Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-788/2024 05.06.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Balayeva Sevinc Natiq qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 30.000 manat əsas borc, 1.777,24 manat faiz borcu, 2.005,74 manat cərimə və 200 manat mediasiya xərcinin müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2022 il tarixli kredit razılaşmasına əsasən borcalan Cavabdeh1bankdan xx.xx.2023 ilədək qaytarmaq və illik 20 % ödəmək şərti ilə aldığı 30000 AZN krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023 il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 30000 AZN; b) faizlər üzrə 1777.24 AZN; c) cərimə üzrə 2005.74 AZN təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zamin Cavabdeh2 pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. İlkin mediasiya sessiyası keçirilib və mediator tərəfindən müvafiq arayış verilib. Cavabdeh1 iddiaya dair etiraz ərizəsi təqdim edərək, iddianı əsassız hesab etdiyini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin ona qarşı pul tələbinə dair iddiasını qəbul etmir. Belə ki, o, xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən bankdan 30.000 manat kredit götürmüş və həmin krediti xx.xx.2023-cü il tarixdə tam olaraq bağlamışdır. Həmin tarixdə banka yaxınlaşaraq krediti bağlamaq istədiyini bildirmiş və ona 30.512 manat ödəniş edilməli olduğunu bildirilmişdir. O da həmin məbləği ödəmiş və bununla bağlı ona qəbz verilmişdir. Həmin qəbzin təyinat hissəsində də kredit ödənişi qeyd olunmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə həmin ödədiyi pul vəsaiti vergi sərəncamına əsasən vergi borcu olaraq silinmişdir. Halbuki, o həmin pulu kredit borcu olaraq ödəmiş və ödəniş edilən zaman onun barəsində vergi sərəncamı olmamışdır. Vergi sərəncamı 1 ay 5 gün sonra verilmiş, bundan sonra bank həmin pulu vergi borcu olaraq hesablamışdır. Halbuki o həmin günü "xxxx" QSC-yə saat 12:24-də 50.541 manat ödəniş etmiş, daha sonra saat 13:13-da "xxxx" ASC-yə 30.512 manat ödəniş etmişdir. "xxxx" QSC həmin pulu kredit ödənişi kimi qəbul etmiş və borcu bağlanmışdır. Lakin "xxxx" ASC qanunsuz olaraq 1 ay 5 gün sonra pulu vergi borcu kimi silmişdir. O pulu "xxxx" ASC-yə kredit borcu olaraq ödəmiş, ödənişin növbəliliyini seçmək Mülki Məcəllənin 440-cı maddəsinə əsasən onun səlahiyyətinə aid olan məsələdir. Hazırda bank həmin pulu ondan yenidən tələb edir. Ortada bankın ödəniş qəbzi vardır və 30.512 manatı qəbul etməsi təsdiq olunur. Bundan başqa, məhkəməyə bank tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə ödəniş əsası kredit ödənişi olaraq 30.512 manat pul ödənilmiş, daha sonra həmin pul xx.xx.2023-cü il tarixdə vergi sərəncamına əsasən silinmişdir. Bu onun səhvi deyildir ki, o həmin səhvə görə məsuliyyət daşımalı deyildir. O banka olan borcunu tam şəkildə ödəmiş və banka borcu yoxdur. Bank əməkdaşı qanunsuz olaraq əməliyyatları düzgün icra etməmiş və borcu vergi borcu kimi silmişdir. Ümumiyyətlə Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuşdur ki, ağırlaşdırıcı qüvvəyə malik aktların geriyə qüvvəsi şamil olunmur, göründüyü kimi vergi sərəncamı xx.xx.2023-cü il tarixdə verilmiş, kredit ödənişi isə xx.xx.2023-cü il tarixdə ödənilmişdir, belə olan halda həmin sərəncamın geriyə qüvvəsi şamil oluna bilməzdi. Lakin bank qanunsuz olaraq həmin akta əsasən pulu vergi borcu olaraq silmişdir. Onun bank qarşısında heç bir öhdəliyi yoxdur, banka olan borcunu tam şəkildə ödəmiş, bununla bağlı ödəniş qəbzi və hesabdan çıxarış vardır. Onun ümumiyyətlə 300.000 manatadək vergi borcu olmuşdur, lakin həmin vaxtı heç bir sərəncam olmadığı üçün "xxxx" QSC pulu kredit borcu olaraq silmişdir. Əgər həmin gün sərəncam olmuş olsaydı ondan həmin bankda pulu vergi borcuna silmiş olardı. Lakin "xxxx" ASC qanunsuz olaraq ödədiyi pulu 1 ay 5 gün sonra vergib borcu kimi silmişdir. O bank qarşısında öhdəliyini tam olaraq icra etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil etirazda qeyd olunanlara uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 illik 20 % olmaqla, xx.xx.2023-cü il tarixədək, 6 ay güzəşt müddəti olmaqla 30.000 manat məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 8-ci bəndinə əsasən borclalan Bank qarşısında yaranmış öhdəliklərinin icrasının təminatı üsulu olaraq öz hesablarında olan pul vəsaitlərinin mübahisəsiz (akseptsiz) qaydada silinməsinə razılıq verir. Qeyd olunan Razılaşmanın 9-cu bəndinə əsasən borcalan tərəfindən vaxtından əvvəl ödəniş həyata keçirildikdə müvafiq ödəniş kreditin tam bağlanmasına yönəldiyi təqdirdə kreditverən tərəfindən borcalandan ödəniş gününə olan əsas borcun qalıq hissəsinin 1 faizi, müvafiq ödəniş kreditin qismən qaytarılmasına yönəldiyi təqdirdə isə ödəniləcək məbləğin 1 faizi həcmində komissiya haqqı tələb edə bilər. Sözügedən Razılaşmanın 15-ci bəndinə görə borcalan bu razılaşmanı elektron qaydada borcalan ilə bağlanmış kompleks bank xidmətlərinin göstərilməsinə dair müqavilədə qeyd edilmiş prosedura əsasən təsdiq edəcəyi təqdirdə kreditin kreditverənin rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş və özündə kreditin verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini, kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdirən Kompleks Bank Xidməti Müqaviləsi (KBXM) və bu Razılaşma ilə nəzərdə tutulmuş şərtlərlə verildiyini və KBXM-nin və bu Razılaşmanın müddəalarının müştəri üçün məcburi hüquqi qüvvəyə malik olduğunu qəbul edir. İşdə olan Kompleks Bank Xidməti Müqaviləsinin (bundan sonra “KBXM” adlandırılacaqdır) 3.2.1-ci bəndinə əsasən Bank, müştəridən və ya müştəri üçün daxil olan pul vəsaitini qəbul edərək onun üçün açılmış hesaba salır, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair müştərinin sərəncamlarını yerinə yetirir. Həmin KBXM-nin 9.2-ci bəndinə görə borcalan kreditin bir hissəsini və ya bütün hissəsini hesablanmış faizlərlə və digər ödəniləcək məbləğlərlə birlikdə kreditverənin razılığı ilə vaxtından əvvəl ödəyə bilər. Həmin KBXM-nin 9.3-cü bəndinə əsasən borcalanın ödəniş cədvəllərində nəzərdə tutulmuş məbləğdən artıq ödənişlərin aparılması onları növbəti aylar üçün ödənişlərdən tam və ya qismən azad etmir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021ci il tarixli, ******* saylı qoşulma razılaşmasının 1.4-cü bəndinə əsasən bu razılaşmanı imzalamaqla müştəri KBXM-də qeyd edilmiş bank xidmətlərindən istifadə edilməsi zamanı müştəriyə açılmış hesabları və onlarda olan pul vəsaitləri üzrə nəzarət və sahiblik hüququnun müştəri tərəfindən Daşınar Əmlakın Yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən daşınar əmlakın yüklülüyü ilə bağlı, yüklülük sahibinin göstərişlərinin keçirilməsi məqsədi ilə Banka verilməsini təsdiq edir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək yalnız faiz ödənişləri ödənilməklə əsas borca münasibətdə 6 aylıq güzəşt müddəti tətbiq edilmişdir. İşdə olan bank hesabından çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən 30.000 manat məbləğində pul vəsaiti xx.xx.2022-ci il tarixində Cavabdeh1 müvafiq bank hesabına köçürülmüşdür. Həmin bank hesabından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixində 15.000 manat, xx.xx.2022-ci il tarixində isə 14.057,30 manat pul vəsaitini hesabdan məxaric etmişdir. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Həmin zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan bildirişlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun olması, borcun və hesablanmış faizlərin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 xəbərdar olunmuşlar. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 30.000 manat məbləğində əsas borc, 1.777,24 manat məbləğində faiz borcu, 2.005,74 manat məbləğində cərimə borcu, cəmi 33.783,28 manat məbləğində kredit borcu vardır. İşdə olan İddiaçı ASC-nin “Masallı” filialına göndərilmiş xx.xx.2023-cü il tarixli, **********8A saylı sərəncamdan görünür ki, Cavabdeh1 dövlət büdcəsinə 41.842,75 manat məbləğində borcu vardır. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı QSC tərəfindən 200 manat məbləğində mediasiya dair xərc ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 illik 20 % olmaqla, xx.xx.2023-cü il tarixədək, 6 ay güzəşt müddəti olmaqla 30.000 manat məbləğində kredit verməsi və sonuncunun həmin krediti alması, eyni zamanda iddiaçı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsinin bağlanması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizi tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, cavabdehin etirazında qeyd etdiyi halları tərəflər arasında bağlanmış kredit razılaşmasının şərtləri nəzərə alınmaqla araşdırılmasını zəruri hesab edir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasının şərtlərini araşdırarkən müəyyən olunur ki, həmin razılaşmanın 8-ci bəndinə əsasən cavabdeh iddiaçı qarşısında yaranmış öhdəliklərinin icrasının təminatı üsulu olaraq öz hesablarında olan pul vəsaitlərinin mübahisəsiz (akseptsiz) qaydada silinməsinə razılıq vermişdir. Qeyd olunan Razılaşmanın 9-cu bəndinə əsasən borcalan tərəfindən vaxtından əvvəl ödəniş həyata keçirildikdə müvafiq ödəniş kreditin tam bağlanmasına yönəldiyi təqdirdə kreditverən tərəfindən borcalandan ödəniş gününə olan əsas borcun qalıq hissəsinin 1 faizi, müvafiq ödəniş kreditin qismən qaytarılmasına yönəldiyi təqdirdə isə ödəniləcək məbləğin 1 faizi həcmində komissiya haqqı tələb etmək hüququ vardır. Sözügedən Razılaşmanın 15-ci bəndinə görə borcalan bu razılaşmanı elektron qaydada borcalan ilə bağlanmış kompleks bank xidmətlərinin göstərilməsinə dair müqavilədə qeyd edilmiş prosedura əsasən təsdiq edəcəyi təqdirdə kreditin kreditverənin rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş və özündə kreditin verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini, kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdirən Kompleks Bank Xidməti Müqaviləsi (KBXM) və bu Razılaşma ilə nəzərdə tutulmuş şərtlərlə verildiyini və KBXM-nin və bu Razılaşmanın müddəalarının müştəri üçün məcburi hüquqi qüvvəyə malik olduğunu qəbul etmişdir. Habelə, cavabdeh üçün məcburi hüquqi qüvvəyə malik olan kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdirən KBXM-nin 3.2.1ci bəndinə əsasən Bank, müştəridən və ya müştəri üçün daxil olan pul vəsaitini qəbul edərək onun üçün açılmış hesaba salır, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair müştərinin sərəncamlarını yerinə yetirir. Həmin KBXM-nin 9.2-ci bəndinə əsasən borcalan kreditin bir hissəsini və ya bütün hissəsini hesablanmış faizlərlə və digər ödəniləcək məbləğlərlə birlikdə kreditverənin razılığı ilə vaxtından əvvəl ödəyə bilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit razılaşması və KBXM-də kreditin vaxtından əvvəl qaytarılması proseduru konkret olaraq göstərilməklə cavabdehin kreditin bütün hissəsini hesablanmış faizlərlə və digər ödəniləcək məbləğlərlə birlikdə yalnız iddiaçının razılığı ilə vaxtından əvvəl ödəyə bilməsi şərtləndirilmişdir. Tərəflər sözügedən razılaşmaları imzalamaqla bu barədə sərbəst iradələrini ifadə etmişdir. Hazırki işdə isə iddiaçının belə bir razılığının olması müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələri ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilmişdir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığı aid edilmişdir. Bununla yanaşı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 11 iyun 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab etmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Həmçinin, məhkəmə, cavabdeh tərəfindən ödənilən pul vəsaitinin iddiaçı tərəfindən bank hesabında saxlanılması ilə bağlı qeyd edir ki, cavabdeh xx.xx.2023-cü il tarixində 30.512 manat məbləğində pulu bankın müvafiq şöbəsinə (kassaya və s.) təqdim edərkən ödəniş tapşırığını, kreditin tam bağlanması ilə bağlı sərəncam verməməsi, yəni cavabdeh krediti tam bağlamaqla bağlı iradəsini iddiaçıya aydın şəkildə bildirmədiyi təqdirdə iddiaçının həmin pulu kreditin tam bağlanmasına yönəltməsi tərəflər arasında bağlanmış müqavilə şərtləri ilə ziddiyət təşkil edərdi. Çünki, KBXM-nin 3.2.1-ci bəndinə əsasən Bank, müştəridən və ya müştəri üçün daxil olan pul vəsaitini qəbul edərək onun üçün açılmış hesaba salır, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair müştərinin sərəncamlarını yerinə yetirir. İşdə olan sənədlərdən isə cavabdeh tərəfindən həmin sərəncamın verildiyi müəyyən olunmur. Məhkəmə hesab edir ki, cavabdeh bankda olan cari hesabına 30.512 manat məbləğində pulu ödəyərkən kreditin tam bağlanması ilə bağlı sərəncam verməməsi nəticəsində iddiaçının həmin pulu cavabdehin cari hesabında saxlaması və həmin vəsaiti İddiaçı ASC-nin “Masallı” filialına göndərilmiş xx.xx.2023-cü il tarixli, **********8A saylı sərəncama əsasən silməsi iddiaçı ilə bağlı hər hansı mülki hüquqi məsuliyyət yaratmır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh iddianın əsassız olduğunu, iddiaçıya olan borcunu ödədiyini qeyd etsə də həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh etirazın əsaslılığına dair məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etmədiyindən cavabdehin etirazı əsassızdır. Belə olan halda, iddia əsas borcun və ona hesablanmış faiz borcunun tutulması hissəsində əsaslıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin 2.005,74 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, həmin tələb tərəflər arasında bağlanılmış kredit razılaşmasının 6-cı bəndindən irəli gəlir. Həmin Razılaşmanın 6-cı bəndinə əsasən borcalan bu Razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cəriməni ödəyir. Qeyd olunanlarla yanaşı, Kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Həmin Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq cavabdehlərdən iddiaçının xeyrinə 2.005,74 manat deyil 110 manat cərimə borcu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, eyni zamanda cavabdeh (zamin) Cavabdeh2 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, zamin Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən əsas məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün birgə məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Qeyd olunan Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış zaminlik müqavilələri qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında olan pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da Cavabdeh1 iddiaçı qarşısında olan pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərlərinə götürmüşdür. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 30.000 manat məbləğində əsas borc, 1.777,24 manat məbləğində faiz borcu, 110 manat məbləğində cərimə borcu və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 32.087,24 (otuz iki min səksən yeddi manat, iyirmi dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia 1.895,74 manat cərimə borcunun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində təmin edilməsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-788/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-788/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver