Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-774/2023 27.04.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair işə sadələşdirilmiş qaydada Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 21 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə 378,17 manat əsas borc, 27,69 manat faiz borcu və 36,63 manat cərimə borcu, 4,40 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 446,89 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, iddia tələbi üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quliyev Mübariz Bəxtiyar oğlu 21 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 25 faizlə 18 ay müddətinə 2.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 21 aprel 2021-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. 19 yanvar 2023-ci il tarixinədək Quliyev Mübariz Bəxtiyar oğlunun banka 21 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə 378.17 manat əsas borc, 27.69 manat faiz borcu və 36.63 manat cərimə borcu, 4.40 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 446.89 manat borcu vardır. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçmışdır. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh2 xx.xx.2022-ci il tarixdə öldüyü müəyyən olunduğuna görə, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-774/2023 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsinin Cavabdeh2 aid hissədə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-774/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin Cavabdeh1 aid hissəsində kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatı mümkün hesab edilmiş, iddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) xx.xx.2023-cü tarixində Cavabdeh1 “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinetinə əlavə edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin tam və ya qismən əsassızlığına dair sənədlər məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə iş materiallarında olan sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Quliyev Mübariz Bəxtiyar oğluna sahibkarlıq subyekti kimi xx.xx.2018-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ASC-nin Lənkəran Filialı ilə cavabdeh Quliyev Mübariz Bəxtiyar oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 13-MZ1-2-0-508-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilənin surətindən görünür ki, Quliyev Mübariz Bəxtiyar oğluna kredit limiti üzrə 30 faiz dərəcəsi ilə 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı ASC-nin Lənkəran Filialı ilə cavabdeh Quliyev Mübariz Bəxtiyar oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 13-MZ1-2-0-508-21/1 nömrəli kredit verilməsinə dair müqavilənin surətindən görünür ki, Quliyev Mübariz Bəxtiyar oğluna illik 25 faiz dərəcəsi ilə 18 ay müddətinə 2.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Quliyev Mübariz Bəxtiyar oğlu ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 13-MZ1-2-0-508-21/1 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Quliyev Mübariz Bəxtiyar oğlu tərəfindən xx.xx.2022-ci il tarixədək 2.000 manat əsas, 418,93 manat faiz borcu olmaqla, cəmi 2.418,93 manat məbləğində ödəniş edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin Lənkəran Filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 13-MZ1-2-0-508-21 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqavilənin predmeti xx.xx.2021-ci il tarixli, 13-MZ1-2-0-508-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə ilə bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan məxaric çekinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə cavabdeh Quliyev Mübariz Bəxtiyar oğlu 1.960 manat pul vəsaitini təhvil almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Quliyev Mübariz Bəxtiyar oğlunun xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 378,17 manat, faiz borcu 27,69 manat, cərimə borcu 36,63 manat, əldən çıxmış fayda 4,40 manat olmaqla cəmi borc məbləği 446,89 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı ASC-nin Lənkəran Filialı ilə cavabdeh Quliyev Mübariz Bəxtiyar oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 13- MZ1-2-0-508-21/1 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun məktub alındığı tarixdən 5 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ASC -nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında cavabdehlər iştirak etməmişdirlər. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Lənkəran 1 saylı Mediasiya Təşkilatının hesabına 25 manat vəsait ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 5 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, işdə olan sənədləri təhlil edərək və işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq hesab edir ki, işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan borc (kredit) müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarında olan sənədlərə əsasən aparılan araşdırma nəticəsində məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçının cavabdeh Quliyev Mübariz Bəxtiyar oğluna kredit verməsi və sonuncunun həmin krediti alması (xx.xx.2021-ci il tarixli məxaric çekinə əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Tələbin əsaslığını təsdiq edən iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmişdir, cavabdeh Quliyev Mübariz Bəxtiyar oğlu isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, işdə olan “Maliyyə arayışı” və hesabdan çıxarışdan müəyyən olunur ki, Quliyev Mübariz Bəxtiyar oğlu tərəfindən kredit alındığı tarixdən son ödəniş etdiyi xx.xx.2022-ci il tarixə kimi əsas borc üzrə ümumilikdə 1.621,83 manat, faiz borcu üzrə ümumilikdə 444,36 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bununla da Quliyev Mübariz Bəxtiyar oğlunun kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. İddia tələbi barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəfindən iddiaya etiraz edilməmişdir. Məhkəmə, şərh olunanları nəzərə alaraq və aşağıda göstərilən hüquq normalarına istinadən hesab edir ki, İddiaçı ASC -nin cavabdeh Quliyev Mübariz Bəxtiyar oğluna qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi hüquqi və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddia tələbini faiz borcunun tutulması hissəsində əsaslı hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, borcun məbləğindən faiz tələb emək hüququ vardır. Məhkəmə qeyd edir ki, göstərilən normalarda nəzərdə tutulan faiz dərəcələri ilə bağlı tənzimləmələr dispozitiv xarakter daşımaqla, tərəflər arasında bağlanmış müqavilədə başqa şərtlər (faiz dərəcələri) nəzərdə tutulmadığı hallarda tətbiq olunur. Belə ki, mülki qanunvericiliyin əsas prinsiplərindən olan mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə görə mülki hüquq subyektləri dispozitiv normada nəzərdə tutulandan ayrı qayda müəyyən edə, müqavilə şərtləri müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunan “əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə” şərtli ifadəsi də kredit müqaviləsi iştirakçılarının iradəsi ilə faiz məbləğinin qanun normasında nəzərdə tutulan məbləğdən daha böyük məbləğdə razılaşdırıla biləcəyinə işarə edir. Hazırki işdə tərəflər kreditin illik 25 faiz dərəcəsi olmaqla faiz ödənilməsi şərti ilə verildiyi barədə razılığa gəldiklərinə görə, iddiaçının həmin dərəcə ilə faiz tələb etməsi müqavilə şərtlərinə uyğundur və qanunidir. Məhkəmə, iddia tələbini 36,63 manat məbləğində cərimənin tutulması hissəsində də əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədən görünür ki, cavabdeh verilmiş kreditin faizləri ilə birlikdə qaytarmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə iddiaçıya gecikdirilmiş borc məbləği üçün illik 72 faiz məbləğində cərimə ödəmək öhdəliyini üzərinə götürmüşdür. Cavabdehin götürdüyü kreditin qalıq dəyərini təşkil edən əsas borc üzrə 378,17 manat əsas borc və faiz borcu üzrə 27,69 manat məbləğində pulu nəzərdə tutulan müddətdə ödəmədiyi müəyyən olunduğuna görə, onun iddiaçı qarşısında vəd etdiyi cəriməni ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə, kreditorun fəaliyyətinin xarakterindən irəli gələn, verdiyi kreditləri faizləri ilə birlikdə vaxtında geri alması ilə bağlı əsaslı mənafeyini nəzərə alaraq iddia ərizəsində tələb olunan cərimə məbləğinin ədalətli və mütənasib olduğu qənaətinə gəlir. Məhkəmə, cərimənin tutulmasının hüquqi əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad edir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə, həmçinin iddianın 25 manat mediasiya xərcinin və 5 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin iddia tələbi təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 5 manat dövlət rüsumu tam şəkilldə cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin əldən çıxmış faydanın əvəzi olaraq cavabdehdən 4,4 manat məbləğində pulun tutulmasına dair hissəsini əsassız hesab edərək qeyd edir ki, iddiaçı həmin xüsusatı əsaslandırmamışdır və əldən çıxmış faydanın hansı əsasla və məbləğdə yarandığına dair sübut təqdim edə bilməmişdir. Buna görə də iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Quliyev Mübariz Bəxtiyar oğlundan 21 aprel 2021-ci il tarixli, 13-MZ1-2- 0-508-21/1 nömrəli kredit müqaviləsi üzrə 378,17 manat əsas borc, 27,69 manat faiz borcu və 36,63 manat cərimə borcu, 25 manat mediasiya xərci və 5 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 472,49 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-774/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-774/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver