Məhkəmə qərarları › İş №e-2-2(121)-809/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-809/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-809/2020 25.11.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı Cavabdeh2 7.503 manat əsas, 1.005,40 manat faiz, 1.061,81 manat məbləğində cərimə və 1.084,72 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 10.654,93 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4, X2, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 Allahverdi oğluna məxsus olan, Biləsuvar şəhəri, Həzi Aslanov küçəsində, 0,17 ha torpaq sahəsində yerləşən 67 saylı fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə tutmanın yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 3455 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz 6% ödənilmək şərtilə 15.000 AZN məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdehlər Cavabdeh4, X4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 Allahverdi oğlu ilə həmin tarixdə xx.xx.2013-ci il tarixli, 3455 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4, X2, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 Allahverdi oğluna məxsus olan, Biləsuvar şəhəri, Həzi Aslanov küçəsində, 0,17 ha torpaq sahəsində yerləşən 67 saylı fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun Banka ödənilməmiş 7.503,00 manat əsas, 1.005,40 manat müddət sonuna hesablanan faiz, 1.061,81 manat məbləğində cərimə və 1.084,72 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 10.654,93 AZN borcu mövcuddur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 3455 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixli, 3455 saylı ipoteka müqaviləsi bağlanmışdır və müqaviləyə əsasən Cavabdeh4, X2, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 Allahverdi oğluna məxsus olan, Biləsuvar şəhəri, Həzi Aslanov küçəsində, 0,17 ha torpaq sahəsində yerləşən 67 saylı fərdi yaşayış evi İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən aşağıda qeyd olunan borc məbləğinin tutulması və tələbin ipoteka predmetinə yönəldilməsini məqsədə uyğun hesab edirlər. Borc ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixdə keçirilən iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Biləsuvar filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, 3455 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə iri buynuzlu mal-qaranın yetişdirilməsi üçün 15.000 (on beş min) manat məbləğində kredit verilməsinə dair tərəflər razılığa gəlmişlər. İş materiallarında olan xx xxxxx 2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, xx.xx.2013-cü il tarixdə 15.000 kredit İddiaçı ASC tərəfindən Cavabdeh2 ödənilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Biləsuvar filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, 3455 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus Biləsuvar şəhəri, H.Aslanov küçəsində olan 0.17 hektar torpaq sahəsində yerləşən 199,2 m2 ümumi, 78,8 m2 yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin Biləsuvar filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışından görünür ki, Cavabdeh1 məxsus İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, Biləsuvar şəhəri, H.Aslanov küçəsində olan 0.17 hektar torpaq sahəsində yerləşən 199,2 m2 ümumi, 78,8 m2 yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin Biləsuvar filialının hüquqları xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materialında olan xx xxxx 2020-ci il tarixli, **********864 saylı bildirişdən görünür ki, İddiaçı ASC-nin Biləsuvar filialı ilə Əsgərov Elxan Rövşən oğlu arasında bağlanılmış xx xxxxx 2013-cü il tarixli, 3455 saylı kredit müqaviləsi əsasında aldığı 15.000 manat kreditə görə 10.654,93 manat məbləğində kredit borcunun olması barədə Əsgərov Elxan Rövşən oğlu xəbərdar edilmişdir. Əks təqdirdə qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun və ödəniləcək dövlət rüsumunun, o cümlədən iddia ilə bağlı çəkiləcək digər xərclərin ondan tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Əsgərov Elxan Rövşən oğlu məlumatlandırılmışdır. İş materialında olan xx xxxx 2020-ci il tarixli, **********890 saylı bildirişdən görünür ki, İddiaçı ASC-nin Biləsuvar filialı ilə Əsgərov Elxan Rövşən oğlu arasında bağlanılmış xx xxxxx 2013-cü il tarixli, 3455 saylı kredit müqaviləsi əsasında aldığı 15.000 manat kreditə görə 10.654,93 manat məbləğində kredit borcunun olması barədə Əsgərov Elxan Rövşən oğlu, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 xəbərdar edilmişdirlər. Əks təqdirdə qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun və ödəniləcək dövlət rüsumunun, o cümlədən iddia ilə bağlı çəkiləcək digər xərclərin ondan tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s. tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Əsgərov Elxan Rövşən oğlu, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 məlumatlandırılmışlar. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli, **********831 saylı arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, 3455 saylı kredit müqaviləsi üzrə onun xx.xx.2020-ci il tarixə banka 7.503 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 1.005,40 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1.061.81 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanan 1.084,72 manat faiz borcu olmaqla, ümumi borc 10.654,93 manat təşkil edir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********868 saylı ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə X1 rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh2 Ləğv prosesində olan İddiaçı ASC-yə olan əsas kredit borcu 7.503 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxx 2020-ci il tarixli, G-10/20-231 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi rəyindən görünür ki, Cavabdeh1 məxsus Biləsuvar şəhəri, H.Aslanov küçəsində olan 0.17 hektar torpaq sahəsində yerləşən 199,2 m2 ümumi, 78,8 m2 yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 85.000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/3441 saylı ekspert rəyində qeyd olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, 3455 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 müqavilə müddətinə, yəni xx.xx.2016-cı il tarixədək əsas borc üzrə 7.499,94 manat, faiz borcu 333,75 manat, maliyyə arayışı müddətinə xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 7.499,94 manat, faiz borcu üzrə 1.777,49 manat təşkil edir. İş materiallarında olan Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə təqdim olunan ərizədən görünür ki, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC-nin Biləsuvar filialı ilə Cavabdeh2 arasında xx xxxxx 2013-cü il tarixli, 3455 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh2 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı ASC-nin Biləsuvar filialı ilə Cavabdeh2 və X8 arasında xx xxxxx 2013-cü il tarixli, 3455 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, X6 məxsus Biləsuvar şəhəri, H.Aslanov küçəsində olan 0.17 hektar torpaq sahəsində yerləşən 199,2 m2 ümumi, 78,8 m2 yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin Biləsuvar filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən əsaslı olsa da, təmin edilməməlidir: Tərəflər arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, 3455 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 7.503 manat əsas borcun olması iş materialları ilə qismən sübut olunur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh2 əsas borc qismində 7.503 manat tələb edilmişdir. Həmçinin problemli kreditlərin kompensasiyası üzrə portaldan çıxarışdan görünür ki, Cavabdeh2 Ləğv prosesində olan İddiaçı ASC-yə olan əsas kredit borcu 7.503 manat kimi qeyd edilmişdir. Lakin, xx xxxxxxxx 2020-ci il tarixli, 9/3441 saylı ekspert rəyi ilə onun əsas borcunun 7.499,94 manat olduğu müəyyən olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıya əsas kredit borcu 7.499,94 manat olduğu halda, iddiaçı tərəfindən hesablama düzgün aparılmamış, cavabdehin borcu düzgün olmayaraq 7.503 manat hesablanmış, həmin məlumatlar Azərbaycan Respublikası Maliyyə X3 ötürülmüşdür ki, bu məlumatlar da öz növbəsinə portala 7.503 manat əsas borc kimi işlənmişdir. Başqa sözlə, iddiaçı tərəfindən verilmiş düzgün olmayan hesablama əsasında, cavabdehin əsas borcunun problemli kreditlərin kompensasiyası üzrə portalda 7.503 manat kimi qeyd olunması onun qeyd olunan həcmdə əsas borcunun olmasına əsas ola bilməz. xx xxxxxxxx 2020-ci il tarixli, 9/3441 saylı ekspert rəyi ilə cavabdehin əsas borcunun 7.499,94 manat olduğu müəyyən olunur. Digər tərəfdən, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı iş üzrə tərəflər arasında bağlanılmış kredit müqaviləsi sözügedən Fərmanın təsiri altına düşmüşdür. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır. Məhz bu məntiqdən çıxış edərək Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən, o cümlədən, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə X5 Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq iddia tələbi yalnız əsas borcun 7.499,94 manat hissəsində əsaslı, faiz borcu və cərimə hissəsində isə əsassızdır. Belə ki, Fərmanın tətbiqi ilə bağlı vətəndaşın müraciət edəcəyi halda da, iddiaçı hazırda irəli sürdüyü tələb üzrə borc məbləğinin yenidən güzəştli şərtlərlə qaytarılmasını deyil, restrukturizasiya olunması təklif olunan məbləği müəyyən edəcəkdi. Məhkəmə gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 1.084,72 manat faiz tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyan qarşılamaq üçün dəbbə pulu nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Bundan başqa dəbbə pulundan əlavə dəymiş ziyanla əlaqədar məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, məhkəmə həmin tələbi əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan əlavə, məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin Biləsuvar filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında xx xxxxx 2013-cü il tarixli, 3455 saylı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı iddia ərizəsində tələbin ipoteka predmeti olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məxsus Biləsuvar şəhəri, H.Aslanov küçəsində olan 0.17 hektar torpaq sahəsində yerləşən 199,2 m2 ümumi, 78,8 m2 yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə (0,17 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı ASC-nin Biləsuvar filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, 3455 saylı ipoteka müqaviləsinin predmeti yalnız Cavabdeh1 məxsus fərdi yaşayış evidir. Müqavilədə fərdi yaşayış evinin yerləşdiyi 0,17 ha torpaq sahəsi ipoteka predmeti kimi nəzərdə tutulmadığından, iddia həmin hissədə əsassızdır. Digər tərəfdən, tələbin iddia ərizəsində cavabdeh kimi qeyd olunan Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 yönələn hissəsini də məhkəmə əsassız hesab edir. Belə ki, qeyd olunan cavabdehlər hazırki iş üzrə hər-hansı müqavilə tərəfi deyildirlər və iddiaçı qarşısında hər-hansı öhdəlik götürməmişdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə iddianı qismən əsaslı hesab etsə də, aşağıda qeyd olunanlara əsasən onun təmin edilməməsi qənaətinə gəlir. Belə ki, İddiaçı ASC-nin Biləsuvar filialı ilə Cavabdeh2 arasında xx xxxxx 2013-cü il tarixli, 3455 saylı kredit müqaviləsi xx xxxxx 2013-cü il tarixdə, 3 il müddətinə, yəni xx xxxxx 2016-cı il tarixədək bağlanmışdır və müqavilə üzrə ödənişlər xx xxxxx 2016-cı il tarixdə bitməli idi. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən sonuncu dəfə xx.xx.2015-ci il tarixdə ödəniş edilmişdir. Hazırki iddia ərizəsi isə məhkəmənin icraatına xx.xx.2020-ci il tarixdə, yəni müqavilə üzrə müddətin bitməsindən 4 (dörd) ildən artıq müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi ilə bağlı iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 379.1-ci maddəsinə əsasən, iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda, iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda, müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə, fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda və müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda iddia müddətinin axımı dayandırılır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikasının Maliyyə X1 xx xxxx 2019-cu il tarixli ********** saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.2-ci bəndinə əsasən, fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Həmin Qaydanın 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Həmin Qaydanın 6.9-cu bəndinə əsasən, kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Həmin Qaydanın 6.15-ci bəndinə əsasən, kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Həmin Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddia müddəti ötürüldüyündən və cavabdeh bu barədə məhkəməyə ərizə ilə müraciət etdiyindən iddia təmin edilməməlidir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərman ilə iddia müddətinin axımının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 379.1-ci maddəsinə əsasən dayandırılması kimi qəbul edilsə belə, Azərbaycan Respublikasının Maliyyə X1 xx xxxx 2019-cu il tarixli ********** saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən, müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatdığı nəzərə alınmaqla, xx.xx.2020-ci il tarixdən iddia müddətinin axımı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 379.4-cü maddəsinə əsasən davam etdiyindən, iddia müddəti yenə də ötürülmüşdür və belə olan halda iddia təmin edilməməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 250 (iki yüz əlli) manat iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.tələbinə dair iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 250 (iki yüz əlli) manat iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar