Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-822/2025 20.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11437.15 manat əsas borc, 1214.13 manat faiz borcu və 239.98 manat cərimə borcu olmaqla, cəmi 12891.26 manat manat borcun, 128.67 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11437.15 manat əsas borc, 1214.13 manat faiz borcu, 239.98 manat cərimə borcu və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 411.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13302.31 manat borcun və 128.67 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASCnin “11 saylı” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh3, xx.xx.2022-cü il tarixində Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli Əlavə sazişə əsasən Cavabdeh1 zamin kimi əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASCdən illik 20% olmaqla 25 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. 2024-cü ilin noyabrın 20-dək Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11437.15 manat əsas borc, 1214.13 manat faiz borcu və 959.91 manat cərimə borcu olmaqla cəmi 13611.19 manat borcu vardır. Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 959.91 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 239.98 manat məbləğində tələb olunur Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə iddia tələbinin həcminin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 411.05 manat borcu yaranmışdır. Eyni zamanda,iş üzrə ekspertin xx.xx.2025-ci il tarixli rəyi ilə də cavabdehin hazırki kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 362.19 manat borc müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
Tərəflərin izahatları:
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, həmçinin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, cavabdehlər isə məhkəmə iclasına gəlməmişlər, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
7. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehləriin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Məhkəmə, qeyd olunanlara əsasən iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
9. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
10. İş materiallarından görünür ki, Cavabdeh2 sahibkarlıq subyekti kimi xx.xx.2019cu il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir.
11. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MCR-1-1480-21 №-li kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 120 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır.
12. İş materiallarından görünür ki, İddiaçı ASC-ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləsinə əlavə olaraq bağlanılmış xx.xx.2022-ci il tarixli, 22-MCR-1-1480-21/2 nömrəli kredit razılaşmasının surətindən görünür ki, Cavabdeh2 kredit üzrə illik cərimə 20% olmaqla 25 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir.
13. İş materiallarında olan İddiaçı ASC ilə X2 (“Zamin”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z/19400/22 saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə ilə “zamin” xx.xx.2021 il tarixli, 23-MCR-1-1480-21 saylı kredit limitinin ayrılmasına dair Borcalanın Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti götürür.
14. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 (“Zamin”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Z/12955/21 saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə ilə “zamin” xx.xx.2021 il tarixli, 23-MCR-1-1480-21 saylı kredit limitinin ayrılmasına dair Borcalanın Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti götürür.
15. İş materiallarında olan “ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2022-cü il tarixli, 23-MCR-1-1480-21/2 nömrəli kredit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2024cü il kimi qeyd olunmuşdur.
16. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, 2024-cü ilin noyabrın 20-dək Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11437.15 manat əsas borc, 1214.13 manat faiz borcu və 959.91 manat cərimə borcu olmaqla, cəmi 13611.19 manat təşkil edir.
17. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11437.15 manat əsas borc, 2169,23 manat faiz borcu və 4632,23 manat cərimə, 302,7 manat illik 5% ilə hesablanan gecikdirmə faizi olmaqla, cəmi 18541,31 manat təşkil edir.
18. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11437.15 manat əsas borc, 2101,3 manat faiz borcu və 5755,59 manat cərimə, 411,05 manat illik 5% ilə hesablanan gecikdirmə faizi olmaqla, cəmi 20205,09 manat təşkil edir.
19. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23-MCR-1-1480- 21/2 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı cavabdehlərə xəbərdarlıq edilmişdir.
20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil omuş xx.xx.2025-ci il tarixli, 9/1946 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, 23-MCR-1- 1480-21/2 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 20 noyabr 2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 9.696,11 manat, faiz borcu üzrə 392,54 manat müəyyən edilir.
21. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 9/3908 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, 23-MCR-1- 1480-21/2 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 xx.xx.2024-cü il tarixə (xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi tarixə) əsas borcu 11.192,18 manat, faiz borcu 483,97 manat, xx.xx.2024-cü il tarixə (müqavilənin müddətinin bitdiyi qeyd olunan tarixə) İddiaçı ASC-yə olan borcu əsas borc 11.192,18 manat, faiz borcu 221,46 manat və xx.xx.2025-ci il tarixə (ekspert rəyinin verildiyi qeyd olunan tarixə) İddiaçı ASC-yə olan borcu əsas borc 11.192,18 manat, faiz borcu 221,46 manat, gecikdirilmiş faiz (5% hesblanmaqla) borcu 362,19 manat müəyyən edilir. Əlavə olaraq qeyd olunur ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da iddiaçı bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün cərimə borcu hesablanmamışdır. Əlavə olaraq qeyd edilir ki, ilkin olaraq 29 aprel 2025-ci il tarixdə tərtib edilmiş 9/1946 nömrəli ekspert rəyi ilə hazırkı tədqiqat zamanı gəlinmiş nəticənin arasındakı fərqin səbəbi təqdim edilmiş hesabdan çıxarış məlumatlarında (bax iş materialı səhifə 115-116) öz əksini tapmış, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş 1530 manat vəsaitin iddiaçı bank tərəfindən ilkin olaraq həmin tarixdə, yəni fevral ayında silməsi, daha sonra geri qaytarma əməliyyatı edərək fevral ayında aparılan ödənişin mart ayında yenidən silinməsi olmuşdur. Bununla bağlı bildirilir ki, kreditin və faizlərin (o cümlədən kreditə dair qanunvericilik və Müqavilə ilə nəzərdə tutulan digər_ödən işlərin) ödənilməsi tarixi qeyri-iş gününə düşdükdə, müvafiq ödəniş növbəti iş günü ərzində Bank tərəfindən silinməlidir. Lakin göründüyü kimi, iddiaçı bank müvafiq qaydada aparılan ödənişi hesaba qaytarma əməliyyatı edərək (səbəbi təyinat hissəsində görünmür. Növbəti ayda cavabdehin borcundan silmişdir. Dolayısı ilə 29 aprel 2025-ci il tarixdə tərtib edilmiş 9/1946 nömrəli ekspert rəyinin tədqiqi zamanı cavabdeh tərəfindən fevral ayında aparılan ödəniş, həm fevral ayında, həm də mart ayında nəzərə alınmışdır. Hazırkı tədqiqat zamanı isə həmin hal aradan qaldırılmaqla nəticəyə gəlinmişdir.
23. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir.
24. İş materiallarında olan ********** və **********nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 128,67 manat və 1,24 manat, cəmi 129,91 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 15.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
28. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
29. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
30. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin maddi hüquqi - 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin borc müqaviləsini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
31. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında etibarlı şəkildə bağlanılmış kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə görə İddiaçı ASC Cavabdeh2 borc (kredit) verməyi, Cavabdeh2 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər.
32. Məhkəmə qeyd edir ki, əvvəlcə tərəflər arasında bağlanmış kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanmış kredit razılaşmalarının hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir. Bu baxımdan məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və plenum qərarına əsasən hesab edir ki, iddiaçı cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə qeyd olunan kredit müqaviləsinə xitam vermiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
33. Məhkəmə, həmçinin qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdehlər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
34. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3908 saylı ekspert rəyləri ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, həmin rəy üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
35. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh2 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zaminlər Cavabdeh1 və Cavabdeh3 etibarlı şəkildə bağlanmış zaminlik müqavilələri ilə qeyd edilən kredit razılaşması üzrə iddiaçı qarşısında Cavabdeh2 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürdüklərinə görə, onlar da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdırlar.
36. İddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehlərdən müştərək qaydada 11437.15 manat əsas borc, 1214.13 manat faiz borcu, 239.98 manat cərimə borcu və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 411.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13302.31 manat borcun iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş edir.
37. Məhkəmə iddianı 11437.15 manat əsas borca münasibətdə 11192,18 manat hissədə əsaslı hesab edir. Ona görə ki, xx.xx.2025-ci il tarixə (ekspert rəyinin verildiyi qeyd olunan tarixə) İddiaçı ASC-yə olan borcu əsas borc 11.192,18 manat müəyyən edilmişdir.
38. Məhkəmə yuxarıda qeyd olunan normalara və iş materiallarına əsaslanaraq iddianı 1214.13 manat faiz borcuna aid hissədə 221,46 manat hissədə əsaslı hesab edir. Ona görə ki, 9/3908 saylı ekspert ekspert rəyi ilə xx.xx.2025-ci il tarixə (ekspert rəyinin verildiyi qeyd olunan tarixə) İddiaçı ASC-yə olan faiz borcunun 221,46 manat olduğu müəyyən edilmişdir.
39. Məhkəmə iddiaçı tərəfindən hesablanan və tələb olunan xx.xx.2022-ci il tarixli, 22-MCR-1-1480-21/2 nömrəli kredit razılaşmasına əsasən hesablanmış 239.98 manat cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə tənasübsüz yüksək deyil, ona görə də iddia tələbi həmin hissədə də əsaslıdır.
40. İddianın xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 fazilə hesablanan gecikdirmə faizinə aid hissəsinə gəldikdə isə, məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, 9/3908 saylı ekspert ekspert rəyi ilə xx.xx.2025-ci il tarixə (ekspert rəyinin verildiyi qeyd olunan tarixə) İddiaçı ASC-yə olan illik 5% ilə hesablanan gecikdirmə faizi borcu 362,19 manat, həmçinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”ndan görünür ki, Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə illik 5% ilə hesablanan gecikdirmə faizi borcu 411,05 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə müəyyən edilmiş məbləği və maliyyə arayışında göstərilən müddəti nəzərə alaraq iddianı göstərilən hissədə əsaslı hesab edir.
Məhkəmə xərcləri:
41. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 120,93 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qalan 8,98 manat isə iddiaçının özünə aid edilməlidir.
42. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 211,2 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 38,8 manatı isə İddiaçı Açıq Səhmdar tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.
Nəticə:
43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 11192,18 manat məbləğində əsas borc, 221,46 manat məbləğində faiz borcu, 239.98 manat cərimə və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 411.05 manat gecikdirmə faizi olmaqla, cəmi 12064,67 (on iki min altmış dörd manat, altmış yeddi qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 120,93 manat məbləğində pul tutularaq məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 8,98 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın 211,2 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 38,6 (otuz səkkiz manat, altmış qəpik) manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev