Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-79/2025 19.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 iyul 2017-ci il tarixli LAN-141908/17 nömrəli Kredit müqaviləsi üzrə ödənilməmiş cəmi 8532.96 (səkkiz min beş yüz otuz iki manat 96 qəpik) manat məbləğində borcun, bundan 4952.74 (dörd min doqquz yüz əlli iki manat 74 qəpik) manat əsas, 2839.75 (iki min səkkiz yüz otuz doqquz manat 75 qəpik) manat faiz borcunun, 163.63 (bir yüz altmış üç manat 63 qəpik) manat cərimənin və 576.84 (beş yüz yetmiş altı manat 84 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 105.33 (yüz beş manat 33 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh4 arasında bağlanmış 17 iyul 2017-ci il tarixli LAN-141908/17 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh4 48 (qırx səkkiz) ay müddətinə, illik 18 (on səkkiz) faiz dərəcəsi ilə 6900 (altı min doqquz) manat məbləğində kredit verilmişdir. Cavabdeh4 kredit verilərkən bank ilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında 17 iyul 2017-ci il tarixli LAN-141908/17 Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1, 2.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh4kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və 10 avqust 2023-cü il tarixli **********326 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun banka ödənilməsi üçün heç bir tədbir görməmişdir. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh4 17 iyul 2017-ci il tarixli LAN-141908/17nömrəli Kredit müqaviləsi üzrə 13 noyabr 2023-cü il tarixə kredit üzrə cəmi borcu 8532.96 (səkkiz min beş yüz otuz iki manat 96 qəpik) manat təşkil edir. Bundan 4952.74 (dörd min doqquz yüz əlli iki manat 74 qəpik) manatı əsas, 2839.75 (iki min səkkiz yüz otuz doqquz manat 75 qəpik) manatı faiz, 163.63 (bir yüz altmış üç manat 63 qəpik) manatı cərimə və 576.84 (beş yüz yetmiş altı manat 84 qəpik) manatı kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 17 iyul 2017-ci il tarixli LAN-141908/17 nömrəli krеdit müqaviləsinin: 1.1.-ci bəndinə əsasən, Bank Borcalana aşağıdakı şərtlərlə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verir, Borcalan isə üzərinə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faziləri Banka ödəməyə dair pul öhdəliyi götürür, Bank Borcalana 48 ay müddətinə, illik 18 % ödənilməsi şərtilə, 6900 manat məbləğində kredit verir, gecikmə faizi hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğin illik 73 % qədər hesablanacaqdır. 5.1-ci bəndinə əsasən, bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. 5.2-ci bəndinə əsasən, Borcalan kreditin aylıq ödənişini gecikdirdikdə Bank Borcalana qarşı kredit üzrə aylıq ödənişin əsas məbləğinə gecikdirildiyi hər təqvim günü üçün bu müqavilənin 1.1.1. bəndində göstərilmiş cərimə tətbiq edir. 7.1-ci bəndinə əsasən, bu Müqavilə tərəflərin onu imzaladığı andan qüvvəyə minir və tərəflərin bu Müqavilə üzrə öhdəiklərini tam yerinə yetirənədək qüvvədə qalır. İş materiallarında olan “Ödəniş cəvəli”nin surətindən görünür ki, 17 iyul 2017-ci il tarixli LAN-141908/17 nömrəli krеdit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2021-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, LAN-141908/17 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh4 17 iyul 2017-ci il tarixli LAN-141908/17 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə əsas borcu 4952,74 manat, faiz borcu 2839,75 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği borcu 576,84 manat olmaqla, cəmi borc məbləği 8532,96 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 17 iyul 2017-ci il tarixli LAN-141908/17 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci i tarixinə yaranmış 4952,74 manat məbləğində əsas borc, 2839,75 manat məbləğində faiz borcu, 163,63 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 258,06 manat faiz məbləği olmaqla, ümumilikdə 8214,18 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-2(121)-1965/2024 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsinə dair xx.xx.2025-ci il tarixli, 9/8831 nömrəli ekspert rəyində Amrahbank” ASC ilə Cavabdeh4 arasında bağlanmış 17 iyul 2017-ci il tarixli LAN- 141908/17 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh4 xx.xx.2022-ci il tarixə əsas borc üzrə 5067,19 manat, faiz borcu üzrə 2515,16 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 5067,19 manat, faiz borcu üzrə 2515,16 manat borcunun olması qeyd olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı ASC Cavabdeh4 borc (kredit) verməyi, Cavabdeh4 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh4 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Cavabdeh4 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışın”da və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, Cavabdeh4 əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi Cavabdeh4 tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Məhkəmə qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Cavabdehlər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər, həmçinin iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, kredit müqaviləsi üzrə tələb olunan əsas və faiz borc məbləğləri ilə bağlı qeyd edir ki, məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, 17 iyul 2017-ci il tarixli LAN-141908/17 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh4 xx.xx.2022-ci il tarixə əsas borc üzrə 5067,19 manat, faiz borcu üzrə 2515,16 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 5067,19 manat, faiz borcu üzrə 2515,16 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmiş faiz borc məbləği ilə iddia ərizəsində tələb olunan müvafiq borc məbləği arasında fərq olsa da, iddiaçı faiz borc məbləğinə aid hissədə ekspert rəyini mübahisələndirməmiş, bununla da ekspertiza rəyində qeyd olunan məbləğlərlə razılaşdığını ifadə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, əsas və faiz borc məbləğləri iddia ərizəsində qeyd edilən həddə müəyyən edilməlidir. Şərh edilənlərə yekun vuraraq məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsi üzrə cavabdehlərdən tutulacaq məbləğ, əsas borca münasibətdə 4952,74 manat, faiz borcuna münasibətdə isə 2839,75 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin kredit müqaviləsinin müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 576,84 məbləğində pulun tutulması hissəsini əsaslı hesab edərək qeyd edir ki, 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 43-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehlərin (zaminlərin) iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 imzaladıqları zaminlik müqavilələri ilə borclu Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliyinin tamamı ilə icra edilməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərlərinə götürmüşlər. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı zaminlərə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə bağlı tələb hüququnu itirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrinin 6.1-ci bəndi ilə müəyyən olunmuşdur ki, zaminlik müqavilələri 48 ay müddətinə bağlanmışdır. Beləliklə aşkar edilir ki, zaminlik müqavilələrinin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq, iddiaçı zaminlərə qarşı tələbini ilk olaraq xəbərdarlıq formasında xx.xx.2022--ci il tarixində irəli sürmüş, xx.xx.2024-cü il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddia tələbi əsassızdır, buna görə də təmin oluna bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh4 tutularaq iddiaçıya verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən təmin edildiyiniə görə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh4 07 iyul 2017-ci il tarixli, LAN-141908/17 nömrəli kredit müqaviləsi üzrə 4952,74 manat məbləğində əsas borc, 2839,75 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu, 576,84 manat məbləğində gecikdirmə faizi və ödənilmiş 105,33 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 8484,66 manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə və digər cavabdehlərə münasibətdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh4 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-79/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-79/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver