Məhkəmə qərarları › İş №e-2-2(121)-81/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-81/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-81/2021 30.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh2 2.103,59 manat əsas, 118,31 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 310,59 manat məbəğində faiz (5%) borcu, 365,23 cərimə borcu, cəmi 2.897,72 (iki min səkkiz yüz doxsan yeddi manat, 72 qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan İmişli rayonu, Cəfərli kəndində, 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 350 SF saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6 faiz ödənilmək şərtilə 14.500 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixli 588 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan İmişli rayonu, Cəfərli kəndində, 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun Banka ödənilməmiş 2.103,59 manat əsas, 118,31 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 310,59 manat məbəğində faiz (5%) borcu, 365,23 cərimə borcu, cəmi 2.897,72 manat məbləğində borcu mövcuddur. Borc ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 350 SF saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 14.500 (on dörd min beş yüz) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 14.500 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 588 saylı ipoteka müqaviləsinə əsasən, xx xxxxxx 2014-cü il tarixli, 350 SF saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh1 məxsus, İmişli rayonu, Cəfərli kəndində mülkiyyətində olan 0.12 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 48 m2 yaşayış, 83,6 m2 köməkçi sahəsindən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin İmişli filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus İmişli rayonu, Cəfərli kəndində yerləşən fərdi yaşayış evi 0,12 hektar torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin İmişli filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli, **********231 saylı arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, 350 SF saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2020-ci il tarixə banka 2.103,59 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 118,31 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 365,23 manat, həmçinin Mülki Məcəllənin 445.7ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 310,59 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 2.897,72 manat təşkil edir. İş materiallarında olan, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziyadan görünür ki, tərəflər arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli, 350 SF saylı kredit müqaviləsi üzrə cəmi 2.897,72 manat borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materialında olan, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli, 350 SF saylı kredit müqaviləsi əsasında aldığı 14.500 manat kreditə görə 2.897,72 manat əsas borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 və Cavabdeh1 məlumatlandırılmışlar. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********500 saylı ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən Ləğv prosesində olan İddiaçı ASC-ə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********11 saylı məktubdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlak üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. İşdə olan ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə ünvanladığı müraciətindən və portaldan çıxarışdan görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/5551 saylı ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 350 SF saylı, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 5.688,73 manat, faiz borcu 20,48 manat, xx.xx.2020-ci il tarixə (maliyyə arayışı tarixinə) əsas kredit borcu 2.106,73 manat, faiz borcu 2,48 manat və illik 5% ilə hesablanmaqla faiz borcu 403,82 manat müəyyən edilir. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2021-ci il tarixli, 037/ZB/21 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 588 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus İmişli rayonu, Cəfərli kəndində mülkiyyətində olan 0,12 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 48 m2 yaşayış, 83,6 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 46.000 manat təşkil edir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixli, 350 SF saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh2 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 14.500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli, 588 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh1 məxsus, İmişli rayonu, Cəfərli kəndində mülkiyyətində olan 0.12 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 48 m2 yaşayış, 83,6 m2 köməkçi sahəsindən ibarət fərdi yaşayış evi sözügedən kredit müqaviləsinin təminatı kimi, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 350 SF saylı kredit müqaviləsi üzrə Cavabdeh2 əsas kredit borcu 2.106,73 manat olduğu müəyyən edildiyindən, lakin iddiaçı əsas borc kimi 2.103,59 manat tələb etdiyindən, məhkəmə hesab edir ki, əsas borca münasibətdə iddia təmin edilməli, 2.103,59 manat əsas borc Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. 118,31 manat faiz borcunun tutulması hissəsində məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/5551 saylı ekspert rəyi ilə 350 SF saylı, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 5.688,73 manat, faiz borcu 20,48 manat, xx.xx.2020-ci il tarixə (maliyyə arayışı tarixinə) əsas kredit borcu 2.106,73 manat, faiz borcu 2,48 manat və illik 5% ilə hesablanmaqla faiz borcu 403,82 manat müəyyən edilir. Göründüyü kimi, müqavilə müddəti bitdikdən sonra, cavabdeh kredit borcundan ödənişlər etmiş və xx.xx.2020-ci il tarixə (maliyyə arayışı tarixinə) onun iddiaçıya 2,48 manat faiz borcu qalmışdır. Ona görə faiz borcuna münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2,48 manat əsas borc Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 310,59 manat faiz borcunun tutulması tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyan qarşılamaq üçün dəbbə pulu nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Bundan başqa dəbbə pulundan əlavə dəymiş ziyanla əlaqədar məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, məhkəmə həmin tələbi əsassız hesab edir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə, hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 12% ödəyir. İddiaçı 365,23 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının cərimə borcu hissəsində tələbi qismən təmin edilməli, cavabdehdən 20 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli, 588 saylı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Tərəflər arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli, 588 saylı ipoteka müqaviləsində Cavabdeh1 məxsus İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, İmişli rayonu, Cəfərli kəndində, 0,12 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 48 m2 yaşayış, 83,6 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 46.000 manat müəyyən edilmişdir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni Cavabdeh1 məxsus İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, İmişli rayonu, Cəfərli kəndində, 0,12 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 48 m2 yaşayış, 83,6 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 46.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 8 manatı iddiaçıya aid edilməli, 22 manatı isə Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 73,30 manat hissəsi Cavabdeh2, 26,70 manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 250 manat müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 2.103,59 manat əsas borc, 2,48 manat faiz borcu, 20 manat cərimə (dəbbə pulu) borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 manat olmaqla, cəmi 2.148,07 (iki min bir yüz qırx səkkiz manat, yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti 46.000 (qırx altı min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh1 qızna məxsus İmişli rayonu, Cəfərli kəndində, 0,12 hektar torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 48 kv.m. yaşayış, 83,6 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli həmin əmlak açıq hərrac yolu ilə satılmalı, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh1 qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 2.103,59 manat əsas borc, 2,48 manat faiz borcu, 20 manat cərimə (dəbbə pulu) borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 manat olmaqla, cəmi 2.148,07 (iki min bir yüz qırx səkkiz manat, yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 46.000 (qırx altı min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh1 qızna məxsus İmişli rayonu, Cəfərli kəndində, 0,12 hektar torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 48 kv.m. yaşayış, 83,6 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh1 qızna qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 73,30 (yetmiş üç manat, otuz qəpik) manat hissəsi Cavabdeh2, 26,70 (iyirmi altı manat, yetmiş qəpik) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 250 (iki yüz əlli) manat müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar