Məhkəmə qərarları › İş №e-2-2(121)-823/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-823/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-823/2025 07.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-ci il tarixli kredit müqaviləsi üzrə 5105,55 manat əsas borc, 357 manat faiz borcu və 2,31 manat cərimə borcu olmaqla cəmi 5464,86 manat borcun, 74.65 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Həsənov Cəmil Zöhrab oğlunaİddiaçı ASC-nin “Lənkəran” filialından 120 ay müddətinə 10000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2023-ci il tarixdə Cavabdeh3 ilə, Cavabdeh2 ilə və xx.xx.2024- cü il tarixdə Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2024-cü il tarixli tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Həsənov Cəmil Zöhrab oğluna İddiaçı ASC-dən illik 23% olmaqla 24 ay müddətinə 5500 manat məbləğində kredit götürmüşdür. 2024-cü ilin noyabrın 20-dək Həsənov Cəmil Zöhrab oğlunun banka xx.xx.2024-ci il tarixli kredit müqaviləsi üzrə 5105.55 manat əsas borc, 357 manat faiz borcu və 4.62 manat cərimə borcu olmaqla cəmi 5467.17 manat borcu vardır. Həsənov Cəmil Zöhrab oğlunun xx.xx.2024-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 4.62 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 2.31 manat məbləğində tələb olunur Həsənov Cəmil Zöhrab oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Elektron notariat informasiya sistemi vasitəsi ilə əsas borclu Həsənov Cəmil Zöhrab oğlu üçün vərəsəlik işinin açılıb-açılmaması yoxlanılmış və həmin sistemdən əldə edilmiş çıxarışa əsasən vərəsəlik işinin açılmadığı müəyyənləşdirilmişdir. Tərəflərin izahatları:

3. Məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehləriin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehlərin iştirakları olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Həsənov Cəmil Zöhrab oğlu arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 13-MCR-1-552-23 №-li kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Həsənov Cəmil Zöhrab oğluna 120 ay müddətinə 10.000 manat məbləğində kredit limiti ayrılmışdır.

10. İş materiallarından görünür ki, İddiaçı ASC-ilə Məmmədov Əhəd Məmməd oğlu (borcalan) arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 13-MCR-1-552-23 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əlavə olaraq bağlanılmış xx.xx.2024-cü il tarixli kredit razılaşmasının surətindən görünür ki, Məmmədov Əhəd Məmməd oğluna kredit üzrə illik cərimə 23% olmaqla 24 ay müddətinə 5500 manat məbləğində kredit verilmişdir.

11. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə ilə “zamin” xx.xx.2021 il tarixli, 23-MCR-1-1480-21 saylı kredit limitinin ayrılmasına dair Borcalanın Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti götürmüşlər.

12. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli tarixli kredit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2026-cı il kimi qeyd olunmuşdur.

13. İş materiallarında olan 20 noyabr 2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Həsənov Cəmil Zöhrab oğlunun banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 5105,55 manat əsas borc, 357 manat faiz borcu və 4,62 manat cərimə borcu olmaqla, cəmi 5467,17 manat təşkil edir.

13. İş materiallarında olan 04 noyabr 2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Həsənov Cəmil Zöhrab oğlunun banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 04 noyabr 2025-ci il tarixə olan borcu - 3113,55 manat əsas borc, 1314,64 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 4528,21 manat təşkil edir.

14. İş materiallarında olan 20 noyabr 2024-cü il tarixli Xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən İddiaçı ASC ilə cavabdeh Həsənov Cəmil Zöhrab oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı cavabdehlərə xəbərdarlıq edilmişdir.

15. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Cəmil Zöhrab oğlu xx.xx.2024-cü il tarixində vəfat etmişdir.

16. İş materiallarına əlavə edilmiş Lənkəran Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Azər Şəmmədovun xx.xx.2025-ci il tarixli, 603 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixində vəfat etmiş Həsənov Cəmil Zöhrab oğlunun adına vərəsəlik işinin açılması və vərəsələrinə vərəsəlik şəhadətnaməsinin verilməsi müəyyən edilməmişdir.

17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 9/2149 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2024-cü il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Həsənov Cəmil Zöhrab oğlunun 12 iyun 2024-cü il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 5313,55 manat, faiz borcu üzrə 50,92 manat və 20 noyabr 2024-cü il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 5313,55 manat, faiz borcu üzrə 137,30 manat müəyyən edilir.

18. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.

19. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 74,65 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarı:

Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər. Müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Vərəsələrdən fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir. Xarici ölkələrin qanunvericiliyinə nəzər yetirdikdə, əksər ölkələrdə məhz bu yanaşmanın qəbul edildiyini görmək olar. Almaniya Federativ Respublikasının Mülki Qanunnaməsinə əsasən, əsas borclu öldükdə, zamin borclunun vərəsəsinin məhdud öhdəlik daşımasına istinad edə bilməz (Mülki Qanunnamənin 768.1-ci maddəsi). Rusiya Federasiyasının Mülki Məcəlləsinə əsasən, borclunun ölümü, borclu hüquqi şəxsin yenidən təşkili zaminliyin xitamına səbəb olmur (Mülki Məcəllənin 367-ci maddəsinin 4-cü hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliyə xitam verilməsi hallarını nəzərdə tutan 477-ci maddəsində borclunun ölümü halının zaminlik münasibətlərinin hüquqi qüvvəsinə təsiri məsələsi tənzimlənməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 13-cü bəndində mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ barədə qaydaların müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) səlahiyyətinə aid edilmişdir. Qeyd olunanlara əsaslanaraq, Konstitusiya Məhkəməsinin Plenumu zaminliyə xitam verilməsini tənzimləyən Mülki Məcəllənin 477-ci maddəsinin qanunverici tərəfindən təkmilləşdirilməsini məqsədəmüvafiq hesab edir. Zamin və vərəsələrin əsas borca görə hesablanan faizlərə dair məsuliyyətli olubolmaması məsələsinə gəlincə isə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, müqavilənin müddətinin bitməsi, əks hal razılaşdırılmadığı təqdirdə tərəflər arasında müqavilə münasibətlərinin sona çatmasına səbəb olmur, tərəflər arasında öhdəlik münasibətləri davam edir, kreditor yenə də borcludan müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etmək səlahiyyətinə malik olur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər. Azərbaycan Respublikası Mərkəzi X3 2008-ci il 18 noyabr tarixli 34 nömrəli Protokolu ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi” Qaydalarına uyğun olaraq hər bir bank kredit riski və kreditlərin verilməsi üzrə bankların daxili strategiya və qaydalarına dair minimum tələbləri müəyyən edən bankdaxili qaydalarında kreditlərin verilməsi meyarları, onların ödəniş müddətləri və şərtləri, borcun tutulması, ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrinin hesablanması, güzəştlər, kreditlərin növlərindən və gecikdirilmə müddətindən asılı olaraq faizləri hesablanmayan statusa keçirilməsi halları və s. məsələləri tənzimləyən müddəalar nəzərdə tutmalıdır. Göründüyü kimi, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. Dəbbə puluna görə zamin və vərəsələrin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Öhdəliyin icrasının təmini üsulu, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət növü olaraq dəbbə pulunun borclunun ölümündən sonra müqavilənin icrasını davam etdirəcək zamin və vərəsələrə münasibətdə də tətbiqi mümkündür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində vərəsələr və ya zaminin təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 15.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

24. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi:

25. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

26. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin maddi hüquqi - 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin borc müqaviləsini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

27. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə borcalan Həsənov Cəmil Zöhrab oğlu arasında etibarlı şəkildə bağlanılmış kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə görə İddiaçı ASC Həsənov Cəmil Zöhrab oğluna borc (kredit) verməyi, Həsənov Cəmil Zöhrab oğlu isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər.

28. İş materiallarından görünür ki, Həsənov Cəmil Zöhrab oğlu kredit müqavilə üzrə bank qarşısında öhdəlik götürmüş, onun bu öhdəliklərinin tamamilə icra etməsi iddiaçı ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında etibarlı şəkildə bağlanmış müvafiq zaminlik müqavilələri ilə təmin edilmiş və zamin duran cavabdehlər qeyd edilən kredit razılaşması üzrə iddiaçı qarşısında kredit alan Həsənov Cəmil Zöhrab oğlu ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər.

29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Həsənov Cəmil Zöhrab oğlu 06.2024-cü il tarixində vəfat etmiş və onun adına vərəsəlik işi açılmamışdır.

30. İş materiallarından, həmçinin müəyyən olunur ki, cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş, lakin onlar iddiaçıya olan borcun tam olaraq ödənilməsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişdirlər.

31. Məhkəmə borclu Həsənov Cəmil Zöhrab oğlunun ölümü ilə zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçı (Bank) qarşısında məsuliyyət məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən mövqeydindən çıxış edərək qeyd edir ki, məhkəmə araşdırması zamanı borcalan Həsənov Cəmil Zöhrab oğlunun adına vərəsəlik işi açılması müəyyən edilmədiyindən, pozulmuş mənafeyinin təmin edilməsi üçün iddiaçının zaminə qarşı tələb irəli sürmək hüququ yaranmışdır. Zamin və vərəsələrin əsas borca görə hesablanan faizlərə dair məsuliyyətli olub-olmaması məsələsinə gəlincə isə qeyd olunmalıdır ki kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər. Dəbbə puluna görə zamin və vərəsələrin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Öhdəliyin icrasının təmini üsulu, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət növü olaraq dəbbə pulunun borclunun ölümündən sonra müqavilənin icrasını davam etdirəcək zamin və vərəsələrə münasibətdə də tətbiqi mümkündür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində vərəsələr və ya zaminin təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər.

32. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə əsas borclunun ölməsi, iş üzrə cavabdeh olan zaminləri məsiliyyətdən azad etmir və onlar kredit müqaviləsi üzrə əsas, faiz və hesablanmış cərimənin ödənilməsinə görə iddiaçı qarşısında məsuliyyət daşımalıdırlar.

33. Məhkəmə, həmçinin qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdehlər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə borcun cavabdehlər tərəfindən iddiaçıya tam olaraq ödənilməməsinin sübut olunduğu qənaətinə gəlir.

34. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 9/2149 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2024-cü il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Həsənov Cəmil Zöhrab oğlunun 12 iyun 2024-cü il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 5313,55 manat, faiz borcu üzrə 50,92 manat və 20 noyabr 2024-cü il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 5313,55 manat, faiz borcu üzrə 137,30 manat müəyyən edilir.

35. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2149 saylı ekspert rəyləri ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, həmin rəy üzrə ekspertin gəldiyi nəticə rəyin verildiyi tarixə iş materiallarında olan sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

36. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş 04 noyabr 2025-ci il tarixli “Maliyyə arayışı”ndan görünür ki, xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə 04 noyabr 2025-ci il tarixə olan ödənilməmiş qalan borc - 3113,55 manat əsas, 1314,64 manat faiz və 100 manat cərimə olmaqla, cəmi 4528,21 manat təşkil edir.

37. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borca münasibətdə 3113,55 manat hissədə təmin edilməlidir. Məhkəmənin əsasca aid hissədə gəldiyi nəticə ekspert rəyinin qanuniliyini şübhə altına almır. Ona görə ki, iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışı ekspert rəyindən sonrakı tarixə aid olub, ekspert rəyi verildikdən sonra əsas borc üzrə edilmiş müvafiq ödənişləri də əhatə edir.

38. Məhkəmə yuxarıda qeyd olunan normalara və iş materiallarına əsaslanaraq iddianı 357 manat faiz borcuna aid hissədə 137,30 manat hissədə əsaslı hesab edir. Ona görə ki, 9/2149 saylı ekspert ekspert rəyi ilə xəbərdarlıq məktubunun göndərildiyi tarixə İddiaçı ASC-yə olan faiz borcunun 137,30 manat olduğu müəyyən edilmişdir.

39. Məhkəmə iddiaçı tərəfindən hesablanan və tələb olunan xx.xx.2024-cü il tarixli kredit razılaşmasına əsasən hesablanmış 2,31 manat cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə tənasübsüz yüksək deyil, ona görə də iddia tələbi həmin hissədə də əsaslıdır.

40. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərdən müştərək qaydada 3113,55 manat əsas, 137,30 manat faiz borcu və 2,31 manat cərimə olmaqla, cəmi 3253,16 manat məbləğində borc tutulara iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

41. İddia ərizəsi verilərkən ödənilmiş 74,65 manat dövlət rüsumuna görə 52,54 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qalan 22,11 manat isə iddiaçının özünə aid edilməlidir.

42. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz əlli) manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 119,04 manatı cavabdehlərdən müştərək qaydada, 80,96 manatı isə İddiaçı Açıq Səhmdar tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.

Nəticə:

43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 3113,55 manat əsas, 137,30 manat faiz borcu və 2,31 manat cərimə olmaqla, cəmi 3253,16 (üç min iki yüz əlli üç manat, on altı qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 52,54 (əlli iki manat, əlli dörd qəpik) manat məbləğində pul tutularaq məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 22,11 (iyirmi iki manat, on bir qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 119,04 (bir yüz on doqquz manat, dörd qəpik) manatı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada, 80,96 (səksən manat, doxsan altı qəpik) manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar