Məhkəmə qərarları › İş №e-2-2(121)-80/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-80/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-80/2021 28.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı cavabdehdən 7.334,02 manat əsas borc, 460,97 manat faiz borcu, 1.120,19 manat cərimə borcu, 1.087,32 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 10.002,5 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətində olan Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 4,0004 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tutmanın yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22.08.2014-cü il tarixli, 8342 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 6% ödənilmək şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi 22.08.2014-cü il tarixli, 8342/1 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh mülkiyyətində olan Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 4,0004 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 7.334,02 manat əsas, 460,97 manat faiz, 1.120,19 manat cərimə, 1.087,32 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 10.002,50 manat borcu mövcuddur. Borc ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdehməhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2014-cü il tarixli, 8342 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 10.000 (on min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 22.08.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 10.000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2014-cü il tarixli, 8342/1 saylı ipoteka müqaviləsinə əsasən, 22 avqust 2014-cü il tarixli, 8342 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh məxsus, Ağcabədi şəhərində yerləşən 4,0004 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı ASC-nin Ağcabədi filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 09.07.2014-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 4,0004 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin 05.08.2020-ci il tarixli, **********270 saylı arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2014-cü il tarixli, 8342 saylı kredit müqaviləsi üzrə cavabdehin 23.07.2020-ci il tarixə banka 7.334,02 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 460,97 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1.120,19 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1.087,32 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 10.002,5 manat təşkil edir. İş materiallarında olan, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanmış 04.08.2020-ci il tarixli pretenziyadan görünür ki, tərəflər arasında bağlanılmış 22 avqust 2014-cü il tarixli, 8342 saylı kredit müqaviləsi üzrə cəmi 10.002,5 manat borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materialında olan, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” 12.08.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 22 avqust 2014-cü il tarixli, 8342 saylı kredit müqaviləsi əsasında aldığı 10.000 manat kreditə görə cəmi 10.002,5 manat borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə ünvanlanmış 17 avqust 2020-ci il tarixli, **********507 saylı ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən Ləğv prosesində olan İddiaçı ASC-ə ünvanlanmış 01.09.2020-ci il tarixli, **********42 saylı məktubun surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan daşınmaz əmlak üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə ünvanladığı müraciətindən və portaldan çıxarışdan görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür, ona kreditin restrukturizasiya olunması təklif olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 yanvar 2021-ci il tarixli, 9/5552 saylı ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 22 avqust 2014-cü il tarixli, 8342 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə, Cavabdeh 22.08.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 9.786,93 manat, faiz borcu 254,46 manat, 23.07.2020-ci il tarixə (maliyyə arayışı tarixinə) əsas kredit borcu 7.337,10 manat, faiz borcu 54,46 manat və illik 5% ilə hesablanmaqla faiz borcu 1.274,14 manat müəyyən edilir. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 yanvar 2021-ci il tarixli, 052/ZB/21 saylı torpaq sahəsinin qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2014-cü il tarixli, 8342/1 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 4,0004 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin likvid dəyəri 30.000 manat təşkil edir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında 22 avqust 2014-cü il tarixli, 8342 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh arasında 22 avqust 2014-cü il tarixli, 8342/1 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh məxsus, Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 4,0004 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi sözügedən kredit müqaviləsinin təminatı kimi, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 22 avqust 2014-cü il tarixli, 8342 saylı kredit müqaviləsi üzrə Cavabdeh 7.334,02 manat əsas kredit borcunun mövcud olduğu iş materialları ilə təsdiq edildiyindən (ekspert rəyi ilə 23.07.2020-ci il tarixə 7.337,1 manat əsas kredit borcunun olduğu müəyyən olunur) və iddiaçı əsas borc kimi həmin məbləği tələb etdiyindən, məhkəmə hesab edir ki, əsas borca münasibətdə iddia təmin edilməli, 7.334,02 manat əsas borc Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehdən iddiaçının xeyrinə 460,97 manat faiz borcunun tutulması hissəsində isə məhkəmə iddianı qismən, yəni 54,46 manat faiz borcunun tutulması hissəsində əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 yanvar 2021-ci il tarixli, 9/5552 saylı ekspert rəyi ilə 22 avqust 2014-cü il tarixli, 8342 saylı kredit müqaviləsi üzrə Cavabdeh 22.08.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 9.786,93 manat, faiz borcu 254,46 manat, 23.07.2020-ci il tarixə (maliyyə arayışı tarixinə) əsas kredit borcu 7.337,1 manat, faiz borcu 54,46 manat və illik 5% ilə hesablanmaqla faiz borcu 1.274,14 manat müəyyən edilir. Göründüyü kimi, 23.07.2020-ci il tarixə (maliyyə arayışı tarixinə) cavabdehin iddiaçıya 460,97 manat deyil, 54,46 manat faiz borcu qalmışdır. Ona görə faiz borcuna münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 54,46 manat faiz borcu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 1.087,32 manat faiz borcunun tutulması tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyan qarşılamaq üçün dəbbə pulu nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Bundan başqa dəbbə pulundan əlavə dəymiş ziyanla əlaqədar məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, məhkəmə həmin tələbi əsassız hesab edir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə, hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 12% ödəyir. İddiaçı 1.120,19 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının cərimə borcu hissəsində tələbi qismən təmin edilməli, cavabdehdən 70 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında 22 avqust 2014-cü il tarixli, 8342/1 saylı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 yanvar 2021-ci il tarixli, 052/ZB/21 saylı torpaq sahəsinin qiymətləndirilməsi rəyi ilə Cavabdeh məxsus İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 4,0004 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin likvid dəyəri 30.000 manat müəyyən edilmişdir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni Cavabdeh məxsus İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 4,0004 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 30.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 7,64 manatı iddiaçıya aid edilməli, 22,36 manatı isə Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 95 manat hissəsi Cavabdeh, 5 manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 300 manat Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7.334,02 manat əsas borc, 54,46 manat faiz borcu, 70 manat cərimə (dəbbə pulu) borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,36 manat olmaqla, cəmi 7.480,84 (yeddi min dörd yüz səksən manat, səksən dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti 30.000 (otuz min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh məxsus Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 4,0004 ha torpaq sahəsinə yönəldilsin, həmin torpaq sahəsi açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7.334,02 manat əsas borc, 54,46 manat faiz borcu, 70 manat cərimə (dəbbə pulu) borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,36 manat olmaqla, cəmi 7.480,84 (yeddi min dörd yüz səksən manat, səksən dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 30.000 (otuz min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh məxsus Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 4,0004 ha torpaq sahəsinə yönəldilsin, həmin torpaq sahəsi açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 95 (doxsan beş) manat hissəsi Cavabdeh, 5 (beş) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ

22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 300 (üç yüz) manat Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar