Məhkəmə qərarları › İş №e-2-2(121)-665/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-665/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-665/2022 20.07.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı - dəymiş ziyanın ödənilməsi və pul tələbinə dair iddası üzrə kommersiya mübahisəsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək 800 kv. metr icarə sahəsi üçün cəmi 7000 manat məbləğində icarə haqqı; 1200 kv. metr sahəni hüquqi əsas olmadan zəbt etməklə vurulmuş 255757,20 manat zərər, əsassız varlanmağa görə 18542,39 manat faizlər; icarə sahəsinə vurulmuş zərərə görə 13200 manat, ümumilikdə 294499 manat 59 qəpik məbləğin, tərəfimizdən ödənilmiş 400 manat mediasiya haqqının və 184.5 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı Lənkəran şəhəri, Qala Xiyabani 20 ünvanında yerləşən, ümumi sahəsi 2.106,2 kv.m. olan qeyri-yaşayış binasını və onun altında yerləşən 0,12625 ha torpaq sahəsini ******* manata almışdır. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2020-ci il tarixli, **********60-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi X13 ilə Cavabdeh arasında aylıq icarə haqqı 2000 manat olmaqla xx.xx.2020-ci il tarixli, 3M-815 reyestr nömrəli icarə müqaviləsi bağlanmış, Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq olunmuşdur. Həmin müqaviləyəəsasən, Lənkəran şəhəri, Qala Xiyabani 20 ünvanında yerləşən, ümumi sahəsi 2.106,2 kv.molan qeyri-yaşayış binasının 800 kv.m. hissəsi icarəçi Cavabdeh xx.xx.2021-ci il tarixə qədər, yəni 11 ay müddətinə icarəyə verilmişdir. Daşınmaz əmlakın icarəyə verilmiş 800 kv. metrlik hissəsində və Cavabdeh tərəfindən zəbt edilmiş əlavə 400 kv. metrlik hissəsində Cavabdeh məxsus “BrendHouse” mağazası fəaliyyət göstərmişdir və ümumilikdə 1200 kv. metrlik sahə yalnız 27 avqust 2021-ci il tarixədə Cavabdeh tərəfindən Akt əsasında İddiaçı MMC-yə geri təhvil verilmişdir. Bu fakt əlavə olaraq, Azər Su SMART KARTa xx.xx.2021-ci il tarixli, 114137 №li qəbz ilə (su sərfiyyatının hesablanmsaı daşınmaz əmlakın digər icarəçisi “Bazar Store” Lənkaran mağazasına məxsus saygac vasitəsi ilə aparıldığından qeyd olunan qəbzdə "xxxx" Lənkaran qeyd olunub), və elektrik enerjisiindən istifadə barədə xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli Aktlarla (elektrik enerjisinin sərfiyyatının hesablanmsaı daşınmaz əmlakın digər icarəçisi “Bazar Store” Lənkaran mağazasına məxsus saygac vasitəsi ilə aparıldığından Aktr "xxxx" mağazasının müdiri İsrafil Yusifov və Cavabdeh arasıbda imzalanmışdır) da təsdiq edilir. Əvvəlki mülkiyyətçisi X13 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 3M-815 reyestr nömrəli icarə müqaviləsində nəzərdə tutulmuş icarə haqqı bazar qiymətindən aşağı olduğu üçün (aşağıdaistinad olunan "xxxx"MMC ilə bağlanmış icarə müqaviləsinə müqayisə üçün baxa bilərsiniz), hətta həmin icarə haqqını da ödəmədiyi üçün və faktiki olaraq “BrendHouse” mağazasının həmin icarə müqaviləsində nəzərdə tutulmuş sahədən daha artıq sahədə fəaliyyət göstərdiyi üçün İddiaçı MMC icarə müqaviləsinin 7–ci bəndinə əsasən 28 dekabr 2020-ci il tarixdə Cavabdeh 1 (bir) ay əvvəldən 577/20saylı bildiriş göndərməklə həmin icarə müqaviləsini birtərəfli qaydada ləğv etməsi barədə bildiriş göndərmiş və 1 (bir) ay sonra icarə öbyektini və zəbt etdiyiəlavə 400 kv. metr sahəni geri qaytarmasını tələb etmişdir. Müqavilənin ləğv olunmasına dair qeyd olunan müraciətə Cavabdeh tərəfindən 11 yanvar 2020-ci il tarixli etiraz cavabı verilmişdir. Bununla da, Cavabdeh müqavilənin 7-ci bəndini açıqca pozmuş və tərəflərar arasında mübahisə yaranmışdır. İcarəyə verən X13 ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-815 reyestr nömrəli icarə müqaviləsi üzrə yalnız 800 kv.m. hissəni icarəçiyə aylıq icarə haqqı 2000 (iki) manat olmaqla, xx.xx.2021-ci il tarixinə qədər, yəni 11 ay müddətinə icarəyə verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən qeyri-yaşayış binasının 1200 kv.m-dən ibarət olan sahəsini heç birəsas olmadan istifadə etmişdir. Yəni digər 400 kv.m. hissə də onun tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. İcarəçi Cavabdeh tərəfindən İddiaçı MMC-nin həmmülkiyyət hüququnu kobud şəkildə pozmuş, həmdə azad sahibakarlıq fəaliyyətinin həyata keçirilməsinə maneə törətmidir. Cavabdehin hüquqazidd hərəkət və hərəkətsizliyi nəticəsində mülkiyyətində olan əmlakından istifadə edə bilməməsi nəticəsində İddiaçı MMC-yə həm də maddi zərər vurulmuşdur. Ona görə ki, İddiaçı MMC tərəfindən Lənkəran şəhəri, Qala Xiyabani 20 ünvanında yerləşən qeyri-yaşayış binasının alınması və yeni mağazanın açılması üçün "xxxx"ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RQ-240 saylı əlavə kredit müqaviləsi bağlanılmış və illki 12% ilə 1.500.000 manat miqdarda Azərbaycan Beynəlxalq Bankından kredit (“əsas vəsaitin alınması” təyinatı ilə) alınmışdır (kredit müqaviləsinin surəti əlavə olunur). Həmin kredit müqaviləsi üzrə ödəniş planında Optimal Elektronika MMC-nin aylıq ödəniş öhdəliyi 49820,32 manat təşkil edir. Cavabdehin hüquqa zidd hərəkət və hərəkətsizliyi nəticəsində Lənkəran şəhəri, Qala Xiyabani 20 ünvanında yerləşən qeyri-yaşayış binasında mağazasını aça bilməməsi (icarəçi Cavabdeh təhvil alındıqdan sonra qeyri-yaşayış sahəsi təmir edilərək orada X5 mağazası fəaliyyətə başlamışdır – PKS-in (nəzarət kassa aparatının) qeydiyyata alınması barədə xx.xx.2021-ci il tarixli AKT-ın surəti əlavə olunur)) İddiaçı MMC-nin gəlirlərinin (xx.xx.2021-ci il tarixdən etibarən **********-26007 kodlu obyektin Dövrü Hesabatları (“Z” qəbzlərin surətləri) əlavə olunur) əldən çıxmasına da səbəb olmuş, həmin obyektin alınması üçün alınmış kreditləri digər mağazalarının gəlirləri hesabına ödəmək məcburiyyəti qarşısında qalmışdır. İcarə müqavilənin ləğv olunmasına dair İddiaçı MMC-nin bildirişinə əsasən və həmin icarə müqaviləsinin 7-ci bəndinə uyğun olaraq Cavabdeh icarə sahəsini və zəbt etdiyisahəni boşaldaraq geri təhvil vermədiyi üçün İddiaçı MMC iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh Lənkəran şəhəri, Qala Xiyabani 20 ünvanında yerləşən daşınmaz əmlakı icarəyə götürməsi barədə bağlanmış xx.xx.2020-ci il tarixli, 3M- 815 reyestr nömrəli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Qala Xiyabani 20 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi çıxarılması və İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Qala Xiyabani 20 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (“BrendHouse” mağazasının) boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbuledilməsini xahişetmişdir. Diqqətinizə çatdırmaq istərdim ki, Cavabdeh icarə sahəsini və zəbt etdiyi sahəni boşaldaraq təhvil verməsi yekun məhkəmə qərarı olmadan (kassasiya şikayəti verilməsə idi xx.xx.2021-ci il tarixdə qüvvəyə minəcəkdi), nəhayət ki, hərəkətlərinin qanunsuz olmasını və mülkiyyətçiyə vurduğu ziyanı başa düşməsi səbəbindən alternativ hüquqi vasitə kimi 24 avqust 2021-ci il tarixdə CM-nin 158.1-ci maddəsinə istinad edərək Lənkaran rayon prokurorluğuna müraciət etmişdir) və Lənkaran şəhərində yaxınlıqda açdığı yeni mağazasına daşınması ilə əlaqədar idi. 24 avqust 2021-ci il tarixdə Lənkaran rayon prokurorluğuna (10457 saylı məktubla surəti əlavə olunur) və Cavabdeh (10458 saylı məktubun surəti əlavə olunur) müraciətimidən sonra Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, “guya obyekti geri təhvil verməyə çoxdan hazırdır, amma Optimal Elektronika MMC təhvil almır”. Prokurorluğa müraciətimizdən sonra məsələnin ciddiliyini və gələcəkdə onu gözləyən hüquqi nəticələri anlayaraq nəhayət ki, özünü sığortalamaq üçün belə bir məzmunda məktub yazmışdır. Göründüyü kimi, Lənkəran şəhəri, Qala Xiyabani 20 ünvanında yerləşən ümumi sahəsi 2.106,2 m2 olan qeyri-yaşayış binasının 800 kv.m. hissəsinin icarəsinə dair X13 ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 3M815 reyestr nömrəli icarə müqaviləsi İddiaçı MMC-nin icarə müqaviləsinin 7–ci bəndinə əsasən 28 dekabr 2021-ci il tarixdə Cavabdeh göndərdiyi 577/20saylı bildirişə (SS664854670AZ saylı poçt xəbərnaməsindən görünür ki, Cavabdeh həmin bildirişi xx.xx.2021-ci il tarixdə qəbul etmişdir) əsasən 06 fevral 2021-ci il tarixdə birtərəfli qaydada ləğv edilsə də, Cavabdeh qeyd olunan icarə müqaviləsində göstərilən 800 kv. metr sahəni və zəbt etdiyi əlavə 400 kv. metr sahəni İddiaçı MMC-yə geri təhvil verməmişdir. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı MMC icarə müqaviləsinin ləğv edilməsi üçün məhkməyə müraciət etməli olmuşdur. Bütün bunlara baxmayaraq, X2 şəhəri, Qala Xiyabani 20 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1200 kv. metr hissəsini heç bir hüquqi əsas olmadan xx.xx.2021-ci il tarixədək istifadə etməyə davam etmiş və Cavabdeh məxsus “BrendHouse” mağazası orada fəaliyyət göstərmişdir. Cavabdeh icarə obyektini tərk edərkən orada olan malların satılması aşkar edilmiş qəbzlə də (“Brend House”a aid xx.xx.2021-ci il tarixli, 102№liQaimə əlavə olunur) tam sübuta yetirilir. Göründüyü kimi, qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixdən İddiaçı MMC-nin mülkiyyətinə keçməsinə və icarəyə verənin hüquqlarının İddiaçı MMC-yə keçəmsinə baxmayaraq, X11 tərəfindən icarə haqları İddiaçıMMC-yə ödənilməmişdir. Belə ki, yuxarıda qeyd olunan icarə müqaviləsi üzrə xx.xx.2020-ci il tarixindən İddiaçıMMC tərəfindən verilmiş bildirişə əsasən 06 fevral 2021-ci il tarixədək 800 kv.metr icarə sahəsi üçün ən azından hər ay 2000 manat aylıq icarə haqqı "xxxx" MMC-yə ödənilməliidi. xx.xx.2020-ci il tarixli, **********60-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Lənkəran şəhəri, Qala Xiyabani küçəsində yerləşən ümumisahəsi 2.106,2 m olan qeyri-yaşayış binası və 0,12625 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, Lənkəran şəhəri, Qala Xiyabani 20 ünvanda yerləşən qeyri-yaşayış binasının 1-cimərtəbəsi 1.035,9 kv.m., 2-cimərtəbəsi isə 1.070,3 kv.m. olmaqla, ümumisahəsi 2.106,2 kv.m. təşkiledir. Bundan əlavə hazırkımülkiiş üzrəiddiaçının nümayəndələritərəfindən xx.xx.2021-ci il tarixdə akt (əlavə olunur) tərtib edilmişdir. Həmin aktdan da göründüyü kimi, obyektin 385 kv. metri əhatə edən dam örtüyü zədələnmişdir və su damır (eyni fakt cavabdeh tərəfindən imzalanmış və yuxarıda qeyd olunan icarə sahəsinin təhvil Aktında da özəksini tapmışdır). Onun təmiri üçün 7200 manat məbləğində pul tələb olunur və həmin vəsait təmir üçün xərclənmişdir. Dam örtüyünün yararsız hala düşməsinə səbəb dam örtüyünun qırağı boyunca (yola baxan hissəsi) icarəçi tərəfindən quraşdırılmış reklamın lövhəsinin quraşdırılması və sökülməsi olmuşdur (bunlar telefon kamerası vasitəsi ilə çəkilmişdir və hatta https://youtu.be/qu9fVapex0o linkdən də reklamın quraşdırılmasını izləmək olar). Obyektin daxilində divarların və tavanın zədələnməsi aşkar edilmişdir. Belə ki, tavanda olan səs kalonklarının, video müşahidə kameraların və işıqların icarəçi tərəfindən sökülməsi nəticəsində tavan zədələnmişdir. Daxıldə divarlarda və kalonlarda olan güzgülərin icarəçi tərəfindən sökülməsi nəticəsində divarlar və kalonların səthi zədələnmişdir (bunlar telefon kamerası vasitəsi ilə çəkilmişdir, hatta https://youtu.be/qu9fVapex0o linkdən də interyeri izləmək olar). Tavanın sahəsi 1500 kv.metr, divarların sahəsi isə 1500 kv.metr təşkil edir. Təmir üçün tələb olunan vəsait 6000 manat təşkil edir. Beləliklə də təmir üçün tələb edilən cəmi məbləğ 13200 manat təşkil edir. xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən 800 kv. metr icarə sahəsi üçün Cavabdeh hər ay 2000 manat məbləğində aylıq icarə haqqını 20 oktyabr 2020-ci il tarixdən (daşınmaz əmlakın alqı-satqı müqaviləsi tarixindən) 06 fevral 2021-ci il tarixədək (icarə müqaviləsinin birtərəfli qaydada ləğv tarixinədək) İddiaçı MMCyə ödəməli idi, lakin ödəməmişdir. Bu isə 3 ay 15 günlük icarə üçün cəmi 7000 (yeddi min) manat ödənilməmiş icarə haqqı deməkdir. Bundan əlavə, 400 kv. metr sahəni heç bir hüquqi əsas olmadan zəbt etdiyi üçün və orada “Brands Hause” Lənkaran mağazası fəaliyyət göstərdiyi üçün də Cavabdeh heç bir ödəniş etməmişdir. Halbuki, eyni ünvanda "xxxx" MMC-yə icarəyə verilmiş 906 kv. metrlik sahə üçün "xxxx" MMC icarə müqaviləsi əsasında İddiaçı MMC-yə 2020-ci ilin 20 oktyabrından (daşınmaz əmlakın alqı-satqı müqaviləsi tarixindən) etibarən 30 yanvar 2022-ci il tarixədək 98520,42 manat icarə haqqı ödəmişdir. Bu isə 906 kv. metr üçün orta hesabla 7194,12 manat aylıq icarə haqqı və 1 kv. metr üçün aylıq 7.94 manat icarə haqqı deməkdir. Bu hesablama əsasında Cavabdeh zəbt etdiyi 400 kv. metr üçün 3176 manat aylıq icarə haqqı hesabı ilə 20 oktyabr 2020-ci il tarixdən (daşınmaz əmlakın alqı-satqı müqaviləsi tarixindən) xx.xx.2021-ci il (obyekti təhvil tarixinədək) tarixədək 9 ay üçün ümumilikdə 28584 manat əlavə ödəməlidir. Bundan əlavə, 800 kv. metr icarə sahəni heç bir hüquqi əsas olmadan 06 fevral 2021-ci il tarixdə (icarə müqaviləsinin İddiaçı MMC tərəfindən birtərəfli qaydada ləğv tarixində) İddiaçı MMC-yə təhvil vermədiyi və xx.xx.2021-ci il tarixədək (obyekti təhvil tarixinədək) qanunsuz sahibliyində saxladığı üçün İddiaçı MMC yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə Azərbaycan Beynəlxalq Banka ödəməli olduğu 49820,32 manat aylıq ödənişin bir hissəsini Qeyri-yaşayış binasının bir hissəsinin icarəsi üçün "xxxx" MMC-dən daxil olan aylıq icarə haqqı (ortalama olaraq aylıq 7194.12 manat təşkil etmişdir) hesabına ödəsə də, qalan 42626,2 manatı Qeyri-yaşayış sahəsində Sizin qanunsuz hərəkətləriniz nəticəsində öz mağazasını açıb sahibkarlıq fəaliyyətini göstərə bilmədiyi üçün başqa gəlirləri hesabına ödəməli olmuş və bununla da Sizin qanunsuz hərəkətləriniz nəticəsində İddiaçı MMC-yə hər ay 42626,2 olmaqla, 07 fevral 2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 255757,20 manat ziyan dəymişdir və nəticədə Siz həmin məbləğdə əsassız varlanmışsınız. Buna görə də Siz, 255757,20 manat manat vəsaiti qanunsuz saxlamaqla ondan faydalandığınıza görə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının hazırkı üçot dərəcəsi (hazırda 7.25% - bax: https://www.cbar.az/infoblocks/corridor_percent?year=2021) əsas götürülməklə 18542,39 manat faizlər ödəməlidir. Nəhayət, “Optimal Elektronika MMC” yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə ödəməli olduğu 49820,32 manat aylıq ödənişin bir hissəsini "xxxx" MMCdə daxil olan aylıq icarə haqqı hesabına (orta aylıq icarə haqqı ödənişi 7194.12 manat təşkil etmişdir ) ödəsə də, qalan 42626,2 manatı mülkiyyətində olan, Lənkaran şəhəri, Qala xiyabanı ünvandakı qeyri-yaşayış sahəsində cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz mağazasını açıb fəaliyyət göstərə bilmədiyi üçün başqa mağazalarından əldə etdiyi gəlirləri hesabına ödəməli olmuş və bununla da cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-yə hər ay 42626,2 olmaqla, 07 fevral 2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 255757,20 manat ziyan dəymişdir. Yuxarıda qeyd edilənlərdəndə belə məlum olur ki, Optimal Elektronika MMC mülkiyyətçi olaraq Lənkaran şəhəri, Qala xiyabanı 20 ünvanda yerləşən həmin qeyri-yaşayış sahəsinin 1200 kv. metr sahəsini Cavabdeh qanunsuz sahibliyində qaldığı müddət ərzində başqa şəxsə icarəyə verdiyi təqdirdə, yaxud özü mağazasını açmaq imkanından məhrum edilməs idi bu qədər itki ilə üzləşməzdi və gəlir əldə edərdi. İddiaçının həmin müddət ərzində itirdiyi məbləğ əldən çıxmış fayda olaraq dəyərləndirilməli və həmin məbləğ Cavabdeh alınmalıdır. Cavabdeh tərəfindən İddiaçı MMC-nin sahibarkrlıq fəaliyyətinin həyata keçirilməsinə mane olmaqla onu real gəlirlərlərindən məhrum etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izhaat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaya yazılı qaydada etiraz edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 3M-815 reyestr nömrəli icarə müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 2.106,2 m2 olan qeyri-yaşayış binasının 800 kv.m. hissəsi 11 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixə kimi X13 tərəfindən Cavabdeh icarəyə verilmişdir. Müqaviləyə əsasən Cavabdeh X9 hər ay 2.000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, Lənkəran şəhəri, Qala Xiyabani ünvanında yerləşən ümumi sahəsi 2106.20 kv. metr olan qeyri-yaşayış binası İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 3M-386 reyestr nömrəli icarə müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 906 m2 olan qeyri-yaşayış binası 10 il müddətinə, X4 tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir. Müqaviləyə əsasən Cavabdeh X9 hər ay 2.907 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan X6 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2020-ci il tarixli, 3M-815 reyestr nömrəli icarə müqaviləsinə əsasən, Cavabdeh ilə onun arasında heç bir icarə borcu qalmamışdır. İcarə haqqı tam şəkildə ödənilmişdir. Obyektdə mebel, vitrin aksesuarları Cavabdeh məxsusdur. Öz hesabına təmin olunub, icarə haqqından çıxılmamışdır. Həmin təmir və aksessuar işləri onun razılığı əsasında həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “xx.xx.2017-ci il tarixli 3M/386 reyestr nömrəli icarə müqaviləsinə” əlavənin surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC icarəçi tərəfindən icarəyə verənə 2021-ci ilin 3-cü rübü (iyul-sentyabr ayları) üçün ƏDV daxil 14.124,23 AZN məbləğində icarə haqqına əlavə ödənilməsi barədə razılığa gəlmişdirlər. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, 10458 nömrəli bildirişin surətindən görünür ki, Lənkəran şəhəri, Qala Xiyabani 20 ünvanında yerləşən, ümumi sahəsi 2106,2 kv.m olan qeyri yaşayış binasının 1200 kv.m hissəsi dərhal Optimal Elektronika MMC-nin nümayəndəsi X3 təhvil verilməsi Cavabdeh tələb edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünavnlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, Lənkəran şəhəri, Qala Xiyabani 20 ünvanında yerləşən 800 kv. metr qeyri-yaşayış sahəsini tam şəkildə boşaltdığını, həmin qeyri-yaşayış obyektini qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli elektrik enerjisindən istifadə barədə aktın surətindən görünür ki, Lənkəran şəhəri, Qala Xiyabani ünvanında yerləşən "xxxx" mağazasının elektrik sayğacının qoşulduğu elektrik xəttlərindən Cavabdeh məxsus digər obyektə verilən elektrik enerjisinin ümumi dəyəri 72 manat olmuşdur. xx.xx.2021-ci il tarixində Cavabdeh tərəfindən istifadə edilən elektrik enerjisinə görə "xxxx" mağazasının müdiri İsrafil Yusifova 72 manat ödənilmişdir. İş materiallarında olan 001/2021 saylı aktın surətindən görünür ki, Lənkəran şəhəri, Qala xiyabani küçəsində yerləşən ticarət obyekti xx.xx.2021-ci il tarixində hazırda fəaliyyətini dayandırmış “Brand House” mağazası ilə təhvil-təslimi həyata keçirilmişdir. İş materiallarında olan “Lənkəran şəhəri, Qala xiyabani 20 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus qeyri-yaşayış binasının (“Obyekt”) Cavabdeh (“İcarəçi”) icarəyə verilmiş hissəsində (“Brend House” mağazası kimi fəaliyyət göstərirdi) aşkar olunmuş zərər barədə xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, 1.obyektin dam örtüyü 385 kv.metr zədələnmişdir və damır, nəticədə təmir üçün tələb olunan vəsait 7.200 manatdır. 2. Obyektin daxildə divarların və tavanın zədələnməsinə görə tələb olunan vəsait 6000 manatdır. Yuxarıdakı bəndlər üzrə icarəçi tərəfindən vurulmuş zərərin cəmi məbləği 13.200 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, 13446 saylı xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək 800 kv.metr icarə sahəsi üçün cəmi 7000 manat məbləğində icarə haqqı,1200 kv. metr sahəni hüquqi əsas olmadan zəbt etməklə vurulan 255757,20 manat zərər, əsassız varlanmağa görə 18542,39 manat faizlər, icarə sahəsinə vurulan zərərə görə 13200 manat, ümumilikdə 294499 manat 59 qəpik məbləği 5 (beş) iş gün müddətində ödənilməsitələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan Cavabdeh nümayəndəsi və vəkili Vəkil idda ərizəsinə qarşı xx.xx.2022-ci il tarixli etirazında qeyd edilmişdir ki, cavabdehin qanuni icarəsində olmuş qeyri-yaşayış binasının icarəyə verilməsi barədə xx.xx.2020-ci il tarixli icarə müqaviləsi İddiaçı MMC ilə deyil, əvvəlki icarəyəverən S.Dadaşovla cavabdeh arasında imzalanmış müqavilədir. İcarə müqaviləsində icarəçinin müqaviləyə xitam verildikdən sonra hansı şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi müəyyən edilməyibdir. İcarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilməmişdir və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini üzərinə götürməmişdir. Ona görə də Mülki Məcəllənin 701.2-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilə bilməz. İcarə obyektinin damında zədələnmiş hissələrin olması müəyyən olunsa da, icarəçi Cavabdeh icarəsində olan obyektin damında hər hansı bir zədələnmələrə görə icarəçi cavabdehlik daşıya bilməz, çünki həmin zədələnmələrin baş verməsi cavabdehin günahından olması iddiaçı tərəfindən sübut edilməlidir, həmçinin icarə obyektinin 1500 kv. metr divarlarında olan zədələrin cavabdeh tərəfindən ödənilməsi mümkün deyil ona görə ki, icarə müqaviləsində Cavabdeh belə bir öhdəlik götürməsi görünmür. Həmçinin cavabdehin rəsmi və faktiki istifadəsində 1500 kv. metr divar yox, 800 kv. metr divar olmuşdur və həmin divarlara zərərin kim tərəfindən vurulmasının sübut etmə yükü iddiaçının üzərinə düşür. Cavabdeh A.Ələsgərov keçmiş icarəyəverənlə icarə müqaviləsini bağlayan zaman müqavilədə aylıq icarə haqqı 2000 (iki min) manat müəyyən olunmuşdur və tərəflər bu şərtlə müqaviləni bağlamışlar. Cavabdeh-icarəçi A.Ələsgərovdan bundan artıq icarə haqqının ödənilməsi tələb oluna bilməz. İddiaçı MMC yeni mülkiyyətçi qismində əmlaka mülkiyyət hüququ əldə etdikdən sonra özü üçün qazanc əldə etmək niyyəti ilə icarə haqqını 2000 manatdan artırmaq barədə tələbi, bu əsasla vaxtından əvvəl icarə müqaviləsini ləğv etməsi, cavabdehdən əlavə pul, ödəniş tələb etməsi qanunsuzdur. Cavabdehin müqavilə üzrə və faktiki istifadəsində 800 kv. metr sahə olmuş və Cavabdeh həmin sahədən artıq hər hansı ölçüdə sahə işlətməmişdir. İddiaçı MMC-nin iddia ərizəsinə əlavə etdiyi xx.xx.2021-ci il tarixli, 001/2021 saylı Aktından da görünür ki, Cavabdeh İddiaçı MMC-nə 1200 kv. metr yox, faktiki istifadəsində olmuş 800 kv. metr sahəni təhvil vermiş və iddiaçının nümayəndələri həmin Akta imza edərək obyekti etirazsız qəbul etmişlər. Ona görə də iddiaçı Cavabdeh onun istifadəsində və sahibliyində olmamış 400 kv. metr icarəyə görə iddiaçı tərəfindən hər hansı pul tələb edilməsinə qanunla yol verilmir. Ona görə də İddiaçı MMC-nin Cavabdeh 28584 manat pul tələbi məhkəmədə təmin oluna bilməz. Həmçinin bu məsələyə tərəflər arasında Şirvan Kommersiya Məhkəməsində baxılmış ilkin və qarşılıqlı iddialar üzrə kommersiya mübahisəsinin nəticələri üzrə qəbul edilmiş Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021ci il tarixli, e-2-2(121)-364/2021 saylı qətnaməsi ilə məhkəmə tərəfindən münasibət bildirilmiş, Cavabdeh 800 kv. metr sahədən başqa əlavə sahəni istifadə etməsi müəyyən olunmamışdır. İddiaçı MMC-nin Cavabdeh 20 oktyabr 2020-ci il tarixdən (daşınmaz əmlakın alqı-satqı müqaviləsi tarixindən) 06 fevral 2021-ci il tarixədək (icarə müqaviləsinin birtərəfli qaydada ləğv tarixinədək) ödənilməmiş 7000 manat icarə haqqının cavabdehdən tələb etməsi də əsassızdır. Belə ki, etiraza əlavə olunmuş icarə obyektinin əvvəlki mülkiyyətçisi X1 orqanalra ünvalanan notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsində Səhət Dadaşov göstərmişdir ki, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh ilə X13 arasında heç bir icarə borcu qalmamışdır, icarə haqqı tam şəkildə ödənilmişdir. Ərizədən göründüyü kimi, Cavabdeh icarəyəverən S.Dadaşova icarə obyektinin icarə haqqını tam şəkildə ödəmişdir. Cavabdeh icarə müqaviləsinə görə hər hansı ödənilməmiş icarə haqqı qalmamışdır. Ona görə də İddiaçı MMC-nin bu hissədə iddia tələbi əsassızdır, təmin oluna bilməz. 07 fevral 2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 255757,20 manat dəymiş ziyanı və həmin vəsaiti qanunsuz saxlamaqla ondan faydalanmağa görə 18542,39 manat faizlərin ödənilməsinin Cavabdeh tələb olunması absurd, ağlabatmayan və qanunauyğun olmayan tələbdir. İcarə obyekti (daşınmaz əmlak) alqı-satqı müqaviləsi əsasında alınanadək İddiaçı MMC bankla kredit müqaviləsi bağlayaraq kredit vəsaiti götürmüş və kreditin əsas borcundan və faizlərdən vaxtında və lazımi qaydada ödənilməsi barədə müqavilə öhdəliyi üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliyi iddiaçı bank qarşısında götürmüşdür və bütün mümkün ziyanları, riskləri nəzərə almışdır və qəbul etmişdir. İddiaçının hər hansı məqsədlə kredit almasının, xərcləməsinin Cavabdeh aidiyyatı yoxdur. Ona görə də kreditlə bağlı iddiaçının maddi zərər çəkməsinə, kredit vəsaitini ödəyə bilməməsinə Cavabdeh hər hansı öhdəlik və cavabdehlik daşımır. İddiaçının krediti ödəyə bilməməsi nəticəsində ona dəymiş ziyan kredit müqaviləsinin tərəfi olmayan Cavabdeh tələb olunması qanunun tələbinə ziddir. İddianın bu hissəsi də təmin oluna bilməz. Bir məsələni də qeyd etmək zəruridir. İddiaçı MMC iddia ərizəsində göstərir ki, Cavabdeh İddiaçı MMC-nin icarə müqaviləsini birtərəfli ləğv tarixindən (06 fevral 2021-ci il tarixdən) obyekti təhvil aldığı xx.xx.2021-ci il tarixinədək qanunsuz sahibliyində saxladığına görə iddiaçıya 255757,20 manat dəymiş ziyanı və həmin vəsaiti qanunsuz saxlamaqla ondan faydalanmağa görə 18542,39 manat faizin ödənilməsini tələb etməsi heç bir maddi hüquq norması ilə müəyyən olunmayan qanunsuz tələbdir. Qeyd olunmalıdır ki, sözü gedən xx.xx.2020-ci il tarixli icarə müqaviləsi müqavilə tərəfi omayan İddiaçı MMC tərəfindən birtərəfli qaydada ləğv oluna bilməz. İcarə müqaviləsində müqavilənin birtərəfli qaydada ləğv edilməsi nəzərdə tutulmayıb, yalnız 1 ay qabaqcadan tərəflərin yazılı ərizəsiə müvafiq həyata keçirilir o halda ki, digər tərəf buna razı olsun. Müqavilənin təəflərin təşəbbüsü ilə ləğv edilməsi təklifi zamanı digər ərəf buna tirazını bildirdikdə, müqavilənin ləğvi məsələsi məhkəmə qaydasında həll edilməlidir. Ona görə də İddiaçı MMC 06 fevral 2021-ci il tarixinin icarə müqaviləsini birtərəfli ləğv tarixi hesab edilə bilməz. Bu iddiaçının yanlış mülahizəsidir. Ona görə də iddiaçı həmin tarixdən əmlakla bağlı gəlirlərini hesablaması yalnız əsassız varlanmaq, fayda götürmək məqsədi güdür. Müqavilənin ləğvi tələbi ilə bağlı İddiaçı MMC məhkəmədə Cavabdeh oğuna qarşı kommersiya mübahisəsi qaldırmışdır. Kommersiya mübahisəsinə Şirvan Kommersiya Məhkəməsində baxılaraq mübahisəli icarə müqaviləsinin müddətinin qurtarmasından sonra məhkəmənin 02 iyun 2021-ci il tarixli qətnaməsi çıxarılmışdır. Həmin qətnaməyə əsasən, İddiaçı MMC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh icarəsində olmuş qeyriyaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılması qət edilmişdir. İcarə obyektini 27 avqust 2021-ci il tarixə kimi sahibliyində və istifadəsində saxlaması barədə İddiaçı MMC-nin dəlilləri tamamilə əsassızdır. İddia ərizəsinə İddiaçı MMC tərəfindən əlavə olunmuş Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində bildirilir ki, o, dəfələrlə İddiaçı MMC-nə müraciət edərək icarəsində olmuş İddiaçı MMC-nə məxsus Lənkəran şəhəri, Qala Xiyabani 20 ünvanında yerləşən 800 kv. metr qeyriyaşayış sahəsini ondan qəbul edilməsini, buna baxmayaraq İddiaçı MMC icarə obyektini təhvil almaq istəməməsini, neçə müddətdir ki, Cavabdeh tərəfindən obyektin boşaldılmasını, istifadə olunmamasını, əmlaklarını obyektdən çıxarması barədə məlumat verməklə iddiaçıdan obyekti təhvil almağı tələb etmiş, lakin İddiaçı MMC süni şəkildə vaxtı uzadaraq gələcəkdə bu qayda iddia vermək üçün icarə obyektini Bütün bunlar onu deməyə əsas verir ki, Cavabdeh icarə obyektini Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi qəbul olunduqdan sonra tam şəkildə boşaldaraq istifadə etməmiş, obyekti işlətməmişdir. Ona görə də ondan obyekti istifadə etmədiyi müddətdə obyektin icarə haqqının tələb edilməsi qanunsuzdur. Ümumilikdə İddiaçı MMC-nin Cavabdeh qarşı irəli sürdüyü iddia tamamilə əsassızdır, iddia ərəzisində istinad olunan maddi hüquq normalarını hazırki mübahisəyə tətbiq olunmamalı, cavabdeh A.Mirzyəvin iddiaçı qarşısında hər hansı bir pul öhdəlikləri yoxdur, cavabdeh iddiaçının əmlakını qanunsuz saxlamamışdır, bundan faydalanmamış, hər hansı qazanc əldə etməmişdir. İddiaçı MMC-nin iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan “ikin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın surətindən görünür k, İddiaçı MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, X13 ilə Cavabdeh arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 2.106,2 m2 olan qeyri-yaşayış binasının 800 kv.m. hissəsinin 11 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixə kimi icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanılmışdır. Daha sonra həmin qeyri-yaşayış binası və torpaq sahəsi X4 və X13 tərəfindən İddiaçı MMC-yə satılmış, sonuncuya bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyat tarixi xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Bundan sonra Cavabdeh hər ay 2.000 manat məbləğində icarə haqqını xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək iddiaçıya ödəməli olmasına baxmayaraq cavabdeh qeyd olunan müddəti əhatə edən 7.000 manat məbləğində icarə haqqını iddiaçıya ödəməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə, X6 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinə münasibət bildirərək qeyd edir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2020-ci il tarixindən daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmişdir. Belə olduğu təqdirdə icarə müqaviləsi əsasında icarə haqqını tələb etmək hüququ iddiaçıya keçmişdir. İş materillarından isə həmin tarixdən sonra icarə haqqının ödənilməsi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Belə olduğu təqdirdə iddiaçının icarə haqqının ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Odur ki, iddia 7.000 manat icarə haqqının ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə, iddianın 1200 kv. metr sahənin hüquqi əsas olmadan zəbt etməklə vurulmuş 255.757,20 manat zərərin və əsassız varlanmağa görə 18.542,39 manat faizlərin tutulması hissəsi əsassız hesab edir. Belə ki, mübahisəli qeyri-yaşayış binası tələbdə qeyd olunan xx.xx.2021-ci il tarixdən icarə müqaviləsinin qüvvədən düşdüyü vaxtadək, yəni xx.xx.2021-ci il tarixədək Cavabdeh qanuni sahibliyində olmuşdur. Belə olan halda isə Cavabdeh İddiaçı MMC-yə ziyan vurması mümkün deyildir. Bundan başqa, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan müddət ərzində 255.757,20 manat dəyərində ziyanla bağlı məhkəməyə hər-hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Hazırki halda iddiaçı, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ziyan vurulduğunu iddia etsə də, Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci və 23-cü maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, iddiaçıya ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə, hesab edir ki, 255.757,20 manat dəyərində ziyanla bağlı iddia tələbi əsassız olduğundan iddia tələbinin əsassız varlanmağa görə 18.542,39 manat məbləğində faizlərin tutulması hissəsi də təmin edilməməlidir. Eyni zamanda, məhkəmə icarə sahəsinə vurulmuş zərərə görə 13.200 manat məbləğində pulun tutulması hissəsini də araşdıraraq hesab edir ki, həmin tələb də əsassızdır və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsi əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiqini mümkün hesab edir. Məhkəmə qeyd edir ki, hazırkı tələb Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Həmin maddəyə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Qanunvericiliyin yuxarıda qeyd olunan normasının məzmunundan da göründüyü kimi kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Həmin normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, qeyri-yaşayış binası xx.xx.2021-ci il tarixində iddiaçıya təhvil verilmişdir. Belə olduğu təqdirdə iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulmasını 27 avqust 2021-ci il tarixində bilmiş, hazırkı iddianı isə 31 mart 2022-ci ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 7 ay sonra qaldırmışdır. Məhkəmə, hesab edir ki, iddiaçının cavabdehə qarşı icarə sahəsinə vurulmuş zərərə görə tələb etmək hüququ Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbinə uyğun olaraq müddətin keçməsinə görə qüvvədən düşdüyündən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə, eyni zamanda iddia tələbinin “400 manat məbləğində mediasiya xərcinin tutulması barədə” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, qeyd olunan qanunvericilik aktı normasına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 200 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 184,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsininin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunverciliyin yuxarıda qeyd olunan normasına əsasən hesab edir ki, cavabdehdən 40 (qırx) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7.000 manat məbləğində icarə haqqı, 200 manat mediasiya xərci və 40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7.240 (yeddi min iki yüz qırx) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar