Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-716/2025 24.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı – borcun ödənilməsi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – 50.000 manat məbləğində pulun və ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Ağcabədi şəhər sakini Cavabdeh iddiaçıya vurduğu maddi zərərin əvəzi kimi 50.000 manat pulu qaytarması üçün rəsmi qaydada pretenziya göndərilmişdir. Eyni zamanda aralarında olan pul mübahisəsinin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiya sessiyası keçirilməsi təklif edilmişdir. Lakin cavabdeh iddiaçının təkliflərinə əhəmiyyət verməmiş, mediasiya sessiyasında iştirak etməmiş, həmçinin pretenziyaya da cavab verməmişdir. İddiaçı 2019cu ildə Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “Şah” market ticarət obyektini icarəyə götürüb mağazaya 239.000 manatlıq ərzaq alıb həmin məhsulların satışını həyata keçirmək məqsədilə marketə yerləşdirmişdir. Ərzaq məhsullarını marketə yığdıqdan sonra əvvəllər dostluq münasibəti olan cavabdehlə razılaşmışlar ki, cavabdeh mağazanı işlətsin və gələcəkdə böyüməsini təşkil etsin. Mağazanı iddiaçı icarəyə götürsə də, bütün sənədləşmə işləri cavabdehin adından getmişdir. Cavabdeh işə başladıqdan sonra il yarım ərzində ona hər ay 800, 1000 və 1200 manat əmək haqqı ödənilmişdir. İddiaçı 2019-cu il tarixdə mağazanı təhvil verəndə 239.000 manat dəyərində malları birlikdə hesablayıb cavabdehə təhvil vermiş və o, 2022-ci ilin sonuna kimi mağazanı işlətmişdir. Eyni zamanda cavabdeh özü mağazaya 4 nəfər işçi gətirib hər ay işçilərə 450-500 manat əmək haqqı verməklə işlətmişdir. Sonuncu dəfə mağazada 2023-cü ilin yanvar ayında ümumi hesablama aparılanda 135.000 manat ərzaq mallarının əskik gəldiyi müəyyən edilmişdir. Buna görə də iddiaçı cavabdehdən mənimsənilən 135.000 manat pulu tələb etməyə başlamış, 2023-cü ildə cavabdeh özünə məxsus “Ford” markalı avtomobili 17.000 manatın əvəzi kimi iddiaçıya verərək borcundan çıxmasını bildirmişdir. İddiaçı da bununla razılaşmış və avtomobili adına keçirmişdir. Qalıq qalan 118.000 manat pulu isə cavabdeh geri qaytarmamışdır. Ona görə də cavabdeh barəsində tədbir görülməsi üçün Ağcabədi rayon Polis Şöbəsinə şikayətlə müraciət edilmişdir. Polis şöbəsində araşdırma aparılaraq Yalçının izahatı alınmış, o, iddiaçıya 50.000 manat pul borcu olduğunu bildirərək maddi imkanı olmadığından qaytara bilmədiyini bildirmiş, həmçinin həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin polis şöbəsində Yalçının barəsində heç bir tədbir görülməmiş, aralarında olan pul haqq hesabı mülki məsələ olduğu üçün xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar çıxarılmış, mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh həmin vaxtdan bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, ödəməli olduğu pulu qaytarmamışdır. İddiaçı cavabdehin maddi vəziyyətini nəzərə alaraq, 50.000 manat ödəməsinə razılaşsa da, cavabdeh həmin pulu da ödəməkdən yayınmışdır. Cavabdehin həmin 50.000 manat pulu da könüllü olaraq ödəmək fikri yoxdur. Ona görə də həmin pulun məhkəmə qaydasında alınıb iddiaçıya verilməsi xahiş edilir. İddiaçı xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddianı müdafiə etmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddiaya etiraz etmiş və məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını və şahid ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis mayoru İlham Quliyevin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, aparılmış araşdırma zamanı Cavabdeh dostu İddiaçı icarəyə götürüb işlətməsi üçün ona verdiyi “Şah” market işlətdiyi müddət ərzində marketdə olunan alverin pulundan mənimsəməsi xüsusatı sübuta yetmədiyinə görə və toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı izahatında göstərmişdir ki, Ağcabədi rayon sakini Cavabdeh 7-8 il olar ki, tanıyır, aralarında dostluq münasibəti var. 2019-cu ilin noyabr ayında Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “Şah” marketi icarəyə götürüb işlətmək istəmiş, həmin vaxt mağazaya 239.000 manat dəyərində ərzaq alıb yığmış, mağazanın işlədilməsini və gələcəkdə işin böyüdülməsini Yalçına tapşırmışdır. Yalçınla aralarında olan ilkin razılığa görə ona hər ay əmək haqqı verəcəyini bildirsə də, mağaza işləyəndən sonra Yalçına hər ay 800, 1000 və 1200 manat əmək haqqı vermişdir. 2019-cu ildə mağazanı Yalçına təhvil verəndə hər ikisi 239.000 manat dəyərində malları hesablamış və Yalçına vermişdir. Yalçın mağazaya 4 nəfər işçi gətirmiş, işçilərə hər ay qazancdan 400-500 manat əmək haqqı verilmişdir. 2022-ci ilin dekabr ayının sonuna kimi mağazanı işlətmişlər. Buna səbəb hər ay ümumi malların hesabın aparan zaman Yalçının ona verilən malların əskik olması olmuşdur. Sonuncu dəfə 2023-cü ilin yanvar ayında mağazada ümumi hesablaşma aparanda 135.000 manat pulun əskik gəldiyini müəyyən etmişdir. Mağazanı o, icarəyə götürsə də, bütün sənədləşmə Yalçının adından getmişdir. Buna görə də, Yalçından mənimsədiyi 135.000 manat pulu tələb etməyə başlamışdır. 2023-cü ilin fevral ayında Yalçın özünə məxsus “Ford Fujin” markalı avtomobili 17.000 manata verib borcdan çıxmasını demişdir. O da razılaşmış və Yalçından aldığı avtomobili 15.000 manata satmış, lakin aralarında olan razılığa görə borcdan 17.000 manat çıxmışdır. Bundan sonra Yalçın mənimsədiyi və ona ümumilikdə qalan 118.000 manat borcun hissə-hissə qaytaracağına söz versə də, hal-hazıra kimi müxtəlif bəhanələr gətirib pulu qaytarmaqdan imtina etmişdir. Hətta son vaxtlarda pulu ondan tələb edəndə ona sözlə hədə-qorxular gəlmişdir. O, “Şah” marketi hər ay 1.000 manat verməklə icarəyə götürüb Yalçına versə də, aralarında heç bir müqavilə olmamışdır. Dörd il ərzində “Şah” marketdən ümumi qazancdan cəmi 27.000 manat, Yalçın isə 33.000 manat pul götürmüş, həmin pulları ayrıca kitabçalarda qeyd etmişlər. O, izahatında daha sonra göstərmişdir ki, marketin istifadəsi konkret olaraq Yalçına verilmiş, qardaşı Ariz isə marketdə satıcı kimi işləmişdir. Əvvəllər malları özü alıb gətirib mağazaya yığmış, sonradan isə Yalçın özü şirkətlərlə müqavilə bağlayıb malları almışdır. Hazırda Yalçının ona 118.000 manat borcu olsa da, o, Yalçından 110.000 manat tələb etdiyini bildirmişdir. Qeyd edilən qərardan həmçinin görünür ki, Cavabdeh araşdırma zamanı izahatında göstərmişdir ki, 2019-cu ilin noyabr ayının əvvəllərində tanışı İddiaçı ilə öz aralarında danışıb razılaşmışlar ki, Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “Şah” marketi İddiaçı icarəyə götürüb ona versin. Aralarında rəsmi müqavilə olmadan firmalardan nağd pulla 178.000 manat dəyərində mal alıb mağazaya yığmışlar. Həmin pulun hamısın Vüqar özü vermiş, mağazanı isə özü işlətmişdir. Hər ay mağazanın 1000 manat icarə pulun mağazanın gəlirindən götürüb vermişdir. İşlədikləri müddət ərzində mağazanın gəlirindən 26.000 manat Vüqara vermişdir. 2023-cü ilin yanvar ayında isə mağazanı bağlamışlar. 223.000 manat dəyərində ərzaq məhsullarını aralarında rəsmi sənədləşmə olmadan Vüqara təhvil vermiş, borclu qaldığı pulun əvəzində isə özünə məxsus “Ford Fujin” markalı avtomobili Vüqara vermiş, 50.000 manat Vüqara borclu qalmış, hazırda maddi imkanı olmadığına görə pulu Vüqara ödəyə bilməmişdir. O, həmin 50.000 manat borcun gələcəkdə Vüqara ödəyəcəyinə söz vermişdir. Mağazanın alverinə Vüqarın aidiyyəti olmamış, bütün malları şirkətlərdən özü almış, qaimələr onun adına yazılmış, alverdə ziyan etdiyi üçün Vüqara 50.000 manat borcu yaranmışdır. Qərardan eyni zamanda görünür ki, X2 oxşar məzmunlu izahat verərək, qardaşı Cavabdeh izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli pretenziya məktubları göndərilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizənin və Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı xx.xx.2025-ci il tarixli şikayətin məzmunundan aydın olur ki, 2019-cu ildə Vüqar ona birlikdə mağaza açaraq işlətməyi təklif etmiş, mağazanın öz qoruması altında olacağını, polisdə dostlarının olduğunu, dəyib-dolaşan olmayacağını bildirmişdir. Bir müddət düşündükdən sonra Vüqarın təklifi ona maraqlı gəlmiş və birlikdə mağaza açmağa qərar vermişdir. 2019-cu ildən İddiaçı ilə aralarında olan razılaşmaya əsasən, birlikdə “Şah” marketi icarəyə götürərək kommersiya fəaliyyəti ilə məşğul olmağa başlamışlar. Marketin açılmasında 40.000 manat Vüqarın vəsaiti, 40.000 manat isə onun vəsaiti olmuşdur. Mağaza fəaliyyət göstərdiyi müddət ərzində cəmi 2 dəfə onun iştirakı ilə sayım keçirilmiş, 3-cü sayım isə onun iştirakı olmadan Vüqar tərəfindən keçirilmişdir. Birinci sayım 2021-ci ildə keçirilmiş, nəticələri məqbul olmuşdur. İkinci sayım isə xx.xx.2023-cü il tarixdə olmuş, nəticəsi müsbət olmuşdur. İkinci sayım keçirilməzdən əvvəl Vüqar artıq mağazanı bağlamaq istədiyini, sayım nəticəsində müəyyən edilmiş malların yarı hissəsinin ödənişini ona verəcəyini bildirərək mağazanın açarlarını ondan almış və ona olan borcunu qısa müddətdə ödəyəcəyini bildirmişdir. Yalçın səhəri gün mağazaya getmiş və mağazanın açarlarının Vüqar tərəfindən dəyişdirildiyini görmüşdür. Vüqar ilə görüşmüş və qapının açarlarını niyə dəyişdiyini dəqiqləşdirdikdə mağazada olan məhsulların dəyərinin yarı faizini ona ödənişini verəcəyini vəd verərək narahat olmamağını bildirmişdir. Yalçın Vüqara fəaliyyət göstərdikləri müddət ərzində məhsul götürdüyü şirkətlərə və sahibkarlara olan borcları ödəməyi, daha sonra yerdə qalan vəsaitin aralarında bərabər şəkildə bölünməsini tələb etmiş, Vüqar onunla razılaşmış və onu əmin etmişdir ki, guya borclar ödəniləcək, sonra yerdə qalan məbləğ ədalətli şəkildə bölünəcəkdir. Daha sonra, Vüqar gecə saatlarında mağazadan malları götürmüşdür. 2023-cü ilin yanvar ayının təxminən 7-də Yalçın mağazaya getdikdə, mağazada müxtəlif şəxsləri görmüşdür. Nə baş verirdiyini Vüqardan soruşduqda, şirkətlərdən götürülmüş malları bacardığı qədər geri qaytarmağa çalışdığını, hazırda isə onlara mane olmamağı, iş yekunlaşdıqda ona xəbər edəcəyini bildirərək Yalçını yola salmışdır. Yalçın təxminən 2-3 gün keçdikdən sonra Vüqarla əlaqə saxlamışdır, Vüqar isə mağazada sayım keçirib və mağazada cəmi 110.000 manatlıq məhsulun aşkar edilmədiyini, həmin vəsaiti ona ödəməli olduğunu bildirmişdir. Yalçın buna etiraz edərək birlikdə mağazada sayım keçirdiklərini ona xatırladaraq mağazada heç bir çatışmazlıq olduğunu bildirmiş, lakin buna baxmayaraq onun etirazlarına məhəl qoymayan Vüqar Yalçına hədə-qorxu gəlməyə başlamış və ondan pul tələb etmişdir. Vüqar tərəfindən ona edilmiş hədə-qorxu nəticəsində ailəsinin, uşaqlarının və öz həyatının təhlükə altında olmasını müşahidə edərək, onun tələbi ilə razılaşmaq məcburiyyətində qaldığı üçün istifadəsində olan, lizinqə götürülmüş “Ford Fusion” markalı avtomobili onun adına rəsmləşdirərək avtomobili ona təhvil vermişdir. Vüqar ona hədə-qorxu gələrkən bildirmişdir ki, onun kəsdiyi başa sorğu-sual yoxdur, polisdə də dostları var, lazım olsa polisin əli ilə təzyiq göstərə, şərləyərək həbs elətdirə bilər. Daha sonra da, onun tapşırığı əsasında Yalçını polis idarəsinə çağırmışlar və orada ona sənədlər təqdim edərək, imzalamağı, diktə etdikləri kimi izahat verməyi tələb etmişdirlər. Yalçın onu təhdid edən Vüqara polis şöbəsində yalvarmış, lakin bu yalvarışları nəzərə almayan İddiaçı və onun dostu və qohumu Ağcabədi RPŞ-nin müstəntiqi İlham Quliyevlə birlikdə onu təhqir etməkdə, izahatı diktə olunmuş şəkildə ifadə verməyə məcbur etmişdirlər. Yalçın məcbur qalaraq həmin sənədləri imzalamış, diktə olunmuş şəkildə izahat yazmışdır. Ağcabədi rayon PŞ-nin, TB-nin təhqiqatçısı Ramil Quliyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, guya Yalçının Vüqara 50.000 manat borcu var, bununla bağlı izahat vermişdir, həmin izahat həqiqəti əks etdirmir. İşin əsl tərəfi isə ondan ibarətdir ki, faktiki olaraq mağaza açılarkən Vüqar da, Yalçın da 40000 manat pul qoyaraq işə başlamışlar. Vüqar özü bildirir ki, mağazada 106.000 manatlıq məhsul mövcud olmuşdur. Bununla yanaşı şirkətlərə 79.652 manat ümumilikdə borc yaranmış, həmin borclar isə Yalçının adına rəsmiləşdirilmiş, faktiki olaraq həmin borclar Yalçından tələb olunur. Lakin şirkətlərə olan borcun yarı hissəsi ilə bağlı öhdəlik məhz Vüqara aiddir, Yalçından tələb olunduğu üçün həmin borcun yarı faizini, yəni (79652:2=39852) 39852 manat Vüqar Yalçına ödəməlidir. Fəaliyyət göstərdikləri müddət ərzində Vüqar mağazadan ümumilikdə 57.000 manat pul və mal götürmüşdür. Bununla yanaşı Vüqarın hədə-qorxusu nəticəsində Yalçın Vüqara 20000 manat dəyərində olan 2015-ci il buraxılışı olan “Ford Fusion” markalı minik avtomobilini vermişdir. Belə olan halda aşağıdakı riyazi hesablama nəticəsində tərəflər arasında vəsait bölünməlidir. 1. Mağazada olan mallar Vüqarda olduğu üçün həmin vəsaitin yarısı (106000:2=53000) yəni 53000 manatı Vüqar tərəfindən Yalçına ödənilməlidir. 2. Mağazanın şirkətlərə olan ümumilikdə 79652 manat borcu məhz Yalçının adına rəsmiləşdirildiyi üçün onun şəriki Vüqar həmin öhdəliyədə şərik olduğuna görə öhdəliyin yarısını, yəni (79652:2=39852) 39852 manat Vüqar Yalçına ödəməlidir. 3. Fəaliyyət göstərilmiş müddət ərzində ümumilikdə 57000 manat vəsait Vüqar tərəfindən götürüldüyü üçün həmin vəsaitin yarı faizi, yəni (57000:2=28500) 28500 manat vəsait Vüqar tərəfindən Yalçına qaytarılmalıdır. 4. Bununla yanaşı Yalçına edilmiş hədə-qorxu nəticəsində Vüqara verdiyi 2015-ci il tarixli buraxılış ili olan “Ford Fusion” markalı avtomobilin dəyəri 20000 manat və hədə-qorxu ilə aldığı 15000 manat, ümumilikdə 35000 manat vəsaiti Vüqar Yalçına qaytarmalıdır. Göründüyü kimi 53000+39852+28500+35000=121352 manat məbləğində Vüqarın Yalçına borcu var, Yalçının isə borcu yoxdur. Lakin Vüqarın yaxın dostu olan, Ağcabədi rayon Polis Şöbəsinin, TB-nin təhqiqatçısı Ramil Quliyev və İddiaçı tərəfindən polisdə şərlənəcəyindən ehtiyat edərək, bu barədə hədələri nəzərə alaraq, guya 50000 manat Vüqara borcunun olması ilə bağlı verilən sənədləri imzalamaq, diktə olunanları kağız üzərinə köçürmək məcburiyyətində qalmışdır. Məhkəmə proseslərinə İddiaçı (hədələrə görə Vüqarın onu tapmaması üçün Ağcabədi rayonundan qaçmaq, ailəsi və özünün təhlükəsizliyini təmin etmək məcburiyyətində qalmış) qorxduğu, ehtiyat etdiyi üçün gələ bilmədiyini, vəkilinin iştirakı ilə işə baxılaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Ağcabədi rayon prokuroru baş ədliyyə müşaviri Vüqar Hacıyevin xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında” qərarının surətindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar əməliyyat tapşırığı verilmədiyi, həmçinin icarə müqaviləsi olub-olmaması ilə əlaqədar aidiyyəti qurumlara sorğu verilmədiyi, müsbət halda həmin müqavilənin surəti materiala əlavə edilmədiyi, bundan başqa Cavabdeh məxsus “Ford Fusion” markalı avtomobilin mövcud olub-olmaması və həmin avtomobilin həqiqətən də satılıb-satılmaması məsələsi müəyyənləşdirilmədiyi, mağazada olan malların adları və qiymətləri mütəxəssisin iştirakı ilə dəqiqləşdirilmədiyi üçün HK-1/805 nömrəli material üzrə Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı, İlham Quliyevin cinayət işi başlanmasının rədd edilməsi haqqında qəbul etdiyi xx.xx.2023-cü tarixli qərarın ləğv edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Ağcabədi rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı polis mayoru Elçin Piriyevin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, toplanmış materialda cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon prokuroru baş ədliyyə müşaviri Vüqar Hacıyevin xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında” qərarının surətindən görünür ki, ilkin yoxlama zamanı təhqiqatçı tərəfindən yol verilmiş nöqsanların aradan qaldırılması və yuxarıda qeyd edilən xüsusatların hərtərəfli, tam və obyektiv araşdırılması və nəticəsindən asılı olaraq hüquqi qiymət verilməsindən ötrü Ağcabədi rayon X4 bölməsinin baş təhqiqatçısı, polis mayoru X1 HK-1/805 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2025-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilərək material üzrə əlavə yoxlama aparılması Ağcabədi rayon X4 bölməsinə həvalə edilməsi qərara alınmışdır. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Cavabdeh onun xalası oğludur. Bir ildir ki, Yalçın ailəsi ilə birlikdə Bakı şəhərinə onun yanına gələrək, ondan kömək istəmişdir. Yalçının Kürdəxanı yolunda təxminən 60.000- 70.000 manat dəyərində olan yarımtikili bir obyekti var idi. Həmin obyekti 50.000 manata ona satmışdır. Belə ki, o, 40.000 manat verərək, bir-iki ilə qalan məbləği də verəcəyini bildirmiş və razılaşmışlar. Sonradan qalan 10.000 manatı da Yalçına vermiş və hazırda aralarında borc yoxdur. Həmin vaxt Yalçın Vüqar adlı şəxslə biznes qurmaq istədiyini bildirərək, 40.000 manatı ona verəcəyini bildirmişdir. Sonradan o, qalan borcu Yalçına qaytaranda Vüqar adlı şəxsin ona hədə-qorxu gəldiyini bildirmişdir. O, Yalçına polisə şikayət etməsini məsləhət görmüş və ailəsi ilə Bakıya gəlməsini söyləmişdir. Yalçın da ailəsi ilə birlikdə Bakıya, onun yanına köçmüşdür. Yalçının şirkətlərə çoxlu borcu var və buna görə ona tez-tez zənglər gəlir. Beləliklə, işin həqiqi halları, iddiaçının, cavabdehin nümayəndəsinin izahatları, iş materiallarında olan sənədlərlə və məhkəmə iclasında dinlənilmiş audioyazı ilə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, 2019-cu ildən tərəflər şərikli (ortaq) fəaliyyət göstərmələrinə dair razılığa gəlmişlər. İddiaçı ilə cavabdeh arasında şərikli (ortaq) fəaliyyət faktiki mövcud olmuş olsa da, şərikli (ortaq) fəaliyyət haqqında onlar arasında yazılı razılaşma olmamışdır. Belə ki, iddiaçı 2019-cu ildə Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “Şah” market ticarət obyektini icarəyə götürüb ərzaq məhsulların satışını həyata keçirmək məqsədilə marketə yerləşdirmişdir. Ərzaq məhsullarını marketə yığdıqdan sonra əvvəllər dostluq münasibəti olan cavabdehlə razılaşmışlar ki, cavabdeh mağazanı işlətsin və gələcəkdə böyüməsini təşkil etsin. Cavabdeh tərəfindən marketin fəaliyyətinə görə hər hansı bir vəsait qoyulmasa da, marketin cari fəaliyyətini həyata keçirdiyindən, o, əldə edilmiş gəlirə (qazanca) şərik olmuşdur. 2023-cü ilin yanvar ayında marketdə ümumi hesablama aparılan zaman ərzaq məhsullarının əskik gəldiyi müəyyən edilmişdir. Buna görə də iddiaçı cavabdehdən çatışmayan məhsullara görə 135.000 manat pulu tələb etməyə başlamış, cavabdeh özünə məxsus “Ford Fusion” markalı avtomobili 17.000 manatın əvəzi kimi iddiaçıya verərək borcundan çıxmasını bildirmişdir. İddiaçı da bununla razılaşmış və avtomobili adına keçirmişdir. Qalıq qalan 118.000 manat pulu isə cavabdeh geri qaytarmamışdır. Ona görə də iddiaçı cavabdeh barəsində tədbir görülməsi üçün Ağcabədi rayon Polis Şöbəsinə şikayətlə müraciət edilmişdir. Polis şöbəsində araşdırma aparılaraq cavabdehin izahatı alınmış, o, iddiaçıya 50.000 manat məbləğində borcunun olduğunu bildirərək maddi imkanı olmadığından qaytara bilmədiyini bildirmiş, həmçinin həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan, xx.xx.2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar çıxarılmış, mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Sonradan həmin qərar Ağcabədi rayon prokurorunun qərarı ilə ləğv edilmişdir. Lakin, cavabdeh məhkəməyə ünvanladığı etirazında (həmçinin, prokurorluğa ünvanladığı şikayətində) iddiaçı tərəfindən ona edilmiş hədə-qorxu nəticəsində ailəsinin, uşaqlarının və öz həyatının təhlükə altında olmasını, həmçinin polisdə şərlənəcəyindən ehtiyat edərək, bu barədə hədələri nəzərə alaraq, iddiaçıya 50000 manat borcunun olması ilə bağlı verilən sənədləri imzalamaq, diktə olunanları kağız üzərinə köçürmək məcburiyyətində qaldığını bildirmişdir. Göründüyü kimi, iddiaçı şərikli (ortaq) fəaliyyət göstərməsinə dair cavabdehlə razılığa gəlmişdir. Marketdə satışı aparılan bütün məhsullar iddiaçının vəsaiti hesabına alınmışdır. Lakin, marketdən gələn gəlirə (qazanca) tərəflər şərik olmuşlar. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində birbaşa şərikli ticarət (biznes) fəaliyyəti ilə bağlı münbasibətləri tənzimləyən müqavilə konstruksiyası nəzərdə tutulmamışdır. Lakin, Mülki Məcəllənin 6.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 11.1 və 11.2-ci maddələrinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Göstərilən Məcəllənin 64.1 və 64.2-ci maddələrinə əsasən, təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər. Qeyd edilən Məcəllənin 69.1-ci maddəsinə əsasən, ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Göründüyü kimi, tərəflərin razılaşmasına əsasən iddiaçının şərikli ticarət üçün qoyduğu mayaya (kapital) münasibətdə cavabdeh yalnız birgə fəaliyyət nəticəsində əldə edilən gəlirə ortaq olması nəzərdə tutulmuşdur. Məhkəmə müəyyən edir ki, iş üzrə tərəflər öz aralarında şifahi əqd bağlayaraq şərikli ticarət fəaliyyəti barədə razılığa gəlmişlər. Lakin, iddiaçının marketdə şərikli ticarət üçün qoyduğu mayaya (kapitala) münasibətdə ümumi hesablama aparılan zaman ərzaq məhsullarının əskik gəldiyi müəyyən edildiyindən, cavabdeh həmin məhsullara görə 50.000 manat məbləğində borcunun olmasını bildirərək, həmin vəsaiti iddiaçıya geri qaytarması barədə öhdəlik götürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsində isə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər göstərilmişdir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qeyd olunan razılaşma tərəflərin sərbəst iradəsi əsasında yaranmışdır və həmin şərtin qanunvericiliyə zidd olmasına və ya etibarsızlığına dəlalət edən hallar məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd edilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə, iddianın maddi hüquqi əsaslandırılması ilə əlaqədar qeyd edir ki, işin hallarına əsasən tərəflər arasında şifahi qaydada bağlanmış müqavilə üzrə hüquq və vəzifələr yarandığına görə, mübahisəyə öhdəlik hüquq münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd edilən Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Sözügedən Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə cavabdehin iddiaya etirazının dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Ona görə ki, bu hallar iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Ağcabədi rayon X4 Bölməsinin xx.xx.2023-cü il və xx.xx.2025-ci il tarixli qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin qərarlar ləğv edilmiş olsalar da, cavabdeh iddiaya etirazında və prokurorluğa verilmiş şikayətində iddiaçı tərəfindən ona edilmiş hədə-qorxu nəticəsində ailəsinin, uşaqlarının və öz həyatının təhlükə altında olmasını, həmçinin polisdə şərlənəcəyindən ehtiyat edərək, bu barədə hədələri nəzərə alaraq, iddiaçıya 50000 manat borcunun olması ilə bağlı verilən sənədləri imzalamaq, diktə olunanları kağız üzərinə köçürmək məcburiyyətində qaldığını bildirmişdir. Lakin, iddiaçı tərəfindən ona hədə-qorxu edilməsi, bunun nəticəsində ailəsinin, uşaqlarının və öz həyatının təhlükə altında olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Yəni, qeyd edilən qərar(lar)da göstərilən hallar məhkəmə üçün məcburi olmasa da, iddiaçı bu halları sübut etmək yükündən azad olmuş, həmin halları sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaya etirazının dəlillərini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi halları sübuta yetirmiş, cavabdeh isə iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 240 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 50.000 məbləğində pul vəsaiti və 240 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-716/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-716/2025
24.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver