Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-748/2025 10.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5532 manat məbləğində pulun, hüquqi xidmətə çəkilmiş xərcin əvəzi olaraq 300 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 manat, cəmi 5908 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Umudov X5 Əlişad (Elşad) Həsən oğlu ilə onun Neftçala rayonunda yerləşən, mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin şumlanması, malalanması, kultivasiya və əkilməsi barədə 2021-ci ilin fevral ayında şifahi razılığa gəlmişlər. Belə ki, Bağırov Əlişad (Elşad) Həsən oğlu uzun müddət idi ki, sahibkarlıq fəaliyyəti ilə yəni pambığın əkib-becərilməsini həyata keçirirdi. İddiaçı razılaşmaya və götürdüyü öhdəliyə uyğun olaraq ona məxsus olan 110 ha torpaq sahəsində şum, sot, mala, əkin və.s işləri görmüşdür. Göstərilən işlərin görülməsi üçün X7 tərəfindən ona 7532 manat məbləğində pul ödənilməli idi. Tərəflərin razılığına uyğun olaraq həmin pul məbləği pambıq yığımından sonra, yəni 2021-ci ilin noyabr ayında ödəniləcəkdi. Lakin qeyd olunan tarixdə görülən işlərin dəyəri ona ödənilməmiş, yalnız uzun danışıqlardan sonra verilməli olan pul məbləğindən 2022-ci ilin yanvar ayının sonlarında cəmi 2000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bağırov Əlişad (Elşad) Həsən oğlu qalan borcunu tez bir zamanda ödəyəcəyini bildirsə də, həmin pul məbləğini ödəməmiş və 07 oktyabr 2022-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra vərəsələri oğlu Cavabdeh2 Əlişad oğlu və arvadı Cavabdeh1 müraciət edərək pulun ödənilməsini xahiş etsə də görülmüş işlərin dəyərini təşkil edən 5532 manat məbləğində pul məbləği onlar tərəfindən də, ödənilməmişdir. Halbuki, həmin torpaq sahələri bu gün də onun vərəsələri tərəfindən əkib becərilir və gəlir götürülür. X1 mirası faktiki olaraq Cavabdeh2 Əlişad oğlu və Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Göstərilənləri "xxxx" MMC-nin 09 aprel 2024-cü il tarixli, REF/0492/24 nömrəli məktubu ilə də müəyyən etmək mümkündür. Belə ki, Cavabdeh2 ilə "xxxx" MMC arasında 2023 və 2024-cü il mövsümləri üzrə xam-pambığın alqı-satqısına dair müqavilələr bağlanmışdır. Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarxili, 23 *** **** nömrəli xam-pambığın alqısatqı müqaviləsinə əsasən əkin aparılmış 9.10 hektar torpaq sahəsinin 5.15 hektar hissəsi mərhum Bağırov Əlişad (Elşad) Həsən oğluna məxsus olmuşdur. Bundan əlavə, Cavabdeh2 ilə "xxxx" MMC arşında bağlanmış xx.xx.2024-cü il tarixli, 24 270 664 xampambığın alqı-satqı müqaviləsinə əsasən isə əkin aparılmış 6.40 hektar torpaq sahəsinin 1.50 hektar hissəsi mərhum Bağırov Əlişad (Elşad) Həsən oğluna məxsus olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 409 nömrəli məktubu ilə müəyyən olunur ki, Neftçala rayonu, Astanlı kəndində yerləşən 5.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Bağırov Əlişad (Elşad) Həsən oğlu və ailə üzvlərinin adına tərtib olunmuş JN-0098 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədi və Neftçala rayonu, Astanlı kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair Bağırov Əlişad (Elşad) Həsən oğlu və ailə üzvlərinin adına tərtib olunmuş JN-159A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” mövcuddur. Həmin pay torpağı da vərəsələrin istifadəsində olmaqla onlar həmin torpaq sahələrini əkib becərirlər. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, işdə iştirak edən iddiaçının və nümayəndəsinin izahatına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə, Cavabdeh2 xx.xx.2018-ci il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə sahibkarlıq subyektləri kimi qeydiyyata alınmışlar. İş materiallarında olan müqavilələrin surətlərindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “MKT-Neftçala” filialı və X7 arasında xx.xx.2019-cu il tarixli 20 270 334 saylı 2020-ci il mövsümü və xx.xx.2024-cü il tarixli 24 270 664 saylı 2024-cü il mövsümü üzrə xam pambığın alqı-satqı müqavilələri bağlanmışdır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, ödənilməli olan 5532 manat məbləğində borc pulun 5 gün müddətində İddiaçı qaytarılması tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq edilmişdir. İddiaçı vəsatətinə əsasən xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində 2022-ci ildə Samirin traktorunu idarə etdiyini, mərhum Əlşada məxsus olan torpaq sahəsində işlədiyini, 40 ha əkin əkdiyini, 10 ha kultivasiya işlərini apardığını, zəhmət haqqının İddiaçı tərəfindən verildiyini bildirmişdir. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində X8 2021-ci ilin may və iyun aylarında mərhum Əlşadın ərazisində kultivasiya işlərini gördüyünü, ümumi 54 hektar 60 sot ərazidə işlədiyini, Samir tərəfindən ona hər hektara görə 5 manat pul verildiyini, həmin vaxt Əlşadın ora gəlib getdiyini gördüyünü bildirmişdir. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X9 izahatında mərhum X3 onun dayısı, həm də qayınatası olduğunu, mərhum Əlişadın ərazisində Samirin nəzarəti ilə iki ədəd texnikanın işlədiyini, orada Samir tərəfindən 2 ay müddətində işlər görüldüyünü, Samirlə mərhum Əlişadın göstərilən işlərlə bağlı razılığa gəldiklərini, lakin həmin danışıqlarda iştirak etmədiyini, hansı məbləğə razılaşdıqlarını bilmədiyini, Səiddən Samirə borclu olduqlarını eşitdiyini, lakin borcun miqdarı barədə məlumatsız olduğunu bildirmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, iddiaçının məhkəmə iclasında verdiyi izahatına, şahid ifadələrinə və digər dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, İddiaçı mərhum X7 ilə sonuncuya məxsus olan torpaq sahəsində pambıq məhsulunun əkib becərilməsi ilə bağlı müəyyən işlərin görülməsinə, bunun müqabilində şərtləşdirilmiş pul məbləğinin ödənilməsinə dair razılığa gəldiklərini, tərəfindən 2 ay ərzində X3 əkin sahəsində özünə məxsus olan iki ədəd texnika vasitəsi ilə işlər gördüyünü, görülən işlərin ümumi dəyərinin 7532 manat təşkil etdiyini, Əlişadın ona bir müddət sonra 2000 manat məbləğində pul verdiyini, lakin qalan məbləği ödəmədiyini iddia edir, buna görə də qeyd edilən qalıq məbləğin ödənilməsini mərhum Əlişadın vərəsələri olan cavabdehlərdən tələb edir. İddiaçı öz tələbinin faktiki əsası kimi şahid ifadələrinə istinad edir. Məhkəmə qeyd edir ki, göründüyü kimi mübahisənin predmetini tərəflər arasında mülki hüquq münasibətlərinin mövcud olub-olmamasının, həmin münasibətlər üzrə tərəflərin hansı hüquq və öhdəliklərin daşıyıcıları olmasının, həmin öhdəliklərin məzmununun və həcminin müəyyən və sübut edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə baxılan iş üzrə tərəflər arasında yaranmış münasibətin xarakterini müəyyən edərkən nəzərə alır ki, iş üçün əhəmiyyət kəsb edən sübutlar iddiaçının məhkəmə iclaslarında verdiyi izahatından və şahidlərin ifadələrindən ibarətdir. Buna görə də, ilk növbədə həmin sübutlara istinad edilərək tərəflərin daxil olduqları münasibətin xarakteri müəyyən edilməlidir. Belə ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün ilk növbədə tərəflər arasında mövcud olduğu iddia edilən münasibətlərin xarakterinin, həmin münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarının, həmçinin işin mübahisəsiz və mübahisəli hallarının aşkar edilməsi, mübahisəli halların kimin tərəfindən sübut edilməsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə əsasən müəyyən edilməsi zəruridir. Məhkəmə, iddia ərizəsinin məzmununa, eləcə də iddiaçının məhkəmə iclaslarında verdiyi izahatına əsasən bu qənaətə gəlir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə mərhum X7 arasında iş görülməsi (podrat) müqaviləsi üzrə hüquq münasibətlərinin mövcud olmasından bəhs edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. İlk növbədə qeyd edilməlidir ki, podrat öz hüquqi təbiətinə və hüquqi tənzimlənməsinə görə onun iştirakçılarına münasibətdə hüquq və vəzifələrin vərəsəlik qaydasında digər şəxslərə keçməsinə və bu mənada baxılan iş üzrə cavabdehlərin mərhum X3 podrat münasibətləri üzrə vəzifələrinin hüquqi varislik qaydasında daşıyıcıları olmasına rəvac verir. Məhkəmə, qeyd olunanlara əsasən, eləcə də iş materiallarında vərəsəlik münasibətlərinin yaranmasını təsdiq edən sənədləri nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki tələbini baxılan iş üzrə cavabdehlərə qarşı irəli sürməkdə haqlıdır və iş üzrə cavabdehlər iddiaçının irəli sürdüyü tələb üzrə cavab verməli olan şəxslərdir. Məhkəmə qeyd edir ki, iddiaçının və şahidlərin izahatlarına əsasən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı ona sifariş olunan işləri tam şəkildə icra edərək işin nəticəsini sifarişçiyə təhvil verdiyini, hətta sifarişçi tərəfindən görülən işlərə görə razılaşdırılmış muzdun bir hissəsinin ödənildiyini iddia edir. İş üzrə dindirilmiş şahidlər də, iddiaçı tərəfindən (onun nəzarəti və rəhbərliyi ilə) mərhum X4 məxsus olan əkin sahəsində müəyyən işlərin görüldüyünü təsdiq edirlər. Lakin şahidlər iddiaçı ilə mərhum X7 arasında aparılan danışıqlarda iştirak etmədiklərini, razılaşmanın şərtləri barədə, xüsusilə də görüləcək işlərin qarşılığında ödəniləcək muzdun məbləği barədə məlumatsız olduqlarını bildirmişlər. Bununla yanaşı, iddiaçı görülən işlərin ümumi dəyərinin 7532 manat təşkil etdiyini bildirir və bu iddiasını mərhum X7 ilə əldə etdikləri razılaşmaya əsasən görülən işlərin həcmi və həmin işlərin nominal dəyəri ilə bağlı gəldikləri razılaşma şərtləri ilə əsaslandırır. Bu baxımdan məhkəmə hesab edir ki, görülən işlərin həcmi, dəyəri və onun tam və ya qismən ödənililib-ödənilməməsi ilə bağlı məsələləri sübut etmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə, mülki prosesdə tərəflər arasında sübutetmə yükünün bölüşdürülməsi prinsipinin baxılan işə tətbiqi zamanı sübut etmədə ağlabatanlıq, məntiqlilik və obyektivlik meyarlarını əsas tutaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı ilə mərhum X7 arasında əldə edilmiş şifahi razılaşmanın tərəfi olmayan, həmin razılaşmanın şərtlərindən və icrası vəziyyətindən məlumatlı olduqlarına dair mötəbər dəlil göstərilməyən iş üzrə cavabdehlərdən işitrakçı olmadıqları münasibətlər üzrə sübut tələb edilməsi qəbul edilə bilməz. Məhkəmə, onun da nəzərə alınmasını vacib hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinin tələbinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras passivi anlayışı isə özündə miras qoyandan vərəsələrə hüquqi varislik qaydasında keçmiş əşya və ya öhdəlik hüququna əsasən yaranmış, eləcə də qanundan irəli gələn öhdəliklə əlaqədar mövcud olan vəzifə və borcları ehtiva edir. Belə vəzifə və ya borcun mövcud olmasını sübut etmək vəzifəsi isə birmənalı olaraq bunu iddia edən və özünün miras qoyana münasibətdə kreditor hüquqlarına malik olmasına istinad edən şəxsin üzərinə düşür. Məhkəmə, yuxarıda şərh olunan konteksdə baxılan işin hallarına qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları yetərli və mötəbər dəlillərlə sübut edə bilməmişdir. Buna görə də, iddia təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu məbləğinin cavabdehlərdən tutulmasına dair hissəsində də iddia təmin edilməməli, həmin məsrəflər iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair ərizəsi əsassızdır və buna görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə: qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-748/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-748/2025
10.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver