Məhkəmə qərarları › İş №e-2-2(121)-77/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-77/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-77/2025 11.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 055R********** saylı krеdit razılaşması üzrə 14320.25 manat məbləğində krеdit bоrcu, 4827.46 manat məbləğində faiz bоrcu və 3886.52 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23034 manat 23 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 159.1 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Həsənov Şakir Əlif oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 055L**********27 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Həsənov Şakir Əlif oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 055R********** saylı krеdit razılaşması əsasında 18 ay müddətinə,aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit götürmüşdür. Həsənov Şakir Əlif oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Həsənov Şakir Əlif oğlu götürdüyü krеdit bоrcundan 679.75 manat ödəmiş, onun 14320.25 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həsənov Şakir Əlif oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 729 gün üçün hesablanmış faiz borcu 4827.46 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 729 gün üçün hеsablanmış cərimə 3886.52 manat təşkiledir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Həsənov Şakir Əlif oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Həsənov Şakir Əlif oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. İş materialların a əlavə edilmiş ölüm haqqında şəhadətnamədən borclu Həsənov Şakir Əlif oğlunun xx.xx.2021-ci il tarixdə vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********74 saylı məktubuna əsasən, Həsənov Şakir Əlif oğlunun (ümumbirgə pay) adına Saatlı rayonu, Ağarəhimli kəndində 0.30 ha həyətyanı torpaq sahəsi JN-156A saylı şəhadətnaməyə əsasən qeydiyyatdan keçmişdir və hal hazırda mülkiyyətindədir. Bununla bağlı, Saatlı rayon İcra Hakimiyyətinə sorğu verilmiş, Saatlı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 06/30 saylı məktubuna əsasən məlum olmuşdur ki, mərhum Həsənov Şakir Əlif oğlunun (ümumbirgə pay) adına Saatlı rayonu, Ağarəhimli kəndində 0.30 ha həyətyanı torpaq sahəsi hazırda hər hansı şəxsin istifadəsində olmadığı bildirilmişdir. Həsənov Şakir Əlif oğlu VÖEN-dən istifadə edərək "xxxx" QSC iəl xx.xx.2021ci il tarixli 055R********** saylı kredit razılaşması bağlamışdır. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh olaraq iddiaçı "xxxx" QSC tərəfindən məhkəməyə verilmiş iddia tələbini əsassız hesab etdiyini, sözügedən iddiaya qarşı etiraz etdiyini, Həsənov Şakir Əlif oğlunun xx.xx.2021-ci ildə "xxxx" QSC-nin Sabirabad Filialı ilə 055R********** saylı kredit müqaviləsi bağlayaraq, 18 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit götürdüyünü, kreditin 1 ayını banka ödədiyini, lakin Həsənov Şakir Əlif oğlunun 14 noyabr 2021-ci ildə vəfat etdiyini, mərhum Həsənov Şakir Əlif oğlunun kredit götürəndə 68 yaşımda olduğu, bu yaşda olan insanlar risk qrupuna aid olduğu üçün banklar tərəfindən kredit veriləndə kredit məbləğinin sığorta edildiyini, lakin mərhum Həsənov Şakir Əlif oğlu kredit götürəndə götürdüyü kreditin sığorta olunmadığını, bank əməkdaşları bank adından verilən krediti sığortalamadıqları üçün məsuliyyətə cəlb edilməli olduqlarını, "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası" haqqında Azərbaycan Respublikasının Mərkəzi Bankının 21 sentyabr 2023-cü il tarixli, № 46/4 Qərarının 5.2.1.2-ci maddəsinə əsasən, borcalanın yaşı və iş təcrübəsi nəzərə alınmalı olduğunu, iddia ərizəsində kedit borcunun hesablama qaydasında səhvə yol verildiyini, belə ki, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası” haqqında Azərbaycan Respublikasının Mərkəzi Bankının 21 sentyabr 2023-cü il tarixli, № 46/4 Qərarının, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"-nın 2 nömrəli əlavəsinə görə, faktiki illik faiz dərəcəsinin (FİFD) hesablanması qaydasının göstərildiyini, cavabdehlər X6 və Cavabdeh2 18 ay müddətində, mərhum Həsənov Şakir Əlif oğluna zamin durduqlarını, 18 ay müddətindən əlavə olaraq 1 il keçdiyini, zaminlik müddətinə xitam verilməli olduğunu, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etdiyi iddia ərizəsində borclu mərhum Şakir Həsənovun adına əmlaklar mövcud olduğunun göstərildiyini, borc tələbi üzrə mərhum Şakir Həsənovun vərəsələrinin müəyyən edilməli olduğunu, əmlaklar qiymətləndirildikdən sonra, həmin tələbin qiymətləndirilmiş hissədə vərəsələrə yönəlməli olduğunu, iddiaçı təşkilatın “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qəranna zidd hərəkət etdiyini bildirmiş və iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X8 etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmənin suallarına cavab verərək təmsil etdiyi Cavabdeh1 ilə rəsmi nikahda olmaqla onun əri olduğunu, digər cavabdeh isə Cavabdeh1 əmisi oğlu olduğunu bildirdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasını Cavabdeh2 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh1 vəsatətlə məhkəməyə müraciət edərək, mərhum Şakir Həsənovun adına olan əmlakların müəyyən edilməsi və onun vərəsələrinin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında iştirak edən tərəflərin (nümayəndələrin) məhkəmə iclasında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə cavabdeh Həsənov Şakir Əlif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 055L**********27 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Həsənov Şakir Əlif oğluna 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr Bank və Həsənov Şakir Əlif oğlu arasında 06 oktyabr 2021-ci il tarixdə Sabirabad şəhərində bağlanmış 055L**********27 saylı Uzunmüddətli Kredit Müqaviləsi və bu Uzunmüddətli Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşması, Bank qarantiyası verlməsi haqqında müqavilə, Akkreditiv açılması üçün razılaşma və Bank hesabının kreditləşdirilməsi barədə razılaşma forması bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Uzunmüddətli Kredit Müqaviləsinin məbləği: 300000 manat, Uzunmüddətli Kredit Müqaviləsinin müddəti :120 ay, Uzunmüddətli Kredit Müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi 28 %, ödənişlərin dövriliyi: hər təqvim ayında bir dəfə olmaqla müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Həsənov Şakir Əlif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 055R********** nömrəli krеdit razılaşmasına əsasən, Bank məbləği 15000 manat olan krediti aylıq faiz dərəcəsi 1,9167% olmaqla 18 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Həsənov Şakir Əlif oğlunun bank hesabına xx.xx.2021-ci il tarixdə 150 manat komissiya haqqı çıxılmaqla, 15000 manat məbləğində pul (kredit) köçürülmüşdür. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli 055R********** nömrəli krеdit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2023-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli 055R********** nömrəli kredit razılaşmasına əsasən xx.xx.2023-cü il tarixə əsas borc 14320,25 manat, faiz borcu 4836,61 manat, cərimə borcu 3889,39 manat məbləğində olmaqla, cəmi borc məbləği 23046,25 manat təşkil edir. İş materiallarında olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Həsənov Şakir Əlif oğlu xx.xx.2021-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC ilə Həsənov Şakir Əlif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 055R********** nömrəli kredit razılaşmasına əsasən yaranmış 23034,23 manat məbləğində (14320,25 manat əsas, 4827,46 manat faiz, 3886,52 manat cərimə) borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqavilələrinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilələr üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(121)-1944/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/9215 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı QSC ilə cavabdeh Həsənov Şakir Əlif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 055R********** nömrəli kredit razılaşmasına əsasən Həsənov Şakir Əlif oğlunun xx.xx.2023-cü il tarixə əsas borc üzrə 14268,33 manat, faiz borcu üzrə 4667,33 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 14268,33 manat, faiz borcu üzrə 6855,14 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı QSC ilə Həsənov Şakir Əlif oğlu arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı QSC Həsənov Şakir Əlif oğluna borc (kredit) verməyi, Həsənov Şakir Əlif oğlu isə aldığı borcu (krediti) faizi ilə birgə hissəhissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Həsənov Şakir Əlif oğlunun ölümündən sonra zaminlər həmin müqavilə üzrə öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Həsənov Şakir Əlif oğluna kredit verməsi və sonuncunun həmin krediti alması, həmçinin kredit üzrə ödənişlərin xx.xx.2021-ci il tarixdən etibarən ödənilməməsi işin mübahisəsiz hallarını təşkil edir. İşdə olan “Maliyyə arayışı”nda və hesabdan çıxarışda əksini tapan məlumatlardan görünür ki, Həsənov Şakir Əlif oğlu ilə bağlanılmış kredit müqviləsi üzrə əsas və faizdən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Məhkəmə hesab edir ki, baxılan işin mübahisəli halını iş üzrə cavabdehlərin hazırki iddiaya cavab verməli olan şəxslər hesab edilib-edilməməsinin müəyyən olunması təşkil edir. Sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Cavabdeh1 etirazının əsası kimi iki hala istinad edir. Onlardan birincisi kredit müqaviləsi üzrə əsas borclunun ölümündən sonra zaminin məsuliyyətinin hansı halda yaranıb-yaranmaması barədədir. Cavabdeh1 hesab edir ki, kredit müqaviləsi üzrə əsas borclu Həsənov Şakir Əlif oğlu sağ olduğu dövrdə kredit ödənişini vaxtında etmişdir və onun tərəfindən öhdəliyin pozulması halı baş verməmişdir. Buna görə də, iddiaçı ilk növbədə əsas borclunun vərəsələrini müəyyən edərək onlara qarşı tələb irəli sürməli və yalnız vərəsələr tərəfindən öhdəlik pozulduqda və ya vərəsələrin miras payları borcun ödənilməsinə kifayət etmədiyi halda zaminlərə qarşı rələblə çıxış etməli idi. Məhkəmə, yuxarıdakı abzasda göstərilən cavabdehin etirazının ilk dəlilinə münasibətdə qeyd edir ki, ilk növbədə zaminlik institutunun, zaminin məsuliyyətinin əsaslarının və xüsusiyyətlərinin mövcud qanunvericiliyin zaminliklə bağlı münasibətləri tənzimləyən müvafiq normalarına və eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşmış hüquqi mövqeyə əsasən təhlil edilməsi vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminin məsuliyyətinin əsaslarını və həcmini müəyyən edən Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1), əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında zaminlik müqaviləsinin hüquqi təbiətinə aydınlıq gətirərək qeyd etmişdir ki, kreditor və borclu arasında bağlanan əsas müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi birtərəfli, konsensual müqavilə olmaqla kreditorla zamin arasında əsas öhdəliyə münasibətdə aksessor (əlavə) xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız Mülki Məcəllənin 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Sadalanan maddi hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, zaminin kreditor qarşısında öhdəliyi zaminliklə təminat altına alınmış əsas öhdəliyə münasibətdə əlavə (aksessor) xarakter daşıyır. Zaminin əsas borclu ilə bərabər kreditor qarşısında birgə məsuliyyət daşımasına (subsidiar məsuliyyət daşıması ilə bağlı hal istisna olmaqla), əsas öhdəliyin icra olunmaması və ya lazımınca icra olunmamasından irəli gələn bütün növ tələblərə qarşı əsas borclu ilə eyni məsuliyyətlə cavabdeh olmasına baxmayaraq, zaminin əlavə (aksessor) öhdəlik daşıyıcısı olması səbəbi ilə kreditor qarşısında öhdəliyinin yaranması, ona qarşı tələb irəli sürülə bilməsi üçün əsas öhdəlik üzrə vəzifələrin borclu tərəfindən pozulmasının baş verməsi tələb olunur. Yalnız bu hüquqi faktın baş verməsi, yəni borclunun öhdəliyini lazımınca icra etməsindən yayınması zaminin kreditor qarşısında öhdəliyinin yaranması üçün əsas yaradır. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Burada nəzərə alınmalı olan əsas məqam ondan ibarətdir ki, zaminlik müqaviləsi gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması məqsədilə bağlandığından, zaminlik müqaviləsi bağlandığı andan qüvvəyə minsə də, həmin müqavilə üzrə hüquq və vəzifələr əsas öhdəliyin borclu tərəfindən pozulması halında yaranır. Buna görə də, kreditor zaminə qarşı tələbini yalnız əsas öhdəlik üzrə vəzifələrin borclu tərəfindən pozulması baş verdikdə irəli sürə bilər. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 4 sentyabr 2012-ci il tarixli qərarında da öz əksini tapmışdır. Adı çəkilən Plenum qərarında qeyd olunmuşdur ki, “Kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Beləliklə, zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz.” Məhkəmə, hazırki işin qanuni və əsaslı həlli ilə əlaqədar bir məsələni də qeyd etməyi zəruri sayır. Kredit müqaviləsi üzrə borc şəxsi xarakterli, borclunun şəxsiyyəti ilə sıx bağlı olan öhdəlik olmadığına görə, borclunun ölümü halında kredit müqaviləsi üzrə onun öhdəlikləri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrinə keçir. Buna görə də məhkəmə hesab edir ki, kreditor kredit müqaviləsi üzrə əsas borclunun ölməsi faktını müəyyən etdikdə, əgər ölmüş şəxs həmin məqamadək müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmişdirsə, borcun ödənilməsi barədə tələbi ilk növbədə ölmüş şəxsin vərəsələrinə qarşı irəli sürməlidir. Vərəsələr tərəfindən borcun qaytarılmasına dair öhdəliklərin pozulması baş verdikdə zaminlik müqaviləsi üzrə öhdəliklər davam etdiyinə görə zaminin öhdəliyi yaranmış olur ki, bu zaman kreditorun zaminə qarşı tələb irəli sürməsi üçün hüquqi zəmin yaranır. Məhkəmə, həmçinin qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları kimi əsas borclunun vəfat etməsi göstərilməmişdir. Bundan başqa, zaminlərin ölmüş şəxsin öhdəliklərinə görə mülki məsuliyyətinin əsasları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında da ətraflı şərh olunmuşdur. Həmin Qərarda göstərildiyi kimi, “Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.” Adı çəkilən qərarda xüsusilə vurğulanmışdır ki, “Müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır.” Daha sonra həmin Qərarda deyilir ki, “zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Həmçinin qeyd olunmalıdır ki, bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əsasını təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir. Zamin və vərəsələrin əsas borca görə hesablanan faizlərə dair məsuliyyətli olub-olmaması məsələsinə gəlincə isə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, müqavilənin müddətinin bitməsi, əks hal razılaşdırılmadığı təqdirdə tərəflər arasında müqavilə münasibətlərinin sona çatmasına səbəb olmur, tərəflər arasında öhdəlik münasibətləri davam edir, kreditor yenə dəborcludan müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etmək səlahiyyətinə malik olur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər.” X3 Məhkəməsi belə qərara alır ki; - Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. - Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.” Məhkəmə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini və Konstitusiya Məhkəməsinin Qərarlarında şərh olunan mövqeyini baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək bu qənaətə gəlir ki, iş üzrə zamin – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı – kreditor qarşısında zaminlik müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı mülki məsliyyətləri yaranmışdır. Belə ki, sadalanan normativ və normativ xarakterli aktların tələblərinin qısa xülasəsinə əsasən, sağ olduğu dövrdə öhdəliyini pozmamış kredit müqaviləsi üzrə əsas borclunun vəfatı halında vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Digər ifadə ilə zaminin öhdəliyinin yaranması üçün vəfat etmiş əsas borclunun vərəsələrinin əsas öhdəliyi icra etməkdən yayındıqlarının və ya lazımınca icra etmədiklərinin baş verməsi, bunun aşkar edilməsi tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borclu olan Həsənov Şakir Əlif oğlunun nəvəsinin arvadıdır, digər Cavabdeh2 isə Cavabdeh1 əmisi oğludur. İşin mübahisəsiz hallarından birini də, əsas borclu olan Həsənov Şakir Əlif oğlunun vəfatından sonra kredit ödənişlərinin həyata keçirilməməsi təşkil edir. Məhkəmə, iş üzrə təsbit olunmuş halları nəzərə alaraq bu nəticəyə gəlir ki, iş üzrə cavabdehlərin kredit müqaviləsi üzrə əsas borclu olan Həsənov Şakir Əlif oğlunun xx.xx.2021-ci il tarixdə vəfat etməsindən, onun vəfatından sonra isə vərəsələri tərəfindən kredit ödənişlərinin həyata keçirilməməsindən məlumatlı olduqlarına görə, zamin olaraq kreditor qarşısında icra edilməyən öhdəliyə görə məsuliyyətləri yaranmışdır. Məhkəmə, Cavabdeh1 etirazının əsası kimi istinad etdiyi digər hala münasibətdə qeyd edir ki, işdə olan zaminlik müqavilələrindən göründüyü kimi həmin müqavilələr Bank və Həsənov Şakir Əlif oğlu arasında 06 oktyabr 2021-ci il tarixdə bağlanmış 055L**********27 saylı Uzunmüddətli Kredit Müqaviləsi və bu Uzunmüddətli Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşması, Bank qarantiyası verlməsi haqqında müqavilə, Akkreditiv açılması üçün razılaşma və Bank hesabının kreditləşdirilməsi barədə razılaşma forması bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır və Uzunmüddətli Kredit Müqaviləsinin müddəti 120 ay olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində zaminlik müqaviləsinə həmin müqavilədə göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verildiyi nəzərdə tutulduğuna görə, baxılan işdə zaminlərin öhdəliklərinin müddətin keçməsinə əsasən xitamı halı müəyyən edilməmişdir. Beləliklə məhkəmə, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, irəli sürülmüş iddia tələbini mahiyyəti üzrə qanuni hesab etməklə yanaşı, kredit müqaviləsi üzrə tələb olunan əsas və faiz borc məbləğləri ilə bağlı qeyd edir ki, məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, İddiaçı QSC ilə cavabdeh Həsənov Şakir Əlif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 055R********** nömrəli kredit razılaşmasına əsasən Həsənov Şakir Əlif oğlunun xx.xx.2023-cü il tarixə əsas borc üzrə 14268,33 manat, faiz borcu üzrə 4667,33 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 14268,33 manat, faiz borcu üzrə 6855,14 manat borcunun olması müəyyən edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borc məbləği ilə iddia ərizəsində tələb olunan müvafiq borc məbləğləri arasında fərq olsa da, iddiaçı əsas və faiz borc məbləğlərinə aid hissədə ekspert rəyini mübahisələndirməmiş, bununla da ekspertiza rəyində qeyd olunan məbləğlərlə razılaşdığını ifadə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, əsas və faiz borc məbləğləri məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) qeyd olunan məbləğdə müəyyən edilməlidir. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit razılaşmasının şərtlərinə görə, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda cərimə ödəmək öhdəliyini cavabdeh Həsənov Şakir Əlif oğlu öz üzərinə götürmüşdür. İşin halları ilə cavabdehlərin kreditin və ona hesablanmış faizin ödənilməsini gecikdirdikləri müəyyən olunduğuna görə, iş üzrə cavabdehlərin iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehlərdən 3886,52 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehlərdən tutulacaq cərimə məbləğinin azaldılaraq 200 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan təmin edilmiş iddianın qiymətinə uyğun məbləğ cavabdehlərdən tutularaq iddiaçıya verilməli, artıq ödənilmiş dövlət rüsumu məbləği isə dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən təmin edildiyinə görə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait cavabdehlərdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli 055R********** nömrəli kredit razılaşması üzrə 14268,33 manat məbləğində əsas borc, 4667,33 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu və ödənilmiş 146,81 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 19282,47 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı QSC tərəfindən artıq ödənilmiş 12,29 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar