Məhkəmə qərarları › İş №e-2-2(121)-724/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-724/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-724/2021 01.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə Cavabdeh2 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı cavabdehlərdən 1.959,87 manat əsas borc, 184,91 manat faiz borcu, 157,45 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 279,45 manat faiz borcu olmaqla, cəmi 2.581,68 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh2 arasında bağlanmış 17.04.2015-ci il tarixli, 507 SF nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 6 faiz dərəcəsi ilə 5.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ilə bank arasında 01.05.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.3-cü bəndinə əsasən, zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********192 saylı, 02.03.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək, iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh2 arasında bağlanmış 17 aprel 2015-ci il tarixli, 507 SF saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə, heyvandarlığın inkişafı üçün 5.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 17.04.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 5.000 manat kredit verilmişdir. İş materiallarında olan 01.05.2015-ci il tarixli, 6729 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-nin İmişli filialı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 17 aprel 2015-ci il tarixli, 507 SF saylı kredit müqaviləsi üzrə Cavabdeh2 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin 02.03.2021-ci il tarixli, **********120 saylı arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh2 arasında bağlanmış 17 aprel 2015-ci il tarixli, 507 SF saylı kredit müqaviləsi üzrə cavabdehin 15.02.2021-ci il tarixə banka 1.959,87 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 184,91 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 157,45 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 279,45 manat, ümumi borc 2.581,68 manat təşkil edir. İş materiallarında olan 02 mart 2021-ci il tarixli, **********192 saylı bildirişdən görünür ki, İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh2 arasında bağlanmış 17 aprel 2015-ci il tarixli, 507 SF saylı kredit müqaviləsi əsasında aldığı kreditə görə 1.959,87 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 184,91 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 157,45 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 279,45 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 2.581,68 manat məbləğində kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 məlumatlandırılmışlar. İş materiallarından görünür ki, Cavabdeh2 borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür, ona hazırki iş üzrə kreditin restrukturizasiya olunması (restrukturizasiya təklifi digər kredit borcu ilə bağlıdır) təklif olunmamışdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış 01.06.2021ci il tarixli ərizədə qeyd edilmişdir ki, iş üzrə 1.959,87 manat əsas borcunu qəbul edir, lakin 184,91 manat faiz borcunu, 157,45 manat cərimə borcunu və müqavilə müddəti bitdikdən sonra hesablanmış 279,45 manat faiz borcunu qəbul etmir. Həmçinin ərizədə əsas, faiz və cərimə borclarının yenidən hesablanması üçün ekspertizanın təyin olunmasına ehtiyac olmadığı, bütün borcların düzgün hesablandığı qeyd edilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh2 arasında bağlanmış 17 aprel 2015-ci il tarixli, 507 SF saylı kredit müqaviləsi bağlanmış, bağlanmış müqaviləyə əsasən, Cavabdeh2 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC-nin İmişli filialı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 arasında 01.05.2015-ci il tarixli, 6729 saylı zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 17 aprel 2015-ci il tarixli, 507 SF saylı kredit müqaviləsi üzrə Cavabdeh2 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 tərəflər arasında bağlanmış 17 aprel 2015-ci il tarixli, 507 SF saylı kredit müqaviləsi üzrə 1.959,87 manat əsas, 184,91 manat faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış 279,45 manat faiz borcunun olması iş materialları ilə sübut olunduğundan, əsas, faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun tutulması hissəsində Cavabdeh2 münasibətdə iddia təmin edilməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, 1.959,87 manat əsas borc Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən,, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın 1.959,87 manat məbləğində əsas borcun, hesablanmış 184,91 manat məbləğində faiz borcun və müqavilə müddəti bitdikdən sonra hesablanmış 279,45 manat faiz borcunun ödənilməsinə dair hissələri Cavabdeh2 münasibətdə əsaslıdır. Odur ki, iddianın həmin hissələri Cavabdeh2 münasibətdə təmin edilməlidir. Məhkəmə digər cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 münasibətdə qeyd edir ki, öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 17.04.2018-ci il tarixdə başa çatmış, lakin iddiaçı yalnız 26.04.2021-ci il tarixdə icra edilməmiş öhdəlik üzrə zaminlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 münasibətdə iddia tələbi əsassızdır. Məhkəmə iddianın 157,45 manat cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 157,45 manat məbləğində deyil, 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 1,72 manatı iddiaçıya aid edilməli, 28,28 manatı isə Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 1.959,87 manat əsas borc, 184,91 manat faiz borcu, 10 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 279,45 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,28 manat olmaqla, cəmi 2.462,51 (iki min dörd yüz altmış iki manat, əlli bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1.959,87 manat əsas borc, 184,91 manat faiz borcu, 10 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 279,45 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,28 manat olmaqla, cəmi 2.462,51 (iki min dörd yüz altmış iki manat, əlli bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar