Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-803/2020 08.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “İddiaçı ASC” arasında bağlanmış 1040 saylı kredit müqaviləsi üzrə 200.000 manat əsas, 79.472,51 manat faiz, 29.244,52 cərimə, 28.696,74 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 337.413,77 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1040 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik faiz 7% ödənilmək heyvandarlıq məqsədi ilə 200.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 200.000 manat əsas, 79.472,51 manat faiz, 29.244,52 cərimə, 28.696,74 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 337.413,77 manat məbləğində borcu mövcuddur. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Həmçinin iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 1040 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 7 faiz ödəmək şərti ilə 60 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. İş materialında olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh aralarında bağlanılmış 1040 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi əsasında aldığı kreditə görə 200.000manat əsas borc, müddət sonuna hesablanmış 79.472,51 manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 28.696,74 manat borc, 29.244,52 manat cərimə olmaqla cəmi 337.413,77 manat məbləğində kredit borcunun olması barədə xəbərdar edilmişdir. Həmin borc məbləğinin 3 gün müddətində banka ödənilməsinin təmin olunması Cavabdeh tələb olunmuş, əks təqdirdə qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun və ödəniləcək dövlət rüsumunun, o cümlədən iddia ilə bağlı çəkiləcək digər xərclərin ondan tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə tərəfindən Cavabdeh arasında bağlanmış 1040 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2020-ci il tarixə banka 200.000 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 79.472 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 29.244 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 5% olan, həmin faizin hesablanma düsturu (əsas borc/100*5)/360, həmin düsturla hesablanan günlük faiz məbləği və geçikdirilmiş gün sayısı 27,78 manat X 1.033, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 28.696,74 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 337.413,77 manat təşkil edir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(081)-3620/2016 nömrəli qərarının surətindən görünür ki, İddiaçı ASC-nin məcburi ləğv edilməsi, Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hökmdən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh adına olan xx.xx.2012-ci il tarixli 1040 nömrəli kredit müqaviləsinin dördüncü səhifəsinin aşağı hissəsində “Borcalan” qrafasında “Cavabdeh” qeydinin qarşısındakı, xx.xx.2012-ci il tarixli “kassa məxaric orderi”ndə “orderdə göstərilən məbləği aldım” qeydinin qarşısındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2017 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ona aid hissədə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə xx.xx.2012-ci il tarixli 1040 nömrəli kredit müqaviləsində və digər sənədlərdə olan imzaların hazırki iş üzrə cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsində və digər sənədlərdə olan imzaların hazırki iş üzrə cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, göstərilən faktlar hazırkı kommersiya mübahisəsi üzrə preyudisialdır və bu faktlar mübahisələndirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən kredit müqaviləsi cavabdeh tərəfindən imzalanmadığından, tərəflər arasında müqavilə bağlanmamışdır. Tərəflər arasında müqavilə bağlanmadığından, tərəflər biri-digəri qarşısında göstərilən müqavilədən irəli gələn öhdəliklərin daşıyıcıları deyildirlər. Odur ki, iddiaçının cavabdehdən mövcud olmayan öhdəliyinin icrasını tələb etmək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi, bir qayda olaraq müqavilədən əmələ gələn öhdəliklər müqavilə bağlandığı andan yaranır. Müqavilənin yazılı bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalamasıdır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən kredit müqaviləsi cavabdeh tərəfindən imzalanmadığından, kredit müqaviləsində qeyd edilən məbləğ cavabdehə verilmədiyindən, bununla da tərəflər arasında müqavilə bağlanmadığından, cavabdehin iddiaçı qarşısında göstərilən müqavilədən irəli gələn hər hansı bir öhdəliyi yaranmamışdır. Odur ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-803/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-803/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver