Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-81/2024 11.01.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh” MMC-dən 20995 manat müqavilə üzrə öhdəliklərinin icrası qaydasında vəsaitin, məhkəməyə müraciət üçün çəkilmiş xərcin əvəzi olaraq 200 manat, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 700 manat, bütövlükdə 21895 manat vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (İcarəyə verən) ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində 000.11-AİS-AGC-060223 nömrəli, tikinti texnikalarının icarəsinə dair müqavilə (bundan sonra- Müqavilə) imzalanmışdır. Müqavilənin 3.2-ci bəndinə görə, icarə haqqı (aylıq 9500 manat) müqavilənin qüvvədə olduğu digər aylarda hər ayın ilk beş iş günü ərzində yüz faiz avans formasında İcarəçi tərəfindən İcarəyə verənin bank hesabına köçürmə yolu ilə ödənilir. Müqavilənin 4.4-cü bəndinə görə, İcarəçi icarə haqqının ödənişini gecikdirdikdə icarə haqqı ödənişinin hər gecikdirildiyi gün üçün ümumi icarə haqqının (95000 manat) 0,1 %-i həcmində İcarəyə verənə dəbbə pulu (cərimə) ödəyir. Müqavilənin qüvvədə olduğu 2023-cü ilin may ayı ərzində cavabdeh tərəfindən hər hansı icarə haqqı ödənilməmişdir. Halbuki Müqavilənin yuxarıda istinad olunan 3.2-ci bəndinə görə İcarəçi ən geci 5 may 2023-cü il tarixində texnikanın icarəsinə görə aylıq 9500 manat icarə haqqını ödəməli idi. "X3” MMC İddiaçınə tikinti texnikasının may ayı üçün icarəsinə görə 9500 (doqquz min beş yüz) manat, eyni zamanda icarə haqqının 5 may 2023-cü il tarixindən 4 sentyabr 2023-cü il tarixinədək 121 gün müddətində gecikdirilməsinə görə hər gün üçün 95 manat olmaqla (95000 manatın 0.1 faizi=95 manat) ümumilikdə 11495 manat vəsait ödəməlidir. Bütövlükdə müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə 4 sentyabr 2023-cü il tarixinədək cavabdeh tərəfindən iddiaçıya 20995 (iyirmi min doqquz yüz doxsan beş) manat vəsait ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə görə, müqavilədən irəli gələn, yaxud bu Müqavilə barədə meydana çıxan bütün mübahisələr tərəflərin razılığı ilə həll edilir. Tərəflər 10 (on) iş günü ərzində öz aralarında qarşılıqlı razılığa gələ bilməzlərsə, mübahisənin həll olunması Azərbaycan Respublikasının aidiyyəti məhkəməsinə verilir. Tətbiq edilən qanunvericilik Azərbaycan Respublikasının qanunvericiliyidir. Qeyd edilənləri nəzərə alaraq, Müqavilə üzrə öhdəliklərin icrası qaydasında ödənilməli vəsaitin, həmçinin pretenziya verildikdən sonra ödəniş olmadıqda sonrakı günlərə görə də ödənilməli vəsaitin 10 (on) iş günü ərzində, 24 iyul 2023-cü il tarixindən gec olmayaraq ödənilməsi ilə bağlı cavabdehə müraciət olunmuşdur. Sözügedən pretenziyanın verilməsindən sonra cavabdeh tərəfindən ödənişlə bağlı hər hansı hərəkət edilməmişdir. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən mediasiyaya müraciət edilmişdir. Tərəflər mediasiyada hər hansı razılığa gələ bilməmişlər və bu səbəbdən xx.xx.2023-cü il tarixində Bakı 16 Saylı Mediasiya təşkilatı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Arayış vermişdir və iddiaçı mediasiya üçün 200 manat məbləğində rüsum ödəmişdir.Tərəflər arasında imzalanmış Müqavilənin 4.1-ci bəndinə əsasən, Tərəflər hazırki Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Tərəflər arasında çıxa biləcək bütün mübahisə və ixtilaflar danışıqlar yolu ilə, qarşılıqlı razılaşma əldə edilmədiyi təqdirdə Azərbaycan Respublikasının aidiyyəti məhkəməsində həll ediləcəkdir. Sonradan iddiaçı “iddianın dəyişdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, iddianın dəyişdirilməsi nəzərə alınaraq, Cavabdeh MMC-dən, 27740 (iyirmi yeddi min yeddi yüz qırx) manat vəsaitin müqavilə üzrə öhdəliklərinin icrası qaydasında, məhkəməyə müraciət üçün çəkilmiş xərcin əvəzi olaraq 200 manat, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 700 manat, 28640 (iyirmi səkkiz min altı yüz qırx) manat vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq cavabdeh tərəfindən icarə haqları ödənilmədiyinə görə tərəflərindən icarə obyekti olan texnikanın 2023-cü ilin iyul ayında geri götürüldüyünü və bu barədə müvafiq akt tərtib edildiyini bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 000.11-AİS-AGC-060223 nömrəli “tikinti texnikalarının icarəsinə dair” müqavilənin: 1.1-ci bəndinə əsasən, “İcarəyə verən” xüsusi təyinatlı texnikaların siyahısı, təsviri, icarə müddəti və icarəyə görə ödənişi bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş və razılaşdırılmış tikinti texnikalarım (bundan sonra ayrılıqda “texnika”, birlikdə “texnikalar”) icarə predmeti qismində bu Müqavilə ilə razılaşdırılmış şərtlərlə “İcarəçi”yə icarəyə verməyi, “İcarəçi” isə texnikaları icarəyə götürüb qarşılığında bu Müqavilə ilə razılaşdırılmış icarə haqqını İcarəyə verənə ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən, “İcarəyə verən” öhdəsinə götürür: 2.1.1-ci bəndinə görə, Texnikaları bu Müqavilə ilə razılaşdırılmış qaydada və texniki standartlara uyğun şəkildə İcarəçiyə icarəyə vermək; 2.1.2-ci bəndinə görə, Texnikaları Təhvil-təslim aktına əsasən İcarəçiyə təhvil vermək və icarə müddətinin sonunda təbii amortazisasiya nəzərə alınmaqla Təhvil-təslim aktına əsasən təhvil almaq; 2.2-ci bəndinə əsasən, ”İcarəçi” öhdəsinə götürür: 2.2.1- ci bəndinə görə, Texnikaları təhvil aldığı tarixdə yoxlayıb Təhvil-təslim aktını 2 (iki) nüsxədə imzalamaqla və 1 (bir) nüsxəsini İcarəyə verənə verməklə qəbul etmək və ya texnikalarda hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə Təhvil-təslim aktında bu barədə qeyd aparmaqla texnikanı təhvil almaq və yaxud onu təhvil almaqdan imtina etmək. 2.2.3-cü bəndinə görə, bu Müqavilə ilə razılaşdırılmış icarə haqqını vaxtında ödəmək; 3.1-ci bəndinə əsasən, Texnikalar üçün icarə haqqının məbləği Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsi ilə müəyyən edilir. 3.2-ci bəndinə əsasən, İcarə haqqı texnikalar İcarəçiyə təhvil verildiyi haqqında akt imzalandıqdan sonra 5 (beş) təqvim günü ərzində və Müqavilənn qüvvədə olduğu digər aylarda hər ayın ilk 5 (beş) iş günü ərzində təqdim olunmuş hesab faktura əsasında köçürmə yolu ilə 100% avans formasında İcarəçi tərəfindən İcarəyə verənin hesablaşma hesabına ödənilir. 4.3-cü bəndinə əsasən, İcarəyə verən ən azı 1 (bir) ay əvvəlcədən İcarəçini yazılı qaydada xəbərdar etməklə bu Müqaviləni istənilən vaxt birtərəfli qaydada ləğv edə bilər. 4.4-cü bəndinə əsasən, İcarəçi icarə haqqının ödənişini gecikdirdikdə icarə haqqı ödənişinin hər gecikdirildiyi gün üçün ümumi icarə haqqının 0,1 % həcmində İcarəyə verənə dəbbə pulu (cərimə) ödəyir. 7.1-ci bəndinə əsasən, Bu Müqavilə hər iki Tərəf onu imzaladığı andan qüvvəyə minir və xx.xx.2023 tarixinədək bağlanır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış “təhviltəslim” aktlarından görünür ki, İcarəyə verən tərəfindən 2023-cü il fevral, mart, aprel ayları üçün icarə xidməti (obyekti) təslim edildi və İcarəçi həmin icarə xidmətini (obyektini) təhvil aldı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli EBDB seriyalı 225600 №-li, xx.xx.2023cü il tarixli EBDD seriyalı 829327 №-li və xx.xx.2023-cü il tarixli EBDF seriyalı 383321 №-li elektron qaimə-fakturalara əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə ümumilkdə ƏDV daxil 33630 manat məbləğində icarə xidməti göstərilmişdir. İş materiallarında olan “hesab faktura”lardan görünür ki, İcarəçi Cavabdeh MMC tərəfindən 2023-cü ilin fevral, mart və aprel ayları üçün icarəyə görə İcarəyə verən İddiaçı MMC-nin bank hesabına ümumilikdə 36354,57 manat pul vəsaiti 100% avans olaraq ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “texnikanın sahədən çıxarılmasına dair” aktdan görünür ki, icarəyə götürülmüş Hundai R 210 W-95 xüsusi tikinti texnikası İcarəyə verən tərəfindən İcarəçinin sahəsindən çıxarılmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 000.11-AİS-AGC-060223 nömrəli “tikinti texnikalarının icarəsinə dair” müqavilə üzrə 07 iyul 2023-cü il tarixinədək ödənilməli olan 15390 manat vəsaitin 10 iş günü ərzində, 24 iyul 2023-cü il tarixindən gec olmayaraq ödənilməsi Cavabdeh MMC-dən tələb olunmuşdur. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Bakı 16 X2 hesabına 200 manat vəsait ödəmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına 700 manat xidmət haqqı ödənilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəfindən ona məxsus olan xüsusi texnikanın razılaşdırılmış məqsədlə istifadə edilməsi üçün cavabdehin icarəsinə verilməsinə, cavabdehin isə təhvil aldığı texnikanın icarəsinə görə şərtləşdirilmiş icarə haqqının iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar “tikinti texnikalarının icarəsinə dair” müqavilə adlandırdıqları xx.xx.2023-cü il tarixli müqavilə ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini (texnikanı) cavabdehə təhvil verdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını tam ödəmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını icarə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 700.1-ci maddəsində nəzərdə tutulan icarə müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə tərəflər arasında etibarlı şəkildə bağlanılmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək qeyd edir ki, tərəflər arasında xüsusi texnikanın icarəyə verilməsinə dair müqavilənin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçının icarə müqaviləsinin obyekti olan texnikanı cavabdehə təhvil verməsi, cavabdeh tərəfindən 2023-cü ilin fevral, mart və aprel ayları üçün icarə haqlarını ödəməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halları belədir ki, iddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini tam icra etməyərək icarə obyektinin istifadəsində olduğu 2023-cü ilin may ayı üçün icarə haqqını (ƏDV-siz 9500 manat pulu) ödəmədiyini iddia edir, həmin icarə haqqının ödənilməsini tələb etməklə yanaşı cavabdehlə aralarında bağladıqları müqavilə şərtlərinə əsasən cavabdehin icarə haqqının ödənişini gecikdirdiyi üçün nəzərdə tutulan dəbbə pulunun da cavabdehdən tutulmasını xahiş edir. İddiaçı qeyd olunan tələblərinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, təhvil-təslim aktlarına, elektron qaimə və hesab fakturalara, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin onun tərəfindən iddiaçının qeyd olunan tələbinə etiraz, tələbin tam və ya qismən əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, işdə olan sənədləri və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən 2023-cü ilin may ayı üçün icarə haqqının şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 9500 manat məbləğində icarə haqqı borcunun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc kimi tələb olunan 9500 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək icarə obyekti olan texnikanı cavabdehin istifadəsinə vermişdir, lakin cavabdeh texnikanı təhvil alaraq istifadəsində saxlasa da icarə haqqını tam şəkildə ödəməmişdir. Buna görə də, iddiaçının ödənilməmiş icarə haqqının cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş icarə müqaviləsi üzrə icarəçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilədən yaranan öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyinə görə müqavilə üzrə borcun cavabdehdən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Buna görə də, iddia tələbi əsas borca (icarə haqqı tələbinə) münasibətdə tam təmin edilməlidir. Məhkəmə, iddia tələbini cərimənin (dəbbə pulunun) tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndinə əsasən, icarə haqqının ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün ümumi icarə haqqının 0,1 % həcmində cərimə ödəmək öhdəliyini cavabdeh öz üzərinə götürmüşdür. İşin halları ilə cavabdehin icarə haqqı ödənişini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə, cərimə tələbinin əsaslılığı ilə bağlı məsələyə qiymət verərkən tərəflər arasında razılaşdırılmış dəbbənin hüquqi təbiətinə aydınlıq gətirilməsini də vacib hesab edir. Mülki qanunvericilikdə dəbbə (cərimə, penya) həm öhdəliyi icra etməməyə görə mülki məsuliyyət sanksiyası, həm də öhdəliyin lazımınca icra edilməsinin təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Birinci halda, yəni mülki məsuliyyət tədbiri kimi nəzərdə tutulan dəbbə pulu (cərimə, penya) öhdəlik münasibətinin bir tərəfinə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyinə görə digər tərəfin məruz qaldığı zərərin kompensasiya edilməsi məqsədi ilə tətbiq edilən mülki hüquq sanksiyası funksiyasını, təminat üsulu kimi nəzərdə tutulan digər halda isə dəbbə pulu (cərimə, penya) öhdəliyin lazımınca icra edilməsinə borclunun kreditor qarşısında əlavə öhdəliyi funksiyasını yerinə yetirir. Mülki hüquq sanksiyası olaraq nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsinin başlıca şərtləri, öhdəliyin lazımınca icra edilməməsi nəticəsində tələb hüququ yaranan tərəfə zərər vurulması (1-ci şərt) və öhdəliyi lazımınca icra etməyən tərəfin təqsirinin müəyyən edilməsidir (2-ci şərt). Bu iki şərtin mövcud olduğu təqdirdə mülki məsuliyyət tədbiri qismində dəbbənin (cərimə, penya) tətbiq edilməsi üçün əsas yaranır. Öhdəliyin təmin üsulu kimi nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsi üçün isə tələb hüququ yaranan tərəfin zərərə məruz qalması mühüm şərt deyildir. Burada əsas olan borclunun öhdəliyini icra etmədiyi, lazımınca icra etmədiyi və ya icranı gecikdirməsi faktının və dəbbə pulu ödənilməsi barədə müqavilə şərtinin olmasının kreditor tərəfindən sübut edilməsidir. Dəbbə pulunun anlayışını verən Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Dəbbə puluna verilən leqal tərifdən müəyyən olunur ki, dəbbə pulunun ödənilməsi tələbi borclu tərəfindən öhdəliyin pozulması ilə yaranır. Bunun üçün əlavə olaraq kreditora zərər vurulması faktının baş verməsi tələb olunmur. Qeyd olunanları hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilədə qeyd olunan cərimə öhdəliyi, cavabdehin üzərinə götürdüyü icarə haqqının şərtləşdirilmiş vaxtda ödənilməsi ilə bağlı öhdəliyinin lazımınca icra olunmasının təmin edilməsi üsulu kimi nəzərdə tutulmuşdur. Buna görə də, cərimə ödənilməsi üçün iddiaçının öhdəliyin pozulması nəticəsində zərərə məruz qalmasını sübut etmək vəzifəsi yaranmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun satıcının əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 18240 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 1000 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.” Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı 121,5 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi qismən təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 700 manat vəsaitin 400 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsi üzrə pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehndən xx.xx.2023-cü il tarixli, 000.11-AİS-AGC-060223 nömrəli müqavilə üzrə 9500 manat icarə haqqı borcu, 1000 manat məbləğində dəbbə pulu, vəkilin göstərdiyi yardıma görə xərcdən 400 manat, 200 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 11100 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 121,5 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-81/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-81/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver