Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-795/2023 05.07.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun qaytarılması və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 022A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 022A********** saylı krеdit razılaşması üzrə 5.007,6 manat məbləğində krеdit bоrcu, 499,35 manat məbləğində faiz bоrcu və 214,74 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5.721,69 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı 022A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit bоrcundan 4992.4 manat ödəniş etmiş və оnun iddiaçıya 5007.6 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh2 kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 201 gün üçün hesablanmış faiz borcu 499.35 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 201 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 214.74 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-795/2023 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi Cavabdeh2 xx.xx.2022-ci il tarixdə öldüyü müəyyən olunduğuna görə, ona aid hissədə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və digər sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 022A********** nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə Cavabdeh2 24 ay müddətinə, 2.0833 faiz dərəcəsi ilə 10.000 manat məbləğində krеdit verilmişdir. Həmin kredit müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Bank ümumi məbləği 10.000 manat olan borc pulu (bundan sonra “kredit”) aylıq faiz dərəcəsi 2.0833% olmaqla 24 ay müddətinə Kredit Alana verir; 1.2-ci bəndinə əsasən, Kredit Alan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən (“Ödəniş Planı”) uyğun olaraq krediti və faizi Banka qaytarmağı öz öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən, Bank krediti Kredit Alanın cari hesabına köçürür. Kreditin Kredit Alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur; 2.4-cü bəndinə əsasən, faiz qaytarılmalı krediyin məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşdırılmasının 1.1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1\30 hissəsi kimi hesablanır; 4.2.3-cü bəndinə əsasən, Kredit Alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 022A********** nömrəli krеdit razılaşması üzrə ilk ödəniş tarixi kimi xx.xx.2021-ci il, son ödəniş tarixi isə xx.xx.2023-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021ci il tarixli, 022G**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır; 3.1-ci bəndinə əsasən, Borclu kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, Zamin, kreditdən istifadə üçün faiz və Bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla Borclunun kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri Bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. Zamin aşağıdakı öhdəlikləri icra etməlidir: 3.1.1. Kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Borclunun bütün öhdəliklərini icra etmək; 3.1.2. Kredit müqaviləsi üzrə ödənməli olan məbləğ gecikdirilərkən Zamin hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəyir; 3.1.3. Borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində Banka dəymiş ziyanı, krediti və faizlərin qaytarılması üzrə Bankın çəkdiyi məhkəmə xərclərini ödəmək; 4.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir; 4.6-cı bəndinə əsasən, kredit müqaviləsi üzrə Borclunun öhdəlikləri başqa şəxsə keçirildikdə Zamin yeni borclu üşün də hazırki müqavilə ilə müəyyən olunuş həcmdə cavabdeh olacaqdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 022A********** nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 5.007,6 manat, faiz borcu 499,35 manat, cərimə borcu 214,74 manat olmaqla, cəmi borc məbləği 5.721,69 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 022A********** nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun xx.xx.2022-ci il tarixinədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ASC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirak etməmişdirlər. İş materiallarında olan “ödəniş tapşırığı”ın surətindən görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Mediasiya Təşkilatının hesabına 100 manat vəsait ödəmişdir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə, Kredit verən İddiaçı ASC borclu Cavabdeh2 borc (kredit) verməyi, Cavabdeh2 isə aldığı borcu (krediti) faizi ilə birgə hissəhissə olmaqla Kredit verənə qaytarmağı öhdələrinə götürmüşlər. Həmin kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə isə, Cavabdeh1 kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməyi və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddia ərizəsində qeyd olunanlardan, həmçinin işdə olan “Maliyyə arayışında” və hesabdan çıxarışda əksini tapan məlumatlardan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki, Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2022-cü il tarixdə həyata keçirilmişdir və onun xx.xx.2023-cü il tarixə 5.007,6 manat məbləğində əsas, 499,35 manat məbləğində faiz borcu qalmışdır. İş materiallarında olan “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ölməsi faktı barədə məlumatsız olduqlarını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən əldə etdikləri arayışda Cavabdeh2 ölməsi barədə məlumat olmadığından ona qarşı iddia irəli sürdüklərini bildirmişdir. İddiaçı, zamin Cavabdeh1 kredit müqaviləsi üzrə borclu Cavabdeh2 ilə kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar eyni dərəcədə və birgə məsuliyyət daşıdığını və buna görə də borclu Cavabdeh2 tərəfindən kredit ödənişi xx.xx.2022-ci il tarixdən həyata keçirilmədiyi üçün onunla birgə zaminin də kredit borcunun ödənilməsinin gecikdirilməsi ilə əlaqədar öhdəliyinin yarandığını iddia edir. Məhkəmə işdə olan sənədlərə əsasən qeyd edir ki, iddiaçının kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək Cavabdeh2 kredit verməsi, sonuncunun həmin krediti alması və xx.xx.2022-ci il tarixdən kredit müqaviləsi üzrə ödənişin həyata keçirilmədiyi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə ödənişlər gecikdirildiyinə görə iddiaçının kredit müqaviləsi üzrə əsas borc, faiz və cərimə tutulmasına dair tələb irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır. Lakin həmin tələbin hazırki işin müəyyən edilmiş faktiki hallarına və qüvvədə olan qanunvericilik normalarının tələblərinə əsasən cavabdeh-zamin Cavabdeh1 qarşı irəli sürülə bilməsi, başqa ifadə ilə iddiaçının verdiyi kredit məbləğinin vaxtında qaytarılmaması ilə bağlı pozulmuş subyektiv hüququnun müdafiəsi ilə əlaqədar Cavabdeh1 mülki məsuliyyətinin yaranıb-yaranmamasına açıqlıq gətirilməsini məhkəmə zəruri hesab edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ilk növbədə zaminlik institutunun, zaminin məsuliyyətinin əsaslarının və xüsusiyyətlərinin mövcud qanunvericiliyin zaminliklə bağlı münasibətləri tənzimləyən müvafiq normalarına və eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşmış hüquqi mövqeyə əsasən təhlil edilməsi vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminin məsuliyyətinin əsaslarını və həcmini müəyyən edən Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1), əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında zaminlik müqaviləsinin hüquqi təbiətinə aydınlıq gətirərək qeyd etmişdir ki, kreditor və borclu arasında bağlanan əsas müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi birtərəfli, konsensual müqavilə olmaqla kreditorla zamin arasında əsas öhdəliyə münasibətdə aksessor (əlavə) xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız Mülki Məcəllənin 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Sadalanan maddi hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, zaminin kreditor qarşısında öhdəliyi zaminliklə təminat altına alınmış əsas öhdəliyə münasibətdə əlavə (aksessor) xarakter daşıyır. Zaminin əsas borclu ilə bərabər kreditor qarşısında birgə məsuliyyət daşımasına (subsidiar məsuliyyət daşıması ilə bağlı hal istisna olmaqla), əsas öhdəliyin icra olunmaması və ya lazımınca icra olunmamasından irəli gələn bütün növ tələblərə qarşı əsas borclu ilə eyni məsuliyyətlə cavabdeh olmasına baxmayaraq, zaminin əlavə (aksessor) öhdəlik daşıyıcısı olması səbəbi ilə kreditor qarşısında öhdəliyinin yaranması, ona qarşı tələb irəli sürülə bilməsi üçün əsas öhdəlik üzrə vəzifələrin borclu tərəfindən pozulmasının baş verməsi tələb olunur. Yalnız bu hüquqi faktın baş verməsi, yəni borclunun öhdəliyini lazımınca icra etməsindən yayınması zaminin kreditor qarşısında öhdəliyinin yaranması üçün əsas yaradır. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Burada nəzərə alınmalı olan əsas məqam ondan ibarətdir ki, zaminlik müqaviləsi gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması məqsədilə bağlandığından, zaminlik müqaviləsi bağlandığı andan qüvvəyə minsə də, həmin müqavilə üzrə hüquq və vəzifələr əsas öhdəliyin borclu tərəfindən pozulması halında yaranır. Buna görə də, kreditor zaminə qarşı tələbini yalnız əsas öhdəlik üzrə vəzifələrin borclu tərəfindən pozulması baş verdikdə irəli sürə bilər. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 4 sentyabr 2012-ci il tarixli qərarında da öz əksini tapmışdır. Adı çəkilən Plenum qərarında qeyd olunmuşdur ki, “Kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Beləliklə, zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz.” Məhkəmə, yuxarıda şərh olunanları hazırki işin faktiki hallarına tətbiq edərək hesab edir ki, baxılan iş üzrə zamin Cavabdeh1 iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliyin borclu tərəfindən pozulması ilə əlaqədar zaminlik müqaviləsindən irəli gələn öhdəliyi yaranmamışdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, borclu Cavabdeh2 kredit müqaviləsi üzrə borcunu, ödəniş qrafikinə uyğun olaraq son ödənişi həyata keçirdiyi xx.xx.2022-ci il tarixinə kimi vaxtında və gecikdirməyə yol vermədən ödəmişdir. Müəyyən edilmişdir ki, borclu Cavabdeh2 tərəfindən kredit borcunun ödənilməsinin dayandırılması onun ölümü ilə əlaqədar olmuşdur. Məhkəmə, borclunun ölümünun öhdəliyin pozulması kimi qəbul edilərək zaminə qarşı tələb irəli sürülməsini tamamilə əsassız hesab edərək vurğulayır ki, öhdəliyin pozulması (icra edilməməsi və ya lazımınca icra edilməməsi) iradəvi aktdır və məhz buna görə də, qanunvericilik borclunun kreditor qarşısında mülki məsuliyyətinin yaranmasını onun təqsirli pozuntuya yol verməsi ilə əlaqələndirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə, hazırki işin qanuni və əsaslı həlli ilə əlaqədar bir məsələni də qeyd etməyi zəruri sayır. Kredit müqaviləsi üzrə borc şəxsi xarakterli, borclunun şəxsiyyəti ilə sıx bağlı olan öhdəlik olmadığına görə, borclunun ölümü halında kredit müqaviləsi üzrə onun öhdəlikləri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrinə keçir. Buna görə də məhkəmə hesab edir ki, kreditor kredit müqaviləsi üzrə əsas borclunun ölməsi faktını müəyyən etdikdə, əgər ölmüş şəxs həmin məqamadək müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmişdirsə, borcun ödənilməsi barədə tələbi ilk növbədə ölmüş şəxsin vərəsələrinə qarşı irəli sürməlidir. Vərəsələr tərəfindən borcun qaytarılmasına dair öhdəliklərin pozulması baş verdikdə zaminlik müqaviləsi üzrə öhdəliklər davam etdiyinə görə zaminin öhdəliyi yaranmış olur ki, bu zaman kreditorun zaminə qarşı tələb irəli sürməsi üçün hüquqi zəmin yaranır. Zaminlərin ölmüş şəxsin öhdəliklərinə görə mülki məsuliyyətinin əsasları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında da ətraflı şərh olunmuşdur. Adı çəkilən qərarda xüsusilə vurğulanmışdır ki, “Müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır.” Beləliklə məhkəmə müəyyən edir ki, baxılan iş üzrə iddiaçı ölmüş əsas borclunun vərəsələri müəyyən edilərək onlara qarşı tələb irəli sürülmədən zaminə qarşı tələblə çıxış etməkdə haqlı olmamışdır. Nəzərə alınsa ki, əsas borclu öldüyü vaxta kimi öhdəliklərini vaxtında və tam həcmdə icra etmişdir, bu halda da zaminin öhdəliyinin yaranmasından danışmaq olmaz. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmamalı və iddiaçıya ilk növbədə mirası qəbul etmiş vərəsələrə qarşı tələb irəli sürülməsi, vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə zaminə qarşı tələb irəli sürmək hüququnun yarandığı izah olunmalıdır. Məhkəmə, iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, həmin tələb kredit müqaviləsinin tərəfi (iştirakçısı) olan şəxsə qarşı irəli sürülə bilər. Baxılan işdə isə kredit müqaviləsinin iştirakçısı olan Cavabdeh2 xx.xx.2022-ci il tarixdə öldüyü müəyyən olunduğuna görə ona aid hissədə iddia ərizəsinin Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-795/2023 nömrəli qərardadı ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddia tələbi üzrə iş yalnız Cavabdeh1 qarşı davam etdiyinə və sonuncunun qeyd olunduğu kimi kredit müqaviləsinin tərəfi olmadığına görə müqavilənin ləğv edilməsinə dair iddia tələbi də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun qaytarılması və s. tələbi barədə iddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-795/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-795/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver