Məhkəmə qərarları › İş №e-2-2(121)-734/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-734/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-734/2022 24.05.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 2.644,98 manat məbləğində kredit borcu, 225,98 manat məbləğində faiz borcu və 696,99 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3.567,95 manat məbləğində borcun və ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin tutulması tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 2.644,98 manat məbləğində kredit borcu, 225,98 manat məbləğində faiz borcu və 696,99 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3.567,95 manat məbləğində borcun və ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 05.06.2020-ci il tarixdə bağladığı 022A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 15 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 24.12.2020-ciiltarixli 022A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 05.08.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3355.02 manat ödəniş etmiş və оnun iddiaçıya 2644.98 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cümaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 18.01.2022-ci il tarixə 166 gün üçün hesablanmış faiz borcu 225.98 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 18.01.2022-ci il tarixə 166 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 696.99 manat təşkiledir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbinə uyğun olaraq cavabdehlərə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən qanunla müəyyən edilmiş müddətdə iddia ərizəsinə dair etiraz təqdim edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 05.06.2020-ci il tarixli, 022A********** saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 15 ay müddətinə 6.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 05.06.2020-ci il tarixli, 022G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan arayışının surətindən görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 2.644,98 manat məbləğində əsas borc, 225,98 manat məbləğində faiz borcu, 696,99 manat məbləğində cərimə borcu, cəmi 3.567,95 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan 21.12.202-ci il tarixli bildirişlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 05.06.2020-ci il tarixli kredit müqaviləsi üzrə 19.12.2021ci il tarixinə 2.657,98 manat məbləğində kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışlar. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinə əsasən verdiyi krediti tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehə kredit müqaviləsi üzrə alınmış pula görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 Cavabdeh1 iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan Cavabdeh1 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə, iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 35 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2.644,98 manat əsas, 225,98 manat faiz, 35 manat cərimə və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 70 manat olmaqla, ümumilikdə 2.975,96 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar