Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-81/2025 10.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələb:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qələndər oğlundan iddiaçı"xxxx" ASC-nin xeyrinə 20 aprel 2022-ci il tarixli, 1243/KQ Kredit müqaviləsi üzrə 05 aprel 2024-cü il tarixə ödənilməmiş qalan cavabdehlərin banka olan 10274,72 manat əsas, 269,43 manat faiz, 13,75 manat cərimə (dəbbə pulu) olmaqla, cəmi 10557,9 manat məbləğində kredit borcunun, ödənilmiş 121,67 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulmas barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Saatlı” filialı ilə Cavabdeh2 arasında bağlanmış 20 aprel 2022-ci il tarixli, 1243/KQ Kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana dövriyyə vəsaitlərinin artırılması məqsədilə 48 ay müddətinə, illik 22% dərəcəsi ilə hesablanmaqla, 14500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə Bank ilə Cavabdeh1 Qələndər oğlu arasında 20 aprel 2022-ci il tarixli, 1243-İZG/1 nömrəli zaminlik müqaviləsi bağlamış, həmin müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehlər yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kəna həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər.
Tərəflərin izahatları:
3. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmiş, cavabdehlər isə iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin də iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
İddia ərizəsinə etiraz:
7. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
8. İddiaçı "xxxx" ASC (“Borc verən”) ilə cavabdeh (“Borc alan”) Cavabdeh2 (VÖEN:**********) arasında bağlanmış 20 aprel 2022-ci il tarixli, 1243/KQ nömrəli kredit müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, “Borc verən” dövriyyə vəsaitlərinin artırılması üçün illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 14500 manat məbləğində kredit verməyi, “Borc alan” isə, müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri “borc verən”ə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. - 3.6. Borc alanın xeyrinə həyata keçirilən ödəniş onun Borc verən qarşısında cari tarixə bu Müqavilə üzrə mövcud bütün borc öhdəliklərinin icrası üçün kifayət etmədikdə, müvafiq pul vəsaitləri Borc alanın Borc verən qarşısında bu Müqavilə üzrə mövcud bütün borc öhdəliklərinin ödənilməsinə aşağıdakı ardıcıllıqla yönəldilir: 3.6.1. birinci növbədə - məhkəmə və ya məhkəmədənkənar qaydada tələbin irəli sürülməsi və bu Müqavilə üzrə Borc alanın öhdəliklərinin icrasına nail olmaq üçün Borc verənin xərcləri; 3.6.2. ikinci növbədə - cərimə, penya: 3.6.3. üçüncü növbədə - hesablanmış faizlər: 3.6.4. dördüncü növbədə - əsas borc. - 4.4.5-ci bəndinə əsasən, bu Müqavilədən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu Müqavilədə müəyyən olunmuşdəbbə pulunun (cərimə, penya) “Borc verən”ə ödənilməsini təmin etmək “Borc alan”ın öhdəliyidir.
9. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh2 hesabına 14280 manat pul köçürülmüşdür.
10. xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əlavə olan ödəniş cədvəlindən görünür ki, 20 aprel 2022-ci il tarixli, 1243/KQ nömrəli kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2026-cı il müəyyən edilmişdir.
11. "xxxx" ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1243- İZG/1 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilələr, Borclunun Kreditor qarşısında müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminlərin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir və zaminlər faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyırlar.
12. “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə olan borcu - əsas borc üzrə 10274,72 manat, faiz borcu 269,43 manat, cərimə borcu 13,75 manat, olmaqla, cəmi 10557,9 təşkil edir.
13. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki borcun məktub alındığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, həmçinin cavabdehlər tərəfindən öhdəliyin pozulduğuna görə kredit müqaviləsinin bir tərəfli qaydada ləğv edildiyi qeyd olunmuş, borcun ödənilməyəcəyi təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun "xxxx" ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir.
14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/8832 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 xx.xx.2024-cü il tarixə (xəbərdarlıq məktubunun göndərildiyi) əsas kredit borcu 10320,70 manat, faiz borcu üzrə 132,45 manat müəyyən edilir.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/8832 saylı ekspert rəyində, həmçinin qeyd olunur ki, "xxxx" ASC (“Borc verən”) ilə cavabdeh (“Borc alan”) Cavabdeh2 arasında bağlanmış 20 aprel 2022-ci il tarixli, 1243/KQ nömrəli kredit müqaviləsi təqdim edilmiş Cavabdeh2 bankda olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2024-cü il tarixdən (sualda göstərilən tarix) sonra 1300 manat məbləğində kredit ödənilmişdir. Hazırki tədqiqatla müqavilə üzrə borc qalığı xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) hesablandığından xx.xx.2024-cü il tarixdən sonra ödənilən 1300 manat məbləğində kredit ödənişi hal-hazırki hesablamada nəzərə alınmamışdır.
16. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.
17. ********** nömrəli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən 121,67 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
c) Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -15.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
21. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən, Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
23. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
24. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında etibarlı şəkildə bağlanılmış kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə görə iddiaçı "xxxx" ASC Cavabdeh2 kredit verməyi, Cavabdeh2 isə aldığı krediti faizi ilə birgə hissəhissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər.
25. Məhkəmə, həmçinin qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə borcalan cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir.
26. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh2 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zamin Cavabdeh1 qeyd edilən kredit sazişi üzrə iddiaçı qarşısında Cavabdeh2 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüyünə görə, məhkəmə hesab edir ki, o da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdır.
27. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8832 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli kredit razılaşmasında əsas borc və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
28. İş materiallarında olan ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə (xəbərdarlıq məktubunun göndərildiyi) əsas kredit borcu 10320,70 manat, faiz borcu üzrə 132,45 manat təşkil edir. Həmin rəydə, həmçinin qeyd olunur ki, "xxxx" ASC (“Borc verən”) ilə cavabdeh (“Borc alan”) Cavabdeh2 arasında bağlanmış 20 aprel 2022-ci il tarixli, 1243/KQ nömrəli kredit müqaviləsi təqdim edilmiş Cavabdeh2 bankda olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2024-cü il tarixdən (sualda göstərilən tarix) sonra 1300 manat məbləğində kredit ödənilmişdir. Hazırki tədqiqatla müqavilə üzrə borc qalığı xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) hesablandığından xx.xx.2024-cü il tarixdən sonra ödənilən 1300 manat məbləğində kredit ödənişi hal-hazırki hesablamada nəzərə alınmamışdır.
29. Məhkəmə işin müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, ilk öncə iddianın əsas borc, faiz borcu və hesablanmış cəriməyə aid hissələrdə əsaslılığına hüquqi qiymət verilməli, sonda isə cavabdehin xx.xx.2024-cü il tarixdən sonra etdiyi və ekspert rəyində qeyd olunan 1300 manat məbləğində kredit ödənişinə münasibət bildirilməlidir.
30. Məhkəmə işin müəyyən edilən hallarına əsasən hesab edir ki, ekspert rəyində əsas borcun 10320,70 manat təşkil etdiyi, iddiaçının isə əsas borc üzrə 10274,72 manat tələb etdiyi nəzərə alındıqda, iddia tələbi əsas borca münasibətdə əsaslıdır. Ona görə ki, Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (AR MPM-nin 218.3. maddə)
31. Məhkəmə faiz borcuna münasibətdə yuxarıda qeyd edilən maddi hüquq normalarına və plenum qərarına əsasən hesab edir ki, iddia faiz borcuna aid hissədə qismən təmin edilməlidir. Ona görə ki, yuxarıda qeyd olunan ekspert rəyindən göründüyü kimi cavabdehin kredit müqaviləsi üzrə 05 aprel 2024-cü il tarixə (xəbərdarlıq məktubunun göndərildiyi tarixə) iddiaçıya olan faiz borcu 132,45 manat təşkil etdiyindən, iddia tələbi faiz borcuna münasibətdə qismən - 132,45 manat hissədə əsaslıdır. Qeyd olunan nəticəyə gələrkən, məhkəmə iddiaçı tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsini və bundan sonra müqavilə üzrə faizlərin hesablanmasının yolverilməzliyini nəzərə alır.
32. Məhkəmə iddiaçı tərəfindən hesablanan və tələb olunan 13,75 manat cəriməyə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Tərəflər arasında bağlanmış krdit müqaviləsiin 4.4.5-ci bəndinə cavabdehin (borc alanın) cərimə öhdəliyi nəzərdə tutulmuşdur. Müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə borcu tənasübsüz yüksək deyil və ədalətlidir. Belə olan halda iddia tələbi cərimə borcuna münasibətdə də əsaslıdır.
33. Məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsaslanaraq və mülki qanunvericiliyin qeyd olunan maddələrinin tələblərini rəhbər tutaraq, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən sonra edilmiş 1300 manat məbləğində kredit ödənişlərinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan maliyyə arayışında cavabdehin xx.xx.2024-cü il tarixə olan borcları barədə məlumatlar əks olunur və göstərilir ki, cavabdehin əsas borcu 10274,72 manat, faiz borcu 269,43 manat, cərimə borcu 13,75 manat, olmaqla, cəmi 10557,9 təşkil edir. Ekspert rəyində isə, cavabdehin xx.xx.2024-cü il tarixə olan borcları - əsas kredit borcu 10320,70 manat, faiz borcu 132,45 manat müəyyən edilir. Halbuki cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən sonra 1300 məbləğində kredit ödənişi edilmiş və həmin ödənişlər iddiaçı tərəfindən hesaba alınmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilmiş həmin ödənişlər, tərəflərin sərbəst iradə ifadəsi ilə müqavilədə müəyyən etdikləri, kredit müqaviləsinin 3.6-cı bəndində nəzərdə tutulan müqavilə üzrə mövcud borc öhdəliklərinin ödənilməsi ardıcıllığına uyğun olaraq, ilk öncə cavabdehin xx.xx.2024-cü il tarixə olan 13,75 manat məbləğində cərimə borcundan, sonra 132,45 manat məbləğində faiz borcundan və nəhayət 10320,70 manat məbləğində əsas borcundan çıxılmalı (10320,70-(1300-13,75-132,45) =9166,90), qalan 9166,90 manat borc məbləği isə, cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
34. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 9166,90 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddia təmin edilməməlidir.
Məhkəmə xərcləri:
35. Məhkəmə AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Odur ki, iddia ərizəsi verilərkən ödənilmiş 121,67 manat dövlət rüsumunun 111,67 manatı cavabdehlərə aid edilməli və cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməli, qalan 10 manatı isə iddiaçıya aid edilməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 173,64 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 26,36 manatı isə iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.
Nəticə:
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9166,90 (doqquz min bir yüz altmış altı manat, doxsan qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumuna görə 111,67 (bir yüz on bir manat, altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 10 (on) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (bir yüz) manatın 173,64 (bir yüz yetmiş üç manat, altmış dörd qəpik) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 26,36 (iyirmi altı manat, otuz altı qəpik) manatı isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev