Məhkəmə qərarları › İş №e-2-2(121)-715/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-715/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-715/2021 03.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı 2.136,79 manat əsas borc, 170,93 manat faiz borcu, 193,95 manat cərimə borcu və 309,30 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış borc olmaqla, cəmi 2.811,97 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh3 arasında bağlanmış 418 SF №-li 20 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə heyvandarlığın inkişafı məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 5.000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında 20 fevral 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********645 saylı 29.12.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh3 17.12.2020-ci il tarixə kredit üzrə cəmi borcu 2811,97 (iki min səkkiz yüz on bir manat 97 qəpik) manat təşkil edir. Bundan 2136,79 (iki min yüz otuz altı manat 79 qəpik) manat əsas, 170,93 (yüz yetmiş manat 93 qəpik) manat faiz, 193,95 (yüz doxsan üç manat 95 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 309,30 (üç yüz doqquz manat 30 qəpik) manat faiz borcu təşkil edir. Borc ödənilmədiyindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək işə mahiyyəti üzrə baxılmasını, iddia tələblərini tam müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında iddia üzrə əsas borcu qəbul etdiyini və qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh3 arasında bağlanmış 20 fevral 2015-ci il tarixli, 418 SF saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh3 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə, heyvandarlığın inkişafı üçün 5.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 05 mart 2015-ci il tarixli, 6654 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-nin İmişli filialı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 20 fevral 2015-ci il tarixli, 418 SF saylı kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. İş materiallarında olan 05.03.2015-ci il tarixli, 10 saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh3 oğluna 5.000 manat kredit verilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 25.12.2020-ci il tarixli, **********454 saylı arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 20 fevral 2015-ci il tarixli, 418 SF saylı kredit müqaviləsi üzrə onun 17.12.2020-ci il tarixə banka 2.136,79 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 170,93 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 193,95 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanan 309,30 manat faiz borcu olmaqla, ümumi borc 2.811,97 manat təşkil edir. İş materialında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh3 arasında bağlanılmış 20 fevral 2015-ci il tarixli, 418 SF saylı kredit müqaviləsi əsasında aldığı 5.000 manat məbləğində kreditə görə 17.12.2020-ci il tarixinə banka 2.136,79 manat əsas, 170,93 manat məbləğində faiz borcu, 193,95 manat cərimə və 309,30 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 2.810,97 manat məbləğində kredit borcunun olması barədə Cavabdeh3 və həmin kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış 05 mart 2015-ci il tarixli, 6654 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh3 ilə birlikdə məsuliyyət daşıdıqları barədə xəbərdar edilmiş, qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən, borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışlar. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh3 Ləğv prosesində olan İddiaçı ASC-yə olan əsas kredit borcu 2.136,79 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh3 arasında 20 fevral 2015-ci il tarixli, 418 SF saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh3 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin İmişli filialı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 6654 saylı zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 20 fevral 2015-ci il tarixli, 418 SF saylı kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdürlər. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 20 fevral 2015-ci il tarixli, 418 SF saylı kredit müqaviləsi üzrə cavabdehin 2.136,79 manat əsas borcunun mövcud olması iş materialları ilə, həmçinin Cavabdeh3 etirafı ilə sübut olunduğundan iddia həmin hissədə, yəni əsas borc məbləğinin tutulması hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh3 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Müvafiq Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi və ya azalması istisnasızdır. Məhz bu məntiqdən çıxış edərək Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən, o cümlədən, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq iddia tələbi yalnız restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməli, faiz borcu və cərimə hissəsində iddia rədd edilməlidir. Belə ki, Fərmanın tətbiqi ilə bağlı vətəndaşın müraciət edəcəyi halda da, iddiaçı hazırda irəli sürdüyü tələb üzrə borc məbləğinin yenidən güzəştli şərtlərlə qaytarılmasını deyil, restrukturizasiya olunması təklif olunan məbləği müəyyən edəcəkdi. Məhkəmə iddianın “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi”nə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3620/2016 saylı, 22.07.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 59.5-ci maddəsinə əsasən bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarının qəbul edildiyi andan bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri ləğvediciyə keçir, bank inzibatçılarının və ya səhmdarlarının bank adından etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur, bank aktivlərinin mühafizəsi və məhkəmə qərarlarının icrası məqsədilə aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir, habelə bankın girov məbləği (ipoteka) həddində təmin etdiyi öhdəlikləri istisna olmaqla, qalan aktivlər həbsdən və ya icraatdan müdafiə edilir. Həmin Qanunun 59.6-cı maddəsinə əsasən ləğvedicinin təyin edildiyi tarixdən bankın idarəetmə orqanları (müvəqqəti inzibatçı təyin olunduğu halda, müvəqqəti inzibatçı) bankın möhürlərini, ştamplarını, bütün əmlakını, mühasibat kitablarını və digər sənədlərini təhvil-təslim aktı ilə ləğvediciyə təhvil verməlidir. Məhkəmə qeyd edir ki, hüquqi nəticə etibarı ilə 22.07.2016-cı il tarixdən sonra İddiaçı ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirmişdir. Belə ki, ləğv prosesində olan Bank “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətləri, yəni fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını və sair bu kimi fəaliyyətləri həyata keçirə bilmir. Belə olan halda bankın əldən çıxmış faydası da ola bilməz. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müddəti isə 20.02.2018-ci il tarixdə, yəni bank məcburi ləğv edildikdən sonra bitmişdir. Bu səbəbdən də Bank illik 5% dərəcəsi ilə hesablama aparmaqla cavabdehlərdən əldən çıxmış fayda qismində faiz tələb edə bilməz. Odur ki, iddia həmin hissədə əsassızdır. Məhkəmə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə qeyd edir ki, kredit və zaminlik müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 20.02.2018-ci il tarixdə başa çatmış, lakin kreditor olaraq, iddiaçı 20.02.2019-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Məhkəmə qeyd olunan əsaslara görə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 7 manatı iddiaçıya aid edilməli, 23 manatı isə Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 2.136,79 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 manat olmaqla, cəmi 2.159,79 (iki min yüz ədoqquz manat, yetmiş doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 2.136,79 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 manat olmaqla, cəmi 2.159,79 (iki min yüz əlli doqquz manat, yetmiş doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar