Məhkəmə qərarları › İş №e-2-2(121)-77/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-77/2024

16.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-77/2024 16.01.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.804 manat əsas borc və ödənilmiş 132 manat dövlət rüsumunun, cəmi 13.936 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıdan 28 avqust 2019-cu il tarixli qaimə ilə dəyəri 990 (doqquz yüz doxsan) manat, 28 avqust 2019-cu il tarixli qaimə ilə dəyəri 3900 (üç min doqquz yüz) manat, 08 sentyabr 2019-cu il tarixli qaimə ilə dəyəri 786 (yeddi yüz səksən altı) manat, 21 sentyabr 2019-cu il tarixli qaimə ilə dəyəri 1572 (min beş yüz yetmiş iki) manat, 12 dekabr 2019-cu il tarixli qaimə ilə dəyəri 2392 (iki min üç yüz doxsan dörd) manat, 31 dekabr 2019-cu il tarixli qaimə ilə dəyəri 1524 (min beş yüz iyirmi dörd) manat və 19 yanvar 2020-ci il tarixli qaimə ilə dəyəri 2640 (iki min altı yüz qırx) manat olan (cəmi 13 804 (on üç min səkkiz yüz dörd) dərman preparatları alıb. Aralarında olan razılaşmaya əsasən Cavabdeh ondan nisyə aldığı malları qəbul etdiyi tarixdən 1 il müddətinə, həmin malların satılıb-satılmasından asılı olmayaraq pulunu qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh ondan nisyə aldığı yuxarıda qeyd edilən dərman preparatlarının cəmi dəyəri olan 13 804 (on üç min səkkiz yüz dörd) manat pulu bu günədək qaytarmayıb. Bununla əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edərək pulun qaytarılmasını tələb etsə də, heç bir müsbət nəticə olmayıb. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən "xxxx" MMC tərəfindən cavabdehə yazılı xəbərdarlıq (pretenziya) edilib. Lakin, cavabdeh borcunu ödəməkdən yenə də imtina edib. Göstərilənlərə əsasən Cavabdeh 13 804 (on üç min səkkiz yüz dörd) manat və ödənilmiş 132 (yüz otuz iki) manat dövlət rüsumunun, cəmi 13 936 (on üç min doqquz yüz otuz altı) manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaimə-fakturaların surətlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ümumilikdə 13.020 manat məbləğində dərman preparatları təqdim edilmişdir. Həmin dərman preparatları Cavabdeh tərəfindən təhvil alınaraq imzalanmışdır. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il, MŞL/MT 014/2023-01970 saylı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya dair xərc ödəmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında dərman preparatlarının satışı ilə bağlı şifahi alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı 13.020 manat dəyərində dərman preparatlarını cavabdehə təhvil verməyi, cavabdeh isə həmin dərman preparatların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Qaimə fakturalara əsasən satılan mallar cavabdeh tərəfindən təhvil alınsa da cavabdeh təhvil aldığı malların dəyərini ödəməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə, sadalanan xüsusatlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair öhdəlik götürmüşdür. Cavabdeh qeyd olunan şifahi razılaşma əsasında nisyə mal almasına dair hüququndan istifadə etsə də, həmin malların dəyərini cavabdehə ödəməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 13.804 manat pulun alınmasını tələb etsə də işdə olan qaimə fakturalardan cavabdehə 13.020 manat məbləğində malların satıldığı müəyyən olunur. Belə olanda halda, iddiaçı 13.020 manat məbləğində pul vəsaitinin qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia borcun ödənilməsi hissəsində qismən təmin edilərək, 13.020 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, 60 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş və məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iş üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 72 manat olduğundan, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 72 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13.020 manat məbləğində əsas borc, 60 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72 manat olmaqla, ümumilikdə 13.152 (bir on üç min yüz əlli iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia 784 manat əsas borcun cavabdehdən tutulması hissəsində təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar