Məhkəmə qərarları › İş №e-2-2(121)-778/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-778/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-778/2021 29.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X5 qarşı borcun ödənilməsi və icarə obyektinin boşaldılaraq təhvil verilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 avqust 2019-cu il tarixli, İM-150 nömrəli icarə müqaviləsi üzrə cavabdeh X3 7.446,80 manat məbləğində qalıq borcun alınıb iddiaçı "xxxx" QSC-yə ödənilməsi və icarə sahəsi - İmişli şəhəri, 20 Yanvar küçəsi 11 ünvanında yerləşən, ümumi sahəsi 570,68 kv.m. olan 2 mərtəbəli inzibati binanın boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə X7 arasında 2019-cu il 16 avqust tarixli, İM-150 nömrəli icarə müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, İmişli şəhəri, 20 Yanvar küçəsi 11 ünvanında yerləşən, ümumi sahəsi 570,68 kv.m. olan 2 mərtəbəli inzibati bina cavabdeh X5 icarəyə verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, icarə müddəti 16.08.2019-cu il tarixdən 16.08.2020-ci il tarixədək müəyyən edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən, aylıq icarə haqqı 1.350 manat təşkil edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, icarə haqqı 2019-cu il 16 avqust tarixdən hesablanır. Tərəflər arasında bağlanmış müqavilə müddətinin bitməsi ilə əlaqədar 16 avqust 2020-ci il tarixində xitam olunmuşdur. Cavabdeh X7 tərəfindən müqavilə üzrə icarə haqları qismən ödənilmiş, lakin 7.446,80 manat qalıq borcu qalmışdır. Həmçinin müqavilənin müddəti 16 avqust 2020-ci il tarixində bitsə də, cavabdeh icarə obyektini bu günə kimi təhvil verməmişdir. Bununla da "xxxx" QSC-nin hüquqları kobud şəkildə pozulduğuna görə, Cəmiyyət pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X7 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan X7 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanan 01.08.2019-cu il tarixli ərizədən görünür ki, İmişli şəhəri, 20 Yanvar küçəsi 11 ünvanında yerləşən, inzibati binanın 570,68 kv.m. olan hissəsinin icarəyə verilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə X7 arasında 16.08.2019-cu il tarixli, İM-150 saylı icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, icarəyəverənə məxsus İmişli şəhəri, 20 Yanvar küçəsi 11 ünvanında yerləşən, 2 mərtəbəli inzibati binanın, ümumi sahəsi 570,68 kv.m. olan hissəsi, icarə obyektinin ofis kimi istifadə edilməsi məqsədilə icarəçiyə müddətli icarəyə verilir, icarəyə götürən isə həmin əmlakı icarəyə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və həmin tarixdən 1 il müddətində qüvvədə qalır. Müqavilənin 4.1-ci bəndinə əsasən, aylıq icarə haqqı 1.350 manat təşkil edir. Müqavilənin 4.3-cü bəndinə əsasən, icarə haqqı hər ay üçün cari ayın 10-undan gec olmamaq şərti ilə aylıq ödəniləcək. Müqavilənin 6.1.4-cü və 6.1.15-ci bəndlərinə əsasən, müqavilənin müddəti başa çatdıqdan sonra icarə obyektinin icarəyə verilən günə olan vəziyyətində yaxud ondan daha üstün vəziyyətdə və vaxtında geri qaytarmaq və icarə haqqını vaxtında ödəmək icarəçinin vəzifələri kimi nəzərdə tutulmuşdur. Müqavilənin 8.3-cü bəndinə əsasən, icarəçi bu müqavilənin 4.1-ci bəndində müəyyən olunmuş aylıq icarə haqqını ardıcıl olaraq 2 dəfə (ay) vaxtında ödəmədikdə icarəyəverən dərhal bu müqaviləyə xitam verə bilər. Müqavilənin 10.8-ci bəndinə əsasən, icarə müddətinin başa çatması ilə əlaqədar əmlakın təhvil-təslimi tərəflər arasında müvafiq aktla həyata keçiriləcəkdir. İş materialında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X5 ünvanlanmış 01.12.2020-ci il tarixli, 30862 saylı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və X7 arasında bağlanmış 16 avqust 2019-cu il tarixli, İM-150 saylı icarə müqaviləsi əsasında 7.446,80 manat qalıq borcunun qalması və qeyd olunan borcun 5 gün ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, həmçinin icarə sahəsi olan İmişli şəhəri, 20 Yanvar küçəsi 11 ünvanında yerləşən, ümumi sahəsi 570,68 kv.m. olan 2 mərtəbəli inzibati binanın 15 gün ərzində boşaldılaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə məlumatlandırılmış, əks təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə X5 xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X4 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 7.446,80 manat borcu qalmışdır. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 24.12.2018-ci il tarixli, S-52 saylı sərəncamdan görünür ki, İmişli şəhəri, 20 Yanvar küçəsi 11 ünvanında yerləşən və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan iki mərtəbəli inzibati binanın sahəsi 1.468,7 kv.m.-dir. İş materiallarında olan X7 tərəfindən məhkəməyə göndərilmiş 19.05.2021-ci il tarixli teleqramda qeyd edilmişdir ki, o, 2019-cu ildə "xxxx" MMC-nin rəhbəri vəzifəsində çalışmış və fəaliyyət göstərdiyi müddətdə "xxxx" MMC-nin inzibati binası olmadığından "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə icarə müqaviləsi bağlayaraq, İmişli şəhəri, 20 Yanvar küçəsi 11 ünvanında yerləşən 2 mərtəbəli inzibati binanın bir hissəsini (570,68 kv.m.) icarəyə götürmüşdür. 2019-cu ilin mart ayında "xxxx" MMC-də işdən azad olunmuşdur və mart ayına qədər icarə müqaviləsində nəzərdə tutulmuş məbləğdə vəsaiti "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödəmişdir. Hal-hazırda qeyd olunan binada fəaliyyət göstərmir və heç bir əmlakı yoxdur. Qeyd olunanları nəzərə alaraq, idiyyəti üzrə müraciət edilməsi xahiş olunmuşdur. Beləliklə məhkəmə müəyyən etdi ki, cavabdeh X7 tərəfindən 01.08.2019-cu il tarixli ərizə ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müraciət edərək, İmişli şəhəri, 20 Yanvar küçəsi 11 ünvanında yerləşən, inzibati binanın 570,68 kv.m. olan hissəsinin icarəyə verilməsini xahiş etmiş, tərəflər arasında 16.08.2019-cu il tarixli, İM-150 saylı icarə müqaviləsi bağlanmış, sözügedən ünvanda yerləşən, 2 mərtəbəli inzibati binanın, ümumi sahəsi 570,68 kv.m. olan hissəsi cavabdehə aylıq icarə haqqı 1.350 manat olmaqla, 1 il müddətinə icarəyə verilmişdir. İcarə müqaviləsinin müddəti bitmiş, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş icarə haqqı borcu qalmış və icarəyə götürülən sahə iddiaçıya təhvil verilməmişdir. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, 7.446,80 manat qalıq borcun ödənilməsi və icarə obyektinin 15 gün ərzində boşaldılaraq təhvil verilməsi tələb olunmuş, lakin cavabdeh borcu ödəməmiş və əmlakı iddiaçıya təhvil verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh X7 tərəfindən 16.08.2019-cu il tarixli, İM-150 saylı icarə müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilməmiş, onun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 7.446,80 manat məbləğində icarə haqqı borcu qalmışdır. Qeyd olunan hal iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən qeyd olunan həcmdə borcun qalmaması, borcun ödənilməsi və s. hallara dair məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Bunun əksinə, cavabdeh X7 tərəfindən məhkəməyə göndərilmiş 19.05.2021-ci il tarixli teleqramda 2019-cu ilin mart ayına qədər icarə müqaviləsində nəzərdə tutulmuş məbləğdə vəsaitin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödədiyini qeyd etmişdir. Göründüyü kimi, 2019-cu ilin mart ayından 16.08.2020-ci il tarixədək (müqavilə müddətinin sonunadək) dövr üçün (cəmi 5 ay, 16 gün) hesablanmış icarə haqqı borcu da məhz 7.446,80 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, 7.446,80 manat icarə haqqı borcunun tutulması hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin iddianın İmişli şəhəri, 20 Yanvar küçəsi 11 ünvanında yerləşən 2 mərtəbəli inzibati binanın ümumi sahəsi 570,68 m2 olan hissəsinin cavabdeh X7 tərəfindən boşaldılaraq, "xxxx" QSC-yə təhvil verilməsi hissəsini də əsaslı hesab edir. Belə ki, tərəflər arasında bağlanılmış 16.08.2019-cu il tarixli, İM-150 saylı icarə müqaviləsinin 10.8-ci bəndinə əsasən, icarə müddətinin başa çatması ilə əlaqədar əmlakın təhvil-təslimi tərəflər arasında müvafiq aktla həyata keçiriləcəkdir. İş materiallarında belə bir təhvil-təslim aktının mövcud olduğu müəyyən edilmir. Cavabdeh tərəfindən də bununla bağlı hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına və işin faktiki hallarına əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi İmişli şəhəri, 20 Yanvar küçəsi 11 ünvanında yerləşən 2 mərtəbəli inzibati binanın ümumi sahəsi 570,68 m2 olan hissəsinin cavabdeh X7 tərəfindən boşaldılaraq, "xxxx" QSC-yə təhvil verilməsi hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin X7 tərəfindən məhkəməyə göndərilmiş 19.05.2021-ci il tarixli teleqramda qeyd edilənlərə, yəni iddiaya etirazının dəlillərinə münasibət bildirərək hesab edir ki, həmin dəlillər əsassızdır. Belə ki, iş materiallarında olan 16.08.2019-cu il tarixli, İM-150 saylı icarə müqaviləsi "xxxx" QSC ilə "xxxx" MMC arasında deyil, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olaraq, X7 (nümayəndəsi vasitəsilə) ilə bağlanılmışdır. Belə olan halda isə, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə "xxxx" MMC deyil, məhz X7 məsuliyyət daşıyır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X3 7.446,80 manat pul tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, İmişli şəhəri, 20 Yanvar küçəsi 11 ünvanında yerləşən 2 mərtəbəli inzibati binanın ümumi sahəsi 570,68 m2 olan hissəsi cavabdeh X7 tərəfindən boşaldılaraq, "xxxx" QSC-yə təhvil verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 7.446,80 manat pul tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İmişli şəhəri, 20 Yanvar küçəsi 11 ünvanında yerləşən 2 mərtəbəli inzibati binanın ümumi sahəsi 570,68 m2 olan hissəsi cavabdeh X7 tərəfindən boşaldılaraq, "xxxx" QSC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar