Məhkəmə qərarları › İş №e-2-2(121)-671/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-671/2023

02.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-671/2023 02.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə əlaqədar sənədlərin təqdim olunması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı, Cəmiyyətin səhmdarlarının xx.xx.2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolunun və yığıncağının kimin təşəbbüsü ilə çağırıldığını təsdiq edən sənədlərin Cəmiyyətin idarə heyətinin sədrinin imzası və möhürü ilə təsdiq edilmiş surətinin, ASC-nin nizamnaməsinin, ASC-nin nizamnaməsinə əlavə və dəyişikliklərin layihəsinin Cəmiyyətin İdarə Heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, yeni yaranmış MMC-nin Nizamnaməsinin, bölünmə balansının, təhvil aktının Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, Cəmiyyətin özəlləşdirilməsi zamanı tərtib olunan Emissiya Prospektində Cəmiyyətin balansında olan əsas vəsaitlərin, o cümlədən digər aktivlərin (debitor borcların, hesablaşma hesabında olan vəsait, kassada olan pul vəsaiti, anbarda olan materiallar və s.) və passivlərin tərkibi əks olunan hissəsinin Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, 2019, 2020, 2021-ci illər üzrə Cəmiyyətin maliyyə hesabatlarının, ona əlavələrinin və auditor aktlarının, debitor və kreditor borclar (tərkibi göstərilməklə) haqqında hesabatların, bu illər üzrə cəmiyyətin illik balanslarının surətlərinin cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, 2019, 2020, 2021-ci illər üzrə cəmiyyətin aktivlərinin və öhdəliklərinin inventarizasiya aktlarının, cəmiyyətin balansında olan, o cümlədən ayrılan hüquqi şəxsə verilən əsas vəsaitlərin (əmlakın) siyahısının (balans, köhnəlmə, qalıq dəyəri göstərilməklə) idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin (texniki passport), Cəmiyyətin mülkiyyətində olan torpaq sahəsinin və qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın reyestrindən çıxarışların idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, Cəmiyyətin 2022-ci il üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surətinin təqdim edilməsi barədə iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, iddia tələbi üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin elektron qaydada alınması haqqında sənəd, həmçinin cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələrinə dair işlərə dair qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş) iddia ərizəsinə əlavə edilmədiyi əsasları ilə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd (kommersiya mübahisələrinə dair işlərə dair qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş) iddia ərizəsinə əlavə edilmədiyi əsası ilə də ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə əlaqədar sənədlərin təqdim olunması tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar