Məhkəmə qərarları › İş №e-2-2(121)-83/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-83/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-83/2023 08.02.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı - kredit borcunun qaytarılması, tutmanın ipteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddası üzrə kommersiya mübahisəsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 620 saylı kredit müqaviləsi üzrə 14.283,77 manat əsas borc, 2.774,21 manat hesablanmış faiz, 5.548,42 manat dəbbə pulu olmaqla, cəmi 22.606,40 manat kredit borcunun və 200 manat ödənilmiş mediasiya xərcinin tutulması, kredit müqaviləsi üzrə tələbin Cavabdeh1 özünə məxsus olan Ağcabədi rayonu, Aşağı Avşar kəndində 0.11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 116 kv.m yaşayış, 53.7 kv.m yardımçı sahəsi olmaqla, 169.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, əmlakın 33.000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi; fərdi yaşayış evində yaşayanların - Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 və Cavabdeh1 fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, fərdi yaşayış evinin məcburi boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında xx.xx.2014-cü il tarixli, 620 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2014-cü il tarixli, 620 saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə, 23 faiz olmaqla, 30.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 620 saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2012-ci il tarixli, 367 saylı ipoteka müqaviləsinə 02 saylı Əlavə və dəyişiklik edilməsinə dair xx.xx.2014-cü il tarixli əlavə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 özünə məxsus olan Ağcabədi rayonu, Aşağı Avşar kəndində 0.11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 116 kv.m yaşayış, 53.7 kv.m yardımçı sahəsi olmaqla, 169.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini (MA seriyalı, ******* nömrəli, **********75-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012 qeydiyyat tarixli Çıxarışa əsasən) ipoteka ilə yüklü etmişdir. İpoteka (girov) müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5- ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri iki qat hesablayıb borcludan tələb edir. X1 BOKT-a xx.xx.2014-cü il tarixli, 620 saylı kredit müqaviləsi üzrə 14.283,77 manat əsas, 2.774,21 manat hesablanmış faiz, 5.548,42 manat dəbbə pulu olmaqla, cəmi 22.606,40 manat kredit borcu mövcuddur. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə qeydə alınmışdır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini, o cümlədən cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizəsinə yazılı qaydada etiraz edərək ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və bütün sübutları tədqiq edərək hesab edir ki, iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 620 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 23%-lə 30.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 367 saylı ipoteka (girov) müqaviləsi bağlanmışdır. İşin materiallarında olan İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 620 saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2012-ci il tarixli, 367 saylı ipoteka müqaviləsinə 02 saylı Əlavə və dəyişiklik edilməsinə dair xx.xx.2014-cü il tarixli əlavə müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci yarımbəndinə əsasən, ipotekanın predmeti olaraq Cavabdeh1 mülkiyyətində olan Ağcabədi rayonu, Avşar kəndində yerləşən 0,11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 116 kv.m yaşayış, 53.7 kv.m yardımçı sahəsi olmaqla, 169,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi göstərilmişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən, ipotekanın predmeti 33.000 manat qiymətləndirilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Avşar kəndində yerləşən 0,11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 14.283,77 manat məbləğində əsas borc, 2.774,21 manat məbləğində faiz borcu, 5.548,42 manat məbləğində cərimə borcu, cəmi 22.606,40 manat məbləğində kredit borcu vardır. İş materiallarına əlavə edilən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 sonuncu dəfə xx.xx.2017-ci il tarixdə 200 manat məbləğində kredit ödənişi etmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 10 oktyabr 2022-ci il tarixli, MŞB\9-00367 saylı arayışın surətindən görünür ki, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. İşə əlavə edilən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cavabdehlər iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli etirazda qeyd edilmişdir ki, Cavabdeh1 xx.xx.2014-cü ildə 24 ay müddətinə kredit müqaviləsi bağlayaraq illik 23 faiz olmaqla iddiaçı təşkilatdan 30.000 manat kredit almışdır. Həmin krediti bir müddət vermiş, lakin sonradan krediti vaxtında ödəmədiyindən cavabdehlərə qarşı 2018-ci ildə Ağcabədi rayon məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə prosesi gedişində Cavabdeh3 vəsatət verərək bankın onlardan tələb etdiyi faiz və cərimə məbləğləri cox olduğundan iş üzrə məhkəmə mühasibathq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Ağcabədi rayon məhkəməsinin hakimi Sulduz Ləzımov xx.xx.2018-ci ildə iş üzrə məhkəmə mühasibathq ekspertizası təyin etmiş, işin icraatını dayandırmışdır. Lakin iş üzrə ekspert rəyi geç verilmiş, mülki iş 2019-cu ilə keçmişdir. Bundan sonra cənab Prezident xx.xx.2019-cu il tarixli fərman qəbul etmiş, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası olunacağı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanı qəbul edilmiş, həmin fərmanın 6.2-ci bəndində fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi qeyd edilmişdir. Həmin fərmanın 8.10-cu bəndinə əsasən məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və ' icra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulmuşdur. Qeyd edilən fərmanın icrası zamanı məhkəmələrdə olan bütün bankların iddiaları baxılmamış saxlanılmış, fərmanın icrasının nəticələri gözlənilmişdir. İddiaçınım iddiası da Ağcabədi rayon məhkəməsi tərəfindən 2019-cu ildə Prezidentin fərmanın icrasına görə baxılmamış saxlanılmışdır. Fərmanın icrası 2019-cu ilin dekabr ayının sonunadək icra edilmiş. Hazırki müştərinin borcu Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Prezidentin fərmanına şamil edilməmişdir. Bundan sonra Koronavirus (COVİD-19) infeksiyasnın Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Nazirlə Kabnetinin 23 mart 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edildi. Yenidən Nazirlər Kabnetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli qərarı ilə 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək cox fəalaiyyət növləri dayandırılmış, iddiaçı təşkilat həmin vaxtdan işçilərinin işə gəlməsinə icazə verməmişdir. Daha sonra Nazirlər Kabnetinin 02 aprel 2020-ci il tarixli qərarı ilə iş yerinə dair arayış və xidməti vəsiqələrlə hərəkətlərinə icazə verilən iş yerlərin adları müəyyən edilmiş, lakin həmin qərarda Bank Olmayan Kredit Təşkilatlarının adı olmadığından iddiaçı təşkilatın yalnız rəhbər işçiləri və təşkilatın mühafizəsi ilə bağlı təyin edilmiş xüsusi şəxslərin işə çıxmasına icazə verilmişdir. Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarına 1 nömrəli əlavəsi ilə "Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı” tərtib edilmiş həmin siyahıdada Bank Olmayan Kredit Təşkilatlarının adı qeyd edilməmişdir. Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarına 2 nömrəli əlavə ilə “Məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin Siyahısı” tərtib edilmiş həmin siyahıdada Bank Olmayan Kredit Təşkilatlarının adı qeyd edilməmişdir. Göründüyü kimi, Koronavirus infeksiyasmın qarşısının alınması ilə bağlı Nazirlər Kabnetinin verdiyi qərarlar nəticəsində Bank Olmayan Kredit Təşkilatlarının fəaliyyəti məhdudlaşdırıldığından məhkəmə işlərinin hazırlanmasının həyata keçirə bilinməmiş və şəhərlərarası marşurutların fəaliyyəti və hərəkət dayandırıldığından Ağcabədi rayon məhkəməsinə gedib sənədlərlə maraqlana bilinməmişdir. Daha sonra Ağcabədi rayon məhkəməsi işin icraatını təzəlnməsini bəhanə edərək icraatı təzələmədiyindən və artıq Mediasiya haqqında Qanun qəbul edildiyindən həmin məhkəmədən sənədləri götürərək Kommersiya məhkəməsinə verilməsi üçün hazırlanmışdır. xx.xx.2022-ci ildə tərəflərə mediasiya təklifi göndərilməklə mediasiya prosesini başladılmış. Bu səbəbdən cavabdehlərin iddia müddətinin tətbiq edilməsi ilə bağlı verdikləri ərizələri əsassızdır, çünki sonuncu iddia müddətinin axımı 2020-ci ilin yanvar ayından başlanılması qeyd edilsə belə tələbkar olaraq iddia müddətini ötürməmişdirlər. Halbu ki, 2020-ci ildə isə pandemiya ilə bağlı karantin rejimi tətbiq edilmiş, müəyyən fəaliyyət sahələrində iş rejimi dayandırımış onlardan biridə onların təşkilat olmuşdur ki, karantin dövründə tam olaraq fəaliyyət göstərə bilməmişlər. Pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi onların konstitusiya təminatının reallaşdırılmasına xidmət edən hüquqi tədbirlərdən biri kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 noyabr 2008-ci il tarixli qərarında və başqa qərarlarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında qeyd olunmuşdur ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti, pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu bilibbilməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı olmamışdır. Bu səbəbdən iddia müddətinin keçməsinə görə iddianı rədd etmişdir, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. İddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir (Konstitusiya Məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarları). Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 620 saylı kredit müqaviləsi üzrə 14.283,77 manat əsas borc, 2.774,21 manat hesablanmış faiz, 5.548,42 manat dəbbə pulu olmaqla, cəmi 22.606,40 manat kredit borcunun və 200 manat ödənilmiş mediasiya xərcinin tutulması, kredit müqaviləsi üzrə tələbin Cavabdeh1 özünə məxsus olan Ağcabədi rayonu, Aşağı Avşar kəndində 0.11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 116 kv.m yaşayış, 53.7 kv.m yardımçı sahəsi olmaqla, 169.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, əmlakın 33.000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi, fərdi yaşayış evində yaşayanların - Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 və Cavabdeh1 fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, fərdi yaşayış evinin məcburi boşaldılması hissəsində əsaslı olsa da, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixində bağlanmış kredit müqaviləsinə əsasən ona xx.xx.2016-cı il tarixədək qaytarılması şərtilə, illik 23 faiz hesablanmaqla 30.000 manat məbləğində kredit verilmişdir. İşin materiallarından isə görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə sadalanmış normaların məzmununa əsasən qeyd edir ki, mülki qanunvericilik müəyyən edilmiş müddət ərzində başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququnu müdafiə edir ki, müqavilə münasibətlərində bu müddət 3 (üç) il təşkil edir. Müddətin axımı icra müddəti müəyyən edilmiş öhdəliklər üzrə həmin müddət bitdikdə başlanır və həmin andan şəxs öz hüququnun pozulduğunu bilməlidir. İddia müddətinin tətbiqinin mümkünlüyü mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında aparılmalıdır. Lakin iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Bununla bağlı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 620 saylı kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2016-cı il tarixdə bitərək iddia müddətinin axımı başladığından, iddia müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Cavabdeh1 tərəfindən sonuncu dəfə xx.xx.2017-ci il tarixdə 200 manat məbləğində kredit ödənişi edilmişdir. Odur ki, iddia ərizəsi iddia müddəti ötürülməklə, yəni xx.xx.2022-ci il tarixində verildiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Məhkəmə, eyni zamanda iddiaçının nümayəndəsinin cavabdehlərin iddia müddətinin tətbiqinə dair ərizəsinə verdiyi etirazına da münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiqi, başlanması, iddia müddətinin axımının dayandırılması, iddia müddətinin axımının kəsilməsi, iddia müddətinin şamil edilmədiyi hallar Azərbaycan Respublikasının Mülki Məcəlləsində konkret olaraq müəyyən edilmişdir. İddiaçının nümayəndəsinin etirazında qeyd etdiyi hallar isə iddia müddətinin axımının dayandırılmasını və kəsilməsini tənzimləyən Mülki Məcəllənin 379-cu və 380-ci maddələrində göstərilməmişdir. Eyni zamanda, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətlər iş materialları ilə müəyyən olunmur. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin etirazı əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar