək şərtilə 5.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 3.563,49 manat əsas, 378,71 manat faiz, 205,98 manat cərimə, 488,53 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 4.636,71 (dörd min altı yüz otuz altı manat, 71 qəpik) manat borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bankdan 5.000 manat kredit götürdüyünü, lakin maddi vəziyyəti yaxşı olmadığından krediti qaytara bilmədiyini, o cümlədən borcunu hissə-hissə qaytara biləcəyini qeyd edərək qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş edərək, iddia tələbini müdafiə etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri, işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2015-ci il tarixli, 580 SF saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 6 faiz dərəcəsi ilə 36 ay müddətinə, heyvandarlığın inkişafı üçün 5.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 07 sentyabr 2015-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 5.000 manat məbləğində kredit verilmişdir (i/v.56) İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli, arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2021-ci il tarixə ümumi borcu 4.636 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi əsasında aldığı kreditə görə ümumilikdə 4.636 manat məbləğində kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli, MŞS-100176 nömrəli arayışın surətindən görünür ki, İddiaçı ASC-nin nümayəndəsi tərəfindən ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xidmət haqqı ödənilmişdir. İş materiallarından görünür ki, Cavabdeh 03 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsirinə düşmür, ona hazırki iş üzrə kreditin restrukturizasiya olunması təklif olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 mart 2023-cü il tarixli, 9/411 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş kredit tarixi, kredit müqaviləsi və s.) 03 sentyabr 2015-ci il tarixli, 580 SF saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2018-ci il tarixə banka olan əsas borcu 3.598,30 manat, faiz borcu üzrə 16,15 manat, xx.xx.2021-ci il tarixə əsas borc 3.598,30 manat, əldən çıxmış fayda üzrə faiz borcu (5%-lə) isə 452,92 manat müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2023-cü il tarixli, 9/411 saylı ekspert rəyi ilə qismən razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcları üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2023-cü il tarixli, 9/411 saylı rəyi ilə kredit müqaviləsi üzrə əsas borcun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, Cavabdeh tərəflər arasında bağlanmış 03 sentyabr 2015-ci il tarixli, 580 SF saylı kredit müqaviləsi üzrə 3.563,49 manat əsas, 16,15 manat faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış 452,92 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia tam, faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun tutulması hissəsində isə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair öhdəliyi mövcud olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini tam icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın 3.563,49 manat məbləğində əsas borcun, hesablanmış 16,15 manat məbləğində faiz borcun və müqavilə müddəti bitdikdən sonra hesablanmış 452,92 manat faiz borcunun ödənilməsinə dair hissələri əsaslıdır. Odur ki, iddianın həmin hissələri təmin edilməlidir. Məhkəmə, iddianın 205,98 manat cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 15 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Həmçinin, məhkəmə hesab edir ki, 60 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 7 manat dövlət rüsumunun 5 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manatı Cavabdeh, 100 (bir yüz) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3.563,49 manat əsas borc, 16,15 manat faiz borcu, 15 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 452,92 manat faiz borcu, ödənilmiş 5 manat dövlət rüsumu və 60 manat mediasiya xərci olmaqla, ümumilikdə 4.112,56 (dörd min yüz on iki manat, əlli altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manatı Cavabdeh, 100 (bir yüz) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-66/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-66/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver